Baytarlıq təbabətinə
qayğı artırılmalıdır
XXI əsr bəşəriyyətin
tarixinə mədəniyyətlərarası dialoqların,
sivilizasiyaların formalaşdığı və davamlı
insan inkişafının təşəkkül
tapdığı bir dövr kimi daxil olmuşdur. BMT və digər
nüfuzlu, beynəlxalq təşkilatlar dünyanın
inkişaf etmiş və inkişaf etməkdə olan
bütün ölkələrində davamlı inkişafa zəmin
yaradılması üçün müvafiq layihələrin,
proqramların labüdlüyünü və həyata
keçirilməsini diqqət mərkəzində saxlayır və
çox yüksək qiymətləndirir. Davamlı insan
inkişafı konsepsiyası günün tələbləri zəminində
yaranmaqla onun əsas məramı bütün insanların
firavan yaşamaq, maddi rifahının, təhlükəsizliyinin,
sağlamlığının və təhsilinin təminatı,
elm və intellektual səviyyəsinin yüksəldilməsi,
onlardan bəhrələnməsi, ətraf mühitin,
ekolojı tarazlığın qorunub saxlanması,
yoxsulluğun, qeyri-bərabərliyin aradan
qaldırılması və digər məsələlərdir.
BMT İnsan
İnkişafı Əmsalının hesablanması zamanı
sağlamlığı əsas göstərici kimi qəbul
etmişdir. Ölkə vətəndaşlarının
sağlamlığının qorunmasında isə
baytarlıq təbabəti həkimləri cəmiyyətin
inkişafının bütün mərhələlərində
çox misilsiz xidmətlər göstərmişlər.
Baytarlıq təbabəti və tibb elminin mahiyyətini
mükəmməl bilən zəka sahiblərinin məşhur
bir kəlamı var: "Tibb həkimləri yalnız
insanları, baytar həkimləri isə bütün bəşəriyyəti
müalicə edir". Çox böyük və
məntiqli kəlamdır. Çünki hələ antik
dövrlərdə belə taun, vəba, tif, quduzluq, qarayara,
infeksion sarılıq, tülyaremiya, vərəm, brusellyoz və
s. xəstəliklər heyvanlardan insanlara keçməklə
bəşəriyyət üçün çox ciddi fəlakətə
çevrilmişdir. Baytarlıq təbabəti həkimləri
həmişə bu xəstəliklərlə ciddi mübarizə
aparmış, onların yayılmasının
qarşısının alınmasına
çalışmış, bəşəriyyəti bu bəlalardan
qurtarmağa can atmışlar.
Vaxtilə aqrar
sahə üzrə kadrlar hazırlayan, güclü elmi-
pedaqoji potensiyalı olan yeganə təhsil ocağı - Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasının alimlərini
aqrar sahənin işçilərinə elmin, texnikanın yeni
nailiyyətləri barədə mühazirə oxumaq
üçün rayonlara göndərirdilər. Ənənəyə
çevrilən bu tədbir hər il təkrar
olunurdu və öz bəhrəsini verirdi. Son
vaxtlara qədər təsərrüfatlarda baytar həkimlərinin
böyük praktiki vərdiş qazanmış təcrübəli,
savadlı, səriştəli bir ordusu
çalışırdı. Acınacaqlı
və dözülməz haldir ki, bu gün onların çoxu
artıq öz ixtisası üzrə işləmir. Fermerlərlə
tez-tez görüşürük, onların təsərrüfatlarının
baytarlıq xidmətlərindən tamamilə kənarda
qaldığını bildirdikdə cavabları birmənalı
olur: "Bizə baytar həkimi, aqronom, mühəndis-mexanizator,
iqtisadçı lazım deyil, hamısının işini
özümüz görürük". Məsələyə
bu cür yanaşanlar unudurlar ki, heyvanların xəstəliklərini
baytar həkimi, bitkilərinkini isə aqronom bilir, yalnız
onlar bu xəstəliklərin qarşısını almağa
qadirdirlər. Heyvan və bitkilərin xəstəlikləri
ilə kor-koranə, savadsız mübarizə aparmaq olmaz.
