Ölkənin turizm mərkəzlərindən birinə
çevrilmək imkanı
olan Oğuzda bu istiqamətdə real addımlar atılır
Təkcə Prezident İlham Əliyev son 3 ildə Oğuzda 14 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Digər fakt: regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası başlanandan bu ilin yanvarınadək Oğuzda 10832 yeni iş yeri açılmışdır. Bunun 2612-si daimidir. Ötən bir il ərzində isə rayonda 556-sı daimi olmaqla 1229 yeni iş yeri yaradılmışdır.
Aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri rayona gələn hər kəsin diqqətini cəlb edir. RİH-in başçısı Aydın Əlihüseynovun sözlərinə görə, Oğuz şəhərinin tam inkişafı üçün şəhərsalma planı üzrə iş görülür. Həm qədim, həm də müasir şəhərsalma üslubundan istifadə edilməklə mütəxəssislərin birgə rəyi əsasında hazırlanan planın yaxın vaxtlarda icrasına başlanacaq.
Oğuz həm də böyük turizm potensialına malikdir. Prezident İlham
Əliyev oğuzlularla
görüşündə bu məqamı xüsusi vurğulayaraq qeyd etmişdir ki, turizmin inkişafı
Oğuzun gələcək
inkişafına müsbət
təsirini göstərəcək.
Bu sahəyə xüsusi diqqət yetirdiklərini bildirən
A.Əlihüseynov bizimlə
söhbətində bildirdi
ki, rayonun turizm mərkəzinə çevrilməsi üçün
Prezidentin qarşıya
qoyduğu vəzifələrin
icrası baxımından
müəyyən işlər
görülmüşdür. İlk növbədə turizm sahəsində infrastrukturun yaradılması
ilə bağlı rayonda dövlət, eləcə də iş adamları və özəl qurumlar tərəfindən
mühüm tədbirlər
həyata keçirilmişdir.
Hazırda Oğuz şəhərində,
Calut və Xalxal kəndləri ərazisində yeni turizm obyektləri tikilir. Təkcə Oğuz ətrafında
yaradılacaq turizm obyektləri üçün
15 milyon manatdan çox sərmayə qoyulması nəzərdə
tutulmuşdur.
A.Əlihüseynov onu da vurğuladı
ki, Oğuz-Qəbələ-Bakı
su kəmərinin çəkilişi ilə
əlaqədar qazılmış
artezian quyularının
layihə tamamlanandan sonra rayon əhalisinin istifadəsinə verilməsi
məsələsi də
artıq həll edilmişdir. Məlum həqiqətdir ki,
turizmin inkişafında
vacib amillərdən biri də içməli
su məsələsidir.
Bu baxımdan rayonda Nazirlər Kabineti və "Azərsu" Səhmdar Cəmiyyətinin
xətti ilə müəyyən işlər
görülmüş Yaqublu,
Zərrab, Şirvanlı,
Xaçmaz, Padar, Sincan, Buxaz, Calut kəndlərində
14 artezian quyusu qazılmış, Böyük
Söyüdlü kəndinə
29 km uzunluğunda su xəttinin yenidən çəkilməsi bu ilin planına salınmışdır.
Cənubi Qafqazda bənzəri olmayan Qlükoza zavodu Oğuzda tikilir. Dəyəri 12 milyon
ABŞ dolları olan zavod tam gücü ilə işləməyə
başlayanda burada 80
ton qarğıdalı emal
ediləcək və ondan qida sənayesi
üçün 50 tona
yaxın qlükoza istehsal olunacaq. Bundan əlavə, qarğıdalı emalı
kompleksində 50 nəfər
işçi çalışacaq
və istehsalın həcmi artdıqca işçilərin sayı
200 nəfərə çatacaq.
İlkin mərhələdə
texnoloji prosesə nəzarət edəcək
türkiyəli mütəxəssisləri
sonralar yerli mütəxəssislər əvəzləyəcək.
Və nəhayət,
rayon iqtisadiyyatının inkişafında
müəssisə mühüm
rol oynayacaq.
Uzun illər
rayon əhalisinin çörəyə
olan tələbatı
Şəki, Qəbələ
və digər rayonlar tərəfindən
ödənilirdi. Artıq
bu asılılıq aradan qaldırılmış,
Oğuzda sutkalıq istehsal gücü 5 ton olan çörək və çörək məmulatları sexi tikilib istiadəyə verilmişdir.
Oğuz şəhərinin
su və kanalizasiya probleminin həllinə də start verilib. Belə ki, ötən ilin ortalarında Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan "Milli su təchizatı
və kanalizasiya xidmətləri" layihəsi
çərçivəsində Oğuzun, eləcə də Şamaxı, Qəbələ və Zaqatalanın su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı sənəd imzalandı. Ümumi dəyəri 310 milyon
dollar olan (onun 230 milyonunu Dünya Bankı, qalanını isə Azərbaycan hökuməti ödəyəcək)
layihənin reallaşmasına
bu il başlanması
nəzərdə tutulur.
Telman Nəzərli
Azərbaycan.-2009.-7 aprel.-S.5.