Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə təsdiq
edilmişdir
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə
Xidməti (bundan sonra - Xidmət) fövqəladə hallara
(hadisələrə) çevik reaksiya verilməsini, fövqəladə
halların (hadisələrin) nəticələrinin aradan
qaldırılması zamanı xüsusi riskli axtarış və
qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə
ilkin yardım və təxirəsalınmaz tibbi yardım
göstərilməsini, təbii, texnogen, yanğın və
terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli
müəssisələrin, qurğuların və digər
obyektlərin öz səlahiyyətləri daxilində
mühafizəsini, humanitar yardımların (yüklərin)
müşayiət və mühafizə olunmasını təşkil
edən, öz səlahiyyətləri daxilində strateji
obyektlərin, qurğuların mühafizəsini və bu sahədə
digər təxirəsalınmaz tədbirləri həyata
keçirən orqandır.
2. Xidmət öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nizamnamələrini, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
(bundan sonra - Nazirlik) əmr və sərəncamlarını rəhbər
tutur.
3. Xidmət öz fəaliyyətini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən Nazirliyin mərkəzi aparatı və
tabeliyində olan qurumlar, icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları, qeyri-hökumət
təşkilatları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
4. Xidmət müstəqil
balansa, qanunvericiliyə uyğun sərəncamında olan
dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və
Xidmətin adı həkk olunmuş möhürə,
müvafiq ştamplara və blanklara, bayraq və rəmzlərə
malikdir.
5. Xidmətin saxlanma xərcləri
və fəaliyyəti Azərbaycan Respublikasının
dövlət büdcəsində Nazirliyin saxlanılması
üçün nəzərdə tutulmuş vəsait
hesabına və Azərbaycan Respublikasının qanunvericiliyinə
zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Xidmət
Bakı şəhərində yerləşir.
II. Xidmətin fəaliyyət istiqamətləri
7. Xidmətin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
7.1. fövqəladə
halların nəticələrinin aradan qaldırılması, əhalinin
və ərazilərin fövqəladə hallardan qorunması
sahəsində dövlət siyasətinin və tənzimlənməsinin
işlənib hazırlanmasında və həyata keçirilməsində
öz səlahiyyətləri daxilində iştirak edir;
7.2. fövqəladə
halların nəticələrinin aradan qaldırılması, əhalinin
və ərazilərin fövqəladə hallardan qorunması
sahəsində, eləcə də fövqəladə
halların qarşısının alınması üzrə
Vahid Dövlət Sistemi daxilində icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi istiqamətində Nazirliyə təkliflər
verir və müvafiq tədbirlər həyata keçirir;
7.3. fövqəladə
hallarda müxtəlif dağıntılar və uçqunlara
məruz qalmış ərazilərdə (zonalarda) öz
qüvvələri və əməliyyata cəlb olunmuş
digər qüvvələrlə təxirəsalınmaz
xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin,
qəza hallarının aradan qaldırılması
üçün profilaktik tədbirlərin həyata
keçirilməsini və öz səlahiyyətləri
daxilində humanitar yardımların mühafizəsini təmin
edir;
7.4. Xidmətin səlahiyyətlərinə
aid edilən məsələlər üzrə normativ tənzimləməni
və nəzarət funksiyalarını həyata keçirir;
7.5. fövqəladə
hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda)
xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin
və terror təhlükələrinə məruz qalan strateji
əhəmiyyətli müəssisələrin,
qurğuların və digər obyektlərin mühafizəsinin
təşkil edilməsində iştirak edir;
7.6. Xidmətin tabeliyində
olan hərbi qüvvələrin və mülki işçilərdən
ibarət xüsusi riskli axtarış və qəza-xilasetmə
dəstələrinin fövqəladə hallarda xilasetmə və
mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində
hazırlığını təmin edir;
7.7. fövqəladə
hallar (qəzalar) baş verə biləcək ərazilərdə
(zonalarda) əhalinin və ərazilərin müdafiəsi
üçün qabaqlayıcı tədbirlərin
görülməsi işlərində digər qurumlarla birlikdə
iştirak edir;
7.8. Xidmətin fəaliyyət
dairəsinə aid edilən sahələrin
inkişafını təmin edir;
7.9. qanunvericiliklə
müəyyən edilmiş digər istiqamətlərdə də
fəaliyyət göstərir.
