İstedadlı kino xadimi

 

İllərlə dostluq, əməkdaşlıq etdiyin adam haqqında yazmaq şərəfli olsa da, çətindir. Necə deyərlər, gərək yüz ölçüb, bir biçəsən. Onun taleyini, keçdiyi həyat yolunu, yaradıcılığının cəhətlərini necə var, eləcə də təsvir edib, nəzərə çatdırasan.

O, 1939-cu il aprelin 8-də dünyaya göz açıb. Dövr-zaman erkən yaşlarında onu çətin sınaqlara çəkib. Lakin iradəsi qalib gəlib, arzularının həyata keçməsi uğrunda qətiyyətlə mübarizə aparıb. 190 nömrəli orta məktəbi qurtaran ili Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Görkəmli pedaqoqlardan dərs alıb, istedadlı tələbə kimi tanınıb. Ali təhsilini bitirən ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. Rauf Kazımovski, Arif Babayev və başqa peşəkar rejissorlarla əməkdaşlıq edib. Seçdiyi sənətin ovsununa düşərək yenidən qayıdıb başa vurduğu instituta, rejissorluq fakültəsinə daxil olub. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi ustadlardan sənətin sirlərini öyrənib. Tələbəlik dövrü sona çatanda C.Cabbarlı adına "Azərbaycanfilm" studiyasında rejissor işləyib. 1968-ci ildə Moskvaya gedib ikiillik ali rejissorlar və ssenaristlər kurslarında Tarkovskinin sinfində təhsilini davam etdirib. Hələ tələbəlik illərində ilk lentə aldığı "Şəhərimin daşları" musiqili filminə bu gün də maraqla baxılır.

Moskvada diplom işi üçün görkəmli yazıçı Ənvər Məmmədxanlının "Anamın çırağı" hekayəsini seçmiş, çəkdiyi qısametrajlı film yüksək səviyyədə qəbul edilmiş və sovet dövrünün ekranlarında nadir hallarda göstərilən diplom filmlərindən biri olmuşdur. O öz ssenarisi əsasında "Oxuyur Müslüm Maqomayev" bədii-musiqili tammetrajlı filmini çəkib. Həmin ekran əsərində unudulmaz müğənninin aktyorluq istedadı, məharəti üzə çıxmışdı. Dünyanın 85-dən artıq ölkəsində nümayiş etdirilən film haqqında o zamanlar "Pravda" qəzeti yazırdı: "Azərbaycanfilm" studiyasının istehsal etdiyi "Oxuyur Müslüm Maqomayev" filmi Moskvanın 50-dən çox kinoteatrında göstərilmişdir. Tamaşaçılar ssenari müəllifi və rejissor Tofiq İsmayılovun və digər sənətçilərin əməyinə yüksək qiymət verir. Film M.Maqomayevin həyatı və sənəti haqqında seyrçilərdə tam təsəvvür yaradır". Həmin ekran əsəri Kiyevdə, Minskdə, Leninqradda və Bakıda çoxsaylı tamaşaçı marağına səbəb oldu.

Sonralar Tofiq müəllim "Gilas ağacı", "Məhəlləmizin oğlanları" filmlərini çəkdi. 1989-cu ildə Amerika kino xadimlərinin ABŞ-da nümayiş etdirmək üçün seçdikləri 17 ən yaxşı sovet filmindən biri də "Əzablı yollar" oldu. 1974-cü ildə çəkdiyi, ucqar dağ kəndi Lahıca, onun sakinlərinə həsr olunan "Çarvadarların izi ilə" televiziya fılmi yaddaşlarda qalıb. Bu ekran əsəri yazıçı-dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri əsasında lentə alınıb. Filmin qəhrəmanları ulu babalarının açdıqları cığırla gedərək yollar çəkən xeyirxah peşə sahibləri - inşaatçılardır. Rejissorun M.Hüseynin "Abşeron" romanı əsasında çəkdiyi üçseriyalı televiziya filmi qəhrəman neftçilərimizin çətin və şərəfli əməyinə həsr olunub.

Ümumiyyətlə, Tofiq İsmayılovun ekran yaradıcılığında əsas yeri əmək mövzusu tutur. Halal əməyin təsvirini, tərənnümünü bədii boyalarla, inandırıcı şəkildə lentə köçürür. O, 1970-1990-cı illərdə 17 bədii, 10 sənədli film çəkib. Eyni zamanda, uşaqlar üçün televiziya verilişlərinin ssenarilərini yazıb, bir çox televiziya və teatr pyesinin, "Qonşular", "Şəkil-teatr", "Şəkil-kino", "Sevincin yuxusu", "Diş ağrısı" adlı kitabların müəllifidir.

Azərbaycan MEA-nın müxbir üzvü Nizami Cəfərovun fikridir: "Janrından və mövzusundan asılı olmayaraq, onun çəkdiyi filmləri, zəngin yaradıcılığını göz önünə gətirəndə böyük istedada malik Tofiq İsmayılovun hərtərəfli sənət imkanları heyrət doğurur. Bəzilərinin ssenarisini yazdığı, "Babalarımızın torpağı", "Rəqiblər", "Torpağa dönüş", "Gəl" və başqa kino əsərləri çox sevimlidir, köhnəlməyəndir. XX əsrin sonlarının kino mədəniyyət tariximizin nə qədər xoşbəxt, nə qədər bərəkətli olduğu, təbii ki, XXI əsrin bir neçə on il sonrakı yüksəkliklərindən daha aydın görünəcək. Amma bu gün dönüb arxaya baxanda tarixin və taleyin bizə münasibətdə necə səxavətli olduğu aydın görünür. Bu baxımdan Tofiq İsmayılov ömrünün 50 ilini sənətə həsr etdiyi dövr olduqca rəngarəng, zəngindir. Onun çoxsahəli yaradıcılığı milli kinomuzun inkişafına yönəlib. Filmlərindəki ehtirasların çarpışması, həyati konfliktlər, yüksək emosionallıq tamaşaçını gərgin vəziyyətdə saxlayır. İstər bədii, istərsə də sənədli filmləri olsun, onun heç bir əsərində artıq, yaxud da nə isə çatışmayan səhnələrə rast gəlmək mümkün deyil. Bu filmlər insanın - görənlərin hissinə və şüuruna eyni dərəcədə təsir göstərir. Çünki həmin ekran əsərlərində ağılla emosiya, beyinlə ürək qırılmaz vəhdət təşkil edir".

T.İsmayılov 1974-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq sənətindən dərs deyərək rejissorluq kafedrasına rəhbərlik edib. Hazırda o, yenə həmin ali təhsil ocağının professorudur. 1994-cü ildə Türkiyə Cümhuriyyəti Memar Sinan adına Gözəl Sənətlər Universitetinə dəvət alan Tofiq müəllim 15 il İstanbulda pedaqoji fəaliyyət göstərib. Doğma Azərbaycanımızı, milli kinomuzu təbliğ etməyi də unutmayıb. Onun "Türk Cümhuriyyətinin sinema tarixi" üçcildlik ensiklopediya xarakterli kitabları bütün türk dünyasına yayılıb. Tofiq müəllimin səyi və təşəbbüsü ilə Azərbaycan dramaturqlarının əsərləri İstanbulda dəfələrlə səhnəyə qoyulub. O, müəllimliyi ilə yanaşı, 18 seriyalı "Əfv et məni, xocam" teleserialına aktyor kimi çəkilib. Ç.Aytmatovun "Əsrə bərabər gün" romanı əsasında "Manqurt", qazax şairi Muxtar Şaxanovun "Çingiz xanın sirri" mənzum romanı əsasında tamaşaları İstanbul Bələdiyyə Teatrı üçün səhnələşdirib.

