Xəzərdən "Uzaq sahillər"ədək
gedən yol
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri,
istedadlı söz ustadı İmran Qasımov
yazıçılıqla bərabər, həm də ədəbiyyatımızı
xarici ölkələrdə yorulmadan təbliğ edən bir
insan kimi tanınaraq sevilmişdi.
Onu bu
şöhrət zirvəsinə aparan yollar müxtəlif
döngələrdən, dönümlərdən, quruluş
və dövrün tələblərindən
keçmişdir. Xəzərdən start götürən bu çətin
və şərəfli yaradıcılıq yolu Bakıdan
çox uzaqlarda - Adriatik dənizinin sahillərində lövbər
salmışdı. Nəticədə Azərbaycan ədəbiyyatına
bir-birindən zəngin, dolğun və ədəbi cəhətdən
mükəmməl əsərlər bəxş edilmişdir.
1939-cu ildən Azərbaycan
Yazıçılar İttifaqının üzvü olan
İmran Qasımov bu qurumda müxtəlif məsul vəzifələrdə
çalışmışdı. İkinci Dünya müharibəsindən
sonra Azərbaycan Yazıçılar İttifaqında
dramaturgiya üzrə məsləhətçi olmuş,
"Literaturnıy Azerbaydjan" jurnalının baş
redaktoru işləmişdi. 1961-ci ilin iyununda Azərbaycan
yazıçılarının IV qurultayında
Yazıçılar İttifaqının katibi
seçilmişdi. 1975-ci ilin yanvarından ömrünün
sonunadək Azərbaycan Yazıçılar İttifaqı
İdarə Heyətinin birinci katibi olmuşdu. İmran
Qasımov həm də Azərbaycan Ədəbiyyat, İncəsənət
və Memarlıq üzrə Dövlət Mükafatları
Komitəsinin sədri idi.
Nasir, dramaturq, ssenarist və
publisist İmran Qasımov çoxcəhətli
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının
inkişafında mühüm xidmətləri olan ədiblərdən
biridir. Hələ sağlığında müxtəlif
janrlarda yaratdığı qiymətli əsərləri
öz dövrünün tədqiqatına çevrilmiş,
yaradıcılığı haqqında müxtəlif
monoqrafiya və əsərlər qələmə
alınmışdı. İmran Qasımov öz
dövrünün böyük yazıçısı idi.
Təbii ki, o, həmişə
sovet ədəbiyyatının nümayəndəsi kimi təqdim
edilirdi. Halbuki İmran Qasımov ömrü boyu müasirlərinin
mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks
etdirən əsərlərə imza atmışdır. Nə
yazırdısa, oxunaqlı, maraqlı, təbii və səmimi
alınırdı. Bu səbəbdən də İmran
Qasımovun əsərləri böyük rəğbətlə
oxunurdu və sevilirdi. Oxucu sarıdan bəxti gətirmiş
yazıçılardan idi. Həsən Seyidbəyli ilə
birlikdə yazdığı "Cəbhədən-cəbhəyə"
adlı romanı ötən əsrin ən çox oxunan əsərlərindən
olub.
Tərcümeyi-halına nəzər
saldıqda təəssüflənirsən ki, 63 il
yaşamış İmran Qasımov dövlət müstəqilliyimizi
görmədi. Onun sovet quruluşunda salnaməyə
çevrilmiş yaradıcılığı müstəqillik
dövründə tamam başqa cür olardı. Bir məsələdə
təsəlli tapırsan ki, İmran Qasımov qüdrətli
sənətkar idi, hansı quruluşda yaşamağından
asılı olmayaraq yaradıcılığının
üfüqləri geniş idi. İçindəki milli
vüqar hissi yaradıcılığının istiqamətini
düzgün təyin edirdi. O, Azərbaycan ədəbiyyatının
mübariz əsgərlərindən idi. Yazıçının
özünəməxsus fikridir: "Bədii ədəbiyyat
hədsiz dərəcədə həssasdır. Bəşərin
sevincini və kədərini əks etdirən zərif bir
aparatdır, insan qəlbinə və zəkasına
güclü təsir göstərən, yol tapan qüdrətli
vasitələrdən biridir". Təbii ki, müəllif bu
sözləri müəyyən məqsədlə işlətmiş,
müqəddəs ideyaların, mənəviyyat aləminin zənginləşməsində
ədəbiyyatın necə aparıcı mövqeyə malik
olmasının əbədiliyini təsdiqləyən əsl
şərtlərini bildirmişdir.
