Uğurun sadə formulu

 

O, sadə, dindar, lakin eyni zamanda, dünyanın siyasi gündəmində hər an çaxnaşma yarada bilən şəxsdir.

Quranı uşaqlıq dövründən əzbər bilir, dediyinə görə, islam dəyərləri onun ruhunda və qanındadır, bu səbəbdən dövlət idarəçiliyndə də islami dəyərlərin qorunub saxlanmasına xüsusi önəm verir.

Özünün prezident seçilməsini ölkəsində "yeni islam inqilabı" adlandırır, hamisi olduğu və artıq İranda milli qürur məsələsinə çevrilən nüvə proqramını isə bu inqilabın əsas nailiyyəti hesab edir.

Damarlarında azərbaycanlı qanı axır, atasının məmləkəti olan Qərbi Azərbaycanı ölkəsi üçün nemət və bərəkət adlandırır.

Azərbaycan dilini də çox gözəl bildiyini elə Bakı səfərlərinin birində etiraf edib...

Dünya bu şəxsi daha çox qalmaqallar ustası, ən böyük antisemit, "Mürəkkəb sadəlik" kimi tanısa da, xalqı ona - Mahmud Əhmədinejada inanır və "İnqilabdan doğulmuş qəhrəman" kimi qəbul edir.

 

Nalbənd oğlu

 

Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Harmsar şəhərinin Aradan kəndində anadan olub. İxtisasca dəmirçi olan və əsasən atlar üçün nal düzəldən atası oğlunun dünyaya gəlməsindən bir il sonra ailəsi ilə birlikdə paytaxt Tehrana köçüb. Ailənin paytaxta köçməsinə əsas səbəb Məhəmməd Rza şah tərəfindən həyata keçirilən torpaq islahatlarından kəndlilərin əziyyət çəkməsi və qazanc yerlərindən məhrum olması idi. Elə bu səbəbdən Əhmədinejadın da ailəsi çoxları kimi qazanc dalınca doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdı. Bununla bağlı İran Prezidenti öz xatirələrində aşağıdakıları qeyd edir: "Mən ailədə dördüncü uşaq idim. Doğulmağımdan sonra ailəmiz daha sıxıntılı vəziyyətə düşmüşdü. Atamın cəmi altı illik orta məktəb təhsili var idi. O, heç vaxt kübar dünyaya can atmasa da, çətin həyat şəraiti atamı Tehrana getmək barədə qərar qəbul etməyə vadar etdi. Biz Tehranın cənubunda yerləşən Pamenar rayonunda məskunlaşdıq".

Əhmədinejadın ailəsi Tehranda da maddi sıxıntılar içində yaşayır. Elə bu səbəbdən orta məktəbdə təhsil aldığı illərdə Əhmədinejad həm də ailəyə kömək üçün mağazaların birində satıcı köməkçisi işləməyə məcbur oldu. Lakin işləməsinə baxmayaraq, o, orta məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri idi. 19 yaşında orta məktəbi bitirməsi barədə attestat alan İran Prezidenti 1975-ci ildə yenə də yüksək göstəricilərlə Tehranın Elm və Sənaye Universitetinin mühəndislik fakültəsinə daxil oldu (həmin universitetə sənəd verən 400 min abituriyent arasında Əhmədinejad 132-ci yerə çıxmışdı).

Universitetdə təhsil aldığı illərdə Əhmədinejad adı indiyə qədər mətbuatda hallandırılmayan gələcək həyat yoldaşı ilə tanış oldu. Cütlüyün ailə həyatı qurmasından sonra isə onların iki oğul və bir qız övladı dünyaya gəlib. Şəriət qanunlarına görə, qadın ev təsərrüfatı işləri və uşaqların tərbiyəsilə məşğul olmalıdır. Elə buna görə, istər İran daxilində, istərsə də xarici ölkələrə səfərlərində Əhmədinejadı həyat yoldaşının müşayiət etməməsi təsadüfi deyil. Lakin bəzi beynəlxalq görüşlərə Əhmədinejadın həyat yoldaşı da qatılır. Məsələn, 2006-cı ildə BMT Baş Assambleyasının iclasında Əhmədinejadın çıxışını həyat yoldaşı elə zaldan izləyib. Həmin vaxt ən çox diqqət çəkən məqam İran Prezidentinin həyat yoldaşının cangündənlərinin hamısının qara çarşablı qadınlardan ibarət olması idi.

