Baş Prokurorluq korrupsiyaya
qarşı mübarizə tədbirlərini davam etdirir
Azərbaycan
Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən
bildirmişlər ki, dövlətimizin diqqət mərkəzində
saxladığı və mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürlərindən olan korrupsiyaya
qarşı kəsərli mübarizə davam etdirilir.
Belə ki, "Azərdəmiryolbank"
Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit Departamenti
tərəfindən 2009-cu il fevralın 25-də Şamaxı
filialının xəzinəsində aparılmış
yoxlama zamanı 388.796 manat və 30.478 ABŞ dolları məbləğində
pul vəsaitinin, həmçinin bir bağlama girov
qızıl əşyalarının filialın xəzinəsindən
götürülərək mənimsənilməsi aşkar
edilmiş və toplanmış material tədbir görülməsi
üçün Azərbaycan Respublikası Baş
Prokurorluğuna göndərilmişdir.
Həmin fakt
üzrə "Azərdəmiryolbank" ASC-nin Şamaxı
filialının vəzifəli şəxsləri barəsində
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
179.3.2-ci maddəsi ilə cinayət başlanılaraq ibtidai
istintaqın aparılması Azərbaycan Respublikasının
Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə tapşırılmışdır.
İstintaq
zamanı müəyyən edilmişdir ki, "Azərdəmiryolbank"
ASC-nin Şamaxı filialının müdiri Bayramov Tural Zakir
oğlu öz qulluq mövqeyindən istifadə etməklə,
etibar edilmiş külli miqdarda özgə əmlakını
mənimsəmə və ya israf etmə yolu ilə
talamışdır.
T.Bayramov 2008-ci il yanvarın
21-dən 2009-cu il martın 2-dək "Azərdəmiryolbank"
ASC-nin Şamaxı filialının müdiri vəzifəsində
işləyərkən öz qulluq mövqeyindən istifadə
etməklə 2008-ci ilin yanvar ayından 2009-cu ilin mart
ayınadək ayrı-ayrı vətəndaşların
adlarına kredit rəsmiləşdirərək həmin məbləğləri
götürməklə cəmiyyətə məxsus 413.483
manat məbləğində pul vəsaitini - yəni etibar
edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə
və ya israf etmə yolu ilə talamışdır.
Törətdiyi cinayət əməlinə
görə T.Bayramov 2009-cu il martın 30-da Cinayət Məcəlləsinin
179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə
barəsində həbs qətimkan tədbiri
seçilmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Laçın rayon şöbəsinin vəzifəli
şəxsləri barəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə
başlanılmış və Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsində istintaq olunan
digər cinayət işi üzrə müəyyən
edilmişdir ki, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü
ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın
rayon şöbəsində aparıcı mühasib vəzifəsində
işləyərkən şöbənin müdiri Musayev Musa
Rəfi oğlu ilə qabaqcadan cinayət əlaqəsinə
girərək 2007-ci ilin avqust ayından Laçın rayon
sakinləri olan 95 nəfər və əlillik müddəti
qurtarmış 15 nəfər şəxsin pensiya almaq
hüququ olmadığı halda, onların adlarına
heç bir pensiya işləri açılmadan, həmin
şəxslərin pensiya alması üçün öz
qulluq səlahiyyətlərinə aid olmayan qanunsuz hərəkətlər
edərək, təkrarən onlardan külli miqdarda şəxsən
və vasitəçilərdən istifadə etməklə
rüşvət alaraq, onlara pensiya kartlarının verilməsinə
və pensiya ödənişlərinin davam etdirilməsinə
nail olmuş, bundan sonra öz qulluq mövqeyindən istifadə
etməklə həmin vətəndaşlara qanunsuz verilən
pensiya kartları üzrə dövlət büdcəsindən
ayrılan pul vəsaitlərini israf etmə yolu ilə
külli miqdarda talamışdır.
