Vətənin təhlükəsizliyinin
təminatına sədaqət andı
Bu günlərdə Azərbaycan
Respublikası təhlükəsizliyinin əsas dayaqlarından
biri - Milli təhlükəsizlik orqanlarının 90 illik
yubileyi təntənə ilə qeyd olundu. 57 il öncə xidmətə
başladığım bu orqanların tarixinin bəzi məqamlarına
toxunmazdan əvvəl, onu təşəkkül
tapdığı dövrün ictimai-siyasi mühiti, eləcə
də DTO-nun qaynaqlandığı tarixi şərait barədə
qeydlərimi oxucularla bölüşmək istərdim.
1918-ci il mayın 28-də Azərbaycan
Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti
yaradılmasını bəyan etdi. 23 ay sonra XI rus sovet
ordusunun işğalı nəticəsində 1920-ci il aprelin
28-də Azərbaycanda sovet hakimiyyəti bərqərar oldu...
Artıq tarixin
yaddaşına gömülmüş SSRİ 1991-ci ildə
dağıldı. Müstəqilliyini bərpa edən Azərbaycan
Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin varisi kimi 28 mayı Respublika
günü elan etdi.
1993-cü ildə xalqın təkidi
ilə Azərbaycan Respublikası rəhbərliyinə
qayıdan Heydər Əliyev 1918-20-ci illərdə AXC-nin fəaliyyət
göstərmiş bütün güc və digər
hüquq-mühafizə orqanlarının həmin dövrlərdə
yarandığı günləri müvafiq sərəncamları
ilə yeni yaradılmış eyni adlı nazirlik
işçilərinin peşə bayramı kimi elan etdi. 20
mart 1997-ci il tarixli sərəncamla, AXC-nin Müdafiə
Nazirliyi Baş qərargahı nəzdində kəşfiyyat və
əks-kəşfiyyat bölməsinin yaradılması barədə
28 mart 1919-cu il tarixli, 157 saylı əmrinə istinadən, həmin
günü MTN işçilərinin peşə bayramı
günü kimi təsis etdi. Elə 12 il əvvəl ilk dəfə
təntənəli şəraitdə keçirilən həmin
bayram günündə Heydər Əliyev MTN-nin xidmətdə
olan əməkdaşları və biz veteranların
arasında oldu. Ulu öndər bu mərasimdə MTN-nin
qarşısında duran məsələlərin həlli
istiqamətində verdiyi tövsiyələr nazirliyin rəhbərliyi
və şəxsi heyəti tərəfindən proqram sənədi
kimi qəbul olundu.
* * *
1952-ci ilin iyununda SSRİ DTN-nin Azərbaycan
Dəmir Yolu İdarəsində xidmətə başladım.
Sovetlərin hakimiyyətə gəldiyi vaxtdan 1959-cu ilə
kimi, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da dəmir
yol və su nəqliyyatları üzrə fəaliyyət
göstərən DTN-in qurumları respublikanın müvafiq
nazirliyinin deyil, birbaşa Moskvanın tabeliyində idi. Kadr,
inzibati-tabeçilik, maliyyə-təsərrüfat təchizatı
məsələsində bu orqanların müstəqilliyinə
baxmayaraq, respublika daxilində dövlət təhlükəsizliyinin
təminatı işində əlaqəli fəaliyyət
göstərirdik...
