Muğam möcüzəsinin
Bakı məqamı
Hər bir incəsənət tədbirinin bayram ovqatından əlavə ülvi məram və qayəsi də olur. Əslində elə sənət bayramının fəlsəfi siqləti, ictimai mahiyyəti, çağdaş aktuallığı və estetik dəyəri ilk növbədə izlənən məqsəd və qayənin təzahürü ilə səciyyələnir. Bu baxımdan 2009-cu il mart ayının 18-dən 25-dək Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq festivalını keçirən Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın əsas qayə və məramı Azərbaycanın muğam beşiyi olduğunu, milli muğamımızın dünya muğamlarının fövqündə duran ən pak və ən ülvi sənət kimi formalaşdığını sübut etmək idi. Mən böyük fərəh hissilə bu məramın təntənəsinə görə başda Mehriban xanım olmaqla, festivalın bütün təşkilatçılarını, dəstəkçilərini, iştirakçılarını və təbliğatçılarını, bütün xalqımızı ürəkdən təbrik edirəm. Elə buradaca Mehriban xanımın beynəlxalq elmi simpoziumun materialları toplanmış kitaba yazdığı ön sözdən ikicə cümləni sitat gətirmək istəyirəm. "Biz hamımız doğma Azərbaycan muğamımızla haqlı olaraq fəxr edirik. O bizim üçün müqəddəs olan hər şeyin başlanğıcı, əvəzi olmuş və olacaqdır". Bəli, beynəlxalq sənət bayramı məhz bu sözlərin həqiqiliyinin təntənəsinə çevrildi.
"Muğam aləmi" Beynəlxalq festivalının əzəmət və möhtəşəmliyini, elmi və təcrübi əhəmiyyətini göstərmək üçün bəlkə də sadəcə "quru" faktları sadalamaq da kifayət edər. Bu faktları bir də ona görə nəzərə çatdırmaq istəyirik ki, geniş oxucu kütləsinin proqramın tam mənzərəsi haqda məlumatları kifayət qədər deyil. Həmçinin elə buradaca onu demək istəyirəm ki, butün bu həyəcanlı və sevincli, füsunkar və ecazkar təntənələr kimi yaddaşlara hopan bayram artıq milli mədəniyyətimizin faktına çevrilib, tarixilik qazanıb. Eyni zamanda dünya mədəniyyətinin bəşəri tədbiri kimi təsdiqlənib.
Bu tarixiliyin, bu xəzinənin, bu incilərin əbədiləşməsi üçün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin həm yaradıcı, həm də texniki heyəti böyük səylə çalışıb. Təbii ki, ilk növbədə AzTV-nin Musiqi və əyləncəli proqramlar baş redaksiyasının əməkdaşları böyük zəhmət çəkiblər. Bütün konsert və tədbirlər, elmi məruzələr, ayrı-ayrı sənət adamlarının rəy və çıxışları lentə alınıb.
Öncə onu xüsusi qeyd edim ki, bu layihə milli mədəniyyətimizin dünya meydanına çıxarılmasında fundamental işlər görmüş Heydər Əliyev Fondunun və şəxsən fondun sədri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, məmləkətin birinci xanımı Mehriban Əliyevanın böyük səyi və səmərəli işgüzarlığı sayəsində reallaşıb.
Festivalın təşkilatçılığında Heydər Əliyev Fondu ilə yanaşı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı da vardı. Təşkilati dəstəkçilər isə Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi idi.
"Muğam aləmi" (18-25 mart 2009-cu il) Beynəlxalq festivalı çərçivəsində iki tədbir keçirilib.
Birincisi: Beynəlxalq elmi
simpozium (18-20 mart 2009-cu il. Azərbaycan Tarixi Muzeyində).
İkincisi: Beynəlxalq
muğam müsabiqəsi (22-24 mart 2009-cu il. Azərbaycan
Dövlət Kukla Teatrında). Dinləmələrdə
birinci gün 7, ikinci gün 9, üçüncü gün 4
nəfər dinlənilib. Üçüncü gün fasilədən
sonra fəxri yerlər elan edilib.