Bir sözlə, Tofiq İsmayılov Azərbaycan incəsənətini təbliğ etmək üçün çox iş görüb. Onun ötən il işıq üzü görən "Türk xalqlarının kino sənəti" kitabı bu baxımdan xarakterikdir. Həmin tədqiqat əsəri kinoşünaslıq sahəsində ədəbi hadisə kimi qarşılanıb.

Tofiq İsmayılov indi də yeni yaradıcılıq həvəsi ilə yaşayır, düşünür, fəaliyyət göstərir. Özü bu barədə belə dedi: "Sənətkar əməyinin qiymətləndirilməsini görəndə daha da həvəsli, inamlı olur. Ötən əsrin 70-ci illərində qazandığım uğurlar sonrakı taleyimi həll etdi. O zamanlar ulu öndər Heydər Əliyevdən gördüyüm qayğı nəticəsində yeni-yeni publisistik, ekran yaradıcılığı həvəsinə düşdüm. Fəxr edirəm ki, göstərilən etimadı layiqincə doğrulda bilmişəm. Bundan sonra da müstəqil Azərbaycanımızın bugününü, sabahını yazılarımda, çəkəcəyim filmlərdə təsvir, tərənnüm edəcəyəm. Ən böyük arzum isə Qarabağımızın düşmən işğalından azad olmasını görməkdir..."

Görkəmli sənətkarın, sevilən pedaqoqun ad günü ərəfəsində onun dostlarının da ürək sözlərini, təbriklərini eşitdik:

Anar, xalq yazıçısı: - Tofiq İsmayılov daim axtarışda, yeniliyə can atan həm kino sənətkarı, həm də işıqlı təfəkkürə malik yaradıcı qələm sahibidir. O, əməyindən mənəvi zövq alır. Onunla birgə ötən əsrin 60-cı illərində dövlət radiosunda Mirzə Cəlilin "Ölülər", "Dəli yığıncağı" tamaşalarını efirdə səsləndirmişik. Tofiq həddən artıq istedadlı, qayğıkeş, diqqətcil insandır. Onun 70 yaşını səmimi qəlbdən təbrik edirəm.

Rasim Balayev, xalq artisti: - Tofiq İsmayılov Azərbaycanın ən tanınan, sevilən kino rejissorlarından biridir. O, gözəl sənətkar olduğu kimi, həm də səmimi, mehriban insandır. Onda o qədər müsbət cəhətlər var ki, inanmıram yaşının bu vədəsində ömrünün arxada qalan vaxtlarını xatırlayanda peşmançılıq hissi keçirsin.

Eldar Quliyev, xalq artisti, kinorejissor: - Atam Tofiq Quliyevin sənət dünyasından bəhs edən bədii-publisistik "Nəğməli ömür" filmini çəkmək barədə düşünəndə ilk imdadıma çatan dostum Tofiq oldu. Həmişəki kimi, yenə də ondan qayğı gördüm. Tofiqin xidmətləri sənət, sənətkarlıq tariximizə yazılmaqda davam edir.

Cəmil Quliyev, əməkdar incəsənət xadimi: - Tofiq İsmayılov İstanbulda düzənlədiyi I, II, III Türk dünyası kino festivalları, Ailə filmləri festivalı, Fantastik filmlər festivalı, Ç.Aytmatov əsərlərinin kino festivalı, "Türk ulduzları" silsiləsindən Qara Qarayev, Üzeyir Hacıbəyov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Adil İsgəndərov, Anar günləri və bir çox yaradıcılıq tədbirlərinin memarı olmuşdur.

Tofiq müəllimin 50-yə yaxın qəzet və jurnalda dərc edilən elmi yazıları, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən çap olunan "Türk xalqlarının kino sənəti" adlı kitabı bədii və nəzəri material, məntiqi ümumiləşmələr əsasında yazılmış bitkin tədqiqat əsəri, kinoşünaslığımızda mühüm elmi addımdır. T.İsmayılov 1987-ci ildə əməkdar incəsənət xadimi, ötən il isə xalq artisti fəxri adlarına layiq görülüb.

 

 

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-8 aprel.-S.8.