Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında

 

Son illər Azərbaycanın müxtəlif bölgələrində ekoloji vəziyyətin, o cümlədən iqlim şəraitinin sağlamlaşdırılması istiqamətində aparılan yaşıllaşdırılma işləri müvəffəqiyyətlə həyata keçirilir.

Görülən tədbirlər ölkədə, xüsusilə də sənaye mərkəzi olan Bakı şəhərində oksigen balansının stabilləşməsinə və paytaxtın estetik görünüşünün yaxşılaşdırılmasına əlverişli zəmin yaradır. Bu sahədə nəzərdə tutulan işləri sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin yaşıllaşdırılması və ətraf landşaftın müasir dizaynla tərtib edilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın birinci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-4 aprel.-S.2.