Bu, bəşəriyyət üçün
böyük fəlakətə çevrilə bilər. İnkaredilməz tarixi faktdır ki, 1654-cü ildə
Moskva şəhərinin 500 min əhalisi taun xəstəliyi nəticəsində
məhv olmuşdur. Bəşəriyyətin
yaddaşında "Vəba əsri" kimi qalmış XIX əsrdə
təkcə vəba xəstəliyindən Avropa ölkələrində
10 milyon adam ölmüşdür. İnfeksion və invazion xəstəliklərin heyvan
və quşlara verdiyi kütləvi qırğınların,
tələfatların tarixdə sayı-hesabı yoxdur. Taun,
qarayara, pasterellyoz, bradzot, enterotoksemiya, yaman şiş,
emfizematoz karbunkul , çiçək,
dabaq və s. heyvanlar və quşlar arasında böyük tələfatlara
səbəb olmuşdur.
Son zamanlar "quş
qripi", "inək (dəli dana)
quduzluğu", sarı isitmə, quduzluq, infeksion
sarılıq, brusellyoz, vərəm, malyariya, dizenteriya,
qoturluq, dəmrovlar və s. təhlükəli xəstəliklər
dünyanın bir çox ölkələrində tez-tez
müşahidə edilərək insanların
sağlamlığı üçün neqativ fəsadlar
törədir. Unutmaq olmaz ki, infeksion xəstəlikləri
törədən aqentlər heç bir sərhəd
tanımır, heç kəsə güzəştə
getmir, hamıya eyni "münasibətlə
yanaşır", əlverişli şərait yaranan kimi dərhal
xəstəlik törədir. İnfeksiyanı
gizlətmək isə cinayətdir.
Hazırda
infeksiya törədicilərini yayan əsas amillərdən
başlıcası idxal-ixrac olunan heyvan, quş, balıq və
bitki mənşəli yeyinti məhsulları və
xammalıdır. Çünki ölkəmizə xaricdən
gətirilən və ya respublika ərazisində istehsal olunan
məhsullar bəzən baytar-sanitar müayinəsindən
keçmədən satışa buraxılır. Bütün bazarlarda ət, süd, onlardan
hazırlanan məhsulların, bitki mənşəli ərzaqların
satışı, demək olar ki, baytar-sanitariya nəzarətindən
çıxmışdır. Bakı, Gəncə,
Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir kimi
şəhərlərdə, eləcə də rayonlarda
baytar-sanitar qaydalarına ciddi riayət olunmur. Şəhər
və rayon bazarlarında dəhşətli antisanitariya
mövcuddur, sanitar-gigiyena qaydalarına riayət edilmir,
zibilliklər gəmiricilərin çoxalmasına əlverişli
şərait yaradır, onlar tüğyan edirlər. Nəticədə insanlar arasında yoluxma və
ölüm halları, eləcə də toksikoinfeksiyalar və
toksikozlar baş verir. Təkcə 2008-ci
ildə Bakı, Sumqayıt şəhərlərindəki
mağazalarda və ət satışı məntəqələrində
tonlarla ət, süd, balıq və onlardan hazırlanan məhsullar
yararsız, keyfiyyətsiz olduqlarına və baytar-sanitar
ekspertizanın tələblərini ödəmədiyinə
görə satışdan
çıxarılmışdır. 2009-cu
ilin fevral ayında Yalama gömrük postunda Almaniyadan ölkəmizə
gətirilən kolbasa və digər ət məhsulları
tamamilə yararsız olduğu üçün gömrük
postunda yandırılaraq məhv edilmişdir.