Ötən əsrdə ədəbiyyat
yaradıcılarımızın çox sarsılmaz, möhtəşəm
bir ordusu var idi. Əgər onun nəsr bölməsini
götürsək, burada başda Cəfər Cabbarlı
olmaqla Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Mirzə
İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən,
İlyas Əfəndiyev, Əzizə Cəfərzadə və
başqaları istər klassik, istərsə də müasir ədəbiyyatın
gözəl ənənələrindən bəhrələnərək
yeni ruhda yazıb-yaratdılar. Bu sırada İmran Qasımov
öz dəst-xətti ilə seçilirdi.
XX əsr Azərbaycan ədəbiyyatının
təməl daşını qoyanlardan biri olan İmran Qasımovun
yaradıcılığında dənizin, Xəzər
neftçilərinin xüsusi yeri var idi. Hətta onun qələmə
aldığı bir sıra dram əsərləri sırf dənizlə
bağlı olmuşdur: "Yer altından gələn səslər",
"Arzu", "Yeni üfüqlər", "Xəzər
üzərində şəfəq", "Xəzər
neftçiləri haqqında dastan", "Dəniz cəsurları
sevir", "İnsan məskən salır" (sonra bu adda
ssenari də yazmışdır) və s. Dənizin romantikliyi
onun qəlbini həmişə ilhama gətirirdi. Hətta bu
mövzu ilə əlaqədar ondan soruşanda İmran
Qasımov belə cavab verərdi: "Mən dənizdə
doğulub, dənizdə böyümüşəm və
haqqında yazdığım adamlar mənə
doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir
oxumuşam, bir yaşa dolmuşam". İmran Qasımovun
yaradıcılığını təhlil edən ədəbi
tənqidin də ilk variantlarında həmişə bir fikir
vurğulanırdı ki, dəniz İmran Qasımovun əsərlərinə
kükrəyən, üsyan edən, heç bir qara qüvvəyə
güzəştə getməyən qüdrətli qüvvə
kimi daxil olmuşdur.
İmran Qasımov qələm
dostlarına, eləcə də gənc yazıçılara
belə tövsiyə edərdi: "Bədii söz plakat
deyil, rəngarəng rəsm əsəridir, onun emosional,
intellektual təsir yolları mürəkkəb və
çoxcəhətlidir". Bəlkə də bu səbəbə
görədir ki, əlinə qələm alarkən onu
düşündürən bütün mövzulara həssaslıqla,
ağılla yanaşmaq İmran Qasımovun əsərlərinə
yeni nəfəs, xüsusi əhval-ruhiyyə, gələcək
sənət əsərləri üçün bünövrə,
zəmin yaradırdı. Əlbəttə, İmran Qasımov
əsrinin övladı idi. Onun yaradıcılığı
sovet rejiminin ağır təzyiqləri altında
çiçəkləyirdi. Lakin buna baxmayaraq
yaratdığı əsərlər forma, məzmun, ideya cəhətdən
vətənpərvərlik, qəhrəmanlıq, igidlik
duyğuları ilə aşılanırdı. Nəsrində
zamanın nəbzi duyulsa da, həyat həqiqətinə
sadiqlik bütün yaradıcılığına elə bir əbədi
rəng qatdı ki, həmişə solmaz qaldı. Sözü,
əməli, düşüncələri ilə
yaradıcılığı vəhdət təşkil edən
İmran Qasımov həmişə sərrast fikir söyləməyi
bacaran yazıçı-vətəndaş kimi Azərbaycan ədəbiyyatının
mövqeli sənətkar zirvəsinə ucaldı.