 

 

İnqilabçı tələbə

 

Siyasi fəaliyyətə Əhmədinejad elə tələbəlik illərindən başlayıb. Belə ki, o, həmin illərdə yaranan və əsas etibarı ilə gənclərdən ibarət antişah hərəkatının ən fəal üzvlərindən biri idi. Eyni kursda təhsil aldığı tələbə yoldaşları ilə birlikdə dini xarakterli jurnalın buraxılışında da yaxından iştirak edirdi. 1979-cu ildə İranda baş verən islam inqilabından az sonra Əhmədinejad təhsil aldığı universitetdə İslam Tələbə Assosiasiyasının əsasını qoydu. Bununla yanaşı, İranın dini lideri Ayətullah Xomeyninin yaxın silahdaşlarından biri olan Ayətullah Behiştinin yaratdığı Dini Tədris Müəssisələri və Universitetlərin Birliyi Təşkilatının ultramühafizəkar qanadına qoşuldu. Həmin dövrdə İran müxalifəti liberal əhval-ruhiyyəli müəllim və tələbələrin təqib edilməsində bu təşkilatın əvəzsiz rol oynadığını bildirirdi.

İran Prezidentinin internet gündəliyində özü barədə xatirələrindən belə təəssürat yaranır ki, onun tərcümeyi-halı elə islam inqilabının tarixidir. Hələ tələbəlik illərində o, İmam Xomeyninin təsiri altına düşmüşdü. Bunu Əhmədinejad belə xatırlayır: "Xomeyninin çıxışlarına qulaq asdığım dövrləri heç vaxt unuda bilmərəm. Onun söhbətlərində qüdrətli Allaha güclü inam eşidilirdi. O, insanları həqiqi islama qayıtmağa çağırırdı. İnsanlar onun göstərişlərinə ürəkdən əməl edirdi. Hətta düşmənləri arasında da o, xüsusi hörmətə malik idi".

İslam inqilabı zamanı Əhmədinejadın adının hallandığı məsələlərdən biri də 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin tutulması ilə bağlıdır. Həmin vaxt səfirlikdə girov götürülən bəzi şəxslər, eləcə də İranın keçmiş Prezidenti Əbülhəsən Bənisədr iddia edirdi ki, Əhmədinejad səfirliyin tutulmasında iştirak edib. Hətta qeyd olunurdu ki, Əhmədinejad sonradan girov götürülən diplomatların mühafizəsində və onların sorğu-suala çəkilməsində yaxından iştirak edib. ABŞ administrasiyası tərəfindən də bu məsələ ilə bağlı aparılan xüsusi tədqiqatda Əhmədinejadın əleyhinə hər hansı dəlil tapılmayıb. Lakin digər məlumatda qeyd olunur ki, ABŞ səfirliyinin ələ keçirilməsi ilə bağlı plan hazırlanarkən Əhmədinejad həmin dövrdə Tehrandakı SSRİ səfirliyinin də tutulması təklifilə çıxış edib. Onun tərəfdarları isə bu təklifin əleyhinə çıxıb. Yəni, həmin dövrdə İranın \gələcək prezidenti sovet rejiminin əleyhinə çıxanlar sırasında yer alıb.