Göründüyü
kimi, ölkədə ət məhsullarının
satışı (hələ istehsalını demirik) daha bərbad
vəziyyətdədir. İstər xarici ölkələrdən,
xüsusilə Rusiyadan gətirilən, istərsə də
ölkəmizdə istehsal olunan ət məhsullarının
bir qismi (kolbasa, sosis, qaxac ət və s.) baytar-sanitar müayinəsindən
keçmədən birbaşa mağazalara verilir. İlin isti fəsillərində bu məhsulların
günün altında, açıqda, tozlu yolların kənarlarında
satılması isə yolverilməzdir. Botulizmin
törədicisinin toksini (zəhəri) bu cür zay məhsullarla
insanları zəhərləyir. Halbuki dünyanın
inkişaf etmiş dövlətlərində bütün
növ ərzaqlar, o cümlədən ət, süd, balıq
və onlardan hazırlanan məhsullar yalnız ciddi
baytar-sanitar müayinəsindən keçdikdən sonra
xüsusi soyuducularda saxlanılmaq şərti ilə
satışa buraxılır.
Xəstə, məcburi
kəsilmiş və ölmüş heyvanların daxili
orqanlarının və əlavə məhsullarının
yoxlanmadan və ekspertizadan keçmədən satışa
verilməsi daha təhlükəlidir. Bir qayda olaraq, insanlara
keçən xəstəliklərin törədiciləri əsasən
parenximatoz orqanlarda (qara ciyər, böyrəklər, dalaq,
limfa düyünləri) toplanır və uzun müddət
yaşamaq qabiliyyətini saxlayır. Bu
cür orqanları yedikdə insanlarda güclü, çətin
müalicə olunan və bəzən ölümlə nəticələnən
intoksikasiyalar (zəhərlənmələr) baş verir.
Təkcə exinokokkozun törətdiyi faciəni bilmək
üçün görkəmli alim, mərhum professor Qulu Xəlilovun
"Yaşamaq istəyirəm " əsərini
oxumaq kifayət edər (mərhum bu xəstəlikdən 9 dəfə
cərrahiyyə əməliyyatına məruz qalıb).
Azərbaycanda
gön-dəri məmulatının toplanması, tədarükü
və satışı da tam nəzarətsizdir. Əvvəla,
bu məmulatlar infeksion xəstəliklərin əsas
yayılma mənbəyi olduğundan onların tədarük
olunmasına və sənaye müəssisələrində
emalına ciddi nəzarət qoyulmalıdır. Gön-dəri xammalı qarayara, qoturluq, dermatomikozlar
kimi insanlar üçün daha təhlükəli sayılan
çətin və gec müalicə olunan xəstəliklərin
törədicilərinin əsəs mənbəyidir. Bu xammalın toplanması, tədarükü və
göndərilməsi yalnız baytar həkiminin bilavasitə rəhbərliyi
altında olmalıdır. Bizdə isə
bu sahadə də özbaşınalıq mövcuddur. Ölkəmizə xaricdən gətirilən heyvan məhsulları
və xaricə göndərilən gön-dəri
xammalının yoxlanması üçün başqa dövlətlərdə
olduğu kimi, müasir tələblərə cavab verən
xüsusi baytar-sanitariya laboratoriyasının yaradılması
artıq günün vacib tələbidir. Hər
cür heyvan məhsulu bu laboratoriyalarda xüsusi üsullarla
(bakterioloji, orqanoleptik, toksikoloji, seroloji və s.) müayinə
olunduqdan və sanitariya cəhətdən qiymətləndirildikdən
sonra onun ölkə ərazisinə gətirilməsinə icazə
verilə bilər. Sərhəd
postlarında karantin xidməti də yarıtmaz vəziyyətdədir.
Bu sahəyə diqqət artırılmalı,
baytarlıq xidməti gücləndirilməli, dezinfeksiya tədbirləri
müvafiq təlimat əsasında və müasir tələbata
uyğun olaraq aparılmalıdır.
