Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin növbəti mərhələsi

 

İstənilən dövlətdə demokratiyanın inkişaf səviyyəsi fərdin azadlıqlarının qorunmasına zəmin yaradan plüralist mühitin formalaşdırılması, söz, məlumat, informasiya və fikir sərbətliyinin yüksək səviyyədə təminatı ilə ölçülür. Bu amillər cəmiyyətdə şəffaflığı, siyasi plüralizmi və tolerantlığı şərtləndirməklə, insanların beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Söz, fikir və mətbuat azadlıqları siyasi plüralizmi, eyni zamanda demokratik, şəffaf idarəçiliyi təmin edir. Bu dəyərləri fəaliyyətində daha çox təcəssüm etdirən kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Bu mütərəqqi siyasəti son beş ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyinə sübutdur. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Keçid dövründə KİV-in üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirilmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları civarında borcu dövlət büdcəsindən ödənilmişdir. Qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları da bir daha sübut edir ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Konsepsiyanın ikinci hissəsində vurğulanır ki, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması isə kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunur.

Üçüncü hissədə göstərilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda mətbuata dövlət dəstəyi kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" də təsdiq edilmişdir.

Sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını, maddi-texniki təminatı, xərclər smetasını, ştat cədvəlini, işçilərin say həddi və aylıq vəzifə maaşlarını bir ay müddətində müəyyən etməlidir. Həmçinin hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin ayrılması təmin edilməlidir. Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Fondun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilir. Müşahidə Şurasına namizədlərin irəli sürülməsi, eyni zamanda Azərbaycan Mətbuat Şurasına da tövsiyə olunur.

Beləliklə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaxın perspektivdə formalaşaraq fəaliyyətə başlayacaq. Konsepsiyaya görə, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər. Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilməlidir.

Təşkilati-texniki dəstək isə müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçiriləcəkdir.

Konsepsiyada göstərildiyi kimi, Fond kütləvi informasiya vasitələrinə maliyyə yardımını müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirməlidir. Müsabiqəsiz maliyyə dəstəyi bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımları, habelə dövlət orqanları tərəfindən normativ hüquqi aktların və digər rəsmi sənədlərin nəşrinə sifariş verildikdə məqsədli ayırmaları - subvensiyaları, müəyyən məqsədlər üçün dövlət büdcəsindən verilən maliyyə vəsaitini - subsidiyaları, dövlət və yerli özünüidarəetmə orqanlarının ödənişli reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsini - sosial reklamları nəzərdə tutur.

Müsabiqəli maliyyə dəstəyi isə kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektivli proqram və biznes layihələrin həyata keçirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsini, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılmasını nəzərdə tutur.

Konsepsiyanın beşinci hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri əksini tapmışdır. Yaradılacaq Fond vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi; sosial və siyasi fəallığının artırılması, ictimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə xidmət edən layihə və proqramları dəstəkləyəcəkdir.

Nəhayət, Konsepsiyanın altıncı hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin şərtləri kimi dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığa əsaslanan maliyyə-müqavilə münasibətlərinin formalaşdırılması, dövlət tərəfindən dəstəklənən proqram və layihələrin şəffaf monitorinqinin aparılması və nəticələrin qiymətləndirilməsi, kütləvi informasiya vasitələrində peşə (etik) davranış qaydalarına riayət edilməsi və jurnalist peşəkarlığının artırılması, informasiya vasitəsinin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətliliyi məsələləri önə çəkilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi diqqətəlayiqdir. Əminliklə demək olar ki, belə bir Fondun yaradılması ilə Azərbaycan mətbuatının inkişaf tarixində yeni mərhələnin əsası qoyulmuşdur. Əminliklə demək olar ki, Fondun qarşısında duran məqsədlərin uğurla gerçəkləşdirilməsi kütləvi informasiya vasitələrinin üzləşdiyi bir çox problemlərin aradan qalxmasına, mətbuat-dövlət münasibətlərinin sivil məcrada tənzimlənməsinə əlverişli zəmin yaradacaqdır.

 

 

Samir Elmanoğlu

 

Azərbaycan.-2009.-7 aprel.-S.4.