 

Cəbhədən cəbhəyə

 

1980-ci ildə İran-İraq müharibəsi başlananda Əhmədinejad könüllü olaraq ordu sıralarına yollandı. Burada o, "Bəsic" adlanan yığma qoşun növündə təlimatçı işləməyə başladı. Onun tərkibində vuruşduğu tabor İraqın şimal və şərqində diversiya əməliyyatları ilə məşğul olurdu. Bu, "Bəsic"in nüfuzunu xeyli artırırdı. Elə buna görə, müharibənin başlanmasından bir qədər sonra yaradılan "Bəsic" az keçmiş İslam İnqilabı Gözətçiləri Korpusunun (İİGK) tabeliyinə verildi. İran ordusuna əlavə kömək üçün yaradılan İİGK həm o dövrdə, həm də indi ölkənin siyasi həyatında fəal iştirak edir. "Bəsic"in İİGK-nın tabeliyinə verilməsindən sonra Əhmədinejad bu təşkilatın nümayəndəsi kimi də aktiv fəaliyyətini davam etdirməyə başladı və İİGK-nın administrativ pilləsində sürətlə yüksəlməyə başladı.

Bəzi məlumatlara görə, İran-İraq müharibəsinin başa çatmasından sonra Əhmədinejad Avropa və Yaxın Şərqdə İran rejiminin əleyhdarlarının məhv edilməsini nəzərdə tutan əməliyyatın hazırlanmasında iştirak edib. Hətta onun adı İran kürdlərinin lideri olan və Vyanada qətlə yetirilən Əbdül Rəhman Hassemlunun ölümündə də hallanırdı. Sözügedən qətli araşdıran Avstriya hökumətinin bəzi məlumatlarına istinadən bu ölkənin parlament nümayəndəsi, Yaşıllar Partiyasının ovaxtkı lideri Peter Pilts Əhmədinejadın həbsinə order verilməsini tələb edirdi. Bu dövrdə İran hökuməti Avstriya nümayəndəsinin tələbini rədd edərək Əhmədinejadın kürd liderinin qətlinə heç bir aidiyyətinin olmadığını bildirdi. Qətli araşdıran ABŞ xüsusi xidmət orqanları da Hassemlunun ölümündə Əhmədinejadın iştirakına dair hər hansı sübutun olmadığını bəyan etdi.

 

Nümunəvi qubernator

 

 Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirən Əhmədinejad 1986-cı ildə aspiranturaya qəbul olundu. 3 il sonra onu Tehran Universitetinin mühəndislik fakültəsinin Müəllimlər Şurasına üzv qəbul etdilər. Təhsil illərində nəqliyyat yolunun çəkilməsi üzrə ixtisaslaşan Əhmədinejad 1997-ci ildə doktorluq dərəcəsi aldı.

İslam inqilabı və ondan sonrakı dövrdə göstərdiyi fəallıq Əhmədinejadın hakimiyyət dairələrinin diqqət mərkəzində qalmasına daim münbit şərait yaradırdı. Elə bu səbəbdən ali təhsil illərində Əhmədinejad həm də inzibati idarə mərkəzlərində çalışmağa başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra İİGK-nın fəal nümayəndəsi kimi o, İranın şimal qərbində yerləşən Maku və Xoy şəhər administrasiyalarına rəhbərlik edib. Həmçinin Kürdüstan vilayətinin qubernatorunun məsləhətçisi vəzifəsində çalışıb. 1993-cü ildə isə mədəniyyət və təhsil nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub. Bütün vəzifələrdə özünü doğruldan Əhmədinejad elə həmin il Ərdəbil vilayətinin qubernatoru vəzifəsinə yiyələndi. Üç il dalbadal Əhmədinejad nümunəvi qubernator adına layiq görüldü. 1997-ci ildə İran islahatçılarının lideri Məhəmməd Hatəminin prezident seçkilərində qalib gəlməsindən sonra qubernator vəzifəsindən istefa verən Əhmədinejad Tehran Universitetində müəllimlik fəaliyyətini davam etdirməyə başladı.

