Bakıda Xəzəryanı
ölkələrin nəqliyyat
nazirlərinin birinci iclası keçirilmişdir
Aprelin 2-də Bakıda Xəzəryanı
ölkələrin nəqliyyat
nazirlərinin birinci iclası keçirilmişdir.
İclasda Azərbaycan, Rusiya və Qazaxıstanın nəqliyyat nazirləri, Türkmənistanın dəmiryol nəqliyyatı naziri, Qazaxıstanın və Türkmənistanın Azərbaycandakı səfirləri iştirak etmişlər.
Birinci iclasın iştirakçılarını Azərbaycan hökuməti adından salamlayan nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, regionda nəqliyyat sahəsində əməkdaşlıq ilk növbədə xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına və genişmiqyaslı iqtisadi əməkdaşlığa yol açır.
Nazir son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın digər sahələrində olduğu kimi, Azərbaycanın yol-nəqliyyat kompleksinin inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü addımların atıldığını vurğulamışdır. Bildirilmişdir ki, dövlət investisiyaları və beynəlxalq maliyyə institutlarının kreditlərinin cəlb edilməsi nəticəsində ölkənin nəqliyyat infrastrukturu sürətlə inkişaf etdirilir, nəqliyyat parkı təzələnir, beynəlxalq nəqliyyat dəhlizlərinin işi müasir tələblər səviyyəsinə qaldırılır. Z.Məmmədov ölkəmizdə nəqliyyat infrastrukturunun yenilənməsi, avtomobil yollarının və dəmir yolu xətlərinin əsaslı şəkildə yenidən qurulması istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. İnşası davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi, Ələt qəsəbəsində inşa olunacaq beynəlxalq dəniz limanı, gəmi və bərə parkının, tanker donanmasının təzələnməsi istiqamətində həyata keçirilən tədbirlər, cari ilin əvvəlindən sərhəd keçid məntəqələrində avtonəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq məqsədi ilə "vahid pəncərə" sisteminin tətbiqi, Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması barədə görülən işlər qeyd edilmişdir.
Beynəlxalq aləmdə nəqliyyatın sərbəst hərəkəti üçün son illər terror aktlarının qarşısının alınması məqsədi ilə birgə tədbirlərin görülməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan nazir qeyd etmişdir ki, bu problem artıq transmilli xarakter daşıyır. Nəqliyyatda terror aktlarının faciəsini yaşamış Azərbaycan sərnişinlərin və yüklərin daşınması zamanı təhlükəsizliyin təmin edilməsinə xüsusi əhəmiyyət verir. Bununla yanaşı, iqtisadi-ticari əlaqələrin qloballaşması da milli nəqliyyat sistemlərinin beynəlxalq inteqrasiyasının sürətləndirilməsini tələb edir. Xəzəryanı regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinin bütün ətraf ölkələrin marağına xidmət etdiyini vurğulayan nazir əmin olduğunu bildirmişdir ki, bugünkü tədbir qarşılıqlı əməkdaşlığın yenilənməsinə böyük təsir göstərəcəkdir.
İclasda Rusiyanın nəqliyyat naziri İqor Levitin, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Əbilqazi Kusainov və Türkmənistanın dəmiryol nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyev çıxış edərək təmsil etdikləri ölkələrin yol-nəqliyyat kompleksinin inkişafı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı son illər həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat vermiş, sahə nazirlərinin birinci görüşünün nəqliyyat üzrə regional əməkdaşlığın inkişafına ciddi təsir göstərəcəyini vurğulamışlar.
İclasın gündəliyinə uyğun olaraq nəqliyyat infrastrukturu, regional nəqliyyat potensialından səmərəli istifadə etməklə Xəzər dənizi regionunda multimodal daşımalar və onun inkişaf perspektivləri məsələləri müzakirə edilmişdir.
İclas çərçivəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin və yük dövriyyəsinin artırılması barədə danışıqlar aparılmışdır.
Bundan əlavə, bir sıra ikitərəfli görüşlər keçirilmiş, nəqliyyatın müxtəlif sahələri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Nazirlər birinci iclasın yekunlarına dair rəsmi sənəd imzalamışlar.
Azərbaycan.-2009.-3 aprel.-S.2.