Ermənistanla sərhədlərin açılması Azərbaycanla yanaşı, Türkiyənin milli maraqlarına ziddir

 

Türkiyə Ermənistan arasında sərhədlərin açılacağı, diplomatik münasibətlərin bərpa ediləcəyi ilə bağlı yayılan xəbərlər Azərbaycanda iki qardaş ölkə arasındakı səmimi münasibətlərə etimada xələl gətirəcək hal kimi qiymətləndirilir. Türkiyə hakim dairələrinin bu məsələdə loyallıq nümayiş etdirməsi Azərbaycan cəmiyyətinin bütün zümrələrini, o cümlədən iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin üzərinə kölgə düşməsini arzulamayan mətbuat nümayəndələrini ciddi narahat edir. Aprelin 7-də Mətbuat Şurasında geniş toplantı keçirən bir sıra aparıcı qəzetlərin, o cümlədən informasiya agentliklərinin rəhbərləri Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə kəskin etirazını bildirmiş, eyni zamanda türkiyəli həmkarlarına müraciət qəbul etmişlər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq bildirdi ki, Türkiyənin Ermənistanla sərhədləri açması hazırkı şəraitdə regionda sülhə sabitliyə, tərəqqiyə xidmət etmir bu yanlış addım Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirə bilər. Onun sözlərinə görə, Azərbaycan xalqının milli maraqlarına zidd olaraq bu addımın atılması Türkiyənin özünə yaxşı heç vəd etmir. Əflatun Amaşov bildirdi ki, təcavüzkar dövlətlə sərhədlərin açılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərə bilər: "Şübhəsiz, Cənubi Qafqazda vaxtsa sabitlik bərpa olunacaq, Ermənistanla Türkiyə arasında əməkdaşlıq münasibətləri yaranacaq. Lakin Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu indiki şəraitdə Türkiyə ilə Ermənistan arasında hansısa yaxınlaşmanın baş verməsi Ankaranın öz maraqlarına da ziddir. 1993-cü ildə Türkiyə Ermənistanla sərhədlərini qapayarkən ermənilərin qondarma soyqırımı iddialarını, Azərbaycanın 20 faizdən artıq torpağının işğal edilməsini, azərbaycanlılara qarşı soyqırımı terror siyasətinin həyata keçirilməsini haqlı olaraq əsas gətirmişdi. Ermənistan təzavüzkar siyasətini bu gün davam etdirir, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir. Belə olan təqdirdə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin, yaxınlaşmanın baş verməsi Azərbaycanın Ermənistanla problemlərinin dərinləşməsinə gətirib çıxaracaq" deyən Əflatun Amaşov vurğuladı ki, Azərbaycan jurnalistlərinin türkiyəli həmkarlarına müraciətində başlıca məqsəd Ermənistanla sərhədlərin açılmasının yanlış addım olduğunu bəri başdan dost ölkənin iqtidarının diqqətinə çatdırmaqdır.

Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycan dövlət müstəqiliyini əldə etdikdən sonra ərazi bütövlüyünü təmin etmək istiqamətində daim ardıcıl sistemli aparmışdır. Bu mübarizədə indiyə qədər onu yaxından dəstəkləyən dövlət isə yalnız Türkiyə olmuşdur. "Əgər Türkiyə bu gün çətin vəziyyətə düşdüyünü əsas gətirərək prinsipial bir məsələdə geri çəkilirsə, bu, Azərbaycanı da çətin vəziyyətdə qoyur. Azərbaycanın kütləvi informasiya vasitələrinin bu məsələ ilə bağlı türkiyəli həmkarlarına müraciət etməsi son dərəcə düzgün vacib addımdır. Kütləvi informasiya vasitələri ictimai rəyə təsir baxımından böyük gücə, geniş imkanlara malikdir. İnanırıq ki, Türkiyənin kütləvi informasiya vasitələri çağırışımıza səs verib Ermənistanla sərhədlərin açılmasının Türkiyə üçün zərərli olduğunu bir daha bu ölkənin ictimaiyyətinə, habelə rəhbərliyinə çatıracaqlar" deyən Bəxtiyar Sadıqov siyasi yönümündən asılı olmayaraq bütün qəzetlərin bu məsələdə həmrəylik göstərməsini təqdir etdi.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin onun milli maraqları əleyhinə hansısa addım atmasını yanlış qəbuledilməz addım kimi qiymətləndirdi. Dedi ki, cəmiyyətin digər zümrələri kimi, Azərbaycan jurnalistlərinin bu məsələdə həmrəylik nümayiş etdirməsi müsbət haldır. Azərbaycanın milli maraqları ilə bağlı məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır: "Türkiyə iqtidarının Ermənistanla sərhədləri açmaq niyyəti Azərbaycanın milli maraqlarına cavab vermir. Türkiyəli həmkarlarımıza ünvanladığımız müraciəti Azərbaycanın həm iqtidar, həm müxalifət qəzetləri imzalamalıdır. Çünki bu, Azərbaycan üçün taleyüklü məsələdir. Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına qarşı yönələn hər hansı təhdidə qarşı hamımız vahid mövqedən çıxış etməliyik".