III. Xidmətin vəzifələri
8. Xidmət bu Əsasnamə
ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
8.1. Xidmət
aşağıdakı məsələlərlə
bağlı təkliflərini Nazirliyə təqdim edir:
8.1.1. fövqəladə
halların nəticələrinin aradan qaldırılması, əhalinin
və ərazilərin fövqəladə hallardan qorunması
və fövqəladə halların qarşısının
alınması sahəsində dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsi
barədə;
8.1.2. fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində Azərbaycan
Respublikasının Milli Konsepsiyasının layihəsi ilə
bağlı;
8.1.3. fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması üçün Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə
nəzərdə tutulmuş digər silahlı birləşmələrin
və qurumların birgə fəaliyyət göstərməsi
barədə;
8.1.4. fövqəladə
halların nəticələrinin aradan qaldırılması, əhalinin
və ərazilərin fövqəladə hallar barədə xəbərdar
edilməsi üzrə monitorinq, proqnozlaşdırma və digər
qabaqlayıcı tədbirlər ilə bağlı;
8.1.5. xüsusi
riskli xilasetmə və digər təxirəsalınmaz əməliyyatların
aparılması və mühafizə tədbirlərinin həyata
keçirilməsi sahəsində təlimlərin və məşqlərin
hazırlanması ilə bağlı;
8.1.6. müdafiə
məqsədləri üçün Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin tətbiq
olunması Planının, Səfərbərlik Planının
və ölkə ərazisinin operativ istehkamlaşdırılması
üzrə dövlət proqramının hazırlanması ilə
bağlı;
8.1.7. Xidmətin fəaliyyəti
ilə bağlı normativ hüquqi aktların
hazırlanması barədə;
8.1.8. Xidmətin tabeliyində
olan struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi
barədə;
8.1.9. Xidmətin qüvvə
və vasitələrinin hazırlıq mərhələlərində
saxlanılmasının, gündəlik fəaliyyətinin idarə
olunmasının və təyinatına görə tətbiq
edilməsinin təmin edilməsi barədə;
8.2. fövqəladə hallar
və terror təhlükələri zamanı və ya belə
hallar baş verdikdə, strateji əhəmiyyətli neft-qaz
hasilatı və emalı müəssisələrinin,
terminalların, magistral boru kəmərlərinin, içməli
su mənbələrinin, elektrik stansiyalarının,
hidrodinamik qurğuların və ölkə iqtisadiyyatı
üçün xüsusi əhəmiyyət kəsb edən
digər müəssisələrin mühafizəsini
müvafiq dövlət orqanları ilə birlikdə təmin
etmək;
8.3. fövqəladə
hallar baş verən ərazilərdə (zonalarda) xüsusi
riskli xilasetmə işlərinin həyata keçirilməsində,
əhalinin, onun əmlakının maddi və mədəni sərvətlərinin
evakuasiyasında (təxliyəsində) iştirak etmək, həmçinin
aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə
fövqəladə vəziyyət zonasında qalmış əmlakın
mühafizəsini və ictimai asayişi təmin etmək;
8.4. müvafiq
dövlət orqanları ilə birlikdə minalanmış ərazilərin
minalardan təmizlənməsində, eyni zamanda mühafizə
tədbirlərinin görülməsində iştirak etmək;
8.5. humanitar
yardımların daşınması zamanı mühafizə tədbirlərini
təmin etmək;
8.6. ölkə
ərazisində hərbi əməliyyatlar nəticəsində
baş vermiş irimiqyaslı qəzalar zamanı hadisə
baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli
xilasetmə əməliyyatlarının keçirilməsini təmin
etmək və müvafiq dövlət orqanları ilə
birlikdə mühafizə tədbirlərinin görülməsində