DTN-də xidmətə
başlamağımdan 9 ay keçmiş Stalinin vəfatı
ilə əlaqədar bütün İttifaq məkanında,
xüsusilə, DTN daxilində həyəcanlı günlər
yaşanmağa başladı. Stalinin dəfn mərasimi
başa çatmamış onun postuna sahib olmaq
üçün açıq mübarizə başladı. Əsas
iddiaçılardan biri DTN-nin başçısı Beriya
idi. Lakin marafonda N.Xruşşov qalib gəldi. Aradan 1-2 ay
keçməmiş bütün SSRİ məkanında
milyonlarla günahsız insanın repressiya qurbanı
olmasında günahkar bilinən Beriya 1953-cü ilin iyununda həbs
olundu. Aparılan istintaq onun və əlaltılarının
törətdikləri cinayətləri sübuta yetirdi. Hərbi
tribunal onları vətən xaini kimi ən ağır cəzaya
məhkum etdi. Bundan sonra həmin məzmunda zəncirvari tədbirlər
bütün müttəfiq respublikalarda həyata
keçirildi. DTN-nin yerli orqanlarında işləyən əməkdaşlardan
repressiya tədbirlərində iştirak edənlərin
axtarışı aparıldı və çekistlər
arasında təmizləmə əməliyyatları həyata
keçirilirdi. O vaxt həmkarlarımız, xüsusən təcrübəli
işçilər son dərəcə həyəcanlı
günlərini yaşayırdı. Heç kəsdə sabaha
ümid yox idi. Əməliyyat işçiləri arasında
təmizləmə aparılarkən ifrata yol verilmədi, yəni
kütləvi repressiya kampaniyalarında konkret fəaliyyəti
olmayanlar, xüsusilə gənc əməkdaşlar hər
hansı bir sorğu-suala məruz qalmadılar.
Beriyanın həbsindən
sonra onun yerinə ordu generalı Serov təyin olundu. 1954-cü
ilin mayında Xruşşov tərəfindən bu nazirlik
Dövlət Komitəsi statusuna endirilərək DTK
adlandırıldı. Serov DTK-nın sədri kimi fəaliyyətə
başlayarkən ilk əmrlərindən biri repressiya
qurbanlarının işlərinə yenidən
baxılması, günahsızların təmiz
adlarının bərpasının İttifaq DTK orqanları
qarşısında ən vacib məsələ kimi
qoyulması ilə bağlı idi. Bu əmr DTK tarixində ən
xeyirxah əməl kimi böyük əks-səda doğurdu.
SSRİ DTK sədrinin
adıçəkilən əmrini alandan sonra xidmətdə
olduğum Culfa nəqliyyat şöbəsinin rəisi polkovnik
Ə.Məmmədov və ilk partiya təşkilat katibi kimi məni
əmrin icrası ilə bağlı Tiflisə - nəqliyyatda
DTK idarəsinə təlimat-müşavirəyə
çağırdılar.
Ezamiyyətdən qayıdarkən,
vaxtilə ərazimizdə işləmiş və repressiyaya məruz
qalmış dəmiryolçuların arxivdən
qaldırılmış 400-dən çox cinayət işinə
yenidən baxmaq üçün Culfaya gətirdik. Həmin
işlərdəki "istintaq" materialları ilə
tanış olarkən bizi dəhşət bürüdü. Törədilmiş
vəhşilikərin miqyasını təsəvvür etmək
üçün, heç bir günahı olmayan
soydaşlarımız barəsində "casusluq", "əksinqilabi
fəaliyyət", "təxrubatçılıq",
"Vətən xaini" və digər uydurma cinayət
işi açmış müstəntiqlərin əsasən
ermənilərdən ibarət olduğunu diqqətə
çəkmək məncə, məsələyə
aydınlıq gətirər. Təyin edilmiş vaxt müddətində
hər iş üzrə müvafiq qərarlar tərtib edib, təsdiq
olunması üçün Tiflisə qaytardıq.
Doğrudur, bəzi işlərdə
cinayət tərkibi var idi. Bunlar istisna olmaqla, əksər
işlər üzrə əməliyyat uçotundan
çıxarmaqla bəraətverici qərarlar qəbul etdik və
hamısı da təsdiq olundu.
Repressiyaya düçar edilənlərin
arxiv işlərinə baxılması kampaniyası
bütün SSRİ-də həyata keçirilirdi. Bununla
yanaşı, bütün respublikalarda bu qanlı cinayətləri
törədən partiya, sovet və DTO-da əsasən rəhbər
işçilər barəsində cinayət işləri
qaldırılaraq istintaq tədbirlərinə
başlanıldı. Bu məqsədlə Azərbaycan KP
MK-nın birinci katibi M.C.Bağırov 1953-cü ilin sonunda vəzifəsindən
götürülərək Rusiyanın "Kuybışevneft"
idarəsi rəisinin müavini vəzifəsinə göndərildi.
Bu təyinatda əsas məqsəd Moskva tərəfindən
Bakıda aparılan istintaq tədbirlərinə onun ehtimal
olunan təsirinin qarşısını almaq idi...
