Azərbaycanın kütləvi
informasiya vasitələri
nümayəndələrinin türkiyəli həmkarlarına
müraciəti
Əziz həmkarlar,
hörmətli qələm
sahibləri!
Son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılacağı, diplomatik
və iqtisadi əlaqələrin qurulacağı
haqqında xəbərlər
bütün Azərbaycan
ictimaiyyəti kimi, biz
jurnalistləri də ciddi narahat etməkdədir. Türkiyənin hakimiyyət nümayəndələrinin
bu xəbərləri
təkzib etməməsi,
eyni zamanda qardaş ölkənin ictimai-siyasi xadimlərinin çıxışlarında və
mediada Ermənistanla Türkiyə arasında əlaqələrin qurulmasını
təsdiq edən çoxsaylı faktların
açıqlanması bu
müraciətin ünvanlanmasını
zərurətə çevirən
əsas səbəblərdir.
Ölkələrlə əlaqə qurmaq, münasibət formalaşdırmaq
hər bir dövlət kimi, Türkiyənin də suveren hüququdur. Tarix əbədi
olaraq sərhədləri
bir-birinin üzünə
qapalı ölkələr
tanımır. Ən kəskin
ziddiyyətlər, qarşıdurmalar,
problemlər nə vaxtsa dinc yolla,
danışıqlar masası
arxasında həllini
tapır. Bu tale yaşadığımız Cənubi
Qafqaz regionu üçün də qaçılmazdır. Lakin
həm Türkiyəyə,
həm də Azərbaycana qarşı iddialarla çıxış
edən, üstəlik,
15 ildən çoxdur
ki, Azərbaycan torpaqlarını işğal
altında saxlayan, azərbaycanlılara qarşı
etnik təmizləmə
siyasəti həyata keçirən Ermənistanla
bərabərhüquqlu və
konstruktiv münasibətlərin
qurulmasından danışmaq
hələ çox tezdir.
İstərdik ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin qurulmasından əvvəl bu dövlətlər arasındakı sərhədlərin bağlı olması səbəblərinə, mövcud durumu zəruri edən amillərə, atılması planlaşdırılan addımın haqq-ədalət prinsiplərinə adekvatlığına, nəhayət, eyni soykökə malik, dili, dini, mədəniyyəti, adət-ənənələri bir olan millətin məskunlaşdığı iki ölkə arasındakı münasibətlərə göstərəcəyi təsirə nəzər salınsın.
Bildiyiniz kimi, Türkiyə Cümhuriyyəti 1993-cü ildə Ermənistanla sərhədlərini bağlayarkən yalnız bu ölkənin ona qarşı irəli sürdüyü ərazi və qondarma "soyqırımı" iddiasını əsas götürməmiş, eyni zamanda türk həmrəyliyinə, qardaşlığına böyük sədaqət və ehtiram əlaməti olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsini, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirildiyini ciddi səbəblər sırasında vurğulamışdı. Azərbaycan xalqı da eyni dəstək və doğmalıqla hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirmişdir. Azərbaycan ictimaiyyəti, dövlət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, xaricdəki diaspor təşkilatlarımız Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti ilə yanaşı, Türkiyəyə qarşı "soyqırımı" və ərazi iddialarının ifşa olunması istiqamətində də məqsədyönlü fəaliyyət göstərmişlər.
İşğalçı dövlətlə hərtərəfli əməkdaşlıqdan imtina, sərhədlərin bağlanması beynəlxalq aləmdə məqbul hesab edilən və təcrübədə özünü doğruldan siyasi vasitələrdəndir. Biz bunun əlamətlərini Türkiyə-Ermənistan münasibətlərinin mövcud durumunda görür və yüksək qiymətləndiririk. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq qurumların çağırışlarına məhəl qoymur, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində barışmaz mövqe nümayiş etdirir. Belə bir vəziyyətdə Türkiyənin Ermənistanla sərhədləri açması və hərtərəfli əlaqələr qurmasından yalnız Ermənistanın faydalanacağına şübhə qalmır. Əminik ki, bu addım Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsir göstərəcək, Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq və onu yeni işğallara həvəsləndirəcəkdir.
Digər tərəfdən, Türkiyə Ermənistanla əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edəcəyi, erməni lobbisinin "soyqırımı"nı tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi şübhə doğurmur.
Hörmətli həmkarlar!
Biz tarixin sərt məqamlarında türkiyəli həmkarlarımızın ədalətin müdafiəsinə qalxmaq cəsarətinə, yüksək peşəkarlığına, dəyanətinə və dönməzliyinə istinad edərək sizi "bir millət, iki dövlət" ideyasına zərbə vura biləcək təhlükənin qarşısının alınmasında yenə öncüllük göstərməyə səsləyirik.
İnanırıq ki, sizin həmrəyliyiniz, əməli fəaliyyətiniz və qətiyyətiniz AKP iqtidarının Ermənistanla sərhədləri açmaq niyyətinin qarşısına keçilməz sədd çəkəcəkdır.
Türkiyənin fədakar qələm sahiblərinə dərin hörmət və ehtiramla,
Azərbaycanın kütləvi
informasiya
vasitələrinin nümayəndələri
Azərbaycan.-2009.-8 aprel.-S.3.