Qadın güləşçilərimizin növbəti uğuru

 

Xəbər verdiyimiz kimi, Litvanın paytaxtı Vilnüsdə sərbəst, yunan-Roma qadın güləşi üzrə Avropa çempionatı keçirilir. Bu mötəbər turnirdə sərbəst güləşçilərimiz 4 qızıl, 1 gümüş 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutmuşlar.

Srağagün qadın güləşçiləri mübarizəyə qoşulmuşlar. 67 kq çəki dərəcəsində mübarizə aparmış Zümrüd Qurbanhacıyeva yalnız final görüşündə ukraynalı İrina Burmistrovaya (0:1, 1:1) məğlub olaraq qitə birinciliyinin gümüş medalına layiq görülmüşdür.

Dünən digər qadın idmançılarımız döşək üzərinə çıxmışlar. Əvvəlcə Mariya Stadnik mübarizəyə başlamışdır. O ardıcıl olaraq rusiyalı Liliya Kaşkarova (4:0, 5:4), ukraynalı Mariya Livaç (3:0, 2:0) Polşa güləşçisi İvona Sadovskaya (3:0, 1:0) qalib gələrək finala çıxmışdır. Həlledici görüşdə idmançımızın rəqibi rumıniyalı Estera Dobre idi. Mariya rəqibi üzərində inamlı qələbə qazanaraq (6:0, 7:0) Avropa çempionu olmuşdur.EE

72 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Dina İvanova Belarus idmançısı Natalya Şinkarova üzərində qələbə qazandıqdan (1:2, 3:1, 3:0) sonra təcrübəli Rusiya təmsilçisi Alyona Starodubtsevaya (0:2, 0:0) məğlub olmuşdur. Lakin Alyona Avropa çempionatının finalına vəsiqə qazandığına görə İvanova bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanmışdır. O, ilk təsəlliverici görüşdə avstriyalı Marina Qastlla üz-üzə gəlmişdir. Təəssüf ki, Dina bu görüşdə uduzaraq şansını qaçırmışdır.

Digər təmsilçilərimiz Olesya Zamula (63 kq) italiyalı Diana Mariyaya qalib gəldikdən (3:0, 4:0) sonra isveçli Hanna Yohanssona məğlub olmuşdur (1:3, 1:3). İsveç güləşçisi həlledici görüşə vəsiqə qazanmadığı üçün Zamula mübarizəni dayandırmışdır.

Nəhayət, son təmsilçimiz Nadya Qradyuk (55 kq) elə ilk görüşündə çexiyalı Lenka Martinakovaya (0:2, 0:1) məğlub olmuşdur. Martinakova növbəti mərhələdə uğursuzluqla üzləşdikdən sonra idmançımızın medal qazanmaq ümidi puça çıxmışdır.

 

 

Azərbaycan.-2009.-4 aprel.-S.8.