Beləliklə, 1920-50-ci illərdə
VÇK, QPU, NKVD, NKQB, MQB, MVD adları ilə fəaliyyət
göstərən DTO-da və digər rəhbər vəzifələrdə
işləmiş şəxslər - M.C.Bağırov,
Yemelyanov, Borşşov, Markaryan, Qriqoryan, Atakişiyev və
Sumbatov-Topuridze barələrində qaldırılmış
cinayət işlərinin istintaqı 1955-ci ilin ortalarında
başa çatdı. Repressiya illərində günahsız
insanlara qarşı törədilmiş ağlasığmaz qəddarlıqda
təqsirləndirilən həmin sabiq rəhbər
işçilərin məhkəmə prosesi 1956-cı ilin
yazında Bakıda Moskvadan gəlmiş hərbi tribunal tərəfindən
aparılırdı. Bu prosesdə dövlət
ittihamını SSRİ Baş prokuroru Rudenko müdafiə
edirdi.
Həmin məhkəmə
prosesini yaxından izləmək və bundan ibrət dərsi
almaq məqsədilə Moskvanın göstərişi ilə
dəvət olunan bütün şəhər və rayon
partiya, sovet və hüquq-mühafizə orqanlarının rəhbərləri,
partiya təşkilat katibləri arasında DTK-nın Culfa
şöbəsinin rəisi Ə.Məmmədov və ilk
partiya təşkilatı katibi kimi mən də var idim. Prosesi
izlədiyim dörd gün ərzində orada eşitdiyim,
sağlam düşüncəyə sığmayan dəhşətli
anları indi də həyəcansız xatırlaya bilmirəm.
DTK sədri Serovun məlum əmrində
daha bir məsələyə - həmin vaxta kimi
icraatımızda olan, lakin cinayət işinə çevrilməmiş
və müxtəlif məzmunlu siyasi motivlərlə
açılmış əməliyyat işlərinə də
yenidən baxılması tapşırılırdı. Bu məsələ
ilə bağlı mənim də bəxtim üzümə
güldü. Belə ki, 1953-cü ilin yanvarında Culfada
işə başlayarkən yoxlaması davam etdirilən
başqa işlərlə bərabər, mayor Ambarsumyandan
"yoxlanması" çox ciddi şəkildə
aparılan "D.F." qrifli işi də təhvil aldım.
Bu "iş" yaxın
Şərq ölkələrindən birinin xüsusi xidmət
orqanları ilə hansısa şübhəli əlaqəsi
ehtimal olunan dəmir yol mühəndisi Babazadə (soyadı
şərtidir - B.S.) barəsində idi. Moskvanın məlum
göstərişinə əsasən, 1955-ci ildə əməliyyat
uçotundan çıxarmaqla "D.F." işini ləğv
etdik. Beləliklə, 1950-ci illərin ortalarından
başlayaraq DTO-nun fəaliyyətində insanlara qarşı
humanizm meyillərinin bərqərar olması bütün
SSRİ-də olduğu kimi, Azərbaycanda da yüzlərlə
babazadələrin taleyini repressiya dəzgahının
müdhiş caynağından xilas etdi.
Bütün bunlara baxmayaraq,
1920-50-ci illərin əvvəllərinə kimi günahsız
insanlar barəsində törədilmiş qəddarlıqlar
"QPU - MQB" (BSİ-DTN) orqanları tarixində qara ləkə
kimi xatırlanacaqdır.
Respublika DTO tarixinin son 60
illik dövrü (1944-2003-cü illər) ilə bağlı
hansısa yazı dərc etmək, yaxud da xatirə
danışmaq istəyən hər bir şəxsin ulu öndərimiz
Heydər Əliyev barəsində söz deməməsi sadəcə
olaraq mümkün deyil. Əvvəla, ona görə ki, bu dahi
şəxsiyyət 1944-cü ildən başlayaraq bu orqanlarda
sıravi əməkdaşdan DTK sədrinə, kiçik
zabitdən ali hərbi rütbə olan generala kimi bir çox
nəsillərə örnək olacaq şərəfli xidmət
yolu keçmişdir. Bir də ona görə ki, vəzifə
pillələri ilə zirvəyə doğru yüksələrək,
1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi, istərsə
SSRİ-nin rəhbərlərindən biri olduğu 1982-87-ci
illərdə, nəhayət, 1993-cü ildə respublika rəhbərliyinə
ikinci qayıdışından ömrünün sonuna kimi
bütün sahələrə olduğu kimi, dövlət təhlükəsizlik
orqanlarına daim qayğı və diqqət göstərmişdir.
