Azərbaycan Nabukko layihəsinin yubanmasından
heç nə itirmir
Məlum olduğu kimi, enerji təhlükəsizliyi
məsələsi hazırda
Avropa İttifaqına
üzv dövlətlərin
qarşısında dayanan
əsas vəzifələrdəndir. Ən azından
bir neçə ay öncə Rusiya ilə Ukrayna arasında təbii qazın nəqli məsələsində yaşanan
problemlər göstərdi
ki, Avropa İttifaqı enerji təhlükəsizliyini təmin
etmək üçün
hələ çox işlər görməlidir.
Bu hadisə Avropanı
özünün enerji
təhlükəsizliyi məsələsi
ətrafında daha ciddi düşünməyə
və alternativ nəql sistemlərinin yaradılmasında əməli
hərəkətə keçməyə
vadar etdi.
Bu mənada cari ilin yanvarında Macarıstanın paytaxtı
Budapeştdə Azərbaycan
Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi Nabukko layihəsinə dair sammitin keçirilməsini
təsadüfi hesab etmək olmazdı. Məlumdur ki,
Azərbaycanın təşəbbüsü
ilə Bakı-Tbilisi-Ceyhan
və Bakı-Tbilisi Ərzurum neft-qaz kəmərlərinin çəkilməsi
və istismara verilməsindən sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yaranıb.
Xəzərin karbohidrogen ehtiyatları
ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlayıb.
Rəsmi
Bakı enerji təhlükəsizliyi məsələsində
bununla kifayətlənməyərək
neft-qaz marşrutlarının
şaxələndirilməsi ilə bağlı səslənən təklifləri
hər zaman dəstəkləmiş, xüsusən
Avropanın enerji təhlükəsizliyinə yeni
töhfələr verməyə
hazır olduğunu hər zaman bəyan etmişdir.
Azərbaycanla Aİ arasında bu istiqamətdə uğurlu
dialoqun nəticəsi
olaraq enerji təhlükəsizliyi məsələsi
əməkdaşlığın mühüm tərkib hissələrindən birinə
çevrilmişdir. Hələ 2006-cı ildə Prezident İlham Əliyevin Belçikaya işgüzar
səfəri zamanı
Azərbaycanla Aİ arasında
enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair
Anlaşma Memorandumunun
imzalanması ilə enerji təhlükəsizliyi
sahəsində əməkdaşlığın
təməli qoyulmuşdur.
Hələ o zaman siyasi şərhçilər
bildirirdilər ki, bu əməkdaşlıq
Avropanın enerji təhlükəsizliyini daha
da gücləndirəcək,
enerji təhlükəsizliyinin
təmin edilməsində
Xəzər hövzəsindən
hasil edilən və Rusiyadan yan keçməklə nəql olunan neft-qaz daha böyük
rol oynayacaqdır.
Avropa bazarları çox böyük olduğundan onun enerjiyə olan tələbatının
ödənməsi üçün
yeni nəql sistemlərinin yaradılması
günün tələbidir. Bu mənada Türkiyə-Yunanıstan
qaz kəmərinin istifadəyə verilməsi
hələ başlanğıc
kimi Azərbaycan-Aİ
enerji əməkdaşlığı
çərçivəsində mühüm hadisə idi. Bu kəmər Azərbaycan, Türkiyə
və Yunanıstan üçün böyük
müvəffəqiyyət olmaqla
bölgədə enerji
sahəsində yeni iş birliyinin əsasını qoydu. Azərbaycan qazı Gürcüstan və Türkiyədən
keçməklə Avropa
bazarlarına çatdırıldı.
Kəmərin açılış
mərasimində çıxış
edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu başlanğıcın
uğurlu olacağını
bildirmişdir: "Bu gün
Türkiyə ilə Yunanıstan arasında qaz xətlərinin birləşməsi bölgəyə
yenilik gətiribdir, yeni əməkdaşlıq
imkanları gətiribdir.
Enerji sahəsində mövcud olan əməkdaşlığın
yeni formatı yaranıb və mən əminəm ki, bu başlanğıc
çox uğurlu olacaqdır. Bu, birinci addımdır. Mən
şübhə etmirəm ki, bundan sonra yeni addımlar
atılacaq və bölgədə sabitliyin, bölgədə
əməkdaşlığın, təhlükəsizliyin, o
cümlədən enerji təhlükəsizliyinin təmin
olunması üçün bütün lazımi tədbirlər
görüləcəkdir".
