Sosialyönümlü Konstitusiya
islahatı
Müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilməsi zəruri prosesə çevrilmişdir. Ölkədə siyasi-hüquqi sistemin liberal xarakteri və demokratikləşmə proseslərinə adekvat reaksiyası, ilk növbədə, Konstitusiyanın milli və ümumbəşəri dəyərlərə maksimum dərəcədə cavab verməsi ilə şərtlənir. Ötən əsrin sonlarına doğru müstəqilliyə qovuşmuş Azərbaycan xalqı dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul etməklə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, habelə insan hüquq və azadlıqlarının aliliyini prioritet kimi qəbul etmişdir.
Azərbaycan Konstitusiyanın qəbul edilmiş beynəlxalq hüquq prinsiplərinə cavab verməsi, insan hüquq və azadlıqlarına səmərəli təminat mexanizmləri formalaşdırması paralel olaraq siyasi hakimiyyətin ictimai münasibətləri tənzimləyən mütərəqqi qanunlar və digər normativ-hüquqi aktlar əsasında demokratik idarə olunmasına da etibarlı təminat yaradır.
Son 14 ildə Azərbaycanda Konstitusiya əsasında həyata keçirilən çoxşaxəli iqtisadi, siyasi hüquqi islahatların əsas qayəsində məhz vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı prinsipi dayanmış, respublikanın milli inkişaf prioritetləri insan və şəxsiyyət amilinə əsaslanmışdır. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu ali məqsəd kimi qəbul edən Azərbaycan Respublikasının 1995-ci ildən çoxsaylı beynəlxalq konvensiya və sazişlərə qoşulması, milli qanunvericiliyini Avropa təcrübəsi əsasında təkmilləşdirməsi, insan hüquqları sahəsində ixtisaslaşmış bir sıra mötəbər təşkilatlarla qarşılıqlı, faydalı əməkdaşlıq münasibətləri qurması isə, ilk növbədə, uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olmuşdur.
Azərbaycanda Konstitusiyanın tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin intensiv inkişafı, cəmiyyətin idarə olunmasında liberal mexanizmlərin tətbiqinə start verilməsi, demokratik proseslərin qaçılmazlığı fikrinin ictimai düşüncədə tədricən "oturuşması" hələ 2002-ci ildə Əsas Qanunda bir sıra əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdir. Həmin əlavə və dəyişikliklər cəmiyyətin ümumi inkişaf ahənginə cavab vermiş, respublikanın ictimai-siyasi, hüquqi və iqtisadi həyatındakı əsaslı keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.
2003-cü ildən respublikaya inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülməklə, iqtisadiyyatın davamlı olaraq gücləndirilməsi həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini təşkil etmişdir. Xüsusən də son illərdə respublikada demokratikləşmə prosesinin daha sürətlə aparılması üçün, ilk növbədə, insanın azadlığını təmin edən iqtisadi mühit formalaşmış, mülki cəmiyyətin vacib şərtlərindən biri kimi fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sistemi təşəkkül tapmışdır. Ümumi daxili məhsulun əhəmiyyətli dərəcədə artımı, əhalinin pul gəlirlərinin çoxalması, sosial problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sisteminin təkmilləşdirilməsinə də obyektiv zərurət yaratmışdır.
Bir neçə gün əvvəl Moskvada keçirilmiş MDB ölkələrinin maliyyə nazirlərinin iclasında Rusiya Federasiyasının baş nazirinin müavini - maliyyə naziri Aleksey Kudrin Azərbaycanın MDB ölkələri arasında ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu demişdir. MDB Hökumətlərarası Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə birlik ölkələri arasında ən yüksək irəliləmə tempi ilə seçilmişdir: bu rəqəm il ərzində 10,8 faiz olmuş, əsas kapital 34,7 faiz artmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qiymətləndirməsinə görə isə respublikada iqtisadi artım 15 faiz təşkil etmişdir. AYİB-in proqnozuna görə, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında artım 8 faiz olacaqdır. Bu da o deməkdir ki, Azərbaycan dünyanı bürümüş maliyyə böhranından daha az zərərlə çıxmaqla yanaşı, iqtisadiyyatını da inkişaf etdirəcəkdir.