Yumurta tez xarab
olan və insanlar üçün təhlükəli
intoksikasiya mənbəyi sayılan ərzaq məmulatıdır. İnsanlar
üçün təhlükəli sayılan tif (pulloroz),
kolibakterioz, salmonellyoz, pasterellyoz, vərəm və s.xəstəliklərin
törədiciləri yumurtada daha sürətlə
çoxalaraq müxtəlif toksikoinfeksiyalara səbəb olur.
Ona görə də yumurta yalnız ciddi
baytar-sanitar müayinəsindən keçdikdən və qiymətləndirildikdən
sonra satışa buraxılmalıdır.
Ölkəmizdə
baytar-sanitar nəzarətindən tamamilə kənarda qalan
vacib sahələrdən biri də balıq ətinin
satışıdır. Kür-Araz ovalığı ərazisindəki
rayon və kəndlərdən keçərkən yol boyu
özbaşına, nəzarətsiz balıq
satışını görəndən sonra heç bir
şərhə ehtiyac qalmır. Yaxud bunun
üçün Yevlax rayonunun Xanabad kəndindən və
suvarma Qarabağ kanalı körpüsündən (Mingəçevir
stansiyası ərazisində) bir dəfə keçmək
kifayət edər. Unutmaq olmaz ki,
balıqlardan insanlara keçən invazion (klonorxoz, opistorxoz,
hetorofoz, metaqonimoz, paraqonimoz, difillobotrioz, anizakoz, eozinofil
meningit və s.) və infeksion (qarın yatalağı,
septisemiya, salmonellyoz, qastroenterit, diareya, botulizm, stafilokok
intoksikasiyası, qızılyel, infeksion hepatit və s.) xəstəliklərin
sayı daha çoxdur. Dünya şöhrətli alim,
Azərbaycanda ekologiya elminin banisi, mərhum akademik Həsən
Əliyev "Həyəcan təbili" kitabında
respublikamızın təbii sərvətlərinin, o cümlədən
balıq ehtiyatının qorunub saxlanmasının vacib
olduğunu söyləmişdir. Həsən Əliyev
elmi konfranslarda və görüşlərdə həmişə
deyirdi ki, Azərbaycanda balıqçılığı
inkişaf etdirmək, nadir balıqların sayını
artırmaq alimlərimizin qarşısında duran ən
ümdə məsələ olmalıdır. Bunun üçün həm də səriştəli
mütəxəssislər-ixtioloqlar (balıqçılar) və
ixtiopatoloqlar (balıqların xəstəliklərini öyrənən
mütəxəssislər) hazırlanmalıdır. Görəsən, mərhum alimin qiymətli vəsiyyətlərinə
bu gün necə əməl olunur? Təəssuf ki, vəziyyət
ürəkaçan deyil! Bu sahədə tədbirlər
planı hazırlanıb çox ciddi ölçü
götürülməlidir, balıq ovuna nəzarət
gücləndirilməklə qanunsuz balıq ovlayanlara
qarşı hüquq-mühafizə orqanları ilə birlikdə
mübarizə aparılmalıdır.
Süd və
süd məhsulları tarixən milli mətbəximizin və
süfrələrimizin əsas qidası olub. Bəs, indi
necə? Əfsuslar olsun ki, bu məsələ
də dözülməz vəziyyətdədir. Süd qiymətli, zəngin yeyinti məhsulu olsa da,
patogen mikrobların çoxalması üçün ən əlverişli
mühitə malikdir. Süd və ondan
hazırlanan məhsullar insanlar üçün qorxulu olan
brusellyoz, vərəm, leykoz, dabaq, leptospiroz, kolibakterioz,
salmonellyoz, stafilokkokoz, streptokkoz kimi xəstəliklərin mənbəyidir.