F.Cabbarov M.Musayevin rayon sakinlərinə
pensiya təşkil etmək imkanı olması və bunun
üçün onlardan müxtəlif məbləğlərdə
pul vəsaiti alınması barədə təklifini qəbul
edərək, onunla cinayət əlaqəsinə girmiş,
2007-2008-ci illərdə rayon sakinlərindən pensiya almaq
hüququ olmayan və əlillik müddəti qurtarmış
şəxslərə pensiya verilməsi üçün
Şükürov Qədir Əvəz oğlu və qeyrilərindən
cəmi 37.120 manat şəxsən və vasitəçilərdən
istifadə etməklə rüşvət kimi
aldığı pulu M.Musayevlə bölüşmüş,
sövdələşdiyi şəxslərin adlarına
heç bir pensiya işləri açılmadan və pensiya təyinatı
aparılmadan onların adlarını plastik kartlar
alınması üçün tərtib olunan sifarişlərə
daxil edib M.Musayevə təsdiq etdirməklə müvafiq
kartların alınmasına nail olmuşdur. O, eləcə də
əlillik müddəti qurtarmış və yenidən həkim-ekspert
komissiyasından keçməmiş şəxslər
üçün mövcud pensiya işləri üzrə pensiya
ödənişlərinin davam etdirilməsinə dair
sifarişləri M.Musayevə təsdiq etdirib pensiya ödənilməsini
reallaşdırmışdır.
Bununla yanaşı, F.Cabbarov
M.Musayevlə cinayət əlaqəsinə girərək
2007-2008-ci illər ərzində rüşvət almaqla, 95 nəfər
pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik
müddəti qurtarmış şəxslərə qanunsuz
pensiya ödənişləri aparılması nəticəsində
ona etibar edilmiş özgə əmlakı olan cəmi 78.417
manat məbləğində pul vəsaitlərini israf etmə
yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurmuşdur.
Müəyyən
edilmişdir ki, pensiya almaq hüququ olmayan 95 şəxsin
adına pensiya təyinatı aparılmadan alınan pensiya
kartları üzrə 2008-ci il sentyabrın 1-dək cəmi
66.803 manat məbləğində, həmçinin 15 nəfər
pensiyaçının əlillik müddəti
qurtardığı halda pensiya ödənişləri davam
etdirilməklə cəmi 11.613 manat qanunsuz pul ödənilmişdir.
İstintaq zamanı fondun əməkdaşları
şahid qismində dindirilərkən müəyyən
edilmişdir ki, şöbənin maliyyə-uçot sektorunun
mühasibi işləyən F.Cabbarov 2007-2008-ci illərdə
pensiya almaq hüququ olmayan 95 nəfər Laçın rayon
sakininin adına heç bir pensiya işləri
açılmadan və müvafiq sənədləşmələr,
eləcə də pensiya təyinatı aparılmadan
onların adlarını kompüter bazasına daxil edərək,
həmin şəxslərin adlarına pensiya kartları
alınması üçün sifarişləri müdiriyyətə
təsdiq etdirib "Kapitalbank"ın Ağcabədi rayon
filialına göndərmişdir.
İstintaq gedişində
F.Cabbarovun evində aparılan axtarış zamanı fondun və
icra nümayəndəliklərinin möhürləri ilə
təsdiqlənmiş boş etibarnamələr və blanklar,
müxtəlif adlar yazılan siyahılar, həmçinin
ayrı-ayrı vətəndaşlar tərəfindən pul
ödənilməsi barədə müvafiq qaydada təsdiq
olunmamış bank qəbzləri, əlillik müddəti
qurtarmış və 15 nəfərdən biri olan Təmrəzova
Əsli Təmiraz qızının həkim-ekspert komissiyası
işi və digər sənədlər aşkar edilərək
götürülmüşdür.
Törətdiyi cinayət əməllərinə
görə F.Cabbarov və M.Musayevə qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən külli miqdarda təkrar
rüşvət alma, külli miqdarda mənimsəmə və
ya israf etməyə görə cinayət məsuliyyəti nəzərdə
tutan Azərbaycan Respublikası CM-in 179.3.2-ci, 311.2-ci, 311.3.1-ci,
311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan
olunaraq, barələrində məhkəmə tərəfindən
həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsində istintaq olunan
digər cinayət işi Bakı şəhəri, Binəqədi
rayonunun Xocəsən bələdiyyəsinin sədri Zəfər
Məsimovun vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin
hüdudlarından açıq-aşkar surətdə kənara
çıxan, hüquqi şəxsin qanuni mənafelərinə
mühüm zərər vuran, dövlətin müstəsna
mülkiyyətində olan və özgəninkiləşdirilməsi
qadağan edilən torpaq sahəsinə dair qanunsuz qərar qəbul
edilməsi və öz qulluq mövqeyindən istifadə etməklə
ona etibar edilmiş külli miqdarda özgə əmlakını
mənimsəməsi barədə hərəkətləri ilə
əlaqədar olmuşdur.