Ulu öndərlə ilk
şəxsi tanışlığım 1950-ci illərin əvvəllərinə
təsadüf etsə də, intensiv xidməti
görüşlərimiz DTK-nın nəqliyyat
qurumlarının respublikanın müvafiq komitəsi
tabeçiliyinə verilməsindən sonra başladı. Həmin
görüşlərdən əhəmiyyətinə görə
birini xatırlatmaq istərdim.
1958-ci ilin aprelində
SSRİ DTK-nin sədri vəzifəsinə A.Şelepin təyin
olundu. Onun təklifi ilə Sov. İKP MK tərəfindən 9
yanvar 1959-cu ildə DTK-nın yeni Əsasnaməsi təsdiq
olundu. Əsasnamədə bu orqanların fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı yeni tələblər irəli
sürülürdü. Moskvanın göstərişinə əsasən
həmin sənəddə əksini tapan müddəaların
həyata keçirilməsi məqsədilə respublika
bölgələrində müzakirəsi təşkil olundu. Xidmət
etdiyim Zəngilan şöbəsi də daxil olmaqla Cəbrayıl,
Füzuli, Beyləqan (Jdanov) və İmişli rayon
şöbəsinin bütün əməkdaşlarının
iştirakı ilə 1959-cu ilin yayında Füzuli şəhərində
müşavirə keçirildi. Bu müşavirəni
keçirmək üçün, respublika DTK-nın kollegiya
üzvü, əks-kəşfiyyat şöbəsinin rəisi
Heydər Əliyev gəlmişdi. Seminar-müşavirədə
məqsəd əsasnamənin elan olunması barədə əmrin
tələbləri və onun həyata keçirilməsinin
icra mexanizmini əməliyyat işçilərinə izah etmək
və onun tələblərinə riayət edilməsinin
yollarını göstərməkdən ibarət idi. Gündəlikdə
duran məsələnin müzakirəsi ilə yanaşı,
Heydər Əliyevin öz zəngin xidməti təcrübəsindən
ayrı-ayrı nümunələri, həyata keçirdiyi
maraqlı əməliyyat tədbirləri barədə
söhbəti müşavirəni daha maraqlı etdi, xüsusən,
gənclər üçün böyük maraq doğuran bir
hadisəyə çevrildi. Bununla yanaşı, Heydər Əliyev
müzakirə olunan sənədin həyata keçirilməsinin
böyük əhəmiyyət kəsb etməsini bildirdi, əməliyyat
işlərinə yeni tələblərə uyğun
yanaşma ilə bağlı öz təklif və
tapşırıqlarını verdi. Konkret misallarla izah etdi ki,
repressiya illərində dünyagörüşü olmayan,
lakin halal zəhmətilə yaşayan insanlar bəzən
cinayətkar ünsürlərin təsiri altına düşərək,
partiya və dövlət əleyhinə
düşünülməmiş ifadə işlədərdilərsə,
həmin adamlar ağır cəzaya, ən yaxşı halda
uzaq Sibirə sürgünə göndərilirdilər. İndi
fəaliyyətimizə yeni ab-havanın gəlməsi, hər
hansı bir vətəndaşın dövlət-partiya əleyhinə
praktiki düşmənçilik fəaliyyəti olmayıbsa,
onun kiçik səhvlərini başa salmaq, faydalı əməyə
qaytarmaq üçün profilaktik tədbirlərin həyata
keçirilməsi zəruridir. Müzakirə olunan əsasnamə
DTK-nın fəaliyyətində yeni dövrün başlanması
kimi qiymətləndirildi.