Türk dünyasının
qüdrətli söz ustadı Çingiz Aytmatov 1978-ci ildə
İmran Qasımova ünvanladığı məktubunda
yazmışdı: "Sənin dramaturgiyan Azərbaycan
teatrının adasıdır. Sənin dramaturgiyanda
qaldırılan məsələlər müasir insanın,
zamanın problemləri olub, qəhrəmanların simasında
gələcək tarixə vəsiqə almışdır. Sən
hər barədə öz dövrünün vətəndaşısan.
Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət,
ölüm, harmoniya kimi mövzular daim sənin
yaradıcılığında aktual, günümüzlə
səsləşən əhəmiyyət kəsb edir. Sənin
bəşəri ədəbiyyat və incəsənət
haqqında anlayışın, düşüncələrin məni
həmişə heyran edir". Əlbəttə, 30 il bundan əvvəl
deyilmiş bu fikirlərdə böyük həqiqət var. İmran
Qasımovun Azərbaycan dramaturgiyasının
inkişafında çox böyük xidməti olub. Akademik Məmməd
Arif yazırdı: "İnsan məskən salır",
"Nağıl başlananda", "Ömür elə
qısadır ki", "Dairəni genişləndirin",
"Sən nə üçün yaşayırsan?" pyesləri
Azərbaycan dramaturgiyasının qazandığı görkəmli
nailiyyətlərdəndir".
İmran
Qasımov həm də istedadlı ssenarist idi. Onun ssenariləri əsasında
çəkilmiş bir çox filmin əsasında azad,
ilhamlı əməyə məhəbbət, eləcə də
müasirlərin hiss və duyğuları dayanırdı.
Milli kino sənətimizin qızıl fonduna daxil olmuş bu
filmlərə indi də maraqla baxılır: "Onun
böyük ürəyi", "Xəzər dənizçiləri
haqqında dastan", "Dəniz cəsurları sevir",
"Yeni üfüqlər" filmləri sənət
nümunələri kimi qarşılanır. İmran
Qasımov bir çox ssenariləri müştərək
yazmışdır. Belə əməkdaşlığın
bəhrəsi olan məşhur "Uzaq sahillərdə"
filmi böyük uğur qazanmışdır. Həsən Seyidbəyli ilə birlikdə
yaratdıqları bu film dünyanın 25 dilinə tərcümə
edilmişdir. Hələ sovet
dövründə Asiya və Afrika ölkələrinin
festivalında birinci yeri tutmuşdur. Kanadada
mükafata layiq görülmüşdür. Filmə tamaşa edənlər bilirlər ki, müəlliflər
Mehdi Hüseynzadənin simasında çox təsiredici, cazibədar,
yaddaqalan, qəhrəmanlıq simvoluna çevrilən və
sevilən bir obrazın yaranmasına nail olublar.
"Uzaq sahillərdə"
filmi bütün yaradıcı kollektivə böyük
şöhrət gətirdi. Görkəmli ədib
İmran Qasımov Həsən Seyidbəyli ilə birlikdə
yaratdığı "Bizim küçə" filmində
də böyük uğurlar qazandı. İmran
Qasımov qısametrajlı filmlərə də ssenarilər
yazmışdır: "Quba bağlarında", "Qara təpə",
"Əbədi odlar ölkəsi", "Şəfqət
bacısı", "Qalanın alınması" və
sairə.
Yazıçının
yaradıcılığında diqqət çəkən əsərlərdən
biri də "İllər keçir" romanıdır. Fəhlə
sinfinin üç nəsli haqqında yazılmış bu əsər
oxucular tərəfindən çox maraqla qarşılanan,
oxunan nəsr nümunlərindən biri idi. İrihəcmli əsərlərlə yanaşı
müəllif hekayələr, bədii oçerklər və
nəzəri məqalələr də yazırdı. Ədəbi yaradıcılıqla bərabər
ictimai xadim kimi də fəaliyyət göstərən
İmran Qasımov xarici ölkələrdə tez-tez olurdu.
