Konstitusiya Məhkəməsində Paris şəhər prokurorunun müavini xanım Fransuaz Giyo ilə görüş olmuşdur

 

Aprelin 7-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Paris şəhər prokurorunun müavini xanım Fransuaz Giyo ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində məqsədyönlü islahatlar aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması diqqət mərkəzində saxlanır.

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrlə yanaşı, Fransanın da bu sahədə təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Konstitusiya Məhkəməsinin 2007-ci ilin sentyabrında tam heyətlə Almaniya Federativ Respublikasına işgüzar səfərini xatırladan sədr demişdir ki, səfər zamanı bu ölkənin, habelə digər Avropa ölkələrinin müvafiq təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilmişdir. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləmişdir.

Xanım Fransuaz Giyo səmimi görüşə görə təşəkkürünü bildirmiş, Fransa Konstitusiya Şurasının fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində aşkar göründüyünü bildirmişdir. Azərbaycanda ədalət mühakiməsinin inkişafından danışan fransalı hüquqşünas Avropa dövlətləri ilə müqayisədə ölkəmizin həmin mərhələni çox qısa dövrdə keçdiyini xüsusi vurğulamışdır.

Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanovanın, hakim Südabə Həsənovanın, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın başqalarının da iştirak etdikləri görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, xanım Fransuaz Giyonu maraqlandıran suallara ətraflı cavab verilmişdir.

Sonra fransalı qonaq Konstitusiya Məhkəməsi aparatının kollektivi ilə görüşmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 aprel.-S.5.