Müəllimlik fəaliyyəti İranın gələcək Prezidentini 6 il müddətinə aktiv siyasətdən kənar qoydu. Onun siyasətdən aralı düşməsinə əsas səbəb həm də islahatçıların o dövr üçün İran xalqı tərəfindən daha geniş şəkildə dəstəklənməsi idi. Lakin Məhəmməd Hatəmi prezident seçildikdən sonra vəd etdiyi islahatları tam miqyasda həyata keçirə bilmədi. Elə bu da islahatçıların nüfuzunun azalmağa doğru getməsinə münbit şərait yaradırdı. Hadisələrin bu səpkidə inkişafı Əhmədinejadın siyasətə qayıtmasını stimullaşdırırdı. Onun siyasətə yeni və böyük qayıdışı isə 2003-cü ildə baş verdi. 6 il öncə Tehran Bələdiyyə Şurasında böyük əksəriyyət təşkil edən mühafizəkarlar Əhmədinejadı paytaxt meri seçdilər. Buna əsas səbəb onun Maku və Xoyda iş təcrübəsi, həmçinin mühafizəkarlar arasında xüsusi hörmət sahibi olması idi.

 

Evsiz prezident

 

Mer seçildikdən sonra Əhmədinejad bu vəzifədə sələfləri tərəfindən həyata keçirilən bəzi islahatlara dəyişiklik etdi. Məsələn, o, dini mədəni mərkəzlərin fəaliyyətinin daha da güclənməsinə lazımi şərait yaratdı. Bələdiyyə orqanlarında qadın və kişilər üçün ayrıca lift və pilləkənlərin olmasına, bələdiyyənin kişi üzvlərinin saqqal saxlamasına göstəriş verdi, bələdiyyədə qısa qolu olan paltarların geyinilməsinə qadağa qoyuldu, qadınlar hamısı hicab geyməyə başladı, Qərb tipli "fast fud" restoranlarının hamısı bağlandı. Həmçinin Qərb kino və musiqi ulduzlarının yer aldığı reklamlar qadağan edildi. Bununla yanaşı, Əhmədinejad korrupsiyaya qarşı ciddi mübarizəyə başladı.

O, hər hansı ambisiyasının olmaması, korrupsiyanın ən qatı əleyhdarı kimi İranda ən çox sevilən şəxslər sırasında yer alırdı. Bununla bağlı maraqlı faktlardan biri ondan ibarətdir ki, Tehran kimi böyük bir meqapolisə rəhbərlik etməsinə rəğmən, Əhmədinejadın özünün evi olmayıb. Hətta prezident seçildikdən sonra da müəyyən müddət atası evində yaşayıb.

Mer olarkən onun köməkçilərindən biri belə bir maraqlı hadisəni xatırlayır: "O, paytaxtda görülən işlərlə tanış olmaq üçün hər həftə şəhəri gəzirdi. Bir dəfə belə gəzintilərin biri zamanı səkiyə bitişik novun yarpaqla dolduğunu gördü. İşçiləri və köməkçiləri çağırmaq əvəzinə özü maşından düşüb qollarını çirmələyərək diz üstə oturub novu yarpaqlardan və digər əşyalardan təmizlədi".

Ancaq siyasi proseslərə mühafizəkar düşərgənin təmsilçisi kimi baxışları onunla Prezident Məhəmməd Hatəmi arasında olduqca ciddi ziddiyyətlərin yaranmasına da səbəb olurdu. Elə bu səbəbdən əvvəlki Tehran merləri hökumət yığınıcaqlarında iştirak etdiyi hallarda Hatəmi Əhmədinejada belə bir hüququn verilməsindən imtina etmişdi. Əslində yaşanan ziddiyyət Əhmədinejadın İranda nüfuzunun yüksəlməsində az rol oynamırdı. Xüsusən də mühafizəkarlar arasında onun şöhrəti durmadan artırdı. Elə bu da 2005-ci ilin iyununda keçirilən prezident seçkilərində mühafizəkarların əsas namizədi qismində paytaxt merinin çıxış etməsinə səbəb oldu. Həmin dövrdə islahatçıların seçki yarışında təmsilçisi, Qərb ölkələri ilə münasibətlərin inkişafının tərəfdarı olan və seçkilərin favoriti sayılan sabiq Prezident Əli Əkbər Haşimi Rəfsancaninin Əhmədinejadı məğlub edə biləcəyinə inanlar çox idi. Lakin rəqibindən fərqli olaraq Əhmədinejad İranın dini lideri ayətullah Əli Xameneyi tərəfindən dəstəklənirdi. Bəzi dairələr dini liderlə Əhmədinejadın yaxınlığının hər ikisinin mənşəcə azərbaycanlı olması ilə izah edirdi.

Bundan başqa dini liderə tabe olan, ölkənin ən güclü silahlı qüvvələri statusunu daşıyan, İran-İraq müharibəsi zamanı Əhmədinejadın sıralarında qulluq göstərdiyi İslam İnqilabı Gözətçiləri Korpusu prezident seçkilərində Tehran merinin tərəfdarı kimi çıxış edirdi. Elə bu da seçkilərin ilk turunda Əhmədinejadın Rəfsancanidən cəmi 1,5 faiz az səs qazanmasına səbəb oldu. Seçkilərin ikinci turu isə həm İran, həm də dünya ictimaiyyəti üçün əsl şok effekti yaratdı. Belə ki, ikinci turda 62 faiz səs toplayan Əhmədinejad rəqibi üzərində inamı qələbə qazandı. Həmin vaxt Rəfsancani cəmi 35,8 faiz səs toplaya bilmişdi. Nəticələr bir sıra bəyanatları ilə dünyanı silkələməyi bacaracaq Əhmədinejadın İranın yeni prezidenti olması demək idi.

 

Mühafizəkar islahatçı

 

Prezident seçildikdən sonra o, mühafizəkarlardan ibarət yeni hökumət formalaşdırdı. Fundamentalist baxışlara malik mühafizəkarlar Nazirlər Kabinetində bütün aparıcı postları öz əllərinə aldılar. O da maraqlıdır ki, prezident olduqdan sonra da Əhmədinejad olduqca sadə həyat tərzi sürməkdə davam edirdi. Elə bu səbəbdən dövlət başçısı seçildikdən sonra VİP təyyarədən imtina etdiyini bildirdi. Yerli və xarici qonaqlarını isə şah saraylarında yox, indi də Tehranın mərkəzində yerləşən ofisində qəbul etməyə üstünlük verir. Prezidentin kabinetini bəzəyən bütün qədim fars xalçalarını isə Tehran Xalçaçılıq Muzeyinə hədiyyə edib. Bütün bunlar onun xalq arasında şöhrətinin bir qədər də artmasında az rol oynamayıb. Hakimiyyətə gəldikdən sonra onun gördüyü ilk işlərindən biri də yeni evlənmiş şəxslərə iş və ev sahibi ola bilmələri üçün neft gəlirlərindən xüsusi vəsaitin ayrılması və bu məqsədlə fondun yaradılması oldu. Bir müddət sonra isə yerli radio və telekanallırın "ziyanlı və Qərb musiqiləri"nin translyasiya edilməsinə qadağa qoydu.