Danılmaz faktdır ki, əhali arasında
brusellyoz, vərəm kimi təhlükəli xəstəliklər
hələ də müşahidə olunur. Bu gün beynəlxalq miqyasda epidemioloji əhəmiyyətə
malik mastitlər haqqında xüsusi qeyd etmək
lazımdır. Mastitlərlə xəstə
heyvanların südünü və ondan hazırlanan məhsulları
qəbul edən insanlarda, xüsusilə azyaşlı
uşaqlarda uzun müddət müalicə tələb edən
qorxulu xəstəliklər - qastroenterit, bronxopnevmoniya, faringit,
laringit, qarın yatalağı, tif, paratif, dizenteriya, xolera,
skarlatina, difteriya, hətta meningit müşahidə olunur. Mastitlər zamanı süd və ondan hazırlanan məhsullar
qidalığını, texnoloji keyfiyyətini itirir, yeyinti
üçün yararsız sayılır, insanlarda
toksikoinfeksiyalara və toksikozlara səbəb olur. Göründüyü kimi, süd və süd məhsullarının
yalnız sanitariya cəhətdən düzgün qiymətləndirildikdən
sonra satışa buraxılması vacib məsələdir.
Təəssüf ki, Azərbaycanın şəhər
və rayon bazarlarında süd və onun məhsulları əksər
hallarda baytar-sanitar ekspertizasından kecmədən
satılır. Pendir ən azı 40 gün
xörək duzu məhlulunda saxlandıqdan sonra istifadə
edilməli olduğu halda bizim bazarlarda hətta mərkəzi
şəhərlərin dəbdə olan restoranlarında təzə
pendir dadlı məhsul kimi qiymətləndirilir. Lakin hamı bilməlidir ki, təzə pendir
brusellyoz, vərəm, leptospiroz, dabaq, salmonellyoz, kolibakterioz və
başqa xəstəliklərin törədicilərinin
insanlara keçməsinin əsas mənbəyidir, bu xəstəliklərə
yoluxan insanlar isə ömrü boyu əzab çəkirlər.
Ümumiyyətlə, heyvan məhsullarından
insana keçən xəstəliklərin
qarşısını almağın yeganə yolu
bütün bazarlarda müasir tələblərə cavab verən,
lazımi avadanlıqlarla təchiz edilmiş baytar-sanitar
laboratoriyası yaradılmasından,oraya səriştəli
baytar-sanitar mütəxəssislərinin cəlb
olunmasından ibarətdir. Hazırda
bazarlardakı laboratoriyaların yalnız adı var, fəaliyyəti,
avadanlıqları, təchizatı və şəraiti isə
günün tələbləri ilə uzlaşmır.
Qoyunçuluq
respublikamızda həmişə gəlirli sahə olub və
bu gün də çox sürətlə inkişaf etdirilir. Lakin hazırda
dünyanın bəzi regionlarında, o cümlədən
Rusiya Federasiyasında və başqa MDB ölkələrində
əvvəllər müşahidə edilməyən yeni
infeksion xəstəliklərə tez-tez təsadüf olunur ki,
bu da həmin xəstəliklərin törədiciləri nəqliyyat
və yeyinti məhsulları vasitəsilə başqa ölkələrin
ərazisinə gətirilməklə qoyunlar arasında
çox sürətlə yayılır. Əlbəttə,
həmin ciddi təhlükə ölkəmizin də ərazisinə
keçə bilər. Ona görə
profilaktik tədbirlərin aparılmasına indidən
hazırlıq görülməlidir. Əks
təqdirdə, ölkəmizdə yeni infeksiya
ocaqlarının baş verməsi təhlükəsi
qaçılmazdır.
Azərbaycanda
infeksion və invazion xəstəliklərin
yayılmasının digər əsas səbəbləri də
mövcuddur. Belə ki, ferma və təsərrüfatlarda dəhşətli
antisanitariya şəraiti hökm sürür, dezinfeksiya,
dezinvaziya, dezinseksiya, deratizasiya, dezakarizasiya, dezodorasiya tədbirləri
aparılmır, peyin biotermiki üsulla zərərsizləşdirilmir.