Beynəlxalq elmi simpozium Azərbaycan
Tarixi Muzeyinin Şərq zalında açıldı və
Mehriban xanım Əliyeva "Azərbaycan muğamı
müasir dünyada" məruzəsi ilə bu tədbirə
xeyir-dua verdi, iştirakçılara uğurlar dilədi.
"Muğam aləmi"
Beynəlxalq elmi simpoziumunda 17 ölkədən 80 məruzə
dinlənildi. Dünyanı Azərbaycan, ABŞ, Almaniya,
Böyük Britaniya, Çin, Fransa, İran, İtaliya, Kanada,
Macarıstan, Niderland, Özbəkistan, Rusiya, Suriya, Tacikistan,
Tunis və Türkiyə ölkələri təmsil edirdilər.
Elmi-nəzəri əhəmiyyətinə görə
bir-birindən dəyərli və fəlsəfi-estetik mahiyyətlərinə
görə maraqlı məruzələr əvvəlcədən
kitab şəklində çap olunub iştirakçılara
və media nümayəndələrinə təqdim
edilmişdi. Elmi simpozium açılışdan sonra öz
işini bölmələr üzrə paralel olaraq üç
məkanda aparırdı. Əcnəbi musiqişünas alimlərin
bir neçəsinin orijinal məruzələrinin mövzunun
mahiyyətinə uyğun adlarını nəzərə
çatdırmaq istərdim. "Muğam-mukamat və
müasir dünyada ənənəvi modal musiqi" (Vim vann
Zanten. Niderland), "İtaliyada muğam dünyası"
(Covanni de Zorzi. İtaliya), "Şah Xətai" ad və
janr kimi" (Stiven Blam. ABŞ), "Müasir Rusiyada Azərbaycan
muğam mədəniyyəti" (Violetta Yunusova. Rusiya),
"Muğamın janr-üslub xüsusiyyətləri
haqqında" (Ravşan Yunusov. Özbəkistan),
"Muğam Çikaqoda" (İnna Naroditskaya. ABŞ),
"Müəllif hüququ: kollektiv müəllifin müəllif
hüququ" (Bernard Kleykamp. Niderland), "Qeyri-maddi irsin
qorunub saxlanılmasında BBS-nin rolu - "dünya
yolları" Azərbaycanda, ənənəvi musiqidə macəralar"
(Lüsi Düran və Ceyms Parkin. Böyük Britaniya), "Məğribin
musiqi ahəngi sisteminin bəzi fərqləndirici aspektləri"
(Mahmud Getta.
Onu da qeyd edim ki,
çoxsaylı Azərbaycan musiqiçilərinin
mövzu-janr baxımından fərqli məruzələri əsl
elmi-nəzəri tədqiqat materialları kimi qiymətliydi.
Çox müxtəlif fəlsəfi, estetik, psixoloji, mistik,
tarixi tədqiqat və sairə istiqamətlərdə yazılmış
bu elmi məruzələrdə də Azərbaycan
muğamının möhtəşəmliyi parlaqlıqla təcəssüm
tapıb.
Beynəlxalq muğam
müsabiqəsinin münsiflər heyətində yeddi sənətkar
vardı.
1. Səyavuş Kərimi,
xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru.
2. Ramiz Zöhrabov, xalq
artisti, sənətşünaslıq doktoru, professor, Azərbaycan
Bəstəkarlar İttifaqının katibi.
3. Arif Babayev, xalq artisti, Azərbaycan
Milli Konservatoriyasının professoru.
4. Jan Dürinq, Fransa Milli
Elmi Araşdırmalar Mərkəzinin şöbə
müdiri, YUNESKO-nun təmsilçisi.
5. Fikrət Qaraqaya,
musiqiçi və musiqişünas. Türkiyə.
6. Mikael Dreyer, Beynəlxalq
Musiqi Sülh Mükafatı laureatı. Almaniya.