iştirak etmək;
8.7. Xidmətin təlim və
məşqlərinin planlaşdırılmasına, onların
hazırlanması və həyata keçirilməsinə nəzarət
etmək və qüvvələrinin təyinatı üzrə
tətbiq edilməsini təmin etmək;
8.8. xidməti
vəzifələrini yerinə yetirərkən Xidmətin əməkdaşlarının
təhlükəsizliyini təmin etmək;
8.9. fövqəladə
halların nəticələrinin aradan
qaldırılmasında xüsusi riskli xilasetmə əməliyyatlarının
həyata keçirilməsi ilə bağlı Xidmət
üzrə xilasetmə və mühafizə tədbirlərinin
illik planını hazırlamaq və təsdiq edilməsi
üçün Nazirliyə təqdim etmək;
8.10. fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması ilə bağlı Azərbaycan
Respublikasının Milli Konsepsiyasının və digər
proqramların həyata keçirilməsində öz səlahiyyətləri
daxilində iştirak etmək;
8.11. fövqəladə
hallarda Xidmətin qüvvələrinin maddi-texniki və insan
resurslarının səfərbər edilməsi
imkanlarının cari və perspektiv
planlaşdırılması barədə Nazirliyə təkliflər
vermək;
8.12. fövqəladə
halların nəticələrinin aradan qaldırılması,
fövqəladə halların proqnozlaşdırılması,
qabaqlayıcı tədbirlərin görülməsi və
digər kompleks tədbirlərin həyata keçirilməsi,
həmçinin Xidmətin fəaliyyət sahəsi üzrə
informasiyanın toplanması və sistemləşdirilməsi məqsədi
ilə xüsusi təyinatlı elektron informasiya sisteminin
yaradılmasında iştirak etmək;
8.13. fövqəladə
halların qarşısının alınmasını və
nəticələrinin aradan qaldırılmasını operativ
surətdə təşkil etmək məqsədi ilə Azərbaycan
Respublikasının bütün ərazisini əhatə edən
"Fövqəladə Halların İdarə
Olunmasının Coğrafi İnformasiya Sistemi"nin (GİS)
yaradılmasında iştirak etmək;
8.14. Xidmətə məxsus
xidməti və döyüş silahlarının dövriyyəsinə
nəzarət etmək və döyüş sursatının
saxlanması qaydalarına əməl olunmasını təmin
etmək;
8.15. Xidmətin tabeliyində
olan hərbi qulluqçuların, xilasedicilərin və
fövqəladə halların nəticələrinin aradan
qaldırılmasında iştirak edən digər əməkdaşların
həyatının icbari sığortalanması ilə
bağlı tədbirlər görmək;
8.16. Xidmətin fəaliyyət
sahələri üzrə peşə, kadr və xüsusi
hazırlığını, onların təkmilləşdirilməsini
və ixtisaslarının artırılmasını təmin
etmək;
8.17. beynəlxalq
təcrübə nəzərə alınmaqla, fövqəladə
halların nəticələrinin aradan qaldırılması
zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə
əməliyyatlarının və mühafizə tədbirlərinin
həyata keçirilməsi sahəsində müasir texnika və
texnologiyaların tətbiq edilməsi ilə bağlı tədbirlər
görmək;
8.18. Xidmət
üçün ayrılan büdcə və digər maliyyə
vəsaitlərinin uçotunu aparmaq və onlardan səmərəli
istifadə olunmasına nəzarət etmək;
8.19. Xidmətin fəaliyyəti
ilə bağlı dövlət sirrinin və məxfilik
rejiminin qorunması üçün qanunvericiliyə uyğun
zəruri mühafizə və təhlükəsizlik tədbirləri
həyata keçirmək;
8.20. təbii
və texnogen xarakterli fövqəladə hallar baş
vermiş ərazilərdə (zonalarda) təxirəsalınmaz
xüsusi riskli xilasetmə tədbirlərinin həyata
keçirilməsini, zərərçəkmiş
insanların xilas edilməsini, onlara təcili və təxirəsalınmaz
tibbi yardım göstərilməsini təmin etmək;
8.21. su,
qaz, enerji və digər şəbəkələrdə
