O, məşğul
olduğu sahənin böyük mütəxəssisi
idi
Görkəmli riyaziyyatçı, mexanik, texnika elmləri doktoru, professor Məmməd (Məhəmməd Yusif) Yusif Hacı Ələsgər oğlu Axundzadə barədə yazmaq şərəfli bir işdir. Müstəsna qabiliyyəti, möhkəm iradəsi, fitri istedadı, ziyalılığı ilə tanınan bu insan "Xanbulançay" kompleksinin, Tiflis metropoliteninin layihəsini hazırlayanlardan biri, çoxlu sayda körpülərin, tikinti qurğularının müəllifi olmuş, Şərq üslubunda inşa edilmiş tarixi abidələrin örtüklərinin riyazi tənliklərini vermiş, zəlzələlərin başvermə səbəblərini araşdırmış, kosmik gəmilərin konstruksiyasında misilsiz xidmətləri ilə seçilmişdir. Bu günlərdə alimin anadan olmasının 100 illiyi elmi ictimaiyyət tərəfindən qeyd ediləcəkdir.
M.Axundzadə 1909-cu ildə Gəncəbasarda - Şəmkir bölgəsində, Dəllər - Cırdaxan kəndində, Mollalılar ocağında ruhani ailəsində dünyaya göz açmışdır. İbtidai təhsilini atası, Axund Hacı Ələsgərdən, böyük qardaşı Axund Məhəmməd Sadıqdan almış, sonra Şəmkirdə yeddiillik məktəbdə oxumuşdur. 1926-cı ildə Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Şəmkirdə alman kolonunda və Gədəbəy bölgəsinin Xar-Xar kəndində Mirzə Teymurun müdir olduğu məktəbdə bir il müəllim işləmişdir. 1928-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir.
M.Axundzadə əmək fəaliyyətinə elə həmin təhsil ocağında başlamışdı. O, 1933-1938-ci illərdə institutun "Materiallar müqaviməti və tikinti texnikası" kafedrasında müəllim işləmişdir. Qısa müddətdə işgüzarlığı, dərin zəkası, istedadı, mükəmməl elmi-pedaqoji fəaliyyəti ilə hamının diqqətini çəkmişdi. Şirin və səlis nitqi, güclü məntiqi, yüksək mədəniyyəti onu, gənc alimi həmkarlarının sevimlisi etmişdi.
M.Axundzadə Azərbaycan Sənaye İnstitutunda mühəndis qrafiki, materiallar müqaviməti, nəzəri mexanika və riyaziyyatdan mühazirələr oxumuş, seminarlar aparmışdır. Onun əsas elmi araşdırmaları isə örtüklər nəzəriyyəsi, zəlzələlərin səbəbləri, Şərq memarlıq üslubunda tikilmiş tarixi abidələrin örtüklərinin riyazi tənliklərinin verilməsi ilə bağlı olmuşdur.
1937-ci illərin ab-havası onun doğulduğu Mollalılar ocağından da yan keçməmişdi. Məhəmməd Yusif müəllimin atası Axund Hacı Ələsgər, qardaşı Axund Məhəmməd Sadıq həbs edilərək "vətən xaini" damğası ilə güllələnmişdir. Az sonra saxta ittihamlarla M.Axundzadə də həbsə alınmış və o, Uzaq Şimalda bir neçə il ağır sürgünlük həyatı yaşamışdı.
1947-ci ildə məhbəsdən vaxtından əvvəl azad olunduqdan sonra, M.Axundzadə orada yazıb başa çatdırdığı dissertasiya işini ixtisaslaşmış şurada müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdı. O, 1947-ci ildən müəllimlik fəaliyyətini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Ali riyaziyyat və materiallar müqaviməti" kafedrasında davam etdirməyə başlamışdı. Nəhayət, Stalinin ölümündən əvvəl bəraət almışdı.
M.Y.Axundzadə 1956-cı ildə Sankt-Peterburqda (Leninqrad) "Az qabarıqlı silindirik örtüklərin hesabatının yeni metodikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1957-ci ildə professor adını almışdır. Örtüklər nəzəriyyəsi sahəsində dünyada tanınmış alimlər V.Z.Vlasov, N.Y.Musxeleşvili, Y.N.Bekua, X.M.Muştari, Z.Y.Xəlilov və başqaları əsərə yüksək qiymət vermişlər.