7. Vim vann Zanten, Ənənəvi
Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti.
Niderland.
Beynəlxalq muğam
müsabiqəsində Azərbaycan, İran, Misir, Tacikistan,
Özbəkistan, Qazaxıstan, Mərakeş, İraq,
Türkiyə, Almaniya, ABŞ ölkələrindən 20 gənc
xanəndə iştirak etdi.
Oxucuların diqqətinə
bir məsələni xüsusi çatdıraq. Festivalın ərəfəsində,
mart ayının 9-da və 10-da Bakıda Heydər Əliyev
Fondunun xətti ilə yalnız gənclərdən ibarət
Birinci respublika muğam müsabiqəsi keçirildi. Həmin
sınaq təntənəsində Səbuhi İbayev,
Güllü Muradova, İlkin Əhmədov, Babək Niftəliyev,
Vəfa Orucova, Təyyar Bayramov, Arzu Əliyeva, Zülfiyyə
Məmmədova, Nəzər Bəylərov, Humay Məmmədova
və Bəyimxanım Mirzəyeva iştirak edirdilər.
Müsabiqədə fəxri yerləri ardıcıllıqla Təyyar
Bayramov, Vəfa Orucova və Babək Niftəliyev tutdular. Bu
üç nəfər, həmçinin müsabiqənin
diplomunu almış Səbuhi İbayev və Arzu Əliyeva beynəlxalq
müsabiqədə iştirak etdilər.
Beynəlxalq müsabiqədə
münsiflərin qərarı ilə 7 nəfər
mükafatlandırıldı.
Qran-pri mükafatı Azərbaycanda
qaldı. Onu Təyyar Bayramova təqdim etdilər.
Birinci yerə Özbəkistan
xanəndəsi Yulduz Turdiyeva, ikinci yerə İran sənətçisi
Məhəmməd Motamedi, üçüncü yerə isə
Misirdən gəlmiş Mustafa Səid layiq görüldülər.
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliynin "Qarabağ şikəstəsi"nin
ən yaxşı ifaçısı üçün
mükafatı Xurşud İbrahimova (Tacikistan), Azərbaycan Bəstəkarlar
İttifaqının ən gənc ifaçı
üçün mükafatı Arzu Əliyevaya (Azərbaycan),
Azərbaycan Təhsil Nazirliyinin ən yaxşı
müşayiətçilər üçün
mükafatı tarzən Elçin Həşimova və
kamançaçı Elnur Əhmədova (Azərbaycan)
verildi.
Festival çərçivəsində
heyranlıq doğuran daha bir maraqlı tədbir ustad sənətkarların
konsertləri oldu. Muğam Mərkəzində Azərbaycandan
Mənsum İbrahimov "Rast", Mələkxanım Əyyubova
"Şiraz bayatısı", Ağaxan Abdullayev
"Segah", Səkinə İsmayılova "Humayun",
Nuriyyə Hüseynova "Şüştər", Alim
Qasımov və qızı Fərqanə Qasımova
"Çahargah", Zabit Nəbizadə "Şur"
muğam dəstgahlarını ifa etdilər.
Sənət bayramında həmçinin
İtaliyadan İran əsilli Sipideh Raissadat ("Maragahi"
ansamblı), Suriyadan Omar Sarmini ("Əl Kindi"
ansamblı), Çindən milliyyətcə uyğur
türkü Ayşemqul Memmet, İraqdan Taha Qərib əl Əlaq
("Anqam Əl Rafidain" ansamblı), Mərakeşdən
Taofik Himmiçi ("Nahada" ansamblı), Özbəkistandan
Nodira Pimatova ("Çarqox" ansamblı), İrandan
Müzəffər Şafıi, İraqdan Hüsyen əl Ədhəmi,
Misirdən Aişə Redvan ("Əl Ədvar"
ansamblı), Hindistandan Vasumati Badrinatan kimi ustadlar da öz sənətkarlıqlarını
məharətlə nümayiş etdirdilər.