Müxtəlif görüşlərdən
aldığı təəssüratlar barədə öz
xatirələrini yazırdı. Fransa,
İtaliya, Yuqoslaviya, İsveçrə və başqa ölkələrin
ictimai-siyasi, mədəni həyatından nəinki səfər
qeydləri, həm də bədii əsərlər qələmə
almışdır.
İmran
Qasımov ədəbiyyata gəldiyi ilk gündən onun
inkişafına töhfə verməyə
çalışmışdır. Yaradıcılıq
yolu çoxşaxəli olan İmran Qasımov həm də
istedadlı publisist idi. Ötən əsrin
70-ci illərində həm Bakıda, həm də Moskvada
müəllifin publisistik kitabları çap edilmişdir.
İmran Qasımov ilk növbədə Azərbaycanın
füsunkar təbiətindən, qəhrəman
övladlarından, neftçilərdən, söz və sənət
adamlarından, mədəniyyət xadimlərindən
yazırdı. Mövzu və qəhrəmanlarından
asılı olmayaraq o, özünəməxsus üslub və
vasitələrdən, bədii detallardan ustalıqla istifadə
edirdi. Sanki İmran Qasımov hər kəsin
mənəvi aləmini olduğu kimi işıqlandırmaq
üçün qələmini projektor kimi işə
salırdı. Görkəmli ədəbi tənqidçi
Cəlal Məmmədov yazırdı: "İmran Qasımov
təsvir etdiyi qəhrəmanların mənəvi aləminə,
qayğılarına, sevinclərinə,
axtarışlarına, kəşflərinə möhkəm
bağlıdır. Onların həyat yolunu,
daxili təkmilləşməsini, bir vətəndaş və
əməkçi kimi ruhən yüksəlməsini dərin
həssaslıqla ardıcıl olaraq izləyir, məhəbbətlə
müşahidə edib öyrənir. Bu
olduqca qiymətli keyfiyyətdir". İnsan
səadəti uğrunda mübarizədə bütün bəşəriyyət
üçün parlaq əsərlər yaratmaq həqiqətən
müəllifinə əbədiyaşarlıq gətirib.
İmran
Qasımov bəlkə də yeganə qələm sahibi olub
ki, öz publisistikasına sonradan yazıçı-dramaturq
kimi müraciət edərək pyes, hekayə, povest, roman qələmə
alıb. Yəni, onun qəhrəmanlarının əksəriyyəti
həyatdan götürülmüş obrazlar olublar. Bu üslub da ədibin
yaradıcılığına təbiilik, axıcılıq,
bir sözlə həyatın bütün təzadlarını
bəxş edib. Milli özünəməxsusluq,
xəlqilik, bəşərilik bu yazıçının əksər
əsərlərinin səciyyəvi xüsusiyyətləridir.
Elə İmran Qasımov
yaradıcılığını da sevdirən başlıca
amillər bu məziyyət olub. Hər bir
fərdi keyfiyyəti bədii səviyyəyə qaldıraraq
mənəvi aləmin müsbət
daşıyıcısı kimi təqdim etmək
ustalıqdır. İmran Qasımov
bütün yaradıcılığı boyu bu ustalığından
bəhrələnmişdir.
