MDB-nin lideri

 

Azərbaycanın bütün sahələrində qeydə alınan sürətli inkişaf ölkəmizin bir çox göstəricilər üzrə daim böyük bir coğrafiyanı əhatə edən məkanda, o cümlədən MDB-də lider mövqedən çıxış etməsi ilə nəticələnmişdir. Bu, hər şeydən əvvəl iqtisadi inkişaf göstəricilərində özünü göstərir ki, digər sahələrdə də qeydə alınan tərəqqi ondan xeyli dərəcədə asılıdır. Lakin Azərbaycanı MDB məkanında lider mövqeyə çevirən təkcə iqtisdi göstəricilər deyil. Bir çox digər sahələr üzrə də ölkəmiz MDB-nin lideri statusunu daşıyır.

 

İqtisadi inkişafda birincilik yenə Azərbaycana məxsusdur

 

Bu ilin fevral ayında MDB Statistika Komitəsinin son hesablamalarına görə, Azərbaycan iqtisadi inkişaf tempi baxımından yenə də liderliyini qoruyub saxlayır. Statistik hesablamalara əsasən, ümumi daxili məhsul artımına görə, Azərbaycan MDB ölkələri arasında birincidir. Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə ötən ilin yekunlarına əsasən, 10,8 faiz göstəricilə keçmiş ittifaq ölkələrini qabaqlayıb. Növbəti yerləri 10 faizlik artımla Belorus, 8 faizlə Tacikistan, 7,6 faizlə Qırğızıstan, 5,6 faizlə Rusiya tutub. Ən aşağı inkişaf göstəricisi isə Ukraynada qeydə alınıb - 2,1 faiz. Ümumilikdə MDB məkanı üzrə iqtisadi artım tempi 5 faiz olub ki, bu da 2007-ci illə müqayisədə 3,5 faiz aşağıdır. Mütəxəsisslər bunun səbəbini qlobal maliyyə böhranının təsiri ilə izah edir. Hesablamalara görə, bu təsiri ən az hiss edən ölkə də Azərbaycan olub. Bunu iqtisadiyyata yatırılan sərmayələrin həcmi də sübut edir. 2008-ci ildə ölkəyə yatırılan investisiyanın həcmi 34 faiz artıb. Ötən il keçmiş ittifaq məkanında belə göstərici qeydə alınmayıb. MDB Statistika Komitəsinin proqnozlarına görə, 2009-cu ildə də Azərbaycan iqtisadiyyatında 15 faiz artım müşahidə olunacaq. Bu da ən yüksək göstərici hesab olunur.

Sürətli iqtisadi inkişaf tempi isə Azərbaycanın qlobal maliyyə böhranına qarşı dayanıqlı mövqedən çıxış etməsinə və bu problemin ölkəmizə təsirinin cüzi olmasına şərait yaratmaqdadır. Bunun nəticəsidir ki, Rusiya Mərkəzi Bankının məzənnələr əsasında hesablanan dünya valyutalarının sabitlik reytinqində 117 ölkənin ödəniş vasitələri arasında Azərbaycan manatı sabitliyinə görə MDB-də lider olub. Rusiya rubluna qarşı məzənnəsi cari ilin fevralında 21,88% yüksələn Azərbaycan manatı bu göstəriciyə görə MDB-də birinci, bölgədə isə İran rialından (23,79%) sonra ikinci sabit valyuta sayılır.

Son bir ildə Azərbaycan milli valyutasının məzənnəsi Rusiya rubluna qarşı 50 faiz, son üç ayda isə 30 faiz artıb. Rubl-manat valyuta cütlüyündə məzənnənin belə dəyişməsi və milli valyutamızın MDB-də güclü mövqeyi Rusiya və digər Birlik dövlətlərindən olan malların Azərbaycana gətirilməsini ucuzlaşdırır və idxalın genişlənməsinə səbəb olur.

 

Avropada ən sabit bank sistemi Azərbaycandadır

 

Qlobal böhran dünya dövlətlərindən fərqli olaraq Azərbaycanın bank sektorunun sabit inkişafının qarşısını ala bilməyib. Bunu mənzil-qərargahı Brüsseldə yerləşən Avropa Ticarət və Sənaye üzrə İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının son hesabatı da təsdiq edir. Hesabata adı daxil edilən Azərbaycan Beynəlxalq Bankı (ABB) nəinki MDB-də, eləcə də Avropa ölkələrində qlobal maliyyə böhranı şəraitində fəaliyyət göstərən ən sabit kredit təsisatı elan edilib.

Hesabatda bildirilir ki, bu qərarın qəbul edilməsində əsas amillər kimi ABB-nin yerli bank xidmətləri bazarında mövqelərinin möhkəmləndirilməsi, bölgədə ən iri kredit institutu olması, eləcə də Azərbaycanda fəaliyyət göstərən qabaqcıl holdinqlər sırasında yer tutması nəzərə alınıb. Bununla yanaşı, Palata Azərbaycanın və Cənubi Qafqazın ən iri bankı olan ABB-nin Dünya İqtisadi Forumu, eləcə də bu qurumun təşəbbüslərində iştirakına xüsusi diqqət yetirib.

Qeyd edək ki, EEİG 1998-ci ildə Avropanın aparıcı işgüzar dairələri tərəfindən təsis olunub. Onun üzvləri sırasına onlarla Avropa ölkəsi ilə bərabər, ABŞ, Səudiyyə Ərəbistanı, Rusiya və Çin də daxildir.