Əhmədinejadın prezident olduğu ilk ildə İranın Qərb dövlətləri ilə münasibətləri bir qədər kəskinləşməyə başladı. Bunun əsas səbəblərindən biri də onun beynəlxalq qalmaqal yaradan açıqlamalar verməsi idi. Məsələn, o qeyd edirdi ki, İsraili dünya xəritəsindən silmək lazımdır. Bu açıqlama Qərb dövlətləri ilə yanaşı, İranın müttəfiqi sayılan Rusiya tərəfindən də narazılıqla qarşılandı. İsrail Prezidenti Şimon Peres isə İranın BMT sıralarından kənarlaşdırılmasını təklif etdi. Lakin dünya dövlətlərinin belə kəskin reaksiyasına rəğmən, 2005-ci ilin dekabrında Əhmədinejad İsraillə bağlı verdiyi daha bir qalmaqallı açıqlamaya görə dünya ictimaiyyətinin diqqətini özünə növbəti dəfə cəlb edə bildi. Bu dəfə o, Holokost zamanı yəhudilərin kütləvi soyqırıma məruz qalmasını şübhə altına alır və bunun mif olduğunu bildirirdi. Qərb liderlərinə müraciət edən Əhmədinejad İsrail dövlətinin bu torpaqlardan köçürülməsini və bu dövlətin Avorpada, yaxud ABŞ-da yerləşdirilməsi üçün ona həmin yerlərdə ərazi ayrılmasını təklif edirdi.

Lakin İranın dünya ictimaiyyətinin, xüsusən də Qərb dövlətlərinin gündəmində əsas yerlərdən birini tumasının ən önəmli səbəbi bu ölkəninin nüvə proqramıdır. İranın iri şəhərlərindən olan İsfahanda və Natanzda uranın zənginləşdirilməsi ilə məşğul olan zavodların işə salınmasından sonra Əhmədinejad ölkəsinin nüvə texnologiyasına malik ölkələr siyahısına daxil olduğunu bəyan etdi. Ölkənin müəyyən müddət üçün MAQATE ilə əməkdaşlığını dayandırması isə 2006-cı ilin dekabrında BMT təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar tətbiq etməsilə nəticələndi. Lakin bu sankisyaların İranı qorxutmadığını bildirən Əhmədinejad ölkəsinin nüvə enerjisindən sırf dinc məqsədlərlə istifadə etmək niyyətində olduğunu bəyan etdi. Maraqlıdır ki, beynəlxalq sankisyalara rəğmən İran xalqı ölkə hakimiyyətinin nüvə proqramına daha geniş dəstək verməyə başladı və artıq bu gün nüvə proqramı İranda, belə demək mümkündürsə, milli qürur məsələsinə çevrilib. 2007-ci ilin dekabrında isə ABŞ kəşfiyyatı tərəfindən hazırlanan yeni hesabata görə, İran nüvə silahının yaradılması ilə bağlı proqramları 2003-cü ildən tam dayandırıb.

Bundan sonra İran prezidenti ölkəsinin dinc nüvə proqramından imtina etməyəcəyini bir daha bəyan edib. ABŞ-da Prezident Barak Hüseyn Obamanın hakimiyyətə gəlişindən sonra isə Əhmədinejad gözlənildiyinin əksinə olaraq ona təbrik ünvanlayıb. Buna əsas səbəb Barak Hüseyn Obamanın hələ hakimiyyətə gəlməzdən əvvəl İranla yaranan problemi danışıqlar yolu ilə çözmək istəyini bildirməsi olub. Əhmədinejad Obamanın bu istəyinə müsbət cavab verib: "İran ABŞ-ın yeni hökumətindəki gerçək və düzgün dəyişiklikləri qarşılamağa hazırdır. Biz həmçinin dünyanın əsas və mühüm problemlərinin həlli üçün qarşılıqlı və ədalətli əməkdaşlığa hazır olduğumuzu bildiririk. Dünyanın hazırkı vəziyyəti bir sıra zülmkar ölkələrin rəftarının dəyişməsinə əlverişli şərait yaradıb".

