Azərbaycanın milli maraqları layiqincə qorunur

 

Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətin prioritet istiqaməti dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara əsaslanan xətlə inkişaf etdirilməsidir. Son 16 ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və yeni mərhələdə uğurla davam etdirilən xarici siyasət Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından çox əhəmiyyətli olmuşdur. Ölkə rəhbərliyinin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıqla istifadə etməsi dünyanın aparıcı dövlətlərinin və ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsinə münasibətinin əsaslı surətdə dəyişməsinə səbəb olmuşdur.

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə apardığı xarici siyasətin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhəd və ərazi bütövlüyünün toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Azərbaycanın sivil beynəlxalq normalarını özündə tam əks etdirən xarici siyasət doktrinasının əsasında milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi dayanır. Təəssüf ki, Ermənistanın əsassız ərazi iddiaları müstəqillik əldə etdikdən sonra dövlətimizin inkişafı yolunda başlıca əngələ çevrilmiş, 20 faizdən artıq ərazimiz işğal edilmiş, 1 milyondan çox soydaşımız öz doğma yurdundan didərgin düşmüşdür. Bütövlükdə, Cənubi Qafqaz regionunda demokratