Mətbuatımızın satira ustadı
Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən ədəbi ictimaiyyət görkəmli Azərbaycan yazıçısı, böyük dramaturq və jurnalist Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyini müxtəlif tədbirlərlə qeyd etməkdədir.
Cəlil Məmmədquluzadə təkcə Azərbaycan ədəbiyyatının milli iftixarı deyil, həm də dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Ədibin qələmə aldığı bütün əsərlər - ən kiçik replikasından başlamış dramlarına, publisistikasına, felyetonlarına kimi hamısı milli oyanışa, tərəqqiyə, insanların maariflənməsinə xidmət edibdir. Hər şeydən öncə Mirzə Cəlil vətəndaş mövqeli bir sənət fədaisi idi.
Onun haqqında danışanda istər-istəməz yada məşhur "Molla Nəsrəddin" jurnalı düşür. Bu jurnalın ilk nömrəsi 7 aprel 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində nəşr edilibdir. İlk satirik jurnalımız sayılan "Molla Nəsrəddin"in redaktoru məhz Cəlil Məmmədquluzadə olubdur. 25 il müxtəlif fasilələrlə nəşr edilən "Molla Nəsrəddin" jurnalı o dövrün əsl güzgüsü idi. Hələ bu jurnala qədər avamlığı, geriliyi, dini fanatizmi öz əsərlərində satira atəşinə tutan Mirzə Cəlil mənalı gülüşlə cəmiyyətin düçar olduğu "xəstəliklərə" əlac tapmağa çalışırdı. Bu səbəbdən də təşəbbüskarı və yaradıcısı olduğu yeni nəşrin yaranma zərurətini belə səciyyələndirdi: "Molla Nəsrəddin"i həyat özü yaratdı, zəmanə özü yaratdı".
Filologiya elmləri doktoru, akademik İsa Həbibbəyli yazır: "Molla Nəsrəddin" Şərq ölkələrində də satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin inkişafına ciddi təkan vermişdir. Şərq aləminə satira günəşi ilk dəfə "Molla Nəsrəddin"dən doğmuşdur". Bu günəşin işığı indi də nur saçmaqdadır.
Təsadüfi deyil ki, jurnalın toxunduğu mövzuların, həllini axtardığı problemlərin bəziləri bu gün də var. Jurnalın ilk sayında Mirzə Cəlil "Sizi deyib gəlmişəm" məqaləsi ilə öz məsləkini, proqramını bəyan edərək xalqını, millətini gözüaçıqlığa, intibaha, mübarizəyə, həyatın zülmətindən qurtulmağa çağırıb. Ana dilinin saflığı və təmizliyi uğrunda jurnalın apardığı mübarizə indi də əhəmiyyətini saxlamaqdadır.
Mədəni həyatımızın və ədəbi ictimai fikrimizin inkişafındakı müstəsna yerini, milli özünüdərkin bərqərar olunmasında böyük rolunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncama əsasən "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi respublikamızda təntənəli surətdə qeyd edildi. Mətbuat tariximizin qızıl səhifəli mərhələsi olan bu jurnalın ölkə başçısı tərəfindən yüksək səviyyədə dəyərləndirilməsi, yubileyinin dövlət tərəfindən layiqincə qeyd edilməsi mühüm əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevə məxsus fikirdir: "Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan "Molla Nəsrəddin" xüsusi məktəb yaratmış, milli mətbuatımızın inkişafının qızıl səhifələrini yazmışdır".
Mütəxəssislərin dediyi kimi, yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərqin ictimai fikir tarixində əhəmiyyətli yer tutan "Molla Nəsrəddin" jurnalı milli dirçəliş ideyalarından, müstəqillik uğrunda mübarizənin ruhundan yoğrulmuş bir istiqlal toplusudur. XX əsrin əvvəllərində fanatizmə, cəhalətə, nadanlığa qarşı aparılan mübarizəyə məhz "Molla Nəsrəddin" jurnalı başçılıq edib. İndi mətbuatda müzakirəyə çevrilən bir sıra ideyalar var ki, onları ilk dəfə dilə gətirən məhz "Molla Nəsrəddin" jurnalı olub. "Molla Nəsrəddin" zülmətdə parlayan ildırım kimi ətrafa elə bir işıq salıb ki, onun yaşamasına, fəaliyyət göstərməsinə can yanğısı ilə xidmət edən insanların fədakarlığı ötən bir əsrdə unudulmayıbdır.