Muğamsevərlər və
təntənə iştirakçıları sənət
bayramı günlərində Üzeyir bəy Hacıbəylinin
"Leyli və Məcnun" (solistlər Aygün Bayramova və
Səbuhi İbayev), "Koroğlu" (solistlər Samir Cəfərov
və İlahə Əfəndiyeva), Zülfüqar bəy
Hacıbəyovun "Aşıq Qərib" (solistlər Səbuhi
İbayev və Gülyaz Məmmədova) operalarına
baxıblar.
Tamaşaçılar Azərbaycan
Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və
baş dirijor Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor
Kapellasının (bədii rəhbər Gülbacı
İmanova) ifalarında Fikrət Əmirovun "Şur",
"Gülüstan Şiraz bayatısı", "Kürd
ovşarı", Niyazinin "Rast" simfonik
muğamlarını, Aqşin Əlizadənin "Simfoniya
¹ 4. "Muğamvari", Nazim Əliverdibəyovun
"Şiraz bayatısı" xor muğamını, Cahangir
Cahangirovun "Füzuli" kantatasını (solist Aygün
Bayramova), etno-musiqi caz axşamı konsertini ecazkar maraqla,
coşqun həvəs və ilhamla dinləyiblər.
Bir faktı xatırlatmaq
yerinə düşər. İyirmi ildən çoxdur
"Füzuli" kantatası, otuz ildən artıqdır
"Şiraz bayatısı" xor muğamı canlı ifa
edilmirdi. Məhz muğam festivalı və Azərbaycan
televiziyası milyonlarla tamaşaçı sevincinə
rövnəq verdi, onların mənəvi istəyinə
ehtiramla çıraq tutdu.
Təntənəli
tamaşalar və konsertlər Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət
Filarmoniyasının, Beynəlxalq Muğam Mərkəzinin,
Caz Mərkəzinin binalarında göstərilib.
Beynəlxalq muğam
festivalının təntənəli bağlanışı
martın 25-də Heydər Əliyev adına sarayda olub. Burada
muğam ustadları, haqqında söhbət gedən
müsabiqənin laureatları, Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qədim
Musiqi Alətləri Dövlət Ansamblı (bədii rəhbər
Məcnun Kərimov), Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestri (bədii rəhbər
və baş dirijor Ağaverdi Paşayev), Azərbaycan Dövlət
Rəqs Ansamblı (bədii rəhbər Afaq Məlikova)
çıxış ediblər.
Beynəlxalq tədbirin
canlı yayım təbliği çox həssas və incə
proqram üzrə işlənmişdi. Festival günlərində
AzTV-nin 6 səyyar televiziya stansiyası müxtəlif məkanlarda
paralel işləyirdi. Bu səyyar televiziya
stansiyalarının bir qismi son iki ildə təzə
alınıb. Digərləri isə müasir texnologiya ilə
tamamilə yenidən qurulub, kameralarının sayı
artırılıb. Onların rəqəmsal səsyazma sistemləri,
peykə çıxış imkanları var. Təkcə Azərbaycan
Tarixi Muzeyində Beynəlxalq elmi simpoziumun bir gündə 3
müxtəlif zalda bölmələr üzrə tədbirləri
keçirilir, orada məruzələr oxunurdu. Ana
televiziyamız buradakı ən incə məqamları da
bütün təfərrüatı ilə lentə alıb.
Bütün bu işləri böyük yaradıcı, texniki
və təsərrüfat istiqamətli heyətdən,
inzibatçılar qrupundan ibarət kollektiv diqqət və səliqə
ilə, həssaslıq və dəqiqliklə görüb.
Gündə 8 dəfə
efirə çıxan "Xəbərlər" (rus və
ingilis dillərindəki buraxılışları da nəzərə
alınmaqla) həm festivaldan operativ reportajlar, müsahibələr,
tematik süjetlər hazırlayır, həm də görkəmli
dünya mütəxəssislərinin müsahibələrini
təqdim edirdi. "Xəbərlər"in xəttilə
efirdə 5 saat 42 dəqiqəlik material dünyanın beş
qitəsində milyonlarla tamaşaçıya
çatdırılıb. "Xəbərlər"in
buraxılışlarından müəyyən məqamları
bir daha yada salaq.
