Misirdə Cəlil Məmmədquluzadə haqqında
iki kitab nəşr olunub
Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) əsərlərindən nümunələrin XX əsr boyu ingilis, fransız, alman, rus, türk, ukrayna, polyak, moldovan, özbək, fars, türkmən, gürcü, qırğız dillərində nəşr edilməsi onun yaradıcılığına beynəlxalq aləmdə, xüsusən Avropada və Mərkəzi Asiyada böyük maraq doğurmuşdur. Son illərdə əsərlərinin və haqqında yazılan kitabların ərəb və urdu dillərində çap olunması Şərq aləmində, müsəlman dünyasında geniş miqyasda tanınmasına böyük yol açmışdır. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin 2004-cü ildə İslamabadda "Seaf Publikations" nəşriyyatında urdu dilində çapdan çıxmış "Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə" kitabı qüdrətli yazıçının ədəbi irsinə Cənubi Asiya ölkələrində - Pakistanda, Hindistanda və Əfqanıstanda rəğbət qazandırmışdır.
Son vaxtlar Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində akademik İsa Həbibbəylinin ərəb dilində nəşr edilmiş iki kitabı Cəlil Məmmədquluzadə irsinin Afrika qitəsində geniş yayılmasına meydan açmışdır. "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" adlanan birinci kitabda akademik İsa Həbibbəyli görkəmli yazıçının həyatının əsas məqamlarını, "Molla Nəsrəddin" jurnalı ilə bağlı məsələləri və ədibin yaradıcılığının ana xətlərini elmi şəkildə ərəbdilli oxuculara təqdim etmişdir. Bundan başqa, "Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri" adlı xronoloji qaydada hazırlanmış icmalın kitabda iki dildə - ərəb və ingilis dillərində verilməsi əsərin yayılma dairəsinin genişləndirilməsinə və istifadə imkanlarının daha da artmasına səbəb olmuşdur. Böyük tirajla çap olunmuş kitaba Misirin Əl Həzər Universitetinin müəllimi Həmdi Məhruz Basyuninin yazdığı ön sözdə bütövlükdə Azərbaycan haqqında, Cəlil Məmmədquluzadənin şəxsiyyəti və yaradıcılığı, habelə akademik İsa Həbibbəylinin fəaliyyəti barədə əhəmiyyətli fikirlər öz əksini tapmışdır.
"Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" kitabında əlavə olaraq böyük ədibin irsindən örnəklərə də yer ayrılmışdır. Beləliklə, Cəlil Məmədquluzadənin "Ölülər" tragikomediyası, "Danabaş kəndinin əhvalatları" povesti, "Poçt qutusu", "Dəllək", "Pirverdinin xoruzu", "Quzu", "Saqqallı uşaq", "Xanın təsbehi" və başqa hekayələri ərəbdilli oxuculara çatdırılmışdır. Bu, Cəlil Məmmədquluzadənin əsərlərinin ərəb dilində kitab halında ilk təqdimatı kimi də mühüm əhəmiyyətə malikdir.
Akademik İsa Həbibbəylinin Qahirənin "Mədəniyyət nəşrləri evi" nəşriyyatında çapdan çıxmış "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" kitabını və ölməz sənətkarın əsərlərini ərəb dilinə Qahirə Universitetinin professoru Cəlal Səid əl-Hifnəvi tərcümə etmişdir. Professor Cəlal Səid əl-Hifnəvi iki dəfə Naxçıvan Dövlət Universitetində olmuş, diyarla tanışlıq imkanı qazanmış, yazıçının ev muzeyini ziyarət etmişdir. Muxtar Respublikaya səfərlər, Naxçıvan Dövlət Universitetində keçirilən görüşlər, aparılan müzakirələr professor Cəlal Səid əl-Hifnəvinin tərcümə prosesində Azərbaycan koloritini, orijinalın xüsusiyyətlərini mümkün qədər daha çox qoruyub saxlamasına imkan yaratmışdır.
Bundan başqa, akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında, Qahirə şəhərində çap edilən "Azərbaycanın yeni dövr yazıçısı Cəlil Məmmədquluzadə" adlı ikinci kitabında böyük ədibin həyatı və yaradıcılığı haqqındakı araşdırmalar ərəb və ingilis dillərində oxuculara çatdırılmışdır. Əsərdə eyni zamanda Cəlil Məmmədquluzadə əsərlərinin yayılma dairəsi və yazıçının nəsil şəcərəsi barədə də məlumatlar verilmişdir. Kitaba Cəlil Məmmədquluzadənin məşhur "Poçt qutusu" və "Bəlkə də qaytardılar" hekayələrinin ərəb dilinə tərcümələri də əlavə edilmişdir. Kitabı ərəb dilinə Qahirə Universitetinin professoru Həni Əs-Sisi tərcümə etmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı sabiq səfiri Yusif Əhməd Şarkavinin kitaba yazdığı ön sözdə Cəlil Məmmədquluzadənin yaradıcılığı və İsa Həbibbəylinin fəaliyyəti ölkələrarası münasibətlər müstəvisində dəyərləndirilmişdir.
Qahirə şəhərində Cəlil Məmmədquluzadə haqqında çap olunmuş kitablar barədə Misir Ərəb Respublikasının dövri mətbuatında geniş informasiyalar yayılmışdır.
Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında çap olunmuş kitabları görkəmli alimin böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi və təbliği sahəsindəki çoxillik ardıcıl fəaliyyətinin məntiqi davamıdır. Bu kitablar qüdrətli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Şərq aləmində, müsəlman dünyasında daha geniş miqaysda tanıdılmasına xidmətin ifadəsidir. Qahirə şəhərində çap edilmiş kitablar Azərbaycan-Misir əlaqələrinin də yeni və əhəmiyyətli səhifələridir. Təqdim edilən kitablar görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə ölkəmizdə geniş qeyd edilən 140 illik yubileyinə layiqli hədiyyədir.
Hazırda akademik İsa Həbibbəyli böyük sənətkar haqqında yapon dilində tanıtma kitabının hazırlanması və ədibin əsərlərindən seçmələrin yapon dilinə tərcüməsi üzərində iş aparır.
Yavuz Axundlu,
Naxçıvan Dövlət
Universitetinin professoru,
Prezident təqaüdçüsü
Azərbaycan.-2009.-2 aprel.-S.7.