2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqləmişdir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan son seçkilər xalqın mövcud hakimiyyətə olan inamının da bariz təcəssümü kimi diqqəti çəkir. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafa zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi təmin edən, qlobal enerji layihələrinin təminatçısına çevrilən, eyni zamanda respublikanın beynəlxalq arenada nüfuz və mövqeyini möhkəmləndirən ölkə iqtidarı növbəti dəfə cəmiyyətin həlledici çoxluğunun ciddi dəstəyini almışdır. Xalq növbəti müdrik seçimi ilə təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, konkret planlara malik çevik, işlək və monolit komandaya güvəndiyini növbəti dəfə nümayiş etdirmişdir. 18 mart referendumunun yekun nəticələrinə nəzərən şübhə etmədən demək olar ki, ötən beş ilin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlı daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa qətiyyən alternativ görmür. Referendumun yekunu ilə bağlı ümumi qənaət həm də bundan ibarətdir ki, Konstitusiyaya əlavə və dəyişiklikləri makroiqtisadi göstəricilərə imza atan, beynəlxalq nüfuzunu ilbəil gücləndirən, mühüm regional və transmilli enerji-kommunikasiya layihələrinin təminatçısına çevrilən müstəqil Azərbaycanın dövlətçilik maraqları şərtləndirirdi.
Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçərək xalqın siyasi iradəsini ifadə edən ümumxalq səsverməsinin nəticələri həm də təsdiqləyir ki, Azərbaycan seçicisi Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin həm özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin ümumən zamanın ruhu ilə səsləşdiyi, mövcud reallıqlardan irəli gəldiyi də danılmaz həqiqət olaraq obyektivlik hissini itirməyən hər bir vətəndaş tərəfindən etiraf olunur. Ümumiyyətlə, referenduma pozitiv münasibəti ilə Azərbaycan seçicisi hər şeydən əvvəl bu əlavə və dəyişikliklərin onun həyatında daha mütərəqqi yeniliklərə yol açacağına, həmçinin hüquq və azadlıqlarını genişləndirəcəyinə qəti əminliyini, dərin inamını izhar etmişdir.
Konstitusiya hüququ ilə bağlı tarixən formalaşmış nəzəriyyələrdə hüquqi və faktiki konstitusiya anlayışları fərqli yanaşmalar kimi təsbit edilir. Hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqi və faktiki konstitusiya arasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir. 18 mart referendumunun ən başlıca məqsədi də məhz Azərbaycanda hüquqi və faktiki konstitusiyaları bir-birinə yaxınlaşdırmaqdan, onlar arasındakı sivil balansı təmin etməkdən ibarət olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Konstitusiyada əksini tapacaq əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin mənafelərinin qorunmasına, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə kimi geniş spektrli əhəmiyyətli məsələlər daxildir.
Azərbaycan Konstitusiyasının 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik yeni dövrün tələbləri kimi qəbul olunan bir sıra qanunlara, normativ-hüquqi aktlara konstitusion status vermək, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı mexanizmlərini gücləndirmək məqsədi daşımışdır. Sosial və humanist mahiyyəti ilə xüsusi diqqət çəkən bəzi əlavə və dəyişikliklərin qısa şərhi fonunda konstitusiya islahatının hər bir vətəndaşın maraqlarına uyğunluğu bir daha real təsdiqini tapır. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə edilən əlavə Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlir. Həmin maddəyə olunan dəyişikliyə görə insan və vətəndaş hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilir. Bu əlavənin Konstitusiyaya edilməsi respublikamızın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması, hökumətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetə çevrilməsi ilə şərtlənir. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini məhdudlaşdırmır, eləcə də hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını ciddi öhdəlik kimi üzərinə götürür. Ölkənin iqtisadi inkişaf səviyyəsi dövlətə hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək vəzifəsini də irəli sürməyə imkan verir.
Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə edilən "sosial yönümlü" sözləri də bu baxımdan nəzəri cəlb edir. Bu dəyişikliyə görə, "Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasətə konstitusiya təminatı yaradan bu əlavə, eyni zamanda Azərbaycanın qoşulduğu BMT-nin 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına tamamilə uyğundur. Azərbaycan dövləti sosial yönümlü siyasətinə konstitusion status verməklə, hər bir vətəndaşın yüksək sosial rifah səviyyəsinin təmini istiqamətində davamlı fəaliyyət göstərəcəyi ilə bağlı üzərinə ciddi hüquqi öhdəlik götütür.
Ümumiyyətlə, sosial dövlətin səciyyəvi cəhəti onun sosial siyasətində öz əksini tapır. Dövlətin sosial siyasəti onun ümumi siyasətinin bir hissəsi olub, bütövlükdə cəmiyyətlə onun üzvləri arasında, habelə müxtəlif sosial qruplar arasında yaranan, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat tərzinin yaxşılaşdırılması ilə bağlı olan münasibətlərin nizama salınması üzrə fəaliyyətdir. Dövlətin sosial siyasəti son nəticədə bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına yönəldilmişdir. Bu reallıqlar fonunda Konstitusiyanın 12-ci və 15-ci maddələrinə edilmiş əlavələrin cəmiyyətin ən müxtəlif təbəqələrinin, xüsusən də aztəminatlı vətəndaşların mənafeyinə tam cavab verdiyi aşkar görünür.