Nodira Pimatova (Özbəkistan):
"Əfsanəvi muğam festivalını bizə bəxş
edənlərə dərin təşəkkürümüzü
bildiririk... Biz də muğam ifaçısıyıq. Ancaq
sizin ecazkar muğamlarınızı çox sevirik. Simfonik
muğamlara heyranlıqla qulaq asdıq. Bunlar misilsiz dərəcədə
çox füsunkar və gözəldir".
Taofik Himmiçi (Mərakeş):
"Festivalda iştirakdan qürur duyuram. Azərbaycan
muğamının insanlarda yaratdığı hiss çox
heyrətamizdir".
Kamal Tenzin (İran): "Beynəlxalq
muğam festivalı çox gözəl layihədir. İstərdim
ki, İranda da muğamla bağlı belə beynəlxalq tədbir
keçirilsin".
Taha Qərib əl Əlaq
(İraq): "Bakı çox gözəldir və Azərbaycan
muğamı dünya şöhrətlidir".
Robert Simms (Kanada): "Azərbaycan
muğamı ilə ilk dəfə məşhur tarzən Bəhram
Mansurovun ifasında
Beynəlxalq muğam
festivalı təntənələrində 8 günün hər
günü 20 dəqiqə həcmində "Festivalın
gündəliyi" adlı verilişdə efirdə operativ
yer alırdı. Milyonlarla tamaşaçı festival
haqqında ən operativ xəbərləri dinləyə və
görə bilirdi. Musiqi və əyləncə proqramları
baş redaksiyasının xəttilə festival günlərində
sənət bayramına həsr edilən 50 saatdan çox
müxtəlif veriliş efirə çıxıb. Onlarca saat
həcmində olan nadir lent çəkilişləri zəngin
arxivdə yer alıb.
Günortaya qədər olan
tədbirlər lentə alınır, operativ montaj edilir və
axşam saatlarında tamaşaçılara
çatdırılırdı. Axşam tədbirlərinin bəzisi
həmin gün axşam, bəziləri isə gecələr
montaj edilərək səhərisi
tamaşaçıların ixtiyarına verilirdi. Elə
yaradıcı qrup vardı ki, səhəri studiyada
açırdı. Bəlkə də bu sözləri oxuyan
sıravi tamaşaçı heyrətlənməz, bunu adi hal
kimi qəbul edər. Ancaq jurnalistikadan, televiziyanın iş
prinsipindən az-çox xəbərdar olan hər bir kəs
isə yaxşı bilir ki, çəkiliş, onun montajı,
hazır bədii məhsulun efirə çıxması necə
mürəkkəb və məsuliyyətli prosesdən
keçir.
Azərbaycan Televiziyası
muğam festivalının beynəlxalqlığını və
bəşəriliyini xüsusi diqqət mərkəzində
saxlayırdı. Efirdə gedən materialları vaxt fərqləri
nəzərə alınaraq gecə saat 1-3 radələrində
Avropa ölkələri, sübh saat 5-dən 11-ə kimi
Amerika və Kanada ölkələri üçün göstərilirdi.
Bununla da festivalın möhtəşəmliyi və
operativliyi öz təminatını həssaslıqla
tapırdı. Həm azərbaycanlı, həm musiqisevər,
həm də sıravi televiziya işçisi kimi fəxrlə
deyirəm ki, Azərbaycan Televiziyası milli mədəniyyətimiz
üçün dünyaya sehrli pəncərə
açmışdı. Səkkiz gündə festivalda
iştirak etməyən ingilis, alman, fransız, ərəb,
macar, rus, özbək, tatar, uyğur, tacik və neçə-neçə
başqa millətin sənət xiridarları, həmin ölkələrin
adi tamaşaçıları məhz Azərbaycan
Televiziyası ilə festival bayramına qovuşdular.
