Əsrə qovuşan 23 il
100 yaşı tamam olan Azərbaycan bəstəkarı Asəf Zeynallı cəmi 23 il yaşamışdı. Musiqi tariximizdə özünəməxsus xüsusi yer tutan bu istedadlı sənətkar qısa ömründə elə əsərlərə imza atıb ki, 50 il yaşasaydı, kim bilir nələr yaradardı? Görünür, Tanrı istedad verdiyi bəndələrini bəzən elə erkən sınağa çəkir ki, onlar həyatın enişli-yoxuşlu yollarında mətin addımlar atır, yaşıdlarından seçilir, nakam ömürdə də belə illərin, əsrlərin çətin aşırımlarından asanlıqla keçəcək xarüqələr yaradırlar.
Azərbaycan musiqisində bir çox janrın banisi, böyük əsərlərin yaradıcısı sayılan Asəf Zeynallı cəmi 23 il yaşasa da, mədəniyyətimizin korifeyləri sırasında əbədi yer qazanıb. Bəzən onun bioqrafiyasını araşdıranda, əsərlərinin siyahısına baxanda, musiqisini eşidəndə, nəğmələrini dinləyəndə heyrətlənməyə bilmirsən.
O, 1909-cu ilin aprelində Dərbənddə bağban Zeynal Abdinin ailəsində dünyaya göz açıb. Bir il sonra atasını itirən Asəf iki qardaşı ilə birlikdə anasının himayəsində qalıb. Ailənin gün-güzəranı çətin, şəraiti ağır keçsə də, anaları Əsbənd xanım qadın mətanəti və səbri ilə hər cür əzaba sinə gərə bilirdi. Onu ən çox düşündürən övladlarının gələcək taleyi idi. Çox istəyirdi ki, hamısını oxutsun. Xatirələrdən bəlli olur ki, Əsbənd xanımın geniş dünyagörüşü, təhsilə, elmə böyük marağı olub. Bu səbəbdən də Asəf ilk təhsilini Dərbənddə Realnı məktəbdə alıb. Ailədə olan yaradıcı ruh, musiqiyə rəğbət hissi övladların qanına hopmuşdu. Bu mənada Asəf ayrı-ayrı fənlərlə bərabər musiqi alətlərini də öyrənməyə çalışırdı. Dərbənd Realnı məktəbinin nəfəs alətləri orkestrində klarnet çalmağı öyrənən Asəf Zeynallı musiqiyə dərindən bağlanıb. Elə o vaxtdan da bu sahə onu maqnit kimi özünə çəkib. Ötən əsrin 20-ci illərində Zeynallı ailəsi Bakıya köçüb. O dövrdə Bakı, həqiqətən, milli musiqinin sürətlə yaranıb inkişaf etdiyi mədəniyyət mərkəzi olub. Bəlkə də övladının istedadını duyan ana onun belə bir şəhərdə oxuyub formalaşmasını istəmişdi. Asəf Zeynallı 1923-cü ildə Bakıda musiqi məktəbinə daxil olub oranı bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bir fakt maraqlıdır ki, hər iki məktəbdə Asəfin müəllimi dahi bəstəkar Üzeyir Hacıbəyov olub. Fitri istedadları dərhal seçməyi həssaslıqla bacaran Üzeyir bəy Asəfin gələcəkdə görkəmli bəstəkar ola biləcəyini dəfələrlə həm anasına, həm də özünə söyləmişdi. Üzeyir Hacıbəyov böyük ürəklə, məhəbbət və qayğı ilə Asəfin yaradıcılığını müntəzəm izləyərək bu gəncin mükəmməl musiqiçi kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi.
Asəf Zeynallı hələ konservatoriyada təhsil aldığı illərdə özünün təfəkkürü, musiqi duyumu və nəcib qabiliyyəti ilə çoxundan seçilirdi. Konservatoriya tələbəsi həmin təhsil ocağının nəzdində yaradılmış musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs deyirdi. Sonralar dünya şöhrətli bəstəkar olmuş Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Tofiq Quliyev ilk musiqi təhsillərini məhz Asəf Zeynallıdan almışdılar. Konservatoriyada oxuya-oxuya Türk İşçi Teatrının musiqi şöbəsinin müdiri vəzifəsində çalışan Asəf Zeynallı 1931-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Proletar Musiqiçilər Birliyinin sədri olmuşdur. Asəf Zeynallının uğurlu addımlarının bir səbəbi Tanrının ona verdiyi istedad idisə, digər himayəçisi dahi Üzeyir Hacıbəyov sayılırdı. Çünki Üzeyir bəy həmişə Asəf Zeynallını nəinki cavan, hətta yaşlı nəslə də nümunə göstərirdi.
Asəf Zeynallının özü də bütün işlərində tələsirdi. Sanki onu izləyən ölümün xofunu duymuşdu. Çünki qısa zaman kəsiyində bu qədər ciddi və ardıcıl çalışması nəinki hər gün, hər saatda belə yeni əsərlərin yaranması bu insanın hara isə tələsməsindən xəbər vermirmi? O, bir tərəfdən keçmiş SSRİ-nin iri şəhərlərində, məsələn, Moskva və Leninqradda Azərbaycan musiqisindən ibarət konsertlər təşkil edir, digər tərəfdən də yaradıcılıqla məşğul olurdu. Mütəxəssislər söyləyirlər ki, Asəf Zeynallı üçün yuxu deyilən məfhum olmayıb. Gecə-gündüz bilmədən çalışırmış.
Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın (məsələn, milli romans və s.) yaradıcısı Asəf Zeynallıdır. O, xeyli sayda simfonik kamera, vokal və instrumental əsərlər bəstələmişdir. Halbuki 60-70 yaşlarında dünyasını dəyişmiş bəstəkarlar olub ki, bir-iki mahnıdan savayı heç bir simfonik əsəri qeydə alınmayıb.