baş vermiş qəzaların
lokallaşdırılmasında əlaqədar qurumlarla birgə
iştirak etmək və təxirəsalınmaz xüsusi
riskli xilasetmə işlərinin aparılmasını təşkil
etmək;
8.22. xüsusi
riskli axtarış və qəza-xilasetmə əməliyyatları
zamanı əməliyyat şəraitini qiymətləndirmək
və həmin ərazidə mövcud olan təhlükə dərəcəsi
barədə əməliyyata cəlb olunacaq xilasediciləri məlumatlandırmaq;
8.23. Xidmətin
axtarış və qəza-xilasetmə, eləcə də
mühafizə dəstələrinin əməkdaşlarının
ilkin və təkrar təlimini və peşəkarlıq səviyyəsinin
artırılmasını həyata keçirmək;
8.24. xilasedicilərin
axtarış və qəza-xilasetmə işlərinin həyata
keçirilməsi üzrə mütəxəssislərin
hazırlanması üçün müvafiq tədbirlər
görmək;
8.25. xilasetmə və
mühafizə dəstələrinin daimi
hazırlığını, gündəlik fəaliyyətinin
idarə olunmasını, habelə xüsusi riskli xilasetmə
və mühafizə işlərində, xüsusi təyinatlı
nəqliyyat vasitələrinin, texnikanın,
avadanlıqların, cihaz və alətlərin təyinatı
üzrə tətbiqini və digər imkanlarından istifadəni
öz səlahiyyətləri daxilində təmin etmək;
8.26. Xidmətin səlahiyyətlərinə
aid edilən sahələr üzrə sərgilərin,
konfransların, müxtəlif təlim və idman tədbirlərinin
keçirilməsində iştirak etmək;
8.27. Xidmətin fəaliyyət
istiqamətlərinə dair sahələr üzrə beynəlxalq
əməkdaşlıqda iştirak etmək və beynəlxalq
xilasetmə xidmətləri ilə təcrübə
mübadiləsinin aparılmasında iştirak etmək;
8.28. fövqəladə
halların (hadisələrin) qarşısının
alınması və nəticələrinin aradan
qaldırılmasında, partlayıcı maddələrin,
aviasiya bombaları və fuqaslarının aşkar edilməsi
və zərərsizləşdirilməsi eləcə də
müxtəlif xilasetmə əməliyyatlarının
aparılmasında Xidmətin xilasedici-alpinistlərinin, kinoloqlarının,
dalğıclarının, istehkamçılarının,
paraşütçülərinin və aidiyyəti üzrə
digər xilasedici mütəxəssislərinin imkanlarından
istifadə etmək;
8.29. "112" qaynar xətdən
və digər mənbələrdən daxil olmuş məlumatlara
əsasən yol-nəqliyyat, uçqun, məişət və
digər qəzalar zamanı zərərçəkmişlərin
xilas olunması, onlara ilk yardım və təxirəsalınmaz
tibbi yardım göstərilməsi məqsədilə Xidmətin
xilasetmə dəstələrinin (qruplarının) daim
"Hazırlıq" mərhələsində
olmalarını təmin etmək;
8.30. Xidmətə daxil olan
strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi
barədə nazirliyə təkliflər vermək;
8.31. Xidməti naqilli rabitə
sistemi və səyyar radiorabitə vasitələri ilə və
onların daimi işlək vəziyyətdə
saxlanılmasını təmin etmək;
8.32. potensial
təhlükə obyektlərinin yerləşdiyi ərazilərdə
fəaliyyət göstərən yerli xilasedici dəstələrin
hazırlıq prosesində iştirak etmək və onların
xilasetmə fəaliyyəti ilə bağlı tədris
proqramlarının hazırlanmasına köməklik göstərmək;
8.33. fövqəladə
hallar baş vermiş ərazilərə (zonalara)
axtarış və qəza-xilasetmə dəstələrinin
avadanlıqlarının, alətlərinin, cihazlarının
və xüsusi yüklərinin təcili
çatdırılmasını və mühafizəsini təmin
etmək;
8.34. öz
səlahiyyətlərini yerinə yetirərkən insan və
vətəndaş hüquqları və
azadlıqlarını təmin etmək;
8.35. Xidmətin fəaliyyəti
ilə bağlı ərizə və şikayətlərə
