İctimai maraqların diktə etdiyi seçim

 

Referendum, ilk növbədə, xalqın öz iradəsini sərbəst ifadə etməsi deməkdir. İqtidar, əks-elita və cəmiyyət bu yolla dövləti inkişaf etdirmək məqsədi ilə qarşılıqlı fəaliyyət göstərir. Mən bu referendumu ölkənin modernləşdirilməsi, demokratik dəyişikliklərin intensivləşdirilməsi və təbii ki, ölkədə sabitliyin qorunub saxlanması istiqamətində irəliyə doğru bir addım kimi qiymətləndirirəm. Qlobal və lokal transformasiyalar, yeni çağırışlar nəzərə alınmaqla Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə, ən başlıcası isə, Azərbaycan dövlətçiliyinin davamlı və səmərəli inkişafını təmin etməyə imkan verir.

 

Ramiz MEHDİYEV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının rəhbəri, akademik

 

 

Azərbaycanın çağdaş tarixinin şanlı səhifəsinə çevrilmiş 18 mart referendumu tamamilə demokratik və şəffaf keçməklə müdrik xalqımızın azad siyasi iradəsini əks etdirmiş, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni nəfəs vermişdir. Dünəninə, bugününə və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının yüksək mütəşəkkilliyi və siyasi fəallığı ilə müşayiət olunan ümumxalq səsverməsi həm də ölkədə həyata keçirilən islahatlar kursunun alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmışdır. Səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının böyük qisminin iştirak etdiyi referendumun nəticələri demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin milli inkişafda həlledici rolunu növbəti dəfə təsdiqləmişdir.

Tarixi təcrübə göstərir ki, hansısa siyasi qüvvənin irəli sürdüyü təklif və ya ideyaların ümumxalq referendumunda real dəstək alması onun konkret zaman intervalında yürütdüyü siyasətin mahiyyətindən əhəmiyyətli dərəcədə asılı olur. Çoxluğun maraq və mənafeyini öz siyasətində ehtiva edən, cəlbedici proqram və ideyalarla silahlanan komandanın uğur qazanması isə labüd prosesə çevrilir. Son referendumda uzun illərin sınağından çıxmış siyasi kursun - ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi, sosial-iqtisadi və humanitar islahatların davamlılığının təmin edilməsi zərurəti mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun qənaəti kimi özünü göstərmişdir. Həm də ona görə ki, ötən beş ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir.

Referendumun nəticələri bir daha göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklər yeni dövrün diktə etdiyi obyektiv zərurətdir. Respublikamızda son illərdə qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində köklü dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan inkişafına xidmət edən liberal islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayış tərzində, maddi rifah halında özünü qabarıq göstərməyə başlayan pozitiv dəyişikliklər ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi dəyərlərin ictimai şüurda adekvat qavranılmasına və qiymətləndirilməsinə də münbit zəmin formalaşdırır. Azərbaycanın hazırkı iqtisadi inkişaf tempi ictimai cəmiyyətdə konsensusun əldə olunmasına, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatların daha da genişləndirilməsini obyektiv tələbata çevirir.

Müqayisə üçün vurğulamaq lazımdır ki, əgər 1995-ci ildə Azərbaycanda dövlətin, xalqın təhlükəsizliyi baxımından müəyyən daxili və xarici təzyiqlər hiss edilirdisə, respublikamız hazırda milli təhlükəsizliyinə etibarlı təminat formalaşdırmaqla regionda əsas söz sahiblərindən birinə çevrilmiş, idarəetmə təsisatlarını inkişaf etdirərək dövlətçilik sütunlarını möhkəmləndirmişdir. O illərdə 400-500 milyon dollar civarında dövlət büdcəsi olan Azərbaycanın icmal büdcəsi hazırda 18 milyard dollara yüksəlmişdir. 2003-cü ildə adambaşına cəmi 880 dollar təşkil edən ümumi daxili məhsul 2008-ci ilin yekunlarına görə 5600 dollara çatmışdır.