Professorun elmi tədqiqat əsərləri bütün dövrlərdə öz aktuallığını saxlayan örtüklər nəzəriyyəsinə, Şərq üslubunda tikilmiş tarixi abidələrin örtüklərinin riyazi tənliklərinin müəyyən edilməsinə, hansı hallarda zəlzələlərin başvermə səbəblərinin araşdırılmasına, fəzada uçan aparatların və tikinti qurğularının layihələrinin verilməsinə və tədqiqinə həsr olunmuşdur. O, yüksək mühəndislik, riyazi qabiliyyəti sayəsində örtüklərin tənliklərini müəyyən edərək onların həllini dörd tərtibli xüsusi törəməli diferensial tənliklərin həllinə gətirmiş və təqribi həlləri üçün üsullar vermişdir. Alimin elmdə ən böyük xidməti isə fəzada uçan obyektlərin trayektoriyasını funksiyalar nəzəriyyəsinin köməyi ilə verən akademik M.V.Keldışın, bu məsələləri sinqulyar operatorlar və sinqulyar inteqral tənliklər vasitəsi ilə araşdıran akademik N.Y.Musxeleşvilinin işləyib hazırladıqları nəzəriyyələrin praktiki olaraq reallaşmasına təkan verməsi olmuşdur.
M.Axundzadə məğrur, əqidəsindən dönməyən, elmdə xöşbəxt taleli böyük alim idi. Elmin son nailiyyətlərindən, hesablama texnikasının imkanlarından faydalanan professor çox ciddi məsələlərin həllinə nail olmuş və dünya şöhrəti qazanmışdır.
M.Axundzadə mahir elm təşkilatçısı olmuşdur. Çox qısa müddətdə "Ali riyaziyyat və materiallar müqaviməti" kafedrasını təşkil etmiş, istedadlı gəncləri ətrafına toplamış, riyaziyyat, mühəndislik qrafiki, örtüklər nəzəriyyəsi sahəsində böyük müvəfəqiyyətlər qazanaraq güclü məktəb yaratmışdı. Bu, keçmiş SSRİ-də yeddi məktəbdən biri sayılırdı.
Kafedrada elmi-tədqiqat işləri kollektiv şəkildə yerinə yetirilirdi. Tələbələr assistentlərin, aspirantların,
müəllimlərin köməyi
ilə elmi işə cəlb olunur, aspirantlar və dissertantlar isə elmlər namizədi və elmlər doktorlarının
rəhbərliyi ilə
işlərini yekunlaşdırır,
kafedrada professor M.Axundzadənin elmi seminarlarında çıxış
edirdilər. Azərbaycanda, SSRİ-nin respublikalarından gəlmiş onlarca dissertant, aspirant, doktorant professorun xeyir-duası ilə ərsəyə gəlirdilər.
M.Axundzadə elm fədaisi olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Uzun illər
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda
riyaziyyat, materiallar müqaviməti, mühəndislik
qrafiki, nəzəri mexanika fənlərindən
mühazirələr oxumuşdur.
Azərbaycan gənclərinin mühəndislik
peşəsinə, dəqiq
elmlərə marağının
artmasında görkəmli
alimin böyük xidməti olmuşdur.
O, bilik və bacarığını
dinindən, dilindən
asılı olmayaraq, heç kəsdən əsirgəməmişdi. Xüsusilə Şimali Qafqaz və Orta Asiya
respublikalarından olan
aspirant, dissertant və
doktorantların elmi işlərinə kömək
etmiş, həvəslə
onların opponenti olmuşdur. M.Axundzadə
Bakı, Tiflis, Kazan, Daşkənd,
Almatı, Kiyev,
Novosibirsk şəhərlərində örtüklər nəzəriyyəsi,
Şərq üslubunda
tikilmiş tarixi abidələr barəsində,
zəlzələlərin başvermə
səbəblərinin tədqiqi
ilə bağlı elmi məclislərdə, konfranslarda maraqlı məruzələrlə çıxış
etmişdir.