Əsas Qanunun 17-ci maddəsinə edilən əlavələr isə dövlətin təkcə sosial yönümlü deyil, həm də humanist və insanpərvər siyasətini əks etdirir. Son illər Azərbaycanda uşaq hüquqlarının təminatı istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, respublikamız BMT-nin 1988-ci il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş, Milli Məclisdə "Uşaq hüquqları haqqında" "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilmiş, valideyn himayəsindən məhrum uşaqlar hərtərəfli dövlət himayəsi ilə əhatə olunmuş, uşaq əməyinin istismarı hallarına qarşı mübarizə gücləndirilmişdir. Belə olan təqdirdə, uşaq hüquqlarının qorunması ilə bağlı Konstitusiyada heç bir müddəanın olmaması respublikamızın bu sahədə həyata keçirdiyi siyasətlə qətiyyən uzlaşmırdı.
Konstitusiyanın 17-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər bu baxımdan uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətinin və fəaliyyət dairəsinin müəyyənləşdirilməsinə, bu sahədə həyata keçirilən dövlət siyasətinin konstitusion əsaslarının yaradılmasına xidmət edir. Bu maddənin III hissəsinə təklif olunan əlavəyə görə "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum uşaqlar dövlətin himayəsi altındadırlar". Son 15 ildə valideyn himayəsindən məhrum olunmuş körpələr və uşaqlar dövlətin himayəsinə götürülərək, habelə internat məktəblərdə, körpələr evlərində, pansionatlarda saxlanılır, 18 yaşınadək təhsilə, təlim-tərbiyəyə cəlb edilir. 17-ci maddəyə edilən dəyişiklik isə bu sahədə həyata keçirilən siyasətə Konstitusiya təminatını gücləndirir.
17-ci maddənin dördüncü hissəsinə edilən əlavə belədir: "Uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Son illərdə respublikamızın bütün sahələrdə dinamik inkişafı, sahibkarlıq subyektlərinin sayının kəskin şəkildə artması, yeni istehsal müəssisələrinin yaranması ilə əlaqədar işçi qüvvəsinə tələb artmış, xusüsən də uşaqların onların sağlamlığına və səhhəttinə, mənəviyyatına zərər törədən sahələrdə fəaliyyətə cəlb olunması halları artmışdır. Odur ki yeni konstitusion müddəa belə neqativ hallara qarşı mübarizənin gücləndirilməsi baxımından son dərəcə vacibdir.
17-ci maddəyə edilən IV əlavəyə görə "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər". Uşaq əməyinin istismarı beynəlxalq hüquq normaları və Azərbaycan Cinayət Məcəlləsi ilə hüquqi məsuliyyət doğurduğundan 15 yaşına çatmamış yeniyetmələrin işə götürülməsinə yaradılan konstitusion məhdudiyyət tamamilə məntiqidir. Bu əlavə uşaqların valideynlər tərəfindən məktəbdən və təhsildən yayındırılması hallarına qarşı inzibati mübarizə üsullarına da konstitusion əsas yaradacaqdır. Ümumiyyətlə, 17-ci maddəyə təklif olunan əlavə və dəyişikliklər uşaqların məktəbdən yayındırılması, onların əməyinin istismar edilməsi, cəmiyyətdə savadsızlıq meyillərinin artması kimi neqativ meyillərə qarşı etibarlı hüquqi sipərdir.
Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə edilən dəyişiklik respublikamızın iqtisadi inkişafının yeni keyfiyyət mərhələsində hər bir vətəndaşın mülkiyyət hüququnun daha etibarlı təminatına xidmət edir. Konstitusiyada qeyd edilir ki, "Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər". Referendum Aktı layihəsində əksini tapmış variantda isə yalnız dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. İctimai ehtiyaclar üçün qabaqcadan dəyəri ədalətli şəkildə ödənilməklə mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilməməsi isə daha demokratik, sivil yanaşmadır.
Göründüyü kimi, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir qismi sırf sosial yönümlü səciyyə daşıyaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Bu reallığı düzgün dəyərləndirən, hər kəsin yüksək sosial rifah, firavanlıq içində yaşamasını istəyən Azərbaycan seçiciləri Konstitusiya islahatını dəstəkləməklə, ilk növbədə, vətəndaşlıq borcunu yerinə yetirmişlər. Əminliklə demək olar ki, Konstitusiyada əksini tapan əlavə və dəyişikliklər ölkə vətəndaşlarının qanuni mənafelərinin təminatında yeni imkanlar açacaq, habelə sosial hüquqların təminatı sistemini müasirləşdirəcəkdir.
Müşfiq Atakişiyev,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2009.-8 aprel.-S.4.