Bəşəriyyətin tarixən can atdığı demokratik dəyərlərin cəmiyyətdə yalnız elmi əsaslarla həyata keçirilən səmərəli iqtisadi islahatlar və təkamül yolu ilə özünə möhkəm dayaqlar tapa bilməsi fikri qloballaşan dünya gerçəklikləri fonunda tam təsdiqlənir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. İqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər isə uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.

Son beş ildə Azərbaycanda hüquqi, siyasi və iqtisadi islahatların yanaşı aparılması, demokratik proseslərin geniş vüsət alması, habelə cəmiyyətdə siyasi mədəniyyətin, demokratik təfəkkürün güclənməsi keyfiyyətcə yeni mərhələdə Konstitusiyaya müəyyən pozitiv əlavə və dəyişikliklərin edilməsinə yaranmış sosial-siyasi ehtiyacı da qabarıq şəkildə üzə çıxarmışdı. Hər bir xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında müəyyənləşdirən ali sənəd olan Konstitusiya həm də onun yaratdığı dövlətin siyasi sisteminin xarakterini açaraq ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibəti özündə ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 2009-cu il martın 18-də keçirilmiş referendum da ilk növbədə ölkədə həyata keçirilən hərtərəfli islahatların demokratik, liberal mahiyyətindən irəli gəlmişdir. Ölkə seçicilərinin mütləq əksəriyyətinin Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyi dəstəkləməsi həyata keçirilən islahatların mütərəqqi mahiyyətinə olan əsaslı ictimai inamı da qabarıq şəkildə üzə çıxarır.

Azərbaycan seçicilərinin lehinə səs verdikləri məsələlərin böyük qismi məhz insan hüquq və azadlıqlarının konstitusion əsaslarının gücləndirilməsinə, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, vətəndaşların aktiv seçki hüququnun səmərəli təminatına xidmət edir. Əlavə və dəyişikliyin mütləq əksəriyyəti eyni zamanda respublikada insan hüquq və azadlıqlarına təminatı gücləndirmək, son illərdə qəbul edilmiş bir sıra qanunlara, normativ-hüquqi aktlara konstitusion status vermək məqsədi daşıyır. Bu əlavə və dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarının hansısa mərhələdə qeyri-qanuni şəkildə məhdudlaşdırılmayacağına da hüquqi təminat yaradır.

Konstitusiyanın 12-ci maddəsinə ediləcək dəyişiklik sosialyönümlü xarakter daşımaqla, Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlir. Bu dəyişikliklə "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" məsələsi dövlətin ali məqsədləri sırasında yer almalıdır. Bu əlavənin Konstitusiyada əksini tapması respublikamızın iqtisadi siyasətində sosialyönümlü məsələlərin həllinin daha da sürətləndirilməsi ilə şərtlənir. Dövlət yalnız insan hüquq və azadlıqlarının təminatı ilə vəzifəsini məhdudlaşdırmayaraq hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da bir öhdəlik kimi üzərinə götürür. Dövlətin iqtisadi imkanları, hökumətin isə siyasi iradəsi hər bir vətəndaşa layiqli həyat səviyyəsini təmin etmək vəzifəsini irəli sürməyə imkan verir.

Konstitusiyanın 15-ci maddəsinin II hissəsində ediləcək dəyişikliyə görə, "Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosialyönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bu maddəyə "sosialyönümlü" söz birləşməsinin əlavə edilməsi hökumətin uğurla həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət strategiyasına konstitusiya təminatı yaradır. BMT-nin 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına qoşulmuş Azərbaycan Respublikası öz vətəndaşlarının sosial və mədəni inkişafını prioritet məqsədlərdən birinə çevirir.

Son illər Azərbaycanda uşaq hüquqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, yeni qanunlar qəbul edilmiş, valideyn himayəsindən məhrum olunmuş uşaqlar hərtərəfli dövlət himayəsi ilə əhatə olunmuş, uşaq əməyinin istismarına qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Respublikamız BMT-nin 1988-ci il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş Milli Məclisdə "Uşaq hüquqları haqqında" (1998), "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" (1999) qanunlar qəbul edilmişdir. Bu baxımdan uşaq hüquqlarının qorunması ilə bağlı Əsas Qanunda konkret müddəaların əksini tapmaması respublikamızın bu sahədə həyata keçirdiyi siyasətlə uzlaşmırdı. Konstitusiyanın 17-ci maddəsinə edilən əlavələr də uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətinin və fəaliyyət dairəsinin müəyyənləşdirilməsinə, bu sahədə həyata keçirilən dövlət siyasətinin konstitusion əsaslarının yaradılmasına xidmət edir.