Nəticədə gəmiricilər, həşəratlar,
xüsusilə ektoparazitlər (milçəklər, gənələr,
bitlər, birələr), ağcaqanadlar,
mığmığalar və endoparazitlər (qan parazitləri,
helmintlər, dərialtı mozalan sürfələri və
s.) çox sürətlə çoxalır və xəstəlik
törədicilərini yayırlar. Qansorucu
həşəratlar insanlar üçün çox qorxulu
olan transmissiv xəstəliklərin (xolera, qarın
yatalağı, difteriya, antiolikoz, sarılıq, ensefalitlər,
spiroxetozlar, leyşmanioz, rikketsiozlar) yayılmasında müstəsna
rol oynayır.
Gəmirici və
həşaratların çox sürətlə çoxalmasına
ən əlverişli şərait yaradan zibilliklərdir. KİV-də
zibil və tullantıların vaxtında toplanıb zərərsizləşdirilməməsi
barədə mütəmadi olaraq məlumatlar verilir. Bəla
ondadır ki , bu işlə məşğul
olan sanitar-epidemioloji stansiyaların rəhbərləri və həkimləri
həmin məsələyə məhəl qoymurlar. Yolverilməz haldır ki, bu zibilliklər əsasən
rayon və şəhərin mərkəzi ərazilərində
yerləşir. Respublikamızın
işğal olunmuş rayonlarından digər ərazilərə
(Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy) gəmiricilərin,
vəhşi faunanın (canavar, çaqqal və s.)
miqrasiyası artıb. Bu da öz növbəsində
insan və heyvanlara keçən infeksiyaların törədicilərinin
geniş yayılmasına əlverişli şərait
yaradır. Gəmiricilər xəstəliklərdən
ölmüş heyvanların cəsədlərini və
zibilliklərdə olan ərzaq tullantılarını yeməklə
bir sıra təhlükəli xəstəliklərin törədicilərini
insanlar arasında yayırlar və həm də
taxılçılığa böyük ziyan vururlar. Malyariya kimi dəhşətli xəstəliyin əsas
yayıcıları olan qansoran həşəratlar
(ağcaqanadlar, mığmığalar) isə gəmiricilərin
yuvalarında daha əlverişli şərait olduğundan
orada çox sürətlə çoxalır və
onların qanını soraraq fəallaşırlar. Gəmiricilərlə mübarizə aparmaq
üçün hazırda güclü təsirə malik
krısid preparatlar mövcud olsa da, ondan istifadə edilmir.
Müasir dövrün
bəlalarından biri də "inək quduzluğu" xəstəliyidir. "İnək
quduzluğu" quduzluğun yeni və daha qorxulu forması
kimi peyda olmaqla, bəşəriyyətdə təlatüm
doğuran xəstəlikdir. Bu xəstəlik İngiltərədə
və digər Avropa ölkələrində inəklər
arasında baş verir və onların ətindən insanlara
keçərək, mərkəzi sinir sisteminin kəskin
qıcıqlanması, sinir hüceyrələrinin ölməsi,
əzələlərin iflici, qıc olması, korluq,
depressiya, güclü baş ağrıları, afoniya və
s. ilə nəticələnir. Həmin xəstəlikdən
indiyədək İngiltərədə 179 min baş məhsuldar
qaramal xəstələnmiş və onların hamısı
çox yüksək temperaturda (aşağı temperatur onu
törədən virusa təsir etmir) yandırılıb tələf
edilmişdir. Bu xəstəliyin
respublikamızın ərazisinə keçməsinin
qarşısını almaq üçün müvafiq
profilaktiki və baytar-sanitariya tədbirləri
aparılmalıdır.