1970-ci ildə
SSRİ Elmlər Akademiyasının
tapşırığı ilə hazırlanan və çap olunan dörd cildlik "Vətən riyaziyyatının tarixi"
toplusunda 1917-ci ildən
1960-cı ilə qədər
dövrü əhatə
edən hissədə
"Örtüklər nəzəriyyəsi"nin
nəhəngləri olan
V.Z.Vlasov, N.Y.Musxeleşvili,
J.Y.Ştayerman, X.M.Muştari,
A.J.lurye, A.L.Qoldenveyzer,
J.N.Vekua, Y.Ə.Əmənzadə,
məşhur Azərbaycan
riyaziyatçıları Zahid
Xəlilov, Əşrəf
Hüseynov, İbrahim
İbrahimov, Maqsud Cavadov, Məcid Rəsulov, Qoşqar Əhmədli, Arif Babayev, Əmir Həbibzadə ilə yanaşı Məhəmməd
Yusif Axundzadənin elmi işlərinin istiqamətləri və tərcümeyi-halı haqqında
da məlumatlar verilmişdir.
Professor M.Axundzadə SSRİ Elmlər
Akademiyasının keçirdiyi
beynəlxalq konfranslarda
və qurultaylarda daim iştirak etmiş və elmi məruzəçi olmuşdur.
1964-cu ildə
Moskvada "Nəzəri
və tətbiqi mexanika" üzrə II Ümumittifaq qurultayında,
1966-cı ildə Bakıda,
1971-ci ildə Rostovda,
1972-ci ildə Kiyevdə,
1975-ci ildə Moskvada
"Fəza konstruksiyaları"
üzrə beynəlxalq
sessiyada, 1975-ci ildə
Leninqradda (Sankt-Peterburq),
1976-cı ildə Kutaisidə
"Örtük nəzəriyyəsi"
üzrə keçirilən
IX və X ümumittifaq
konfranslarında, 1981-ci ildə
Kalininqradda, 1985-ci ildə
Kazanda elmi çıxışlar edərək
bu sahədə
SSRİ üzrə aparıcı
alim olduğunu sübut etmişdi.
Professor M.Axundzadənin minlərlə
tələbəsi, rəhbərlik
etdiyi aspirantlar, dissertantlar, doktorantlar dünyanın müxtəlif
ölkələrində çalışırlar. Məhəmməd Yusif Axundzadə 3 elmlər doktoru, 22 elmlər namizədi hazırlamış, onlarca
gənc alimin rəsmi opponenti olmuşdur.
Professor M.Axundzadə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
və Azərbaycan Politexnik İnstitutunun (indi Azərbaycan Texniki Universitetinin) Elmi Şurasının üzvü, Azərbaycan
EA-nın Riyaziyyat və Mexanika, Gürcüstan Politexnik, Gürcüstan EA-nın Razmadze adına Riyaziyyat və Mexanika institutlarının
İxtisaslaşmış Müdafiə
Şurasının üzvü,
SSRİ-i dövründə
Ali Attestasiya Komissiyasının
eksperti, müxtəlif
elmi jurnalların redaksiya heyətinin üzvü olmuşdur.
Alim çoxlu sayda elmi əsərin, dərsliyin, dərs vəsaitlərinin, sanballı
monoqrafiyaların müəllifi
idi.
Ensiklopedik biliyə
malik professor M.Axundzadə
ədəbiyyata, sənətə,
musiqiyə, idmana yüksək qiymət verir, öz fikirlərini yığcam,
konkret şəkildə
şərh edir, ərəb, fars,
türk, rus dillərini mükəmməl
bilirdi.
M.Axundzadə həm də qayğıkeş ailə
başcısı idi. Qızları Elba Axundzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin
"Materiallar müqaviməti"
kafedrasının dosenti,
Rəna Axundzadə isə Azərbaycan Texnologiya Universitetinin
"Materiallar müqaviməti"
kafedrasının dosentidir.
Professor M.Axundzadə şərəfli
bir ömür yaşamışdır. Bütün həyatını
dünyada texniki və riyaziyyat elmlərinin inkişafına
həsr etmişdir.
O, elm aləmində qibtə
ediləcək dərəcədə
müvəffəqiyyətlər qazanan görkəmli alim idi.
Zahid Abbasov,
AKTA-nın "Fizika
və riyaziyyat"
kafedrasının baş müəllimi,
fizika-riyaziyyat elmləri namizədi
Azərbaycan.-2009.-5 aprel.-S.7.