Belə hesab olunur ki, Əhmədinejad ikinci müddətə prezident seçilərsə, islam inqtilabından sonra ABŞ-la yenidən normal münasibətlər yaradan dövlət başçısı kimi adı tarixə keçə bilər. Çünki iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasında maraqlı olduqlarını həm ABŞ, həm də İran prezidenti açıq bəyan edir. İranda növbəti prezident seçkiləri isə cari ilin iyunun 12-də keçiriləcək. Artıq bu ilin yanvarın 28-də Əhmədinejad yenidən prezident postuna namizədliyini irəli sürəcəyini açıqlayıb. Prezident öz proqramlarını həyata keçirməsi üçün 4 ilin kifayət etmədiyini vurğulayıb. Son prezident seçkilərində olduğu kimi Əhmədinejadın namizədliyi yenə də İranın dini lideri tərəfindən dəstəklənir. Lakin budəfəki seçkilərə sabiq Prezident Məhəmməd Hatəmi kimi güclü fiqurun, eləcə də keçmiş baş nazir, əslən azərbaycanlı Mirhüseyn Musəvi, parlamentin keçmiş sədri Mehdi Kərrubi, Tehranın keçmiş meri Məhəmmədbağır Qalibaf və keçmiş azərbaycanlı deputat Əkbər Ələmi kimi siyasətçilərin qatılması seçkilərin çox gərgin keçəcəyindən xəbər verir. Lakin ciddiliyi, dindarlığı, ambisiyalarının yoxluğu və xalqa yaxınlığı bu dəfəki seçkilərin əsas favoritinin məhz Əhmədinejad olduğunu deməyə əsas verir.

 

"Azərbaycan bizim üçün nemət və bərəkətdir"

 

Seçkilərlə yanaşı, İranı düşündürən daha bir vacib məsələ isə digər dünya dövlətlərində olduğu kimi qlobal böhranın təsirinin aradan qaldırılmasıdır. Dünyadakı iqtisadi böhran fonunda neftin ucuzlaşması və beynəlxalq sanksiyalar İran iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Bununla bağlı Mahmud Əhmədinejad başçılıq etdiyi hökumətdən ölkədə çörək, su və enerji istehlakının təcili azaldılmasını, bu istiqamətdə ciddi tədbirlər görülməsini tələb edib.

M.Əhmədinejad tələbini hökumət üzvləri ilə martın 30-da keçirdiyi iclasda irəli sürüb: "Benzinin vətəndaşlar arasında müəyyən miqdarda paylanması və talon üsulu ilə bölüşdürülməsi işində olduğu kimi, yenə vətəndaşlara yardım ilə bağlı ciddi tədbirlər görmək lazımdır. Çörək, su və enerji istehlakının həcmini azaltmaq üçün ciddi və təcili proqramlar hazırlanmalıdır. Adi proqramlarla bu sahədə səmərəli nəticə əldə edilməyəcək". İran prezidenti hökumət xərclərinin azaldılmasını, vacib olmayan rəsmi toplantıların, səfərlərin ixtisar edilməsini də vacib sayıb.

Mahmud Əhmədinejadın cəlbedici xüsusiyyətlərindən biri də İran prezidentinin ölkəsində yaşayan milli azlıqlara, o cümlədən azərbaycanlılara diqqətlə yanaşmasıdır. Əslən azərbaycanlı olan Əhmədinejad İranda yaşayan azərbaycanlılar barəsində də daim yüksək fikirdə olub. Cari ilin martın 4-də Qərbi Azərbaycan səfərinə çıxan İran prezidenti Urmiyanın "Təxti" stadionunda əhali qarşısında çıxışında bununla bağlı qeyd edib: "Qərbi Azərbaycan pak və faydalı insanlar yetişdirən bir diyardır. Qərbi Azərbaycan əyalətinin səması parlaq ulduzlarla doludur. Bu ulduzlar torpağın cəmiyyət üçün yetişdirdiyi pak, fədakar və faydalı insanlardır: alimlər, ədiblər, mütəfəkkirlər, şəhidlər... Bu yurdun tarixi ədəb, hünər və fədakarlıqla doludur, insanları həmişə böyük iradə və güclü əllərlə İranın inkişafı uğrunda böyük rol oynayıblar".