1960-cı illərin əvvəllərindən
başlayaraq Heydər Əliyevin idarəetmə və rəhbərlik
sahəsində fitri istedadı respublika və SSRİ rəhbərliyinin
diqqətini cəlb etdi. 1963-cü ildə Azərbaycan DTK sədrinin
birinci müavini, 1967-ci ilin iyununda isə sədr təyin
edildi. 1930-1967-ci illərdə respublika DTO-ya rəhbərlik edən
9 nəfərin hamısı başqa millətlərin
nümayəndələri olmuşdu. Bu təyinatlar heç də
respublikada xüsusi xidmət orqanlarına rəhbərlik etməyi
bacaran milli kadrların yoxluğundan irəli gəlmirdi. Bunun əsl
səbəbi müsəlman respublikalarında DTO rəhbərliyinə
milli kadrların təyinatına qısqanclıq və
inamsızlıq idi. Məhz buna görə də 37 illik fasilədən
sonra Heydər Əliyevin DTK-ya sədr təyin olunması
respublikada böyük əks-səda doğurdu və həmin
illərdə bu orqanlarda xidmətdə olan əməkdaşlarımızın
böyük sevincinə səbəb oldu. Həmin dövrlərdən
başlayaraq respublikamızda DTK əməkdaşlarının
və 2002-ci ilə kimi bu komitənin tərkibində olan sərhəd
qoşunlarının şəxsi heyətində, əsasən
də, rəhbərliyində milli kadrlarımızın
xüsusi çəkisi artmağa başladı. Kadr siyasətində
bu kursu ulu öndər respublikanın rəhbərliyində
olduğu bütün dövrlərdə xüsusi nəzarətdə
saxlamışdı.
Hərbi xidmət zamanı zərurət
yaranarsa, əsgər və ya zabit Vətən uğrunda
canından keçməyi özünə şərəf
sayır. Bu baxımdan, Vətən qarşısında verdiyi
sözünə namusla əməl edən, MTN-in bir neçə
keçmiş əməkdaşının göstərdiyi
şücaəti də qeyd etmək yerinə düşərdi.
Ötən əsrin 80-ci illərinin
sonlarından başlayaraq, əzəli Azərbaycan
torpaqları olan Qarabağın dağlıq hissəsinin
işğalı məqsədilə Ermənistan hərbi birləşmələrinin
xarici havadarlarının köməyilə xalqımıza
qarşı başladığı ədalətsiz
savaşının şərhinə ehtiyac yoxdur. Ulu öndərin
respublika rəhbərliyinə qayıtdıqdan sonra atəşkəsə
nail olduğu vaxta qədər MTN-in əməkdaşları
da düşmən ordusu həmlələrinin
qarşısını almaq məqsədilə ön cəbhədə
gedən qanlı döyüş əməliyyatlarında
iştirak edirdilər. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ savaşı vaxtı və dövlətçiliyimizə
qarşı yönəlmiş cinayətkar qüvvələrlə
gedən silahlı qarşıdurmalarda onlarca əməkdaşımız
qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü, eləcə də
dövlətçiliyimizin müdafiəsi uğrundakı
döyüşlərdə həlak olmuş, öz qanları
ilə xalqımızın qəhrəmanlıq salnaməsinə
yeni səhifələr yazmış MTN-in əməkdaşlarından
6 nəfər, o cümlədən Riad Əhmədov, Nadir Əliyev,
Əmiraslan Əliyev, Eldar Məmmədov, Faiq Səfərov
(ölümlərindən sonra) və Bəhruz Mansurov Azərbaycanın
Milli Qəhrəmanı adına layiq
görülmüşdülər.
MTN-in inzibati binasındakı
"Milli qəhrəmanlar" güşəsi bütün
şəxsi heyətin müqəddəs ziyarətgahına
çevrilmişdir. Onların əziz xatirəsi tək
peşə bayramında yox, dövlət səviyyəsində
keçirilən bütün bayram və digər anım mərasimləri
günü başda nazir general-leytenant Eldar Mahmudov olmaqla,
bütün rəhbərlik, əməkdaşlar və
veteranlar tərəfindən ənənəvi əsgəri təzimlə
anılır. Həmin qəhrəman çekistlər müstəqil
Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyini
təmin edəcəklərinə içdikləri sədaqət
andına sadiq çıxan böyük vətənpərvərlərdirlər
və gələcək nəsillərə örnək olaraq
xalqımızın qəlbində və MTO tarixində əbədi
yaşayacaqlar.