17-ci maddəyə edilən birinci əlavədə vurğulanır ki, "valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır". Bu əlavə valideyn himayəsindən məhrum olmuş uşaqların 18 yaşınadək himayəyə götürülməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsi, sosial ehtiyaclarının ödənilməsi, təlim-tərbiyəsi, təhsili, sağlamlığı və bu kimi məsələlərlə bağlı dövlətin üzərinə konstitusion öhdəliklər qoyur.

Həmin maddədə yer alan ikinci əlavədə göstərilir ki, "uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Üçüncü əlavədə isə vurğulanır ki, "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər". Birinci əlavə uşaqların onların mənəviyyatına və sağlamlığına zidd işlərə cəlb olunmasının qarşısının alınmasına, ikinci əlavə isə 15 yaşına çatmamış uşaqların əmək fəaliyyətinə cəlb olunmasına məhdudiyyət yaradır. Təklif olunan əlavələr uşaqların təhsildən yayındırılaraq əməyinin istismar edilməsi, habelə cəmiyyətdə savadsızlıq meyillərinin artması ilə müşayiət olunan neqativ hallara qarşı etibarlı hüquqi sipərdir.

Konstitusiyanın 18-ci maddəsinə təklif olunan əlavə vətəndaşların Əsas Qanun ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun təminatına xidmət edir. 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanların" yayılması və təbliği də qadağan edilir. Təklif olunan dəyişiklik də məhz Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır.

Referendum Aktı layihəsində Konstitusiyanın 19-cu maddəsinin (Pul vahidi) II hissəsinə edilən əlavə isə Azərbaycan Respublikası Milli Bankının adının dəyişdirilməsini nəzərdə tutur. Həmin dəyişikliklə Milli Bank bundan sonra "Mərkəzi Bank" adlandırılacaq və bu da bir sıra dövlətlərin təcrübəsinə əsaslanır. Bu dəyişiklikdən sonra dövriyyədə olan milli pul nişanlarının, pul nişanları üzrə yaradılmış ehtiyatların yenilənməsi nəzərdə tutulmur. Referendumun nəticəsinə müvafiq olaraq hazırda dövriyyədə olan pul nişanlarının, o cümlədən yeni nominalların gələcəkdə sifarişi zamanı onlarda dəyişiklik edilə bilər.

Əsas Qanunun 25-ci maddəsinə ediləcək əlavə və dəyişikliklər isə hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Konstitusiyanın əvvəlki mətninə görə, "hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir; İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". 25-ci maddəyə əlavə olunan 3-cü bəndə görə, "heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz".

25-ci maddəyə əlavə edilən 4-cü bənddə isə vurğulanır ki, "hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Hər iki əlavə Azərbaycan Respublikasının qoşulduğu insan hüquqları üzrə beynəlxalq sənədlərdə və yerli qanunvericilik aktlarında təsbit olunmuş bərabərlik hüququna Konstitusiya təminatını möhkəmləndirir. Konstitusiyada əksini tapacaq 5-ci bənd isə xüsusi qaydada hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və səlahiyyət daşıyıcıları ilə vətəndaşların hüquqlarını bərabərləşdirir. Eyni zamanda, dövlət orqanları və səlahiyyət daşıyıcılarının üzərinə hər kəsə eyni yanaşmaq, ayrı-seçkiliyə, vəzifədən sui-istifadəyə və digər qanunazidd hallara yol vermədən Konstitusiyaya, qanunlara əsaslanan ədalətli qərarlar qəbul etmək öhdəliyi qoyur.

