Gədəbəy abidələri

 

Rayonumuzda 1 dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Gədəbəyin hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr var. Koroğlu qalası daha məşhurdur. Ona Cavanşir qalası da deyirlər. Bundan əlavə, Cənnət qala, Qız qalası, Zəngi qala...Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində, bu, nəhəng daşlardan hörülmüş uca qala dağdır. Mütəxəssislərin fikrincə ilk dəmir dövründə tikilib. Müdafiə məqsədi daşıyırmış. 1947-ci ildə burada müəyyən qazıntı, axtarış işləri aparılıb. Elimizin tarixi və taleyi baxımından çox maraqlı, çox ibrətamiz zirvədir.

Söyüdlü kəndinin digər "möcüzəsi" Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası kərpiclə hörülmüş 5 ədəd dairəvi sütundan ibarətdir. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bütün kompleks qədim şəhəri xatırladır. Gədəbəyin ən baxımlı yer-lərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeydir. Tarixi böyük, taleyi maraqlıdır. Ömür boyu namərd qonşuların hücumlarına mərdliklə sinə gərib. Sərvəti, dövləti yaxın-uzaq ölkələrin diqqətini cəlb edirdi. On doqquzuncu yüzilliyin ortalarında almanlar bu yerlərə gəlib çıxıblar. 1849-cu ildə filiz yataqları kəşf edilib. Birbaşa dağların qoynunda zavodun inşasına başlanılıb.  Semens qardaşları burada xeyli görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. 31 kilometrlik ensiz dəmir yol xətti quruldu. Misi əritmək üçün elektrik stansiyası işə salındı. Beləcə, Qalakəndin məhsulu dünya bazarına çıxarıldı.

Bu yerlərin iftixarı olan Koroğlu qalası dəniz səviyyəsindən azı iki min metr hündürlükdə yerləşən qala şəhərdir. Öz dövrünə görə yaşayış üçün hər şəraiti olub. Gildən hazırlanmış borularla xeyli uzaqdan su çəkilib. Qala daxilində iki gözdən ibarət gizli su anbarı külək dəyirmanının qalıqları indi durur. Qalanın ətrafında da qoşa təndir qalıqları, yuzlərlə qoyun sığan mağara, habelə bir neçə qədim məbəd olub.

Böyük Qaramurad kəndi yaxınlığındakı Zəngli qala da tarixi əhəmiyyətə malikdir. Qədim alban məbədidir. Əsrlərin qovğalarına dözərək bu günümüzə qədər gəlib çıxıb. Çox şeylərdən, çox mətləblərdən xəbər verir.

Gədəbəy rayonu axarlı-baxarlı olduğuna görə burada illər, əsrlər boyu bir sıra körpülər tikilib. Hamısı da tağlı körpülərdir. Uzunluğu bir tağdan başlamış yeddi-səkkiz tağa qədər olan körpülər mövcuddur. Onların bir hissəsi, xüsusən, yeddi tağlı Qanlı körpü nadir memarlıq nümunəsidir. Həmin körpü düz xətt boyunca deyil, qövsvari salınıb. Təbii ki, bu, körpünün yerləşdiyi ərazinin relyefindən asılıdır. Onların əksəriyyəti indi fəaliyyətdədir.

Gədəbəyə ən çox şöhrət gətirən qala, qalaça körpülərlə yanaşı, onun saysız-hesabsız magaraları, kilsə məbədləridir. Bunların hər birinin öz tarixi, öz taleyi vardır. Təəssüf ki, onlardan bir hissəsinin adları vaxtilə dövlət tərəfindən mühafizə olunan abidələr siyahısına salınmayıb. İndi biz bunları dəqiqləşdirərək müvafiq təşkilatlar qarşı-sında məsələ qaldırmışıq.

Gədəbəy abidələri Azərbaycanın ulu tarixinin canlı nümunələri, elmi ədəbiyyatda Gədəbəy - Xocalı mədəniyyəti kimi tanınmış qədimi mərhələnin danılmaz təzahürüdür. Gədəbəy-Xocalı mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji təsdiqidir.

 

 

Fazilə Məmmədova,

Gədəbəy Rayon

Mədəniyyət Turizm

Şöbəsinin müdiri

 

Azərbaycan.-2009.-5 aprel.-S.6.