İstintaqla müəyyən
edilmişdir ki, Z.Məsimov Xocəsən bələdiyyəsinin
sədri vəzifəsində işləyərkən fərdi
ev tikintisi üçün torpaq sahəsi ayrılmasına
dair vətəndaş Qasımova Esmira Nazim qızının
2007-ci il 21 noyabr tarixli ərizəsinin kollegial orqan olan bələdiyyə
iclasında müzakirəsini təmin etməli olduğu halda
bunu etməmiş, xidməti səlahiyyətlərinin
hüdudlarından açıq-aşkar surətdə kənara
çıxaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
46-cı, "Torpaq islahatı haqqında" Qanunun 6-cı
maddələrinin tələblərini pozmaqla Xocəsən bələdiyyəsinin
mülkiyyətində olan 56.25 hektar torpaq sahəsinin sərhədlərindən
kənarda, dövlət mülkiyyətinə məxsus ərazilərə
aid olan, mülkiyyətə, istifadəyə və ya icarəyə
verilməsi barədə qərar qəbul etməyə səlahiyyəti
olmadığı halda 400 kvadratmetr torpaq sahəsinin
E.Qasımovanın mülkiyyətinə verilməsinə dair
sədri olduğu bələdiyyənin adından 2007-ci il 23
noyabr tarixli 31/27 saylı qərar qəbul etmiş, lakin həmin
torpaq sahəsinin E.Qasımovaya deyil, Neftçala rayonunun
Mirqurbanlı kəndində qeydiyyatda olan Dadaşov Xanlar
Gülağa oğlunun faktiki istifadəsinə verilməsini təşkil
etmişdir.
Bundan başqa o, sədri
olduğu bələdiyyənin büdcəsindən maliyyə
vəsaitlərinin ayrılmasına dair məsələləri
kollegial orqan olan bələdiyyə iclasında müzakirəsini
təmin etməli olduğu halda bunu etməmiş, xidməti səlahiyyətlərinin
hüdudlarından açıq-aşkar surətdə kənara
çıxaraq, "Bələdiyyələrin statusu
haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin
tələblərinə zidd olmaqla sədri olduğu bələdiyyənin
adından qəbul etdiyi 2007-ci il 26 dekabr tarixli 33/31 saylı qərar
əsasında Yeni il bayramı ilə əlaqədər Xocəsən,
Sulutəpə, 28 May qəsəbələrində yaşayan
1200 aztəminatlı, şəhid və əlil ailələrinin
uşaqlarına bayram hədiyyələrinin alınması
adı ilə 9.600 manat, bələdiyyə sakinlərinin
istirahət etdiyi yerlərdə Yeni il yolkalarının bəzədilməsi
adı ilə 1.900 manat, bələdiyyə üzvlərinə,
qulluqçularına və dəvət olunan qonaqlara Yeni il
şənliyinin təşkil olunması adı ilə 3.500
manat, ümumilikdə 15.000 manat maliyyə vəsaitinin
ayrılmasına dair 2007-ci il 26 dekabr tarixli 78 saylı sərəncam
vermiş, həqiqətdə isə həmin sərəncam əsasında
qeyd edilən 15.000 manatı bələdiyyənin xəzinəsindən
götürüb mənimsəmişdir.
Törətdiyi
əməllərinə görə Z.Məsimov Azərbaycan
Respublikası CM-in 179.3.2-ci, 309.1-ci və 314.1-ci maddələri
ilə təqsirləndirilən şəxs qismində cəlb
edilərək barəsində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətin
digər iştirakçılarının müəyyən
edilməsi və məsuliyyətə cəlb olunması
üçün müvafiq istintaq hərəkətləri
davam etdirilir.
AzərTAc
Azərbaycan.-2009.-3 aprel.-S.4.