Həmişəcavan bəstəkar
İlk professional təhsilli bəstəkarımız
Asəf Zeynallının
anadan olmasının
100 ili tamam olur. Cəmi 23 il yaşasa da özündən sonra çox qiymətli irs qoymuşdur. O, 1909-cu il aprelin 5-də Dərbənddə bağban
ailəsində dünyaya
gəlmişdir. Hələ
körpə ikən atası vəfat etmiş, onu anası Əsbənd xanım böyüdüb
boya-başa çatdırmışdır.
Ailə kasıb olduğundan maddi çətinliklərlə çox
üzləşmişdir. Xalq
musiqisinin vurğunu olan Əsbənd xanım qarmonda məharətlə çalırdı.
Asəfdə musiqiyə
dərin məhəbbəti
də o yaratmışdır.
Asəf 7 yaşına çatanda anası onu Dərbənddəki realnı məktəbə qoyur. Asəf tezliklə burada fitri istedadı ilə seçilir. Realnı məktəbin nəfəs alətləri orkestrində klarnet çalmağı öyrənir və az vaxtda mahir ifaçı kimi tanınır.
20-ci illərin əvvəllərində maddi vəziyyəti daha da çətinləşən ailə Bakıya köçür. Asəf təhsilini buradakı 9 illik məktəbdə davam etdirir. Musiqiyə olan sonsuz həvəsi onu hərbi məktəbin nəzdindəki orkestrə gətirir. Burada kornetdə çalmağı öyrənir və tezliklə orkestrdə həm klarnetçi, həm də kornet və trubaçı kimi çıxış edir.
Musiqiyə sonsuz həvəs göstərən Asəf 1923-cü ildə Azərbaycan Musiqi Texnikumuna daxil olur. İnadcıllığı sayəsində trubada mükəmməl çalmağı öyrənib texnikum rəhbərliyinin işçi klublarında təşkil etdiyi konsertdə çıxış edir. İlk yaradıcılıq addımlarını da texnikumda oxuduğu illərdə atmış, 1923-cü ildə "Truba üçün marş" adlı ilk musiqi əsərini yazmış və elə həmin ildə təşkil olunmuş konsertlərin birində onu ifa etmişdir.
Asəf Zeynallı dahi bəstəkar Üzeyir Hacıbəyovun da diqqətini cəlb edir. Anası Əsbənd xanım onu musiqi texnikumuna gətirəndə o vaxt bu təhsil ocağının direktoru işləyən Üzeyir Hacıbəyov yeniyetmədəki fitri istedadı görmüş və "bu ki, əsl istedaddır", - deyərək elə ilk günlərdən ona xüsusi qayğı göstərmişdir. Asəf Zeynallı da həmişə müəlliminə dərin hörmət bəsləmiş, məsləhətlərinə daim əməl etmişdir.
Bir müddət sonra A.Zeynallı səhhəti ilə əlaqədar violonçel sinfinə keçmiş və burada məşhur violonçel ustası Mstislav Rostropoviçin atası Leopold Rostropoviçdən dərs almşdır.
Texnikumda violonçel üzrə məşğələlərə davam etməklə yanaşı, o, pedaqoq N.V.Jenetskoydan fortepianoda çalmağı da öyrənmişdir. Üzeyir Hacıbəyov onun inkişafına güclü təsir göstərmiş, musiqi görüşlərinin formalaşmasında mühüm rol oynamışdır.
1926-cı ildə Musiqi Texnikumu konservatoriya ilə birləşdirildikdən sonra Asəf Zeynallı konservatoriyanın orkestr sinfinə daxil olmuş, lakin az keçmiş Üzeyir Hacıbəyovun məsləhəti ilə bəstəkarlıq şöbəsinə dəyişilmişdir.