Mülki-Prosessual Məcəllənin 8-ci bəndi Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq məhkəmələrin üzərinə xüsusi vəzifələr qoyur. Sözügedən əlavə dövlət orqanları ilə yanaşı, məhkəmələrin də məsuliyyətini artırır. Bu hal universal beynəlxalq sənədlərdə, həmçinin bir sıra demokratik ölkələrin ali qanunvericilik aktlarında da əksini tapmışdır.

Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə edilən dəyişiklik respublikamızın iqtisadi inkişafının yeni keyfiyyət mərhələsində hər kəsin mülkiyyət hüququnun daha etibarlı təminatına xidmət edir. Konstitusiyanın əvvəlki mətnində qeyd edilir ki, "heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər". Yeni variantda isə yalnız dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. İctimai ehtiyaclar üçün qabaqcadan dəyəri ədalətli şəkildə ödənilməklə mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilməməsi isə daha demokratik yanaşma kimi diqqəti çəkir.

Konstitusiyaya ediləcək bəzi əlavələr vətəndaşların fiziki sağlamlığının təmini və ekoloji problemlərin həlli baxımından son dərəcə aktualdır. Məsələn, 39-cu maddəyə ediləcək əlavəyə görə (Sağlam ətraf mühitdə yaşamaq hüququ), "heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz". Belə bir müddəanın Əsas Qanunda yer alması, şübhəsiz, ölkədə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi baxımından az əhəmiyyət daşımır. 39-cu maddədə yer alan digər mühüm əlavədə isə göstərilir ki, "dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir". Bu müddəa Azərbaycanın özünəməxsus flora və faunasının qorunmasına konstitusion təminatı gücləndirir, nadir bitki və heyvan növlərinin mühafizəsinə hüquqi zəmin yaradır.

Əsas Qanunun 71-ci maddəsinin II hissəsinə edilən əlavə insan və vətəndaş hüquq və azadlıqlarının hüdudsuz olmadığını, müəyyən hüquqi çərçivələrlə məhdudlaşdığını təsbit edir. Şübhəsiz, hüquq və azadlıqlar heç kəsə hüdudsuz imkanlar vermir. Heç kəs hüquq və azadlıqlarından sui-istifadə edərək başqalarının hüquq və azadlıqlarını poza, yaxud məhdudlaşdıra bilməz. İnsan hüquqlarının ölkənin milli maraqları, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması, əxlaq və mənəviyyatın mühafizəsi naminə əsaslı məhdudlaşdırılması hüquqi dövlətin sabitliyinin ayrılmaz elementidir. 71-ci maddənin II hissəsinə təklif olunan əlavə və dəyişiklik isə hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifələrini, hüquq və azadlıqlarının qanuni çərçivəsini müəyyənləşdirir. Həmin əlavədə qeyd olunur ki, "hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Bu müddəa dövlətlə yanaşı, vətəndaşların da üzərinə müəyyən hüquqi öhdəlik, məsuliyyət qoyur, onları digərinin hüquqlarına hörmətlə yanaşmağa sövq edir.

71-ci maddənin IX hissəsinə təklif olunan əlavə də insan hüquq və azadlıqlarının təmini baxımından prinsipial əhəmiyyət daşıyır. Bu əlavəyə görə, "hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz". Bu müddəa ilə hər bir vətəndaşın qanunla qadağan olunmayan, cəmiyyətə açıq hörmətsizlik əlaməti olmayan hərəkətləri etməsinə konstitusion təminat yaradılır. Eyni zamanda kiminsə qanunla nəzərdə tutulmayan hərəkətlərin icrasına məcbur edilməsi insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu baxımdan sözüdegən əlavənin Konstitusiyada əksini tapması demokratik norma və prinsiplər baxımından son dərəcə təqdirəlayiqdir.

Konstitusiyaya əlavə və dəyişikliklər sırasında məhkəmələrin fəaliyyəti ilə bağlı müddəaların geniş yer alması da diqqətəlayiq hal olmaqla, yeni dövrün tələblərindən irəli gəlir. Konstitusiyanın 125-ci maddəsinə edilmiş əlavəyə görə, "məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". Yəni məhkəmənin həqiqəti müəyyən etməkdən, qanunun aliliyini təmin etməkdən savayı məqsədi olmamalıdır. Bu, məhkəmələrdə baxılan işlərin səmərəliliyinin və obyektivliyinin, şəffaflığının təmin edilməsinə yönəlmiş konstitusion müddəadır.

