Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə iştirak etmək üçün Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul etmişdir.

Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Bu gün Azərbaycanda təhlükəsizlik orqanlarının 90 illik yubileyi qeyd olunur. Çox gözəl tarixdir və müstəqil ölkə kimi Azərbaycanın hərtərəfli uğurlu inkişafında təhlükəsizlik orqanlarının çox böyük rolu vardır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhlükəsizlik orqanlarının formalaşmasında çox böyük rolu olmuşdur. Yəqin ki, siz bilirsiniz, onun həyatının böyük bir hissəsi təhlükəsizlik orqanları ilə bağlı olmuşdur və ən kiçik vəzifədən ən yüksək vəzifəyə - general rütbəsinə yüksəlmişdir. Müstəqillik əldə etdikdən sonra ölkədə gedən xoşagəlməz proseslər, daxili qarşıdurma, vətəndaş müharibəsi və bütövlükdə Azərbaycanın müstəqil ölkə kimi yaşaması məsələləri bütün xalqı düşündürürdü və Azərbaycan xalqı çox böyük nigarançılıq içində yaşayırdı. Ölkəmiz üçün bu mühüm tarixi məqamda yenə də Heydər Əliyevin Azərbaycanın - müstəqil ölkəmizin rəhbərliyinə gəlməsi və aparılan siyasi və iqtisadi islahatlar respublikamızı o çətin vəziyyətdən çıxardı. Bu gün Azərbaycan ən uğurla və çox dinamik şəkildə inkişaf edən ölkədir.

Bir də onu demək istəyirəm ki, - Azərbaycan xalqı bunu yaxşı bilir, - əldə edilmiş bütün bu uğurların təməlində ölkədə 1993-cü ildən sonra yaradılmış daxili ictimai-siyasi sabitlik dayanmışdır. İlk növbədə, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, zərərsizləşdirildi. Cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılmağa başlanmışdır. Azərbaycanda daxili vəziyyətin sabitləşdirilməsi nəticəsində ölkəmizə çoxlu xarici və daxili investisiyalar qoyulmağa başlamışdır. İqtisadi islahatlar, siyasi islahatlar aparılmağa başlanmışdır. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, müstəqil ölkə kimi Azərbaycan dünyada öz yerini tuta bilmişdir, öz mövqelərini möhkəmləndirir, regionda və dünyada ölkəmizin müxtəlif sahələrdəki rolu artmaqdadır.

Əlbəttə, indi bütün bu tarixə nəzər salaraq bir daha görürük və yəqin heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafında təhlükəsizlik, sabitlik çox mühüm rol oynayır. O cümlədən Azərbaycanda. Sabitliyin, təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafına çox böyük töhfə verən amillərdir.

Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, Azərbaycan xalqı sülh şəraitində yaşasın, təhlükəsizlik şəraitində yaşasın, ictimai-siyasi vəziyyət həmişə olduğu kimi sabit qalsın, ictimai asayiş pozulmasın və insanlar rahat yaşasınlar. Bu gün belədir və mən hesab edirəm ki, bu, ölkəmiz üçün böyük nailiyyətdir, böyük nəticədir. Biz əldə edilmiş uğurları bundan sonra daha da möhkəmləndirəcəyik.

İndiki zəmanədə, əlbəttə ki, beynəlxalq əməkdaşlıq bütün sahələrdə mühüm rol oynayır. İndi dünyanı bürümüş iqtisadi və maliyyə böhranı həm də onu göstərir ki, bütün ölkələr bir-birinə nə qədər bağlıdır. Eyni zamanda, beynəlxalq cinayətkarlığa qarşı mübarizənin düzgün təşkil edilməsi üçün mütləq ciddi əlaqələndirmə işləri aparılmalıdır. Region çərçivəsində və geniş mənada dünyada təhlükəsizlik orqanlarının əlaqələndirilmiş şəkildə fəaliyyətinin aparılması, əminəm ki, hər bir ölkənin daxili təhlükəsizliyinə müsbət təsir göstərəcəkdir.

Mən çox şadam ki, Azərbaycanın təhlükəsizlik orqanları, Milli Təhlükəsizlik Nazirliyi bu istiqamətdə çox vacib addımlar atmışdır. Bizim bu sahədəki beynəlxalq əməkdaşlığımız inkişaf edir, dost ölkələrlə informasiya mübadiləsi aparılır, bəzi hallarda birgə tədbirlər görülür və bunun nəticəsidir ki, bu istiqamətdə beynəlxalq səviyyədə əməkdaşlıq daha da yüksək səviyyəyə qalxmışdır.