A.Zeynallı konservatoriyada oxuduğu illərdə yaradıcılıqla da ciddi məşğul olmuş, bir-birinin ardınca müxtəlif mövzularda və janrlarda əsərlər yazmışdır. 1928-1931-ci illər gənc bəstəkar üçün xüsusilə məhsuldar olmuşdur. Bu illər ərzində o, özünün vokal, mahnı, romans, fortepiano, ansambl əsərlərinin böyük qismini, o cümlədən məşhur "Ölkəm" romansını (1928) yazmışdır.
Konservatoriyada Azərbaycan xalq musiqisinin əsaslarını dərindən öyrənən A.Zeynallı Azərbaycan ladlarında məşq tapşırıqları yazmışdır. İstedadlı bəstəkarın konservatoriyada oxuduğu illərdə xalq mahnı intonasiyalarına əsaslanaraq yazdığı xor ilə orkestr üçün "Şikəstə", fortepiano üçün "Çahargah", "Durna", skripka və fortepiano üçün "Muğamsayağı" əsərləri indi də sevilə-sevilə ifa olunur.
Azərbaycan xalq musiqisini dərindən öyrənməsinin musiqişünaslıq görüşlərinə də böyük təsiri olmuşdur. Hələ tələbəlik illərində xalq musiqimizi, xalq çalğı alətlərimizi yad hücumlardan cəsarətlə qorumuş, onların müdafiəsinə yönəlmiş məqalələr yazmışdır. Bu baxımdan "Tarın müdafiəsinə" adlı məqaləsi xüsusilə diqqətəlayiqdir. Həmin məqalədə A.Zeynallı o vaxt tarı ləğv etmək istəyənlərə kəskin etirazını bildirmişdir. Məqalədə yazırdı: "Tar öz konstruksiyasına görə yeganə alətdir ki, xalq yaradıcılığı və muğamların mahiyyətini dəqiq çatdıra bilir... Bizim təbiətən xalqın özünəməxsus olanı müsadirə etmək hüququmuz yoxdur".
Asəf Zeynallı konservatoriyada oxuduğu illərdə klassik və xalq musiqimizi təbliğ etmək, musiqi sahəsində baş verən yeniliklərlə tanış olmaq, dünyagörüşünü genişləndirmək üçün Leninqrada (Sankt-Peterburqa) gedir. Orada musiqidəki yeni tendensiyalarla maraqlanır, musiqi xadimləri ilə görüşür, Azərbaycan musiqisindən ibarət konsertin təşkili imkanlarını öyrənir.
1931-ci ildə konservatoriyanın bəstəkarlıq şöbəsini müvəffəqiyyətlə bitirən Asəf Zeynallı intensiv olaraq yeni əsərlər üzərində işləyir, tələbəlik illərindən başladığı pedaqoji işi davam etdirir.
1931-ci ilin payızında ikinci dəfə Leninqrada səfər edir. Leninqrad Filarmoniyasında Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
konsert təşkil edir və orada
Azərbaycan musiqisinin
xarakterik xüsusiyyətləri
barədə məruzə
edir.
Leninqraddan qayıtdıqdan sonra Asəf Zeynallı daha iri simfonik
əsər yazmaq fikrinə düşür
və özünün
yeni simfoniyasını
Vətənə həsr
etməyi qərara alır. Lakin ölüm ona
bu arzusunu həyata keçirməyə
imkan vermir. Bəstəkar "Bakı" adlandırdığı həmin
simfoniyanın ancaq girişini, mövzunun əsas və ikinci dərəcəli eskizlərini yazmağa macal tapır.
Asəf Zeynallının yaradıcılığında
Azərbaycan xalq mahnılarının tədqiqi
də mühüm yer tutur. O, belə
mahnıların və
rəqslərin vurğunu
idi. Onları diqqətlə öyrənir
və yaradıcılığı
üçün əsas
istinad materialı kimi götürürdü.
O dövrdə
Azərbaycan Dövlət
Konservatoriyası yanında
elmi-tədqiqat kabineti
fəaliyyət göstərirdi.
