Bu yurd bizimlə gözəl idi
Yaz əlvan donunu biçəndə, elat yaşıl qoynuna, çiçəkli dağlarına
köç edərdi. Yayda buz
qaynaqlı, büllur gözlü şırhaşır
axan bulaqların suyu min loğmanın yığılıb çarə
edə bilmədiyi xəstəyə dərman
olardı. Kəlbəcərin şah zirvələri qarşısında bütün
zirvələr baş
əyərdi.
Kəlbəcərdə izim var,
Dadlı-duzlu sözüm var.
Düşmən gözün
ovulsun,
Demə, orda gözüm var.
Kəlbəcər ən qədim insan məskənlərindən
biridir. Bu ərazidə
ibtidai insanın təşəkkül tapması
və formalaşması
dördüncü geoloji
dövrlə bağlıdır.
Bu dövr isə
4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində
aparılmış arxeoloji
tədqiqatlar sübut
edir ki, ibtidai insan icmasının
ilk əmək alətləri
həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində
30 min ildən çox
tarixi olan qədim yaşayış
məskənləri, 6 min il
yaşı olan qaya təsvirləri, çöp şəkilli
qədim türk əlifbası nümunələri
aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda Erkən Çağ Türklüyün, atəşpərəstliyin,
xristianlığın, VII əsrdən
isə İslamın yayıldığı dövrlərdə
yaradılıb.
"Türk qəbiristanlığı"
adı ilə tanınan bir neçə qədim məzarlıq, bunların
ən böyüyü
Tirkeşəvənd, Kəlbəcər,
Zar və digər kəndlərin ərazisidir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə
yaradılmış, forma və
ölçüləri ilə
bir-birindən fərqlənən
at, qoç, sandıq
qəbirüstü fiqurlar,
başdaşı və
günbəzlərlə zəngindir.
Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər sanki Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"ləri idi. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və sairə yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Daşlara həkk edilmiş yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Alban dövrünə aid xeyli tarixi abidələr var idi ki, bunlardan ən yaddaqalanı "Xudadəng" abidə kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində-rayonun 29 kilometrliyində yerləşir. "Xudadəng" abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə xatun bu qalada dəfn olunub. Anası Arzu xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində - bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir Alban məbədi yerləşir. Kəlbəcərdəki qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim Alban tayfasının adını daşıdığı güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.
Göründüyü kimi, bu qədim məbədgahımız indi mənfur ermənilər tərəfindən dağıdılır, qatil düşmən bu yurdun doğma sakinlərini pərən-pərən salıb. Təkcə Kəlbəcərin Ağdaban kəndindəki faciə ermənilərin barbarlığını sübut edir.
1992 -ci ilin aprelin 7-dən 8-nə keçən gecənin tarixi arayışı belədir: Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Xocalı, Xatın və Sonqimi soyqırımı siyasətinin dəhşətli təkrarıdır.
Ağdaban faciəsi - Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımıdır.
Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, yurdundan didərgin salınması, XX əsrin ən qanlı terrorlarından biri - suçsuz qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi memarlıq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi, klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın və Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan edilməsi erməni separatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamıdır.
Çox təəssüf ki, 16 ildir hələ dünya dövlətləri bu cinayətin nə adını çəkir, nə də ermənilərə hər hansı sanksiya tətbiq olunub. Amma illər keçsə də, yenə doğma yurd yerimizə qayıtmaq ümidini itirməmişik. Oranın hər daşında, qayasında qalan ayağımızın izi bizi səsləyir. Kölgəsinə sığındığımız uca, başı buludlara dəyən dağlar bizi haraylayır.
Bu yurd bizimlə gözəl,
Bu yurd bizimdir əzəl.
Yağı boynu qırılmış,
Yurdda nə üzlə gəzər?
Zəkurə Quliyeva
Azərbaycan.-2009.-2 aprel.-S.6.