Dünyada müxtəlif vaxtlarda baş vermiş dəhşətli terror hadisələri göstərir ki, nə qədər güclü olmasına baxmayaraq, heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin edə bilməz. Terrorçuluğa, beynəlxalq cinayətkarlığa və digər xoşagəlməz hadisələrə ancaq o təqdirdə təsir etmək olar ki, bütün ölkələr bu işdə birgə fəaliyyət göstərsin. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi ancaq bütün ölkələrin birgə səyləri nəticəsində baş verə bilər. Çünki, siz bunu yaxşı bilirsiniz, indiki zəmanədə cinayətkarlığın yeni növləri üzə çıxır. Əfsuslar olsun ki, cinayətkar aləm də müəyyən dərəcədə elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək cinayətkarlığın yeni üsullarını ortaya qoyur və biz buna hazır olmalıyıq. Ancaq biz birgə, əlaqələndirilmiş səylərlə, fikir mübadiləsi ilə, informasiya mübadiləsi yolu ilə və bəzi hallarda birgə keçirilən əməliyyatlar nəticəsində uğur qazana bilərik.

Azərbaycan bu istiqamətdə, beynəlxalq müstəvidə təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verir, ölkə daxilində, demək olar, əksər ciddi cinayətlərin qarşısı alınır, yaxud da ki, baş vermiş cinayətləri törətmiş ünsürlər zərərsizləşdirilir, həbs edilir. Bu, Azərbaycanın təhlükəsizlik, bütövlükdə hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətinin nəticəsidir. Azərbaycan xalqı əmindir ki, onun təhlükəsizliyi lazımi şəkildə qorunur və xalqın rahat yaşaması üçün bütün şərait vardır.

Mən çox şadam ki, bu gün bizim yubiley tədbirlərimizə gələn qonaqlar Bakı ilə tanış olmaq imkanı əldə ediblər. Bildiyimə görə, bəzi qonaqlar Azərbaycana ilk dəfə səfər edirlər. Bu, eyni zamanda, ölkəmizlə tanışlıq üçün çox yaxşı imkan yaradır. Bununla bərabər, mən əminəm ki, siz bu fürsətdən səmərəli şəkildə istifadə edəcək və azərbaycanlı həmkarlarınızla işgüzar qaydada fikir mübadiləsi aparacaqsınız.

Mən bir daha sizin hamınızı Azərbaycanda salamlayıram. Çox şadam ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının yubileyinə müxtəlif ölkələrdən yüksək vəzifəli şəxslər gəlmişlər və bu bayram tədbirlərində bizimlə bərabər iştirak edəcəklər. Bu fürsətdən istifadə edərək sizə işinizdə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox gözəl əməkdaşlığı vardır və bu əməkdaşlıq müxtəlif formatda - həm siyasi, həm iqtisadi sahədə, humanitar sahədə davam edir. Bir daha demək istəyirəm ki, xaricdən gələn qonaqların təmsil etdiyi ölkələrlə Azərbaycanın çox uğurlu, səmərəli əməkdaşlığı davam edir. Bu dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün mütləq bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq daha da geniş olmalıdır.

Mən həm də istərdim ki, siz Bakıda olduğunuz zaman şəhərimizlə tanış olasınız və əminəm ki, vətəninizə xoş təəssüratlarla qayıdacaqsınız. Bir daha sizi salamlayıram. Azərbaycanın milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini bu gözəl yubiley münasibətilə təbrik etmək istəyirəm. Şəxsi heyətə işlərində uğurlar arzulayıram. Görülən işlərə Azərbaycan dövləti çox böyük qiymət verir. Mən Azərbaycanın hərtərəfli inkişafı üçün, təhlükəsizliyin təmin edilməsi üçün milli təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirirəm. Əminəm ki, onlar gələcəkdə də Vətən uğrunda şərəfli işlərdə böyük fədakarlıqla çalışmaqda davam edəcəklər.

Sonra görüşdə çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr BORTNİKOV demişdir:

- Cənab Prezident!

