Zərurətdən yaranan elm ocağı
Ölkəmizdə bir çox elmi-tədqiqat institutu fəaliyyət göstərir. Onların arasında Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun özünəməxsus yeri və rolu vardır. 50 illik zəngin və şərəfli həyat yolu keçərək böyük uğurları ilə tanınan bu elm ocağı səmərəli fəaliyyətini bu gün də uğurla davam etdirir.
Ötən əsrin ikinci yarısında respublikamızda
əkin sahələrinin
çoxalması, becərilən
bitkilərin geniş miqyas alması ilə əlaqədar müxtəlif xəstəliklərə,
ziyanverici və alaq otlarına qarşı mübarizə
tədbirlərinin elmi
əsaslarla həyata keçirilməsi zərurəti
yarandı.
Elə buna görə də kənd təsərrüfatı bitkilərinin, meşə və yaşıllıqların, xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı mübarizənin elmi araşdırmalar əsasında aparılması məqsədilə 1959-cu ildə respublika Nazirlər Sovetinin qərarı ilə Gəncə şəhərində Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutu yaradıldı. İlk vaxtlar institutda 3 şöbə və 8 laboratoriya fəaliyyət göstərirdi. Bundan başqa, müxtəlif torpaq və iqlim şəraitində tədqiqatlar aparılması üçün Abşeron və Xaçmaz təcrübə stansiyaları, Ucar və Saatlı dayaq məntəqələri yaradılmışdı.
İnstituta ixtisaslı mütəxəssislər cəlb olundu və mədəni bitkilərin, meşə və yaşıllıqların xəstəlik, ziyanverici və alaq otlarından mühafizəsində aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi üsullardan istifadə üçün kompleks tədbirlər işlənib hazırlanırdı.
1963-cü ildə kollektivə istedadlı alim, səriştəli mütəxəssis, bacarıqlı təşkilatçı Siddiqə Məmmədovanın rəhbər təyin edilməsi ilə elm ocağında fəaliyyətin yeni mərhələsi başlandı. Hər sahədə əsaslı dəyişikliklər aparıldı, elmi-tədqiqat işlərinin real proqramı tərtib olundu, keçmiş İttifaqın müvafiq institutları ilə işgüzar əlaqələr yaradıldı, icraçıların məsuliyyəti artırıldı. Ayrı-ayrı bitkilərin və bölgələrin xüsusiyyətlərinə uyğun əməli tədbirlər həyata keçirildi. Beləliklə, illər keçdikcə müəssisənin fəaliyyət dairəsi genişləndi və respublikada aparıcı elm mərkəzlərindən birinə çevrildi.
Hazırda ölkədə tətbiq edilən bitki mühafizəsi tədbirləri sisteminin, demək olar, böyük əksəriyyəti burada çalışan insanların yaradıcı fəaliyyətinin bəhrəsidir. İnstitut indi də ölkə üzrə aparıcı elm mərkəzi kimi tanınır və digər kənd təsərrüfatı elmi-tədqiqat müəssisələrində bitki mühafizəsi şöbələrinin fəaliyyətini əlaqələndirir.
Əlbir, işgüzar əməkdaşlıq sayəsində respublikamızda becərilən üzüm, pambıq və digər sənaye əhəmiyyətli kənd təsərrüfatı bitkilərinin xəstəlikləri və zərərvericilərinin bioekoloji xüsusiyyətləri öyrənilmiş, onlara qarşı ekoloji təhlükəsiz və iqtisadi cəhətdən səmərəli mübarizə üsulları işlənib hazırlanmışdır. Xarici ölkələrdən gətirilən pestisidlərin tətbiqi, səmərəliliyi, yerli iqlim şəraitində təsiretmə müddəti, parçalanma dinamikası, bitkilərdə zəhərlərin qalıb-qalmaması məsələləri də institutda ətraflı tədqiq edilir. Bu məqsədlə yüzlərlə preparat sınaqdan keçirilərək məsarif normaları dəqiqləşdirilmişdir. İstifadə müddəti başa çatmış preparatların yeniləri ilə əvəz olunması istiqamətində də tədqiqat işləri davam etdirilir.