Tədqiqatçılar
bu fikirdədir ki, İmran Qasımov xoşbəxt
yazıçı olmuşdur. Onun tərcümeyi-halı
da respublikamızla bağlı olmuşdur. O, 1918-ci ilin
noyabrında Bakı şəhərində ziyalı ailəsində
anadan olmuşdur. Çox qarışıq bir
zamanda dünyaya gəlmiş İmran Qasımov
açıqfikirli bir ailədə böyümüş,
savadlı, məlumatlı, zəkalı insanlardan müsbət
cəhətlər əxz etmişdir. Adını
daşıdığı əmisi - İmran Qasımov
qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyov,
Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə
Şərifzadə, İsmayıl Hidayətzadə və
başqa şəxsiyyətlərlə çiyin-çiyinə
işləyərək Azərbaycanda musiqili teatrın
yaranmasında, inkişafında böyük rol
oynamışdır. Hətta milli operanın
yaradılmasında, ilk quruluşun qəbul olunmasında, həyata
keçirilməsində danılmaz əməyilə fərqlənən
ictimai xadimlərdən biri idi. Əmisi
1914-cü ildə vəfat edib. Dörd il
sonra dünyaya gələn qardaşı oğluna onun
adını veriblər. Yazıçının atası Həşim
Qasımov ötən əsrin əvvəllərində
Peterburqda ali təhsil almış, Azərbaycanın
ilk mühəndis övladlarından biri idi. Anası
Mələk xanım da dövrünün nəcib, geniş
dünyagörüşünə malik qadınlarından biri
olub. Uşaqlıq illərində musiqiyə,
memarlığa, rəssamlığa, idmana böyük
marağı olan İmran Qasımov hələ orta məktəbdə
oxuyarkən müxtəlif ədəbi gecələrdə,
müsabiqələrdə iştirak edər, mətbuatda məqalələri
dərc olunardı. Gənc yaşlarından qüdrətli
bəstəkar Qara Qarayev və Tofiq Quliyevlə yaxın dost
olub.
O, 1934-cü ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində, 1938-ci ildə Moskvada
kinossenaristlər kursunda oxumuşdur. Onun ilk kino əsəri
"Yeni üfüqlər"dir. Bu əsər 1940-cı ildə
nümayiş etdirilmişdir. Uzun müddət
Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan
kinematoqrafiya nazirinin birinci müavini, Azərbaycan
Yazıçılar İttifaqı idarə heyətinin birinci
katibi vəzifələrində
çalışmışdır.
Ömrünün
baharından repressiyaların çox üzünü
görmüş İmran Qasımov Yazıçılar
İttifaqına rəhbərlik edəndə qalmaqallı,
qorxulu mühitin sifəti xeyli dəyişmişdi. Repressiya qurbanlarının
əksəriyyəti bəraət almışdı. Ölkədə yaradıcılıq şəraiti
formalaşırdı. Azərbaycana Heydər
Əliyev kimi əsl ədəbiyyat, sənət himayədarı
rəhbərlik edirdi. Milli ruhlu insanları
repressiyanın qara caynaqlarından xilas edən ulu öndər
yazıçı İmran Qasımovu çox dəyərləndirirdi.
Əməkdar incəsənət
xadimi adına layiq görülmüş
İmran Qasımov Azərbaycan Dövlət mükafatı
laureatı idi. Xalq yazıçısı fəxri
adını almışdı, sinəsini "Lenin",
"Qırmızı Əmək Bayrağı",
"Şərəf nişanı" ordenləri və bir
sıra medallar bəzəyirdi. Bütün
bunların da hamısını İmran Qasımov məhz
ümummilli lider Heydər Əliyevin sayəsində
almışdı. Bu, danılmaz faktdır
ki, 37-ci ilin qanlı köynəyindən qurtulanların
sondakı xilaskarı məhz Heydər Əliyev idi.
63 il
ömür sürmüş İmran Qasımov zəngin
yaradıcılığı ilə ədəbiyyatımızda,
kino sənətimizdə elə bir mötəbər mövqe
tutmuşdur ki, həmişə müasirimiz olaraq
qalacaqdır. Özü dediyi kimi, əgər "dəniz cəsurları
sevir"sə, ədəbiyyat da əbədiləri yaşadır .
Flora Xəlilzadə
Azərbaycan.-2009.-2
aprel.-S.6.