"Ölkəm", "Seyran", "Sual", "Sərhədçi", "Çadra" adlı romansları, fortepiano üçün "Çahargah", "Durna" pyesləri, skripka və fortepiano üçün "Muğamsayağı" pyesi unudulmaz bəstəkardan yadigar qalan sənət nişanəsidir. Onun romanslarını o dövrün müğənniləri böyük həvəslə, şövqlə ifa edirdilər Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı az vaxtda məşhurlaşdı. Unudulmaz müğənni Bülbül bu romansı özünəməxsus məlahətlə dinləyicilərə çatdırırdı:
Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən,
Tarlaları, düzləri var ökəmin.
İndinin özündə də bu romansa müraciət edən müğənnilər var. Bu da səbəbsiz deyildir. Musiqi anlayışı olan yaxşı bilir ki, Asəf Zeynallı və Cəfər Cabbarlı kimi dahilərin birgə yaradıcılıqlarının yadigarı olan belə sənət əsərlərini ifa etmək həm çətindir, həm də şərəfli.
Asəf Zeynallı Azərbaycan simfonik musiqisinin ilk nümunəsini yaradan bəstəkarlardan sayılır. İri formatlı "Fraqmentlər" suitası ölümündən bir qədər əvvəl yazılmışdı. Bəstəkar yeni əsərlər üzərində də işləyirdi. "Bakı simfoniyası" adlanan əsəri də, təəssüf ki, yarımçıq qalıb, tamamlanmayıb.
"Uşaq suitası" adlı əsəri ilə Azərbaycan uşaq musiqisinin əsasını qoyan Asəf Zeynallının bu sahədəki böyük xidmətləri əvəzsizdir. Yəni ayrı-ayrı əsərləri var ki, hər biri musiqi mədəniyyətimizdə hadisədir. Əslində, Asəf Zeynallı Azərbaycan musiqisinin ilk qaranquşlarından idi.
Elə bil ki, mühit özü Asəf Zeynallının istedadının daha çox parlamasına kömək edirdi. Bakı Türk İşçi Teatrında tamaşaya qoyulan bir sıra əsərlərin musiqisini yazmağı da Asəf Zeynallıdən xahiş edirdilər. Böyük dramaturqumuz Cəfər Cabbarlı həmişə çalışırdı ki, onun yazdığı pyeslərin musiqisini mütləq Asəf Zeynallı bəstələsin. O dövrdə tamaşaçı marağına səbəb olmuş, istər səhnədə, istərsə də həyatda böyük əks-səda doğurmuş "Sevil" tamaşasının musiqisini Asəf Zeynallı bəstələmişdi. O cümlədən Cəfər Cabbarlının "Dönüş" pyesinə də Asəf Zeynallı tərəfindən musiqi yozumu verilmişdi. H.Nəzərlinin və S.Rüstəmin "Yanğın", Ə.Hamidin "Hind qızı" , V.Kirşonun "Küləklər şəhəri" və digər tamaşalara bəstələnən musiqi də Asəf Zeynallıya məxsusdur.
Azərbaycan musiqi folklor nümunələrinin toplanmasında da Asəf Zeynallı fəal çalışırdı. 50-yə yaxın Azərbaycan xalq mahnısının nota alınmasında o, çox mühüm xidmət göstərmişdir.
Asəf Zeynallının əsərləri ilə məşğul olan sənətkarlar bu fikirdədirlər ki, bəstəkarın yaradıcılığına əsasən milli kolorit, yeni forma axtarışları, bədiilik, obrazlılıq səciyyəvidir. Xüsusilə də onun romansları öz həzinliyi, hiss və duyğulara təsirliliyi ilə diqqət çəkir. Xalq musiqisinə o qədər bağlı idi ki, bu məhəbbət bəstəkarın yaradıcılığında da öz əksini tapırdı. Simfonik əsərlərindən tutmuş romanslarına qədər bütün musiqisində bu qüdrətli təsir duyulmaqdadır. O dövrün ədəbi və siyasi mühitini araşdıranlar haqlı söyləyirlər ki, Asəf Zeynallı 1932-ci ildə xəstəlikdən vəfat etməsəydi, bəlkə də 1937-ci ilin repressiyasından qurtula bilməyəcəkdi. Bütün varlığı ilə millətinə, xalqına, torpağına bağlı olan Asəf Zeynallının düşmən hədəfinə tuş gələ biləcəyi istisna deyildi.
Əgər yaşasaydı, bu bahar günlərində böyük bəstəkarın 100 yaşı tamam olacaqdı. Amma heyflər olsun ki, uzun bir ömrə sığmayacaq əsərlər yaratmış Asəf Zeynallı cəmi 23 il yaşadı. Əsərləri kimi yaşı da cavan və təzə-tər qalan Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyətinin korifeyi sayılırsa, qısa ömrünün böyük notları daim çalınırsa, deməli, o, həmişə yaşayır. Yenə qulaqlarımıza böyük Bülbülün Şuşa dağlarının təravətindən libas geyinmiş məlahətli avazı gəlir:
Verimli torpağı, geniş çölləri,
Çalışqan əlləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Bu yerdə bizim də ürəyimizdən bir fikir keçdi: sənətə, sənətkara həmişə hörməti var ölkəmin. Vaxtilə təhsil aldığı musiqi məktəbi neçə illərdir ki, Asəf Zeynallının adını daşıyır. Yenə də musiqiçilər, mədəniyyət xadimləri bu ocaqdan xeyir-dua alırlar. Bundan sonra da, yəqin ki, belə olacaq. Ona görə ki, unudulmaz Asəf Zeynallı həmişə bizimlədir.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-4 aprel.-S.7.