Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası dünyanın effektiv tərəqqi modellərindən birinə çevrilib

 

Azərbaycanda həyata keçirilən səmərəli iqtisadi islahatlar kursu respublikamızı sürətli inkişaf yoluna çıxarıb. Yeni dövrün tələblərinə uyğun davam etdirilən sosial-iqtisadi siyasət xətti ölkənin dinamik inkişafını təmin etmiş və əhalinin maddi rifah halının yüksəlməsinə gətirib çıxarmışdır. Azərbaycan iqtisadiyyatının bütün sahələrinin sürətli inkişafı, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, təkmil idarəetmə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açılmasına imkan vermişdir. Respublikamızda həyata keçirilən iqtisadi islahatların məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, effektiv istehsal üçün şərait yaratmaqdan ibarət olmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının vaxtından əvvəl uğurla başa çatdırılması bölgələrin tarazlı davamlı inkişafını təmin etmiş, qeyri-neft sektoru daha da möhkəmlənmiş, iqtisadiyyatın neftdən asılılıq dərəcəsi azalmış, infrastruktur yeniləşmiş və əyalətlərdə sahibkarlıq fəaliyyəti nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Dövlət proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi aktuallığını və önəmini qoruyub saxlayır. Ötən beş ildə dövlət başçısı regionlara bütün rayonları əhatə etməklə 127 səfər etmiş, yerlərdə görülən işlər, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, qarşıya çıxan problemlərin qısa vaxt ərzində aradan qaldırılması üçün konkret tapşırıqlarını vermişdir. Bu illərdə Prezident İlham Əliyev ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılş mərasimlərində iştirak etmişdir.

Son beş il ərzində ölkənin, həmçinin regionların inkişafında böyük rolu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi irimiqyaslı layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmışdır. Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə və lider dövlətinə çevrilmişdir.

Azərbaycan bölgədə böyük infrastruktur layihələrini uğurla reallaşdıran ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ötən beş ildə mühüm nəticələr vermişdir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Azərbaycandakı yerli və xarici sahibkarların etibarlı himayədarına çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdir. Kiçik və orta sahibkarlığın güzəstli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Ölkə iqtisadiyyatında həmçinin regionların həyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılmışdır. Prezident İlham Əliyev özəl sektorun daha da inkişaf edəcəyini bildirmişdir: "Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər, özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər, güzəştli şərtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək. Yəni bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol bunun əyani sübutudur".

Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi dinamik artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihənin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Ötən dövr ərzində antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi, ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı, lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardandır. Son beş il ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə sadələşdirilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin "mavi yanacaq"la təchizatının özü də dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Ölkə başçısı İlham Əliyevin bu sahədə həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə qərar qəbul etməsi də mühüm əhəmiyyət kəsb etmişdir. Şirkət ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Şirkət eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə onlarda inam və etimadın güclənməsini də təmin edir. Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi investisiyaların 83 faizidir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur.

Ölkə başçısının 6 mart 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman da sahibkarlığın sürətli inkişafına xidmət edən kompleks tədbirlərin tərkib hissəsidir. Hazırkı mərhələdə istər texniki-istehsal və bazar infrastrukturunun, istərsə də yeni mütərəqqi təsərrüfatçılıq mexanizmlərinin formalaşdırılması son dərəcə vacibdir. Respublikamızda xüsusi iqtisadi zonaların yaradılması sırf obyektiv zərurətdən irəli gəlir. Müasir mərhələdə Azərbaycanın mövcud iqtisadi potensialını səmərəli hərəkətə gətirmək üçün beynəlxalq təcrübənin mənimsənilməsinə geniş yer verilməlidir. Bu baxımdan xüsusi hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi, mütərəqqi təsərrüfatçılıq forması olan xüsusi iqtisadi zonaların yaradılması inkişaf prosesində ciddi təkan rolunu oynaya bilər. Xüsusi iqtisadi zonada istər istehsalçıların, istərsə də istehlakçıların qərar qəbul etməklə bağlı müstəqillik səviyyəsi də digər ərazilərdə oldugundan fərqlidir. Belə iqtisadi zonaların üstünlükləri sırasında, ilk növbədə, etibarlı və sərfəli xidmətlər, vahid infrastruktur, cəlbedici və təhlükəsiz mühit, professional və effektiv menecment, inteqrasiya və əlaqələrin genişləndirilməsi, yüksək imic kimi məqamlar xüsusi vurğulana bilər.

İqtisadiyyatımızın şaxələnməsi, bölgələrin tarazlı inkişafında yol infrastrukturunun yenidən qurulması da mühüm rol oynamışdır. Bütün bölgələrə, hətta ən ucqar kənd olan Xınalığa yüksək tələblərə cavab verən avtomobil yollarının çəkilişi paytaxtla bölgələr arasında əlaqələrin daha çevik qurulmasına imkan yaratmışdır.Yeni inşa edilən avtomobil yolları respublikanın bölgələrində turizmin inkişafına da mühüm təsir göstərmişdir. Son beş il ərzində paytaxtımızın avtomobil yollarında böyük tikinti-quruculuq işləri aparılmışdır. Paytaxt yollarında tıxac probleminin aradan qaldırılması məqsədilə böyük körpü-tunel kompleksləri, yolötürücüləri inşa edilmiş, prospekt yolları yenidən qurulmuşdur. Paytaxtla regionlar arasında yolların yenidən qurulması üçün layihələr gerçəkləşdirilməkdədir. Ölkənin yol-nəqliyyat şəbəkəsinin beynəlxalq standartlara uyğunlaşdırılması bölgələrlə paytaxt arasında rahat əlaqəni təmin etməklə, ümumi inkişafımıza xidmət edir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə son beş ildə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilmiş və əsaslı təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.

Ölkəmizin maliyyə sistemi də əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Dövlətin ümumi valyuta ehtiyatları artaraq 18 milyard ABŞ dollarına çatmışdır. Dövlət Neft Fondunda toplanan vəsaitlərin həcminin artması uğurlu neft strategiyasının nəticəsi kimi xüsusi qeyd olunmalıdır. Fondda toplanılan vəsaitlərdən düzgün istifadə edilməsi mühüm nəticələr vermişdir. Görülən qabaqlayıcı tədbirlər nəticəsində dünyanı getdikcə daha çox lərzəyə gətirən maliyyə böhranı ölkəmizə cidd təsir göstərməmişdir.

Bu günlərdə Rusiya paytaxtında MDB ölkələrinin maliyyə nazirlərinin toplantısı keçirilmiş və həmin tədbirdə maliyyə böhranının Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədiyi bir daha qeyd olunmuşdur. MDB Hökumətlərarası Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə birlik ölkələri arasında ən yüksək irəliləmə tempi ilə seçilmişdir. Belə ki, bu rəqəm il ərzində 10,8 faiz olmuş, əsas kapital 34,7 faiz artmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qiymətləndirməsinə görə isə iqtisadi artım 15 faiz təşkil etmişdir.

AYİB-in proqnozuna görə, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında artım 8 faiz olacaqdır. Bu da o deməkdir ki, Azərbaycan dünyanı bürümüş maliyyə böhranından yan keçməklə iqtisadiyyatını daha da inkişaf etdirəcəkdir.

Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyi nüfuzlu beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər böyük uzaqgörənliklə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Ölkəmizin iqtisadi potensialının ildən-ilə artması əhalinin sosial rifah halının da adekvat yüksəlməsinə gətirib çıxarıb.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-4 aprel.-S.1.