Həmin
qurumun əsas vəzifələrindən biri
xalq mahnılarının
toplanıb nota alınması
idi. Bu işlə
tanınmış musiqiçilərlə
yanaşı, gənclər
də məşğul
olurdular. 1932-ci ilin yayında Asəf Zeynallı məşhur müğənni
Bülbüllə birlikdə
kabinetin tapşırığı
ilə xalq mahnılarını toplamaq
üçün Qarabağa
gedir. Səfər çox məhsuldar
olur. Asəf Zeynallı təkcə
özü 50-yə yaxın
xalq mahnı nümunəsi əldə
edir. Lakin evə qayıdan
zaman yolda yatalaq xəstəliyinə
tutulur. Bir müddət müalicə
olunsa da, nəticə vermir, 1932-ci il oktyabrın
27-də vəfat edir.
İstedadlı bəstəkar Asəf Zeynallı musiqi tariximizə bir sıra yeni janrların banisi kimi daxil olmuşdur. Onun yaradıcılığının
xarakterik cəhətini
xəlqilik təşkil
edir. Müəllimi Ü.Hacıbəyov kimi, o da Azərbaycan
xalqının həyatının
proqressiv tərəflərini
yaradıcılığında aydın təcəssüm
etdirmişdir.
Asəf Zeynallının üslubunun
əsas xüsusiyyəti
onun miniatür formalara tez-tez müraciət etməsidir. Əsas əsərləri
kamera musiqisinə aiddir. Əgər Üzeyir Hacıbəyov
və Müslüm Maqomayev yaradıcılıqlarının
ilk vaxtlarında musiqi
- səhnə əsərləri
üzərində işləyirdilərsə,
A.Zeynallı əvvəlcə
romans janrına, kiçik ansambllar üçün fortepiano pyeslərinə
müraciət edirdi.
İri simfonik əsəri olan "Fraqmentlər"ini
yazması, simfoniyanın
planını qaralaması
onu göstərir ki, xırda formalardan iri əsərlərin yaradılmasına
doğru inamla irəliləyirmiş.
A.Zeynallının vokal yaradıcılığı
daha çox populyarlıq qazanmışdır. Mahnı
və romanslarında iki xarakterik xətt özünü göstərir: vətənpərvərlik
və lirizm. Bunların hər ikisi Azərbaycan bəstəkarlarının
sonrakı yaradıcılıqlarına
böyük təsir göstərmişdir.
Vətənə sonsuz məhəbbət
"Ölkəm" romansında
aydın təcəssümünü
tapmışdır. Lirik romansları
sırasına "Çadra",
"Ceyran", "Sual"
və digərləri
daxildir.
Onun ansambl əsərləri də Azərbaycan musiqisində mühüm rol oynamışdır.
Asəf Zeynallının
fortepiano yaradıcılığında ən maraqlı əsərlərdən biri
6 pyesdən - "Kuklaların
marşı", "Uşaq
və buz", "Oyun", "Rəqs",
"Qoyunlar", "Mübahisə"dən
ibarət "Uşaq
süitası"dır. O, bu pyesləri ilə Azərbaycanda uşaq fortepiano miniatürünün
əsasını qoymuşdur.
Yaradıcılığında "Fraqmentlər" simfonik süitası xüsusi yer tutur.
Bu əsərlər sadəliyi,
səmimiliyi ilə bizi həmişə valeh edir. Asəf Zeynallının
demək olar ki, bütün əsərləri populyarlıq
qazanaraq tədris-pedaqoji
ədədiyyatlara və
konsert repertuarlarına
daxil olub. Yaradıcılığına diqqət heç
zaman azalmamışdır.
Onun bir çox əsərləri indi də müğənnilərmiz,
musiqi kollektivləri tərəfindən sevilə-sevilə
ifa olunur.
Nazim Kazimov,
Azərbaycan Milli
Konservatoriyası
nəzdində Musiqi
Kollecinin direktoru,
əməkdar incəsənət xadimi,
professor
Azərbaycan.-2009.-5 aprel.-S.7.