baxmaq və qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görmək;
8.36. Xidmətin fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Xidmətin hüquqları
9. Xidmət öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
9.1. fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində normativ hüquqi
aktların layihələrinin hazırlanmasında iştirak
etmək;
9.2. Xidmətin bu Əsasnamə
ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun struktur bölmələrini yaratmaq, yenidən təşkil
etmək və ya ləğv etmək barədə nazirliyə
təkliflər vermək;
9.3. fövqəladə
hallar və terror təhlükələri zamanı və ya
belə hallar baş verdikdə, strateji əhəmiyyətli
müəssisələrin, qurğuların və digər
obyektlərin mühafizəsinin təmin edilməsində
iştirak etmək;
9.4. sərəncamında
olan dövlət əmlakını və maliyyə vəsaitlərini
qanunvericiliklə müəyyən olunmuş qaydada idarə
etmək;
9.5. qanunvericiliklə
müəyyən edilmiş qaydada öz ehtiyacları
üçün silah, sursat, rabitə vasitələri,
xüsusi texnika və digər texniki vasitələrin
alınması barədə nazirliyə təkliflər vermək,
onların saxlanılmasını və mühafizəsini təmin
etmək;
9.6. Xidmətin hərbi qulluqçularına
qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti
silah və xüsusi vasitələr vermək;
9.7. Xidmətin səlahiyyətlərinə
aid edilən məsələlər barədə lazım olan
məlumatları və sənədləri əldə etmək
üçün strateji obyektlərin rəhbərlərinə,
eyni zamanda icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə
sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
tələb etmək;
9.8. Xidmətin hərbi
qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının,
dövlət qulluqçularının və digər mülki
işçilərinin, onların ailə üzvlərinin,
habelə pensiyaçılarının
sağlamlığının qorunması istiqamətində
kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər
sosial müdafiə tədbirlərinin həyata keçirilməsi
barədə Nazirliyə təkliflər vermək;
9.9. xüsusi
siqnallar və rabitə vasitələri ilə təchiz
edilmiş, tanınma nişanı və rəngi olan xüsusi
nəqliyyat vasitələrinə malik olmaq;
9.10. Xidmətin fəaliyyət
dairəsinə uyğun sahələr üzrə mütəxəssislərin
hazırlanması və kadrların ixtisasının
artırılması işini təşkil etmək;
9.11. Xidmətin fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
V. Xidmətin fəaliyyətinin təşkili
10. Xidmətin aparatı və
tabeliyində olan struktur bölmələri Xidmətin vahid
sistemini təşkil edir.
11. Xidmət öz fəaliyyətini
strukturuna daxil olan bölmələr vasitəsilə həyata
keçirir.
12. Xidmətin hərbi
qulluqçuları vəzifələrinə uyğun olaraq
qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi
qulluq keçirlər.
13. Xidmətin aparatına və
strukturuna daxil olan bölmələrə hərbi qulluğa və
xüsusi rütbəsi olan əməkdaş vəzifələrinə
xidmətə qəbul və vəzifəyə təyin etmə,
hərbi qulluqdan, xidmətdən və vəzifədən azad
etmə Azərbaycan Respublikasının fövqəladə
hallar naziri (bundan sonra - fövqəladə hallar naziri) tərəfindən
həyata keçirilir.
Mülki
işçilərin Xidmətdə vəzifəyə təyin
və vəzifədən azad edilməsi qanunvericiliyə
uyğun olaraq fövqəladə hallar naziri tərəfindən
həyata keçirilir.