Təcrübəli kollektiv bitki mühafizəsində istifadə olunan qurğuların təkmilləşdirilməsi, daha səmərəli aparatların yaradılması və bioloji vasitələrin tətbiq edilməsinə imkan verən yeni qurğuların hazırlanması istiqamətində də ardıcıl surətdə axtarış işi aparır. Səmərəsiz mübarizə tədbirləri ixtisar edilmiş, pambıq və kartof əkinlərində, üzüm və meyvə bağlarında aparılan kimyəvi çiləmələrin sayı azaldılaraq 1-2-yə endirilmişdir. İnstitutun çoxillik fəaliyyəti dövründə mübarizə üsulları təkmilləşdirilmiş, elmi-tədqiqat işlərinin miqyası genişləndirilmiş, səmərəliliyi artırılmış və nəticədə kənd təsərrüfatında məhsuldarlıq xeyli yüksəldilmişdir.
Yaradıcı kollektivin zəhməti, genişmiqyaslı uğurları dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. İnstitut hələ 1978-ci ildə o dövrün ən ali mükafatı sayılan respublikanın Keçici Qırmızı Bayrağını almış, sonralar dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, ixtira və yeniliklərə görə müxtəlif diplomlara layiq görülmüşdür.
Pambığın qorxulu xəstəliklərinə qarşı mübarizə məqsədilə hazırlanmış "BX" mikrobioloji preparata görə kollektivə attestat təqdim edilmiş, "AZRİN" mikrobioloji preparatının yaradıcılarına müəlliflik şəhadətnaməsi verilmişdir.
İxtira və patent sahəsində də kollektivin uğurları az deyil. Təkcə 1969-1985-ci illərdə alimlərin 25 elmi-tədqiqat işi SSRİ Nazirlər Sovetinin İxtira İşləri və Kəşfləri üzrə Dövlət Komitəsi tərəfindən müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür.
Gəncə Elmi-Tədqiqat İnstitutu müxtəlif dövrlərdə Qafqaz regionunda bitki mühafizəsi işlərinin əlaqələndirilməsi sahəsində yeddi dəfə qurultay və konfrans keçirilməsinin təşəbbüsçüsü, təşkilatçısı olmuşdur. Kollektivin səyi ilə dəfələrlə lüzumsuz xərclərin qarşısı alınaraq xeyli vəsait dövlət büdcəsinə qaytarılmışdır.
Bu elm ocağının alimləri müxtəlif bitkilərin mühafizəsinə dair 120-dən çox tədbirlər sistemini işləyib hazırlamışlar. Onlardan 90-ı təsərrüfatlarda tətbiq edilmiş, qalanlardan isə elmi-tədqiqat işlərində istifadə olunur. Məlumatlar institutun elmi əsərlər toplusunda öz əksini tapır. Əməkdaşların elmi məqalələri müxtəlif ölkələrin mətbuat orqanlarında dərc olunur. Kollektiv internet vasitəsilə dünyanın müvafiq ölkələri ilə elmi əlaqələr yaradır.
Müqavilələr əsasında İran İslam Respublikası, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Moldova və Estoniya respublikaları ilə aparılan elmi əməkdaşlıq tədqiqat işlərinin genişlənməsinə və səmərəliliyinin artırılmasına geniş imkan verir.
İnstitutun alimləri fermerlərin torpaq sahibkarlarının yaxın köməkçiləri sayılırlar. Kollektivin hazırladığı "Kənd təsərrüfatı bitkilərinin başlıca zərərverici və xəstəlikləri" kitabı fermerlərin nəzəri biliklərinin artırılmasında mühüm rol oynayır.
Geniş yayılmış xəstəlik, zərərverici və alaq otlarına qarşı müxtəlif illərdə sınaqdan keçirilmiş pestisidlər haqqında məlumatlar kataloqlar, bukletlər, plakatlar, tövsiyələr şəklində çap edilərək fermerlərə paylanmışdır.
İnstitutun fəaliyyət dairəsi genişdir. Kollektivin təqdim etdiyi iki layihə Özəl Bölmənin İnkişafına Yardım Agentliyi müsabiqəsinin qalibi olmuşdur. Həmin qrant vəsaiti hesabına institutun elmi əsaslarla işləyib hazırladığı yeniliklər fermer təsərrüfatlarında tətbiq edilmişdir. Bu da ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və təmiz məhsul istehsalına imkan verir.
Mənalı yaradıcılıq yolu keçən əlli yaşlı institut indi respublikamızın ekoloji təmizliyinin qorunması üçün uğurlu fəaliyyətini davam etdirir.
Musa Musayev,
respublika Milli Elmlər
Akademiyası Zoologiya
İnstitutunun direktoru, akademik
Seyfəddin Əliyev,
Entomologiya şöbəsinin müdiri,
Akademik
Azərbaycan.-2009.-8 aprel.-S.7.