Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir

 

Aprelin 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşdü. Qonağı səmimi salamlayan spiker onu yenidən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunması münasibətilə təbrik etdi. Oqtay Əsədov bildirdi ki, Avratlantik məkana inteqrasiya yolunu tutan Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir ölkəmiz bu əməkdaşlığı genişləndirməyə hazırdır.

Spiker Oqtay Əsədov Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında yaxşı münasibətlərin olduğunu diqqətə çatdıraraq dedi ki, parlamentlər səviyyəsində Əməkdaşlıq Komitəsinin fəaliyyəti, keçirilən toplantılarda müzakirə olunan məsələlər əlaqələrin inkişafına təkan verir.

Oqtay Əsədov Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətindən danışaraq bu proqram çərçivəsində tərəflərin öz üzərlərinə bir sıra öhdəliklər götürdüyünü qeyd etdi. Qeyd edildi ki, ölkələrin suverenliyi sərhədlərin toxunulmazlığı əməkdaşlığımızın əsas prinsiplərindəndir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan spiker Oqtay Əsədov bildirdi ki, problemin həllində, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsində Avropa İttifaqı səylərini artırmalıdır. Qeyd etdi ki, bunun üçün hüquqi baza, o cümlədən ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT-nin 4 qətnaməsi Avropa Şurasının qərarı var.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Piter Semnebi Azərbaycana səfərinin məqsədini açıqlayaraq bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd etdi. O, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu diqqətə çatdırdı. Piter Semnebi Avropa İttifaqının ölkəmizlə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu söylədi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2009.-8 aprel.-S.2.