Əsas Qanunun 129-cu maddəsinə edilən əlavələr isə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya konstitusion təminatı gücləndirəcək. Etiraf etməliyik ki, Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarları bəzən lazımi səviyyədə icra olunmur, səhlənkar münasibətlər yaranır, nəticədə vətəndaşların qanuni maraq və mənafeyinə zərbə dəyir. 129-cu maddəyə edilən dəyişikliyə görə, "məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Bu dəyişiklik məhkəmə qərarlarının təsir gücünün artırılmasına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların aradan qaldırılmasına xidmət edir.

Konstitusiyanın 96-cı maddəsində nəzərdə tutulan dəyişiklik vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyi hazırkı şəraitdə son dərəcə mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Konstitusiyaya görə, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsusdur. Yeni variantda isə Azərbaycan Respublikasının 40 min nəfər vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə vətəndaşların mənafeyinə xidmət edən qanun layihələrinin birbaşa Milli Məclisin müzakirəsinə çıxarılmasına və qəbuluna real imkanlar yaradılır. Həmin maddəyə təklif edilən digər əlavələrə görə, "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir; Qanun layihələri əsaslandırılmalı və onların qəbul edilməsi məqsədləri göstərilməlidir".

Təəssüflə qeyd etmək lazımdır ki, hələ təşviqat mərhələsində Referendum Aktı layihəsində əksini tapmış bəzi əlavə və dəyişikliklər hüquq müstəvisində deyil, cılız şəxsi siyasi maraqlar kontekstində - qeyri-obyektiv şəkildə şərh edilir, vətəndaşlarda çaşqınlıq yarada biləcək qərəzli mövqelərə rast gəlinirdi. Azərbaycanın uğurlarından həmişə məyus olan, ölkənin davamlı inkişaf prosesinin üzərinə kölgə salmaq istəyən, daim inkarçılıq mövqeyi tutan müəyyən nihilist qüvvələr xüsusən də Konstitusiyanın 101-ci maddəsinə təklif olunan dəyişiklik ətrafında ajiotaj yaradaraq heç bir dəlil-sübuta, arqumentə söykənmədən həmin dəyişikliyin guya "demokratik dəyərlərə zidd olduğunu" iddia edirdilər.

Məlumat üçün bildirək ki, söhbət Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə edilən dəyişiklikdən gedir. Həmin dəyişikliklə "Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz" cümləsinin çıxarılması, əvəzində "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir" şəklində verilməsi nəzərdə tutulur. Elə sonuncudan başlayaq ki, müharibə şəraitində Prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması ilə bağlı müddəa respublikamızın müharibə şəraitində yaşaması, torpaqlarımızın 20 faizdən çoxunun düşmən tapdağı altında olması ilə şərtlənir. Əvvəla, hərbi əməliyyatların aparıldığı ölkədə prezident seçkilərinin keçirilməsi və ictimai diqqətin düşmənə qarşı mübarizədən yayındırılması siyasi baxımdan yolverilməzdir. Bu dəyişikliyə həm də qüvvədə olan Seçki Məcəlləsinin 181.1 maddəsinin tələbləri prizmasından yanaşmaq lazımdır. Həmin maddəyə əsasən prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 min imza ən azı 60 seçki dairəsində toplanmalıdır. Əgər hərbi əməliyyatlar 65-dən çox seçki dairəsinin ərazisini əhatə edərsə, bu, 181.1 maddəsindəki tələbin reallaşdırılmasına imkan vermir. Bu baxımdan 101-ci maddənin V hissəsinə təklif edilmiş dəyişiklik obyektiv hüquqi və siyasi reallığa əsaslanmaqla, xalqın milli təhlükəsizliyi, milli mənafeyi baxımından son dərəcə vacibdir. Nəzərə almaq lazımdır ki, belə müddəa Yunanıstan və Xorvatiyanın da konstitusiyalarında əksini tapmışdır.

Bir şəxsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikası Prezidenti seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması da demokratik dəyərlərlə tam uzlaşır. Bəri başdan vurğulayaq ki, Əsas Qanunda belə müddəanın olub-olmaması heç də dövlətlərin demokratikliyinin, yaxud qeyri-demokratikliyinin göstəricisi kimi qiymətləndirilə bilməz. Çünki hər iki variantda xalqın hakimiyyətin yeganə mənbəyi kimi çıxış etməsinə, habelə azad siyasi iradə əsasında istədiyi şəxsi prezident seçməsinə heç bir problem yaranmır. 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul edilərkən belə bir müddəanın nəzərdə tutulması ümumən respublikamızın demokratik və hüquqi dövlət quruculuğu yoluna yeni qədəm qoyması ilə şərtlənirdi. Həmin dövrdə sosial-iqtisadi problemlərin həllini tapmaması, dövlətçiliyə qarşı ara-sıra cinayətkar qəsdlərin baş qaldırması, demokratikləşmə proseslərinə yenicə start verilməsi, liberal seçki qanunvericiliyinin olmaması sözügedən məhdudiyyətin Konstitusiyada əksini tapmasını zəruri edirdi. Bu həm də vətəndaş cəmiyyəti institutlarının inkişaf etməməsi, hakimiyyət üzərində ictimai nəzarət mexanizmlərinin yoxluğu ilə bağlı idi.

Konstitusiyanın qəbulundan ötən 14 ildə respublikamızda demokratik proseslərin yüksək inkişafı, Avratlantik məkana inteqrasiya, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyət imkanlarının genişlənməsi şəraitində respublikamızda hansısa qüvvənin demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına zidd addım atması mümkün deyildir. Əsas məsələ bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçkilərində iştirakı deyil, xalqın iradəsinə əsaslanan demokratik, azad, şəffaf, qanunauyğun seçkilərin keçirilməsidir. Azərbaycanda ötən müddətdə Avropa standartlarına cavab verən Seçki Məcəlləsinin qəbulu, respublikamızın Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının hakimiyyət üzərində nəzarət imkanlarının artması fonunda ölkədə azad, demokratik seçki mühiti formalaşmışdır. Bu hüquqi mexanizm kiməsə Konstitusiyanı və Seçki Məcəlləsini kobud şəkildə pozaraq xalqın azad iradəsi əleyhinə hansısa addım atmağa imkan vermir. Hakimiyyətə gedən yolun azad, ədalətli, demokratik seçkilərdən keçdiyini birmənalı olaraq bütün siyasi qüvvələr etiraf edir. Belə olan təqdirdə bir şəxsin iki dəfədən artıq seçkilərdə iştirak imkanına malik olması ölkənin demokratik inkişafına, yaxud da seçki prosesinin demokratikliyinə qətiyyən mənfi təsir göstərmir. Məlumat üçün bildirək ki, İtaliya, Malta, Kipr kimi dövlətlərin konstitusiyalarında da bir şəxsin təkrarən iki dəfədən artıq prezident seçilməsinə heç bir məhdudiyyət qoyulmur.

Hər bir hüquqi islahat dövrlə səsləşəndə, ictimai mənafeni özündə ehtiva edəndə daha səmərəli və praktik nəticələrə yol açır. Bu baxımdan dövrlə tamamilə uzlaşan Konstitusiyaya əlavə və dəyişikliklərin Azərbaycanın hər bir vətəndaşının maraq və mənafeyinə cavab verdiyini, bütün demokratik dövlətlərin qəbul etdiyi norma və prinsiplərə uyğunluğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Ümidvarıq ki, 2009-cu ilin 18 mart referendumunun nəticəsi kimi praktik surətdə gerçəkləşən Konstitusiya islahatı respublikamızın siyasi və hüquqi inkişafına yeni üfüqlər açacaqdır.

 

 

Alış Qasımov,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.-2009.-3 aprel.-S.3.