Bir müddət əvvəl Avropanı soyuqdan donduran enerji böhranı göstərdi ki, enerji təhlükəsizliyinin təmin olunması üçün hələ çox iş görülməlidir və ilk olaraq göz önünə gələn ideyalardan biri Nabukko layihəsi oldu. Şaxtalı günlərdə Rusiya ilə Ukrayna arasında Avropaya ötürülən təbii qazla bağlı yaranan gərginlik Nabukko layihəsini daha da aktuallaşdırdı, Xəzər hövzəsindən çıxarılan təbii qazın Avropanın enerji təhlükəsizliyindəki rolunu ön plana çıxardı. Yaranmış qaz mübahisəsi avropalıların Nabukko layihəsinə marağını daha da artırdı, enerji daşıyıcılarının Avropaya çatdırılmasının alternativ marşrutlarının tapılmasının və qitənin Rusiya qazından asılılığının zəiflədilməsinin zəruri olduğunu bir daha təsdiqlədi. Hətta yaxın vaxtlara qədər adı çəkilən layihəyə şübhə ilə yanaşan dövlətlər də onun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maraq göstərməyə başladılar. Layihənin həyata keçirilməsini idarə edəcək Avstriyanın OMV konserninin rəhbəri Volfqanq Ruttensdorferin sözlərinə görə, Nabukkonun əhəmiyyəti heç vaxt bu qədər aydın olmamışdır.
Nabukko təbii qaz marşrutlarının diversifikasiyası baxımından prioritet layihə kimi dəyərləndirilir. Marşrutların diversifikasiyasının tərəfdarı olan Azərbaycan da bu layihəyə kifayət qədər müsbət yanaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nabukkoya həsr olunmuş sammitdə ölkəmizin bu ideyanı dəstəklədiyini bir daha bəyan etmişdir: "Azərbaycan hər zaman bu layihəni dəstəkləyibdir. Bu gün bir daha bəyan etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik. Bu məqsədlə hazırlanmış bəyannamə bunu aydın şəkildə əks etdirir. Əlavə olaraq demək istəyirəm ki, bir neçə ay bundan öncə Bakıda enerji sammiti zamanı biz Xəzər dənizi regionunda müxtəlif layihələri, o cümlədən Nabukkonu müzakirə etdik və onu dəstəkləməklə öz siyasi iradəmizi qəbul olunmuş bəyannamədə ifadə etdik".
Nabukko layihəsi ətrafında müzakirələr başlayanda Azərbaycan təchizatçı ölkə kimi nəzərdə tutulmamışdı. Çünki o zamanlar ölkəmizdə təbii qazın hasilatı az idi. Rusiyadan qaz idxal olunurdu. Bu gün isə vəziyyət kökündən dəyişib. Azərbaycan nəinki öz daxili tələbatını ödəyir, həmçinin təbii qazı Avropa bazarlarına qədər ixrac edir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan yalnız neft deyil, həm də geniş həcmdə qaz ixrac edən ölkəyə çevrilib. Aparılan kəşfiyyat işləri nəticəsində ölkəmizin qaz ehtiyatlarının 2 trilyon kubmetr həcmində olduğu müəyyən edilmişdir. Ona görə Azərbaycan Nabukko layihəsində artıq həm təchizatçı, həm də tranzit ölkə hesab olunur.
Uzunluğu 3300 kilometr olacaq Nabukko xəttinin tikintisi Gürcüstan-Türkiyə və yaxud Türkiyə-İran sərhədlərindən başlaya və Avstriyanın Baumqarten məntəqəsində başa çata bilər. Boru kəmərinin 1998 kilometrlik hissəsi isə Türkiyə ərazisindən keçəcəkdir. İlkin hesablamalara görə, Nabukko kəmərinin tam başa çatdırılması 31 milyard kubmetr təbii qazın nəqlinə imkan verəcəkdir. Layihənin dəyəri isə 7,9 milyard avro həcmində proqnozlaşdırılır.
Amma son vaxtlarda, xüsusən Aİ-yə daxil olan ölkələrin xarici işlər nazirlərinin ötən ay keçirilən görüşündən sonra belə bir qənaət yaranmağa başlayıb ki, özünün enerji təhlükəsizliyi ilə hələ çox işlər görməli olan dövlətlər Nabukko layihəsi ətrafında qətiyyət nümayiş etdirmirlər. Buna qədər isə bildirilirdi ki, boru kəmərinin inşasının 2011-ci ildə başlanması planlaşdırılır. Azərbaycan Nabukkonun yubanmasından heç nə itirmir. Çünki Azərbaycan qazının həm alıcısı, həm də dünya bazarlarına çıxarılmasının yolları çoxdur. Üstəlik, son günlərdə kütləvi-informasiya vasitələrində Azərbaycanla Rusiya arasında bu istiqamətdə razılaşmanın əldə olunması barədə informasiyalar yayılmaqdadır. Sənaye və energetika naziri Natiq Əliyev bu məsələ ilə bağlı iki ölkə arasında hələ heç bir hüquqi sənəd imzalanmadığını desə də, məsələnin gündəmdə olduğunu bildirib. Ötən ildən Rusiya tərəfinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bu istiqamətdə danışıqlar apardığını qeyd edən nazir bildirmişdir ki, Azərbaycanın 2010-cu ildən etibarən Rusiyaya qaz satacağı ilə bağlı xəbərlər yayıldıqdan sonra Qərb Nabukko ətrafında prosesləri sürətləndirmişdir.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-8 aprel.-S.4.