Azərbaycan ilə Litva arasında əlaqələri genişləndirmək üçün geniş imkanlar vardır

 

Azərbaycan Cənubi Qafqaz regionunun siyasi mədəni mərkəzidir mən bu ölkədə olmağımdan çox məmnunam. Bu sözləri, Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskas aprelin 7-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Litva arasında əlaqələr sürətlə inkişaf edir. Dövlətlərimizin başçılarının dostluq münasibətləri bizə hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar açmışdır.

Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin Sədri demişdir ki, qanunvericilik sahəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək, digər sahələri əhatə edəcəkdir.

Litva xarici siyasət idarəsinin rəhbəri Viqaudas Uşatskas Azərbaycana ilk dəfə səfər etdiyini bildirmişdir. O demişdir ki, Azərbaycan deyildiyi kimi çox inkişaf etmişdir. Litva hökuməti Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bildirmiş bunun üçün geniş imkanların olduğunu vurğulamışdır.

O demişdir ki, Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəkləməsi olduqca təqdirəlayiqdir. Litva da bu proqramda iştirakda maraqlıdır düşünürük ki, bu hər iki ölkə üçün vacibdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 aprel.-S.2