Dağlıq Qarabağ Azərbaycanın ərazisidir,
buna heç bir şübhə ola bilməz
"Dağlıq
Qarabağ Azərbaycanın
ərazisidir, buna heç bir şübhə ola
bilməz və münaqişə yalnız
dövlətlərin ərazi
bütövlüyü prinsipi
əsasında həll
olunmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin
yubanması regionun inkişafına maneədir.
Odur ki, bu problem tez bir zamanda
həll olunmalıdır."
Bu sözləri ölkəmizdə
səfərdə olan
Norveç Atlantik Komitəsinin idarə heyətinin sədri Kjell Engebretsen aprelin 2-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşdə
söyləmişdir.
Z.Əsgərov qonaqlara Milli Məclisin fəaliyyəti
barədə məlumat
vermiş və demişdir ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla,
o cümlədən NATO və
onun Parlament Assambleyası ilə sıx əməkdaşlıq
edir. Ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh
naminə tərəfdaşlıq"
Proqramına, 1996-cı ildə
isə "Fərdi Tərəfdaşlıq Proqramı"na qoşulmuşdur. Bundan sonra bu beynəlxalq
təşkilatla əməkdaşlığımız
daha sürətlə
inkişaf etməyə
başlamışdır. Amma Azərbaycan ərazilərinin
20 faizinin ermənilər
tərəfindən işğal
olunması inkişafımıza
ciddi maneə törədir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının
və Avropa Şurasının qətnamələrinə
məhəl qoymaması
vəziyyəti daha da çətinləşdirir.
Ona görə də beynəlxalq təşkilatlar,
eləcə də dünya dövlətləri
işğalçıya qarşı
ciddi sanksiyalar tətbiq etməli və sülhün bərqərar olunması üçün çalışmalıdırlar.
Norveçin ölkəmizdəki səfiri
Yon Ramberq Azərbaycan
ilə Norveç arasında parlamentlərarası
əlaqələrin inkişafından
məmnunluğunu ifadə
etmiş, bu münasibətlərin digər
sahələrdə də
əməkdaşlığın genişlənməsinə xidmət
etdiyini vurğulamışdır.
Kjell Engebretsen demişdir ki, Norveç parlamentinin təşəbbüsü
ilə yaradılmış
Atlantik Komitəsi ölkənin Xarici İşlər və Müdafiə nazirlikləri
tərəfindən maliyyələşdirilən
qeyri-hökumət təşkilatıdır. Komitənin məqsədi
münaqişə bölgələrində
sülhə nail olunmasına,
ölkələrin NATO-ya
üzvlüyünə yardım
göstərməkdir. Artıq belə bir missiya
Balkanlarda həyata keçirilmişdir. Cənubi Qafqazdakı
münaqişələr də
diqqətdən kənarda
qalmamışdır və
təşkilat bu bölgəyə də yardım göstərmək
niyyətindədir.
K.Engebretsen Dağlıq Qarabağın
əzəli Azərbaycan
torpaqları olduğunun
heç kimdə şübhə doğurmadığını
bildirmiş və problemin həlli üçün səylərin
artırılmasının vacibliyini qeyd etmişdir.
Azərbaycan.-2009.-3 aprel.-S.2.