Əvvələn, icazə verin, dost Azərbaycana gəlmək və Azərbaycanın xüsusi xidmət orqanlarının yubiley şənliklərində iştirak etmək imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirim. Bizim münasibətlərimizin çox dinamik inkişaf etdiyini vurğulamaq çox xoşdur. Uzun müddətdir ki, biz Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə səmərəli əməkdaşlıq edirik. Çox rəmzi haldır ki, bu yubileyin bayram edilməsi ilə əlaqədar təntənəli tədbirlər Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin məzarının ziyarətindən başlanmışdır. Vaxtilə nəinki Azərbaycanın xüsusi xidmət orqanlarının və bütövlükdə Azərbaycan xalqının, həm də birlikdə yaşadığımız keçmiş böyük ölkəmizin təşəkkülü və inkişafı üçün çox böyük işlər görmüş bu insanı biz hamımız yüksək qiymətləndirir, ona ehtiram bəsləyirdik. Biz bu böyük insanı xatırlayırıq və onun xatirəsini əziz tuturuq. Əlbəttə, çox yaxşı haldır ki, ənənələrə ehtiram göstərilir və təhlükəsizlik orqanlarında işləməyə gələn xüsusi xidmət əməkdaşlarının gənc nəsli bu ənənələr əsasında tərbiyə edilir.

Siz çox düzgün vurğuladınız ki, bütün dünya birliyinin qlobal təhdid və təhlükələrlə üzləşdiyi dövrdə ilk növbədə terrorizm böyük narahatlıq doğurur. Biz bu gün bu barədə danışdıq və həmkarlarımızla vaxtaşırı görüşlərdə danışır, müxtəlif formatlarda işləyərək bu təhlükəyə qarşı mübarizə aparırıq. Əlbəttə, hər bir xüsusi xidmət orqanı bu bəlaya qarşı müstəqil mübarizə aparmağa qadirdir. Lakin biz hamımız çox yaxşı başa düşürük ki, yalnız birgə səylərlə, işimizi əlaqələndirməklə, bu terror həmlələrinə qarşı birgə mübarizə aparmaqla bu fəaliyyəti daha səmərəli və keyfiyyətli həyata keçirə bilərik.

Qeyd etmək lazımdır ki, Birlik ölkələrinin xüsusi xidmət orqanlarının çoxu MDB məkanında həm ikitərəfli əməkdaşlıq formatında, həm də çoxtərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırlar. Mən Birlik ölkələri təhlükəsizlik orqanları rəhbərləri Şurasının işini nəzərdə tuturam. Yeri gəlmişkən, Şuranın 26-cı müşavirəsi yaxın vaxtlarda - may ayında Minskdə keçirilməlidir. Biz həmin tədbirə çıxarılacaq məsələləri artıq milli təhlükəsizlik naziri ilə müzakirə etmişik.

Bizim əməkdaşlığımızın geniş formatı təkcə bu salondakıların deyil, həm də bizim işlədiyimiz, ünsiyyətdə olduğumuz qurumların mənafelərini əhatə edir. Mən MDB ölkələrinin xüsusi xidmət orqanlarının İrkutskda keçiriləcək 8-ci beynəlxalq müşavirəsini nəzərdə tuturam. Həmin müşavirədə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaqdır. Biz bu müşavirəyə marağı olan bütün tərəfləri, o cümlədən bugünkü tədbirin iştirakçılarını həmin forumun işində fəal iştiraka dəvət etmişik.

Dövlət rəhbərinin öz ölkəsinin xüsusi xidmət orqanlarının işinə bu cür böyük əhəmiyyət verməsi çox şeyə dəlalət edir. Əlbəttə, hər bir dövlətin təhlükəsizlik maraqlarının qorunması məsələsi ölkə prezidentinin diqqət mərkəzində olur və təbii ki, bu işi görən strukturların qarşısında qoyulan vəzifələr dövlətin daxili və xarici təhlükəsizliyini təmin edən çox mühüm amildir.

Mən onu da xüsusi vurğulamaq istəyirəm ki, Federal Təhlükəsizlik Xidməti xətti ilə biz Milli Təhlükəsizlik Nazirliyi ilə çox fəal qarşılıqlı əlaqə saxlayırıq, bizim üçün ümumi maraq doğuran regionumuzda terrorçuların fəaliyyətinin lokallaşdırılması ilə bağlı konkret birgə tədbirlər həyata keçiririk.

Əməkdaşlığımızın üçüncü sahəsinə gəldikdə, əlbəttə, Xəzəryanı dövlətlərin regional təhlükəsizliyi çərçivəsində bu işin inkişaf etdirilməsinin zəruriliyini də vurğulamalıyıq. Biz bu məsələni də müzakirə etmişik, birgə fəaliyyət planı nəzərdə tutmuşuq və mən tamamilə əminəm ki, bizim səmərəli qarşılıqlı fəaliyyətimiz üçün çox yaxşı perspektiv var.