2009-cu ilin yanvar-fevral
aylarında Avstriyada "quş qrip"inə qarşı
hazırlanan vaksin düzgün zərərsizləşdirilmədiyi
(inaktivləşdirilmədiyi) üçün ölkələrdə
peyvənd olunan ev quşları arasında
kütləvi epizootiya başlayaraq insanlara keçmiş və
44 nəfər xəstələnmişdir. Bu xəstəlik
həm də digər qonşu Avropa ölkələrinə
sirayət etmişdir. Dövlət Baytarlıq Komitəsi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkəmizin
ərazisində vəhşi ornitofaunanın (çöl
quşlarının) "quş qrip"inə görə
monitorinqlər keçirməsinin xəstəliklə
mübarizədə xüsusi əhəmiyyəti var. Lakin həmin
xəstəliklə mübarizə üçün əhalinin
və ictimaiyyətin maarifləndirilməsi məqsədilə
baytarlıq təbabəti alimlərinin bu sahəyə cəlb
edilməsi çox vacibdir.
Baytarlıq təbabətinin təşviş doğuran məsələlərindən biri də onun təchizatının bugünkü vəziyyətidir. Əvvəla, şəhər və rayonlarda saysız-hesabsız baytarlıq aptekləri fəaliyyət göstərir. Amma onların əksəriyyətində baytarlıq ixtisası olmayan şəxslər işləyir. Dərmanlar, bioloji preparatlar təlimata uyğun olmayan şəraitdə saxlanılır, xarab olmuş dərmanlar satılır. Baytarlıq aptekləri Dövlət Baytarlıq Xidmətinin bilavasitə nəzarəti altında olmaqla onların fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Şəhər və rayonlarda fəaliyyət göstərən baytarlıq stansiyaları və laboratoriyalarının bugünkü vəziyyəti də təşviş doğurmaya bilməz. Onlar müasir avadanlıq və təchizatla təmin olunmalı və fəaliyyətləri gücləndirilməlidir. Azərbaycanda baytarlıq preparatları (vaksinlər, serumlar, diaqnostikumlar və s.) istehsal edən bioloji fabrikin yaradılması da günün tələbidir.
Baytarlıq təbabətinin süqutunun qarşısının alınmasında kütləvi informasiya vasitələrinin böyük rolu olmasına baxmayaraq, bu sahədə vəziyyət ürəkaçan deyil. Əksər televiziya kanallarında verilişlər artistlərə, müğənnilərə, meyxanaçılara və "şou" proqramlarına həsr olunur. Bəs, aqrar sahə? Dözülməz və yolverilməz haldır ki, aqrar sahənin, eləcə də baytarlıq təbabətinin alimləri, mütəxəssisləri, onların fəaliyyəti tamamilə unudulub. Yaddan çıxarmayaq ki, aqrar elmin inkişafı, bu sahədə elmi-texniki tərəqqi, ərzaq məhsulları olmadan ümumi inkişafdan söhbət gedə bilməz. Bu sahənin mütəxəssisləri isə əsasən Kənd Təsərrüfatı Akademiyasında hazırlandığı üçün bu təhsil ocağının alimlərinin KİV-də çıxışlarına geniş yer verilməlidir.
Əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində baytarlıq təbabəti üzrə fəaliyyət göstərən QHT-lərin də müvafiq layihələr hazırlayaraq onları həyata keçirməsi olduqca əhəmiyyətlidir. Bunun üçün isə QHT-lərə Dəstək Şurası tərəfindən bu sahədə fəaliyyət göstərən təşkilat və ictimai birliklərə maliyyə yardımı göstərilməsi davamlı və dayanıqlı xarakter almalıdır.
Ələddin Əsgərov,
əməkdar elm xadimi,
AKTA-nın kafedra müdiri
Eldar Hüseynov,
AKTA-nın dosenti
Azərbaycan.-2009.-4 aprel.-S.6.