Urmiya şəhərində jurnalistlərlə söhbətində də İran prezidenti Qərbi Azərbaycanın ülvi dəyərlər diyarı olduğunu bildirib: "Azərbaycan bizim üçün nemət və bərəkətdir. Bu diyar, o cümlədən Qərbi Azərbaycan diyarı ülvi dəyərlər məkanıdır. Bu əyalətin əhalisi müsəlman İranın müstəqilliyini və mədəniyyətini qoruyan layiqli, imanlı və mehriban sərhədçilərdirlər. Onlar həmişə səmimi bir dayaq kimi İran xalqının yanında olublar".

 

Strateji tərəfdaşlıq

 

Azərbaycan və İran arasında əlaqələr intensiv inkişaf etdiyindən Mahmud Əhmədinejad və Prezident İlham Əliyev arasında indiyə qədər xeyli sayda görüş keçirilib. Prezidentlər arasında ilk görüş 2005-ci ilin 7-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutub. Həmin vaxt İslam Konfransı Təşkilatının (İKT) üçüncü növbədənkənar sammiti çərçivəsində görüşən prezidentlər qarşılıqlı əlaqələrin inkişafı, regional layihələrdə birgə iştirak, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

2005-ci ilin dekabr ayının 20-də Mahmud Əhmədinejad İran qazının Azərbaycana nəql edilməsinin açılışında iştirak etmək üçün Prezident İlham Əliyevin dəvətilə Naxçıvanda olub. Burada keçirilən görüş zamanı enerji sahəsində birgə əməkdaşlığa dair bəyannamə imzalayıb. Dövlət başçılarının növbəti görüşü 2006-cı ilin 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı toplantısı çərçivəsində baş tutub. Bu görüşdə də hər iki prezident Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər. 2007-ci ilin 21 avqust tarixində Prezidenti İlham Əliyevin dəvəti əsasında İran İslam Respublikasının dövlət başçısı yenidən Azərbaycanda səfərdə olub. Prezidentlərin budəfəki görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları Əhmədinejadın o vaxtkı səfərinin əhəmiyyətinə toxunaraq bildiriblər ki, bu, əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.

16 oktyabr 2007-ci ildə Prezident İlham Əliyev Tehranda "Sədabad" sarayının "Hafiziyyə" korpusunda Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak edib. Tehranda Prezident İlham Əliyevlə həmkarı Mahmud Əhmədinejadın növbəti görüşü olub. Burada da prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, əlaqələr həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Həmçinin qeyd olunub ki, Xəzərətrafı ölkələrin dövlət başçılarının zirvə toplantısı sahilyanı dövlətlər arasında əlaqələri genişləndirməklə yanaşı, bölgədə əməkdaşlığa da töhfə verir/.

Cari il martın 10-da Prezident İlham Əliyev İrana rəsmi səfərə gedib. Səfər zamanı Azərbaycan Prezidentinin iranlı həmkarı ilə təkbətək görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin əhəmiyyətinə toxunan prezidentlər bu səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildiriblər.

Görüşdə Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə bir daha əminlik ifadə olunub.

4 il müddətində İran kimi böyük və zəngin bir ölkəyə rəhbərlik etməsinə rəğmən, Mahmud Əhmədinejad əvvəlki kimi sadəliyinə görə bu gün də İran xalqı tərəfindən çox sevilir. Elə prezidentin özü də xalqla təmasa xüsusi önəm verir. Bu səbəbdəndir ki, istər qubernator, istər mer, istərsə də prezident olduqdan sonra o, xalqla ictimai görüşlərə daim xüsusi diqqət yetirib. Bu, prezident olduğu müddət ərzində Əhmədinejadın xalq arasında sadə obrazının bir qədər də güclənməsinə səbəb olub. Lakin İran xalqı üçün Əhmədinejad obrazı nə qədər sadədirsə, dünya üçün bir o qədər də mürəkkəb və atacağı addımları qabaqcdan müəyyən etmək mümkün olmadığından çətin anlaşılandır.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-5 aprel.-S.3.