14. Nazirliyin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilən
büdcədən maliyyələşdirilən işçilərinin
say həddi daxilində Xidmətin strukturu, aparatının və
tabeliyində olan struktur bölmələrinin ştat cədvəli,
büdcə vəsaitləri üzrə xərclər
smetası fövqəladə hallar naziri tərəfindən təsdiq
edilir.
15. Xidmətin hərbi qulluqçularının,
xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə,
hərbi (xüsusi) rütbəyə görə
maaşlarının məbləği və pul təminatının
digər növləri Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
16. Xidmətin
Aparatının mülki işçiləri dövlət qulluqçusu
statusuna malikdirlər.
17. Xidmətin fəaliyyətinə
fövqəladə hallar naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən Xidmətin rəisi
(bundan sonra - rəis) rəhbərlik edir.
18. Xidmətə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsinə və
hüquqlarının həyata keçirilməsinə görə
rəis şəxsən məsuliyyət daşıyır.
19. Rəisin fövqəladə
hallar naziri tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən bir birinci müavini və iki
müavini vardır;
20. Rəis:
20.1. Xidmətin fəaliyyətini
təşkil edir və ona rəhbərlik edir;
20.2. öz
müavinləri arasında vəzifə bölgüsü
aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini
müəyyən edir;
20.3. Xidmətin maliyyə-təsərrüfat
fəaliyyətinə rəhbərlik edir;
20.4. Xidmətin fəaliyyət
sahəsinə aid olan məsələlərlə
bağlı normativ hüquqi aktların layihələrinin
hazırlanmasını təşkil edir və nazirliyə təqdim
edir;
20.5. öz
səlahiyyətləri daxilində Xidmətin hərbi
qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının
və mülki işçilərinin vəzifəyə təyin
edilməsi, hərbi qulluq və xidmət üzrə yerdəyişmə
və vəzifədən azad edilməsi barədə fövqəladə
hallar nazirinə təqdimat verir;
20.6. Xidmətin tabeliyində
olan struktur bölmələrinin yaradılması, yenidən təşkili
və ləğv edilməsi barədə nazirliyə təkliflər
verir;
20.7. Xidmət üzrə
icrası məcburi olan əmrlər və göstərişlər
verir və onların icrasına nəzarəti təşkil
edir;
20.8. qanunvericiliklə
müəyyən edilmiş qaydada Xidmət üzrə vəzifələrə
uyğun hərbi və xüsusi rütbə hədlərinin
müəyyən edilməsi barədə nazirliyə təkliflər
verir;
20.9. müəyyən
edilmiş qaydada Xidmətin hərbi qulluqçularına və
xüsusi rütbəsi olan əməkdaşlarına polkovnik
rütbəsi daxil olmaqla hərbi (xüsusi) rütbələrin,
o cümlədən vaxtından əvvəl və növbədənkənar
hərbi (xüsusi) rütbələrin verilməsi barədə
fövqəladə hallar naziri qarşısında vəsatət
qaldırır;
20.10. Xidmətin hərbi
qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının
və mülki işçilərinin Azərbaycan
Respublikasının dövlət mükafatlarına təqdim
olunması barədə nazirliyə təqdimat verir;
20.11. Xidmətin səlahiyyətlərinə
aid edilən məsələlər üzrə növbəti il üçün nazirliyin saxlanılması xərclərinin
formalaşdırılması ilə bağlı təkliflər
verir;
20.12. Xidmətin hərbi
qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları
və mülki işçiləri haqqında qanunvericiliklə
müəyyən olunmuş qaydada həvəsləndirmə və
intizam tənbehi tətbiq edir;
20.13. Xidmətin struktur
bölmələrinin əsasnamələrinin layihələrini
hazırlayır və təsdiq olunmaq üçün nazirliyə
təqdim edir;
20.14. Xidmətin fəaliyyəti
ilə əlaqədar beynəlxalq əməkdaşlıqda
öz səlahiyyətləri daxilində nazirlik adından
iştirak edir;
20.15. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqlardan istifadə edir.
Azərbaycan.-2009.-4 aprel.-S.4.