"Molla Nəsrəddin"in səhifələrində çarizmin Qafqazda törətdiyi erməni-müsəlman qırğını ilə bağlı yetərincə yazılar, karikaturalar çap edilibdir. Erməni daşnaklarının iç üzünü ilkin açanlardan biri məhz "Molla Nəsrəddin" jurnalı olub. Doğrudur, xalq istəklərinin, arzu və düşüncələrinin güzgüsü olan "Molla Nəsrəddin" jurnalı haqqında sovet dövründə tədqiqatçılar tərəfindən xeyli əsərlər yazılıb. Əlbəttə, onların arasında son dərəcə sanballı, məzmunlu araşdırmalar var. Bunları inkar etmək olmaz. Xüsusilə də, ədəbiyyatşünas alimlərdən - Abbas Zamanovun, Mir Cəlalın, Əziz Mirəhmədovun, Firudin Hüseynovun, Turan Həsənzadənin yorulmaz fəaliyyəti təqdirəlayiqdir. Amma bir məsələ də var ki, sovet quruluşunun diktəsi bəzi məsələlərin dəqiq, dürüst, aydın şəkildə şərh edilməsinin üstünə qara xətt çəkirdi. Akademik İsa Həbibbəyli başda olmaqla bir sıra tədqiqatçılarımız "Molla Nəsrəddin" jurnalının əldə olan dəstlərini yenidən, həm də latın qrafikası ilə çap etdirərək kitab halında oxucuların ixtiyarına verdilər. Xüsusilə də, İsa Həbibbəylinin qələmə aldığı "Ədəbi tarixi yaddaş və müasirlik" adlı sanballı kitabında həm ustad Mirzə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yoluna, həm də "Molla Nəsrəddin" jurnalına, onun yaratdığı ədəbi məktəbə, sonra davam edən mollanəsrəddinçilik ənənələrinə güzgü tutdu. Böyük ədibin doğum tarixindən tutmuş əsərlərinə qədər hər bir məsələ dəqiqliklə tədqiqata cəlb olundu. Cəlil Məmmədquluzadənin təhrif edilmiş yaradıcılığı olduğu kimi oxuculara çatdırıldı. Sovet dövründə onun çap edilən seçilmiş əsərlərinə, külliyyatına düşməyən əsərləri, nəhayət, işıq üzü gördü. Beləliklə, Cəlil Məmmədquluzadə irsinin toplanması və nəşri yeni mərhələyə qədəm qoydu. Bir daha aydınlaşdı ki, böyük ustadın yaratdığı əsərlər həmişə olduğu kimi, indi də doğma xalqının inkişafına xidmət edir.
Bu gün böyük yazıçının ömür və sənət yolunu öyrənmək üçün əlimizdə istənilən qədər faydalı və mötəbər mənbələr vardır. Cəlil Məmmədquluzadənin adı əbədiləşdirilmiş, əsərləri dönə-dönə böyük tirajla nəşr edilmişdir. Haqqında sanballı elmi əsərlər yazılıb, bədii film çəkilib, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Müxtəlif yerlərdə heykəlləri ucaldılıbdır. Ən böyük abidəsi isə Azərbaycan xalqının qəlbində bərqərar tutub. Əsərləri latın qrafikası ilə çap edilibdir. Filologiya elmləri namizədi Fərman Bayramovun nəşr etdirdiyi biblioqrafiya ədibin həyat və yaradıcılığının tədqiqi baxımdan çox əhəmiyyətlidir. Pyesləri ölkə teatrlarında dəfələrlə tamaşaya qoyulubdur. Azərbaycan ədəbi mühitində Cəlil Məmmədquluzadəyə həmişə böyük rəğbət və məhəbbət olubdur. Cəlil Məmmədquluzadənin oxucuları Azərbaycanla məhdudlaşmır. Onun əsərləri Avropa və Şərq dillərinə tərcümə edilib yayılmışdır. Ədibin ayrı-ayrı hekayələri rus, ingilis, fransız, ərəb, gürcü, özbək, qırğız və başqa xalqların dillərində səslənməkdədir. Kitabları bir neçə dəfə İranda, Türkiyədə çap edilərək oxuculara çatdırılıbdır. Hətta Azərbaycan ədibi haqqında xarici ölkələrdə də tədqiqat kitabları işıq üzü görübdür.
Mirzə Cəlilin bütün əsərləri bir yana, təkcə elə "Molla Nəsrəddin" jurnalı ilə elə qüdrətlə Azərbaycan dərsliyini yaratdı ki, biz onu həmişə oxumaqda və öyrənməkdəyik.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-5 aprel.-S.8.