Mənə burada olmaq, Azərbaycanın, Azərbaycan xalqının məişəti, mədəniyyəti ilə tanış olmaq, Azərbaycanın necə inkişaf etdiyini, Bakının necə tikildiyini görmək imkanı verdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Bakı çox gözəl şəhərdir. Burada hər şey gözəldir və hava şəraiti də buna kömək edir. Mən fürsətdən istifadə edib həmkarlarımızı yubiley münasibətilə təbrik etmək, onların işinin hər cəhətdən səmərəli olmasını arzulamaq istəyirəm. Təbii ki, biz əməkdaşlığımızın inkişaf etdirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Çox sağ olun.

İlham ƏLİYEV: - Sağ olun. Hesab edirəm ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli, regional əsasda əməkdaşlığın daha da genişləndirilməsi barədə sizin dedikləriniz çox vacibdir. Əlbəttə, Qafqaz regionu və Xəzər hövzəsi regionu dünyada baş verən proseslər baxımından getdikcə daha çox maraq doğurur. Təbii ki, bu maraq, diqqət artdıqca, təhlükəsizlik orqanları öz ölkələrinin milli təhlükəsizliyini təmin etməyə bir o qədər hazır olmalıdır.

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları arasında əməkdaşlığın necə inkişaf etməsi bütövlükdə iki ölkə arasında münasibətlərin inkişafının göstəricisidir. Burada səmərəli qarşılıqlı əlaqələrin konkret nümunələri də var, təhlükələr də və onlar praktik olaraq eyni mənbələrdən yaranır. Buna görə də biz, əlbəttə, çoxtərəfli əməkdaşlıq formatını genişləndirməkdə maraqlıyıq. Bu istiqamətdə, biz bütün qonşu dövlətlərlə səmərəli qarşılıqlı fəaliyyət göstəririk və digər hüquq-mühafizə strukturları istiqamətində də yaxşı qarşılıqlı əlaqələrimiz var. Bütün bunları belə geniş formatda nəzərdən keçirmək olar. Yeri gəlmişkən, dünən Bakıda Xəzər hövzəsi ölkələrinin nəqliyyat nazirlərinin birinci konfransı keçirilmişdir. Xəzəryanı ölkələrin sammitində qəbul edilmiş qərarların yekunlarına əsasən, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi qərara alınmışdır. Nəqliyyatçılar birinci olaraq toplaşmışlar. Biz başqa sahələrdə də eyni münasibəti görmək istəyirik. Ola bilsin ki, müəyyən mərhələdə bu cür çoxtərəfli görüş keçirmək mümkün olacaqdır. Bütün bunların çox böyük praktik əhəmiyyəti var. Biz təhdidlərin qarşısını almağa hazır olmalıyıq. Siz bunu başqalarından daha yaxşı bilirsiniz ki, burada nəinki bir gün, hətta bir saat, bir dəqiqə də əhəmiyyətlidir. Buna görə də ölkələrimizin təhlükəsizliyi bizim səmərəli qarşılıqlı fəaliyyətimizdən, bu cür sıx ünsiyyətdən, informasiya mübadiləsindən, məsləhətləşmələrdən, əlaqələndirmədən asılıdır. Mən əminəm ki, gələcəkdə bu istiqamətdə əməkdaşlıq genişlənəcəkdir.

İtaliya Xarici Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin baş direktoru, vitse-admiral Bruno BRANÇİFORTE görüşdə çıxış edərək dedi:

- Cənab Prezident, mərasimdə iştirak edən ölkələrin təhlükəsizlik orqanlarından birinin təmsilçisi kimi mənə həmkarlarımızla görüşmək imkanını yaratdığınıza və ölkənizdə, gözəl şəhərinizdə bizə göstərilmiş qonaqpərvərliyə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Hesab edirəm ki, bu sayda təhlükəsizlik orqanlarının rəhbərlərinin, Azərbaycan dostlarının burada olması beynəlxaq təhlükəsizlik və sülh naminə, yeni qlobal çağırışlara qarşı birgə olmağımızın bariz nümunəsidir. Həmin çağırışları dedikdə, mən beynəlxalq terrorçuluq və transmilli cinayətkarlığı nəzərdə tuturam. Sizin məsləhətlərinizi tam dəstəkləyərək mən öz həmkarlarım adından bildirmək istəyirəm ki, hamımıza yaxşı məlum olan hədələrə qarşı birgə mübarizə olmasa, heç kəs onların qarşısını ala bilməz. Əminəm ki, biz buna nail olacağıq.