"Bakı xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev bildirdi ki, Azərbaycanın milli maraqları ilə bağlı bir məsələdə iqtidar müxalifətyönümlü qəzetlərin vahid mövqedən çıxış etməsi, həmrəylik göstərməsi müsbət haldır. Bizim müraciətimiz Türkiyədə hakimiyyətdə olan siyasi qüvvələri yanlış yoldan çəkinməyə səsləyən xoşməramlı çağırışdır. "Türkiyə xalqı dövləti həmişə Azərbaycanla birgə olub. Açıq deməliyik ki, son 7-8 ildə Türkiyədə hakimiyyətdə olan siyasi qüvvə hansısa motivlərlə Ermənistanla yaxınlaşma istiqamətində aparır. Güman edirəm ki, siyasi mövqeyindən asılı olmayaraq hər bir kütləvi informasiya vasitəsinin rəhbəri müraciəti imzalayacaq, məsələyə öz münasibətini bildirəcəkdir. Türkiyə demokratik dövlətdir orada mətbuatın, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının ictimai rəyə ciddi təsir imkanları var. İnanıram ki, bizim müraciət Türkiyə mətbuatını ciddi şəkildə hərəkətə gətirəcəkdir. İstərdim ki, mətbuatla yanaşı, siyasi partiyalar da bu təşəbbüsə qoşulsunlar".

"Şərq" qəzetinin Baş redaktoru Akif Aşırlı çıxışında bildirdi ki, Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanın milli maraqlarına, milli təhlükəsizliyinə müəyyən təhdidlər gətirir. Türkiyədə hakimiyyətdə olan siyasi qüvvələrin bu yanlış addımı ikitərəfli strateji əlaqələrə ciddi zərər vura bilər. "Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan strateji müttəfiqlik münasibətləri tələb edir ki, Ermənistanla Türkiyə arasındakı sərhədlər açılmasın. Hesab edirəm bu yanlış addım son nəticədə türk dünyasının ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcəkdir" deyən Akif Aşırlı ümidvar olduğunu bildirdi ki, azərbaycanlı jurnalistlərin taleyüklü bir məsələ ilə bağlı müraciəti Türkiyə mediası tərəfindən düzgün qiymətləndiriləcəkdir.

"Paritet" qəzetinin Baş redaktoru Namiq Əliyev qeyd etdi ki, Türkiyənin Azərbaycanın milli maraqları ilə bağlı məsələdə nümayiş etdirdiyi anlaşılmaz mövqe onun türkdilli dövlətləri bir araya gətirmək iddiaları ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, Türkiyə Ermənistanın "for-post" olduğunu düzgün qiymətləndirərək bu dövlətlə sərhədləri açmaqdan imtina etməlidir: "Türkiyə iqtidarı elə düşünməsin ki, sərhədləri açmaqla Ermənistanla münasibətlərdə dönüş yarada biləcək. Çünki Ermənistan başqa bir dövlətin diktəsi ilə hərəkət edir onun heç zaman müstəqil siyasəti olmayıb".

"Xalq qəzeti"nin Baş redaktoru Həsən Həsənov bildirdi ki, Azərbaycan bir sıra strateji məsələlərdə ciddi təzyiqlərlə üzləşsə , Türkiyə ilə səmimi dostluq qardaşlıq əlaqələrinə heç zaman xilaf çıxmayıb. Onun sözlərinə görə, Xəzər neftinin Avropa bazarlarına nəqlində əsas vasitə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz Azərbaycan iqtidarının siyasi əzmi qətiyyəti sayəsində gerçəkləşib: "Azərbaycana olan sərt təzyiqlərə baxmayaraq, ölkəmiz BTC-nin məhz Türkiyə ərazisindən keçməsini istədi. Belə olan halda Türkiyənin Ermənistanla sərhədi açmaq niyyətinə düşməsi Azərbaycanın milli maraqlarına etinasız münasibətdir. Ermənilər Türkiyəyə olan ərazi iddialarını konstitusiyalarında açıq şəkildə göstəriblər. Türkiyə iqtidarı elə düşünür ki, Ermənistanla sərhədi açmaqla bu dövləti Avropa Birliyinə qəbul edəcəklər. Halbuki bu günlərdə Fransa Almaniya prezidentləri Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı olduqlarını bir daha bəyan ediblər".

Toplantıda çıxış edən digər kütləvi informasiya vasitələrinin rəhbərləri birmənalı vurğuladılar ki, Türkiyənin Ermənistanla sərhədləri açması təkcə Azərbaycanın deyil, qardaş ölkənin özünün milli maraqlarına ciddi təhdiddir.

Çıxışlardan sonra "Azərbaycanın kütləvi informasiya vasitələri nümayəndələrinin türkiyəli həmkarlarına müraciəti" yekdilliklə qəbul edildi.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-8 aprel.-S.3.