Ömür yolu yarıda qırılsa da...
Milli teatrımız
yarandığı gündən
onun inkişafına
can yandıranlar, cəfalara,
təhqirlərə dözüb,
gələcəyə inamla,
ümidlə baxanlar çox olub. İllər ötüb keçəcək, lakin həmin insanlar - Mirzağa Əliyev, Mirmahmud Kazımovski, Əhməd Anatollu, Əhməd Qəmərlinski,
Fatma Qədirli, Əli Qurbanov və başqaları heç vaxt, unudulmayacaqlar, həmişə
ehtiramla, sevgi ilə yad olunacaqlar.
Onların sənət, səhnə
ənənələri həmişə
uğurla davam etdirilib. Belə səhnə xadimlərindən
biri də Dövlət mükafatı
laureatı, əməkdar
artist Səməndər Rzayev
olmuşdur. Təəssüf ki, indi onun
haqqında keçmiş
zamanda danışırıq.
Ancaq səhnədə, kino və televiziya ekranlarında oynadığı
60-dan artıq rol, yaratdığı müxtəlif
obrazlar yaddan çıxmır.
Səməndər Ağsu rayonunda anadan olmuşdur. Orta məktəbdə
oxuduğu illərdə
həddən artıq
ciddi xarakterli yeniyetmə kimi tanınmışdır. Bədii qiraəti
ilə dostlarından,
həmyaşıdlarından seçilərdi. Bununla
belə, kimsənin ağlına da gəlməzdi ki, o, aktyor ola
bilər. Ali təhsil
almaq arzusu onu Azərbaycan Dövlət İncəsənət
İnstitutuna gətirdi.
Burada Lütfi Məmmədbəyovdan, Tofiq
Kazımovdan sənətin
sirlərini öyrəndi.
İnstitutu bitirib, bir il Sumqayıt Teatrında işlədi. Sonra bənzərsiz ifa
qabiliyyətini, bacarığını
nəzərə alıb,
onu hazırkı Akademik Milli Dram Teatrına dəvət etdilər. Ömrünün son gününə kimi bu teatrda
fəaliyyət göstərdi.
Biri digərinə bənzəməyən
obrazlar qalereyası yaratdı.
Dövrün teatrşünasları qəzet-jurnallarda
onun ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən
diqqətçəkən məqalələrlə
çıxış edərdilər. Onlardan birinin - məşhur pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun
bu qeydlərini xatırlayırıq: "Səməndər
Rzayev obrazlarla sanki dil tapa
bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə
edirəm". Doğrudan da,
zər qədrini zərgər bilərmiş.
Hər ikisinin ruhu şad
olsun.
Milli teatrımızın
tərəqqisinə, tanınmasına
can yandıranlardan biri
də xalq artisti, görkəmli pedaqoq, bənzərsiz rejissor mərhum Tofiq Kazımov olub. Onun sevdiyi, əzizlədiyi
tələbələri arasında
Səməndər Rzayev
də vardı.
O, Səməndərin xətrini
qədərsiz istəyərdi.
Elə
ilk dəfə quruluş
verdiyi tamaşada gənc-tələbə aktyoru
səhnəyə çıxardan
da Tofiq müəllim olmuşdur.
Haqlı olaraq deyirlər ki, səsin də rəngi, dadı var. O səsi ulu Yaradanımız Səməndərə də
bağışlamışdı. Mövlud Süleymanlının
dövlət radiosunda
hazırladığı, dinləyicilərin
hər sayını maraqla, intizarla gözlədikləri "Bulaq"
xalq yaradıcılığı
verilişinin efirdə
ilk dəfə səslənməsindən
yarım əsrə yaxın vaxt keçir. Onun ilk yaradıcılarından biri Səməndər Rzayev artıq aramızda yoxdur. Amma nə veriliş unudulur, nə də aparıcısı.
Mərhum aktyor oxuduğu
bayatını, qoşmanı,
yaxud hansısa bir rəvayəti elə həzin, kövrək, şirin səsləndirərdi ki, sözlə təsvir edilən mənzərə,
obraz göz önündə canlanardı.
Səməndərin səsi dinləyiciləri
ovsunlayardı, xoş
arzulara doğru aparardı. Çünki o səsdə həzin
musiqi vardı. Ana laylası qədər
şirin, ata zəhmi qədər qətiyyətli idi.
Məşhur "Kral Lir" bədii filminin dublyaj olunub dilimizdə səslənmə
prosesini xatırlayıram. Lent əsərində əsas
qəhrəmanın - Kral
Lirin kadr arxasında "ifaçısı"
Səməndər idi.
Səslənmə başa çatdı.
Filmə
baxış keçirilən
zaman Azərbaycan dilində bircə söz bilməyən milliyyətcə latış
olan rejissor Yan Puq bunu alqışlayaraq
"Bu səs obrazın
xarakterini bütövlükdə
açır" - deyib.
O, zahirən
soyuqqanlı adam
təsiri bağışlayardı.
Əgər: "Ə, bu
mənəm ey, Səməndərəm..." - deyirdisə, demək sənin gileyini gözlərindən duyubmuş.
Çox qəribə,
qeyri-adi tonda pıçıldayardı: "Bu dünya qalmayıb ulu şahlara, zalımdan-zülümdən var
ola bilməz..."
Onunla xeyli televiziya tamaşalarını, verilişlərini
birgə hazırlamışdıq
(indi onlardan çoxu videotekada saxlanılır). Bəzən telestudiyada çəkilişlərə
gecikərdi. Ona irad tutanda ovsunlu gülüşüylə çəkiliş
qrupunu sehirləyərdi.
Mikrofon, kamera önündə mövzuya uyğun elə emosional, bilgili danışardı,
onu qınamağa peşman olardun.
Aktyorlar arasında mərhum Lütfəli Abdullayevdən
sonra ən mərhəmətli, xeyirxah,
özgəsinin kədərini
ürəyində hiss edən,
hətta yadların belə qayğılarına
şərik çıxan
Səməndər Rzayev
olub.
Ondan qalan yadigarlar. Belə unikal
yadigarlardan ilkini onun səsidir. İkincisi, bənzərsiz ifa qabiliyyətidir. Neçə-neçə səhnə əsərində
əsas rollarda oynayıb, 25-dən artıq
bədii filmdə çəkilib. 30-dan çox teletamaşada müxtəlif obrazlar yaradıb. Xeyli əcnəbi bədii
filmlərin dublyajında
iştirak edib. Bunlar Səməndər zəhmətinin,
sənətsevərliyinin ucalığı,
şöhrət zirvəsidir.
Ömrü yarıda
qırılmış Səməndər
Rzayevi xatırlayanda yadımıza Həzrəti
Məhəmməd Peyğəmbərin
(ə.s.) kəlamı
düşdü: "Bu iş
bir haqq əmri olmasaydı, vədə tamam olmasaydı, sonra gələnlər əvvəl
gələnlərə qarışmağa
məhkum olmasaydı,
sənin ölümünə
daha çox yanardıq".
Telman Ağaoğlu
Azərbaycan.-2009.-4 aprel.-S.8.