Bu yazımın sonunda da ulu
öndərin əziz xatirəsini anmaq istəyirəm. Ən
azı ona görə ki, Heydər Əliyevin parlaq fəaliyyəti
bu orqanların bütün tarixinin məhvərindən qızıl
xətlə keçir. Ümummilli lideri Azərbaycanın rəhbəri,
sonradan SSRİ kimi super dövlətin rəhbərlərindən
biri kimi yüksək vəzifələrə aparan yol dövlət
təhlükəsizliyi orqanlarından başlayıb. Dünya
səviyyəli siyasətçi, dövlətçilik, idarəçilik
ustadı, dahi şəxsiyyət 1993-2003-cü illərdə
ölkəmizə yenidən rəhbərlik etdiyi dövrdə
iflic vəziyyətə düşmüş iqtisadiyyatı,
iflasa uğramış ictimai-siyasi durumu qısa müddətdə
normal vəziyyətə gətirdi. Müharibə şəraitində
olan ölkəmizdə hərc-mərcliyin hökm
sürdüyü milli orduda və başqa güc
strukturları kimi, MTN-də mövcud qeyri-müəyyənliyi
qısa müddətdə müasir tələblərə
cavab verə biləcək işlək məcraya yönəltdi.
Bu gün ulu öndər cismən
aramızda yoxdur. Lakin onun qurub-yaratdığı müasir Azərbaycanın
xarici və daxili siyasəti, hərbi, iqtisadi, sosial, elm, mədəniyyət
və başqa sahələr üzrə strategiyası onun
siyasi varisi, Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ulu öndərin nail olduğu
inkişaf tempi davam etdirilərək possovet ölkələri
sırasında birinciliyi əldə saxlayır.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bütün güc nazirlikləri kimi, MTN-in fəaliyyəti və onun daha da təkmilləşməsi ilə bağlı problemlərin həllinə yüksək səviyyədə diqqət göstərir. MTN-in kollektivi ölkə Prezidentinin bütün şəxsi heyətin normal fəaliyyəti üçün yaratdığı şəraitə, müstəqil respublikamızın təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi etimada yüksək səviyyədə, konkret nəticələrlə cavab verir. Nazirliyin apardığı çoxsaylı uğurlu əməliyyatlar respublika ictimayyəti tərəfindən razılıqla qarşılanır.
Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramlarının 90 illik yubileyi ilə əlaqədar bu ilin fevralından başlayaraq Bakıda, respublikanın digər şəhər və rayonlarında müxtəlif idarə və təşkilatlarda MTN-in rəhbər işçilərinin iştirakı ilə silsilə tədbirlər keçirildi. Bu toplantılarda ziyalılar, 1940-60-cı illərdə ulu öndər Heydər Əliyevin silahdaşı olmuş veteranlar və ictimayyətin digər nümayəndələri iştirak edirdilər. Çıxış edənlər son illərdə MTN-in həyata keçirdiyi uğurlu tədbirlərdən söhbət açdılar, xalqımıza və dövlətimizə qarşı yönəlmiş terrorçu, təxribatçı, qaçaqmalçı və digər cinayətkar qrupların zərərsizləşdirilməsinə görə çekistlərimizə dərin minnətdarlıqlarını bildirirdilər.
Bu orqanlarda, çalışan biz veteranlar da unudulmamışıq. Bizə həmişə ehtiram, diqqət və qayğı göstərilir, hər bayramda yada salırlar. Fürsətdən istifadə edib veteranlar adından Azərbaycanı bügünkü səviyyəyə qaldırmış ölkə başçısı cənab İlham Əliyevə, ölkəmizin təhlükəsizliyinin keşiyində möhkəm dayanan MTN-in rəhbərliyinə minnətdarlığımızı bildirir, şərəfli xidmətlərində uğurlar arzulayıram.
Bəxtiyar Süleymanlı,
Milli təhlükəsizlik
orqanları və
Böyük Vətən
Müharibəsi veteranı
Azərbaycan.-2009.-2 aprel.-S.5.