Azərbaycan Televiziyasında
yüksək peşəkarlığın, səriştəli
sənətkarlığın, yaradıcılıq
nizam-intizamının mahiyyətini tutarlı sanbalda göstərən
bir məqama nəzər salaq. Hər gün onlarca kamera ilə15
saata yaxın müxtəlif xarakterli və müxtəlif
janr-üslublu orijinal material lentə alınıb. Bundan əlavə,
festival iştirakçıları asudə vaxtlarında
Bakının gəzməli yerləri, muzeyləri, tarixi abidələri
ilə
Fərəh doğuran,
qürur oyadan başqa bir olayı da diqqətə
çatdırmaq istəyirik. Martın 19-da Azərbaycan
Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı
Fikrət Əmirovun "Şur", "Kürd
ovşarı" və "Gülüstan Şiraz
bayatısı" simfonik muğamları
çalınırdı. Azərbaycan Dövlət Simfonik
Orkestri bu sənət əsərlərini böyük ilhamla
ifa edirdi. Konsertin sonunda salonda tamaşaçıların
gurultulu alqışları qopdu. Gözlənilmədən
İtaliyadan gəlmiş dünya şöhrətli dirijor
Silvio Barbato səhnəyə çıxdı. Dirijorun
qarşısındakı pultdan partituraları
götürdü, ehtiramla öpüb coşqun fərəhlə
başı üzərinə qaldırdı. Fəxrlə dedi
ki, bu sənət əsərinin dünyada analoqu yoxdur. Bu,
dünya musiqisinin möcüzələrindəndir.
Bu xoş məqamı salonda
600 tamaşaçı gördü. Lakin Azərbaycan
Televiziyası qürur doğuran bu hadisəni milyonlara
çatdırdı və lentdə əbədiləşdirdi.
Elə buradaca deyim ki,
muğamın tərəqqi tapdığı xarici ölkələrin
heç birində simfonik muğam əsəri, caz və
muğam sintezi olan musiqi nümunəsi yoxdur. Bu faktın reallığı
və yaranma tarixinin yarım əsrə bərabər
olması, həmin janrın ölkəmizdə illər boyu
formalaşması bir daha sübut edir ki, muğamın ən qədim
tarixi məhz Azərbaycanla, xalqımızın etno-mədəni
irsi ilə qırılmaz tellərlə bağlıdır.
Muğam xalqımızın min illər boyu formalaşan əzəmətli
milli-mənəvi sərvətidir.
Festivalda iştirak edən
görkəmli musiqişünaslar və sənət
adamları da dönə-dönə etiraf etdilər ki, Azərbaycan
muğam sənətinin beşiyidir. Digər beynəlxalq layihələrin,
eləcə də Beynəlxalq muğam festivalının reallaşmasının
başında duran Heydər Əliyev Fondunun, ilk növbədə
onun rəhbəri, incəsənətə məftun, alovlu vətənpərvər
Mehriban xanım Əliyevanın əsas məramı odur ki,
milli mədəniyyətimizin, o cümlədən də
muğam sənətimizin halal payını özümüz
bir daha görək və bu həqiqəti dünya ictimaiyyəti
qətiyyətli əminliklə etiraf etsin. Mənim fikrimcə,
festivalın keçirilməsinin və onun ana televiziya ilə
işıqlandırılmasının ən böyük
uğuru məhz bu məqsədə şərəf və ləyaqətlə
nail olunmasıdır.
Sonda "Muğam aləmi"
Beynəlxalq festivalının beynəlxalq əhəmiyyəti
barədə özümün müəyyən fərdi qənaətlərimi
bölüşmək istəyirəm.
1. Muğam irsinin əsas
özünəməxsus dəyərlərindən biri
sehrli-mistik və sənət növü olmasıdır.
Başqa sözlə, muğam ikili təbiətə malikdir.
Azərbaycan muğamı dünyada ilk dəfə və son dərəcə
yüksək zərifliklə iki başlanğıcı
paralel şəkildə müəyyən səviyyəyə
qaldırmağa nail olub.