Yekun olaraq, icazə verin, Sizə və nazirinizə gələcək işlərinizdə ən böyük uğurlar arzulayaraq bildirim ki, siyasətçilərin "Küləklər şəhəri" adlandırdığı Bakıda olmağımızdan çox şadıq. Sizə qarşıda uğurlu yol arzulayıram.

İlham ƏLİYEV: - Çox sağ olun. Əvvəldə qeyd etdiyim kimi, mən çox şadam ki, bu tədbirdə çoxsaylı qonaqlar iştirak edirlər. Bu, nəinki nəzakət rəmzi, həm də ölkələrimiz arasında real əməkdaşlığın əsl göstəricisidir. Bunlar bizi çox həvəsləndirir, çünki biz milli təhlükəsizlik sahəsində əməkdaşlığımızın genişləndirilməsində çox maraqlıyıq. Əminəm ki, bu tədbir fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında daha sıx əlaqələr qurmaq üçün fürsət yaradacaqdır. Bu gün burada təmsil olunmuş ölkələrin hamısı Azərbaycan üçün dost ölkələrdir. Biz tərəfdaşlığın genişləndirilməsində və bütün sahələrdə əlaqələrin qurulmasında maraqlıyıq. Bu proses uğurla davam edir.

Hamımız bilirik ki, məqsədlərimizə nail olmaq və xalqlarımız üçün daha rahat həyat və inkişafı təmin etmək üçün biz sülhü və sabitliyi, o cümlədən proqnozlaşdırılan vəziyyəti bərqərar etməliyik. Eyni zamanda, vacibdir ki, öz planlarını cızan dairələr bilsinlər: hərc-mərclik və gərginlik yaratmağa və terror aktı törətməyə can atanlara qarşı ciddi tədbirlər görüləcəkdir.

Əfsuslar olsun ki, Azərbaycan beynəlxalq terrorçuluqdan çox əziyyət çəkmiş ölkələr arasındadır. Bu, xüsusən 1990-cı illərin əvvəlində baş vermişdir. Həmin vaxt ölkədə bir çox terror aktları törədilmişdi, minlərlə insan qətlə yetirilmişdi. Bu hadisələr əsasən 1990-cı illərin əvvəlində, 1994-cü ilə qədər baş vermişdir. Siyasi sabitlik bərqərar olandan dərhal sonra terrorçuluğa və cinayətkar ünsürlərə qarşı ciddi mübarizə başladı. Biz bunun müsbət nəticələrini gördük. Bu gün isə Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biri hesab edilir. Yəni, burada insanlar gecə-gündüz rahat hərəkət edə bilir, cinayətkarlığın səviyyəsi çox aşağıdır. Ölkəmizdə törədilmiş cinayətlərin əksər hissəsi açılır, cinayətkarların tam əksəriyyəti məsuliyyətə cəlb olunur.

Təbii ki, belə nəticələrə biz öz səylərimizlə nail olmuşuq. Lakin beynəlxalq əməkdaşlıqdan da çox məsələlər asılıdır. Beynəlxalq əməkdaşlığın vacibliyi bütün sahələrdə aydın görünür. Bu, xüsusən milli təhlükəsizlik sahəsinə, beynəlxalq cinayətkarlığa və terrorçuluğa qarşı mübarizəyə aiddir. Bu mübarizə ölkələrimizi birləşdirir və əminəm ki, bütün dünyanı birləşdirməlidir. Eyni zamanda, vacidbir ki, təhlükəli terrorçu qruplar arasında heç bir fərq qoyulmasın. Terrorçu terrorçudur, onların milliyyəti və ya dini, yaxud da ölkəsi yoxdur. Dünyadakı bütün terror təşkilatlarına qarşı birgə səylərlə mübarizə aparılmalıdır. Yaxşı və ya pis terrorçu ola bilməz. Əgər bir ölkəyə qarşı terror aktı törədilirsə, bu, həmçinin bütün digər ölkələrə, xüsusən də qonşuluqda olan ölkələrə qarşı törədilən akt kimi qəbul edilməlidir. Çünki biz bir-birimizə sıx bağlıyıq. Ona görə də qonşunuzun təhlükəsizliyi sizin təhlükəsizliyinizdir.

Mən sizin hamınıza uğurlar arzulayıram və ümidvaram ki, şəhərimizə səfərinizdən razı qalacaqsınız.

 

* * *

Görüşün sonunda qonaqlar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 aprel.-S.1-2.