Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 2-də Rusiya Federasiyasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Vladimir Doroxinin
etimadnaməsini qəbul
etmişdir.
Diplomat Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Vladimir Doroxin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
dinamik və səmərəli şəkildə
inkişaf etdiyini bildirdi. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin ilk rəsmi səfərlərindən
birini Azərbaycana etməsini yüksək qiymətləndirən dövlətimizin
başçısı qarşılıqlı
münasibətlərimizin strateji
əməkdaşlıq xarakteri
daşıdığını, bu əməkdaşlığın
möhkəm tarixi əlaqələrə söykəndiyini
vurğuladı. Azərbaycan rəhbəri
bunun Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı dövlət başçılarının imzaladıqları
Dostluq və strateji əməkdaşlıq
haqqında bəyannamədə
də öz əksini tapdığını
bildirdi. Prezident İlham
Əliyev ikitərəfli
münasibətlərin bundan
sonra da inkişaf edəcəyinə
əminliyini söylədi.
Səfir Vladimir Doroxin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin
başçısına çatdırdı. Xoş sözlərə
görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən diplomat Bakıya
gəlməzdən əvvəl
Prezident Dmitri Medvedevlə
görüşü zamanı
Rusiya rəhbərinin
də ona ikitərəfli münasibətlərlə
bağlı eyni fikirləri söylədiyini
vurğuladı. Səfir bildirdi
ki, Dmitri Medvedev Rusiya-Azərbaycan əlaqələrini
müttəfiq dövlətlər
arasındakı əlaqələr
kimi dəyərləndirir.
Vladimir Doroxin əminliklə vurğuladı
ki, səfir kimi fəaliyyəti dövründə qarşılıqlı
əlaqələrin daha
da möhkəmlənməsi
üçün səylərini
əsirgəməyəcəkdir.
Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına görə minnətdarlığını
bildirdi, özünün
də salamlarını
ona çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2009.-3 aprel.-S.1.