2. Muğam sənəti
insanlar arasında paralel şəkildə üç cəhəti
birləşdirir: a) çox güclü əlaqə-rabitə
yaradır; b) fəal informasiya verir və onu ötürür;
c) ruhları qidalandırır, yüksək zövq verir.
Dünyada ilk dəfə Azərbaycanda dahi Üzeyir bəy
Hacıbəyli "Azərbaycan musiqisinin əsasları"
kimi fundamental əsərini yaratdı, muğamı nota
saldı. Bununla da çox qədim sənət növü
olan muğam dünya institusional mədəniyyətinin məkanına
daxil oldu. Bundan sonra uzun illər lazım gəldi ki, muğam sənəti
dünya mədəniyyətinə, incəsənətinə,
musiqi aləminə daxil olsun. Bakıda keçirilən
"Muğam aləmi" Beynəlxalq muğam festivalı (bu
çərçivədə həm muğam müsabiqəsi,
həm də elmi simpozium) bu bəşəri missiyanı
dünya məkanında şərəf və hünərvərliklə
reallaşdırdı.
3. Dünyada "Şərq
muğamı" adlı estetik anlayış və örnək
(fakt) var. Bakıda keçirilən "Muğam aləmi"
Beynəlxalq muğam festivalı (bu çərçivədə
həm muğam müsabiqəsi, həm də elmi simpozium)
muğam sənətinin vahid təməlini və onun milli
formalarının əlvanlığını, inkişafda
olan ənənələrini parlaqlıqla nümayiş
etdirdi. Bu ənənələrin forma zənginliyini, təzahür
vasitələrinin müxtəlifliyini bariz şəkildə,
həm elmi, həm də yaradıcı prinsiplərdə
dünyaya göstərdi.
4. Muğam ta qədimlərdən
iki əsas növə ayrılır: instrumental növ və
vokal növ. Bakıda keçirilən "Muğam aləmi"
Beynəlxalq muğam festivalı (bu çərçivədə
muğam müsabiqəsi və elmi simpozium) bu iki növün
həm bədii-estetik, həm də elmi-nəzəri əsaslarının
zənginliyini təsdiqlədi. Bu sahədə Azərbaycanın
öncüllüyü dünya sənətçiləri tərəfindən
etiraf olundu, təsdiqləndi.
5. Məlumdur ki, amerikalılar XX əsrin ikinci yarısında uzaq kainata "Voyacer" səyyah kosmik gəmisini göndəriblər. Məqsəd də budur ki, həmin gəmi haçansa güman edilən səma sivilizasiyası ilə əlaqə yaratsın və onlara Yer sivilizasiyası barədə məlumat versin. Gəmidə yerləşdirilmiş məlumatların içərisində nadir elmi düsturlar, qəliz çertyojlar və müxtəlif elmi biliklərlə yanaşı, mədəniyyət və incəsənət örnəkləri də var. İncəsənətə aid bölmədə dünya xalqlarının dahiyanə sənət əsərləri sırasında "Şiraz bayatısı" Azərbaycan muğamı da kosmosa göndərilib. Deməli, reallığına ümid bəslədiyimiz səma sivilizasiyası yer üzündəki uğurları Azərbaycan muğamı ilə də əxz edə bilər.
Bunu amerikalılar ediblər. Biz isə XXI əsrin doqquzuncu ilində planetimizin mədəniyyətinə Azərbaycan muğamı vasitəsilə xalqımız, xalqımızın səviyyəsi barədə məlumat verdik.
Şübhəsiz, mədəniyyət xadimləri, sənət ustadları üçün bundan şərəfli iş ola bilməz! Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq muğam festivalı, bu layihənin müəllifi Heydər Əliyev Fondu, fondun rəhbəri Mehriban xanım Əliyeva bu şərəfin qüdsiyyətinə mətanətlə nail oldular.
İlham Rəhimli,
sənətşünaslıq
doktoru,
professor
Azərbaycan.-2009.-3 aprel.-S.5.