Bütün bunların nəticəsidir ki, Rusiyanın maliyyə naziri Aleksey Kudrin MDB ölkələri arasında maliyyə böhranından daha çox əziyyət çəkən ölkələr sırasında Rusiya, Qazaxıstan və Ukraynanın, daha az zərər çəkən ölkə kimi isə Azərbaycanın adını çəkir və ölkəmizdə sərmayə həcminin çoxaldığını, iqtisadiyyatın artdığını bildirir.

 

Gürcüstan qlobal böhrandan xilas üçün Azərbaycan sərmayəsinə ümid bəsləyir

 

Azərbaycanın iqtisadi göstəricilər üzrə MDB lideri olması isə bu qurumda yer alan bir çox dövlətləri ölkəmizlə əməkdaşlığa sövq edir və onlar qlobal böhrandan xilas üçün Azərbaycan sərmayəsinə ümid bəslədiklərini gizlətmir. Məsələn, Gürcüstan dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün qonşu ölkələrin, o cümlədən Azərbaycanın köməyinə ümid edir. Tbilisidə etiraf olunur ki, ölkənin ağır iqtisadi vəziyətdən çıxması həm də Azərbaycanın Gürcüstana qoyacağı sərmayələrdən asılı olacaq.

Hazırda xaricdən gələn investisiyaların azalması Gürcüstanda iqtisadi artımın aşağı düşməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri hesab edirlər ki, bu il üçün Gürcüstan iqtisadiyyatında artım 1 faiz olacaq. Ölkənin iqtisadiyyat naziri Laşa Cvaniya isə baş verənlərlə bağlı bildirir ki, ölkədəki iqtisadi vəziyyət xarici investorların, o cümlədən Azərbaycan tərəfinin bura nə qədər investisiya qoymasından asılı olacaq. Çünki Azərbaycan ölkənin ən böyük investorlarındandır.

 

İKT-nin inkişafına görə də Azərbaycan MDB lideridir

 

Bir sıra digər sahələr üzrə də Azərbaycan MDB-yə üzv olan digər dövlətlər üçün qibtə edilə biləcək göstəricilər nümayiş etdirir. Məsələn, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına görə də MDB ölkələri arasında liderdir. Bunu Dünya İqtisadi Forumunun "Qlobal informasiya texnologiyaları" adlı hesabatı da təsdiq edir. 2008-2009-cu illər üzrə aparılmış hesabatın məlumatlarına görə, İKT-nin inkişaf tempinə əsasən, Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutub, MDB ölkələri arasında isə lider olub.

Bu nüfuzlu beynəlxalq təşkilatın reytinqində Azərbaycan 68 göstəricidən 24-ü üzrə hətta dünyanın 50 ən yaxşı dövlətinin siyahısındadır. Hesabatın ümumi nəticəsinə əsasən, Azərbaycan Filippin, İndoneziya, Meksika, Misir, Polşa, Türkiyə kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Hesabatda dövlətlər ölkənin texniki yeniliklərə dair meyli, yüksək texnologiyaların biznes və dövlət sektorunda tətbiqi səviyyəsi, şəbəkə infrastrukturunun inkişafı, eləcədə fiziki və hüquqi istifadəçilərə təqdim olunan İKT xidmətlərinin sayı və keyfiyyəti kimi amilləri əsasında qiymətləndirilib. Hesabatın hazırlanmasında məqsəd internet şəbəkəsinin inkişafına təsir edən amilləri müəyyən etmək, informasiya texnologiyalarının inkişafında biznes infrastrukturu və nizamlanma amillərini təhlil etməkdir. Hesabat həmçinin ölkələrin ümumi inkişaf tempini və rəqabət qabiliyyətlilik potensialını əks etdirir.

Dünya İqtisadi Forumunun Azərbaycanın İKT sahəsindəki nailiyyətlərinə verdiyi bu qiymət ölkədə bu sahənin inkişafı üçün yaranmış əlverişli mühitə, hökumətin bu sahəni prioritet elan etməsi və onun inkişafı naminə görülən işlərlə birbaşa bağlıdır. Azərbaycan ilk dəfə 2005-2006-cı illərin reytinqində təqdim edilib, həmin reytinqdə 73-cü yeri tutub, sonra mövqelərini ardıcıl yaxşılaşdırıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin hələ 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində strateji vəzifələr müəyyənləşdirib. Həmin strategiyaya uyğun olaraq informasiya texnologiyaları sahəsində qanunvericilik bazasının inkişafı üçün Milli Məclisdə bir neçə qanun - poçt haqqında, informasiya təhlükəsizliyi, elektron imza və sənəd, telekommunikasiya haqqında qanunlar qəbul olunub. 2003-cü ilin dekabrında isə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində respublikamız bu sahədə geniş perspektivlərə malik olduğunu təsdiqləyib.

22 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə (2005-2008-ci illər) Dövlət Proqramı"nın (Elektron Azərbaycan) imzalanması bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan, rabitə və informasiya texnologiyalarının hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən təkmil fəaliyyət konsepsiyası olub.

Bütün bunlar İKT inkişafına görə Azərbaycanın MDB-də lider statusuna yiyələnməsini də şərtləndirən əsas amillərdir. Belə hesab olunur ki, bir çox sahələrdə, o cümlədən iqtisadiyyatda inkişaf tempinə görə Azərbaycan hələ uzun müddət MDB-nin lideri statusunu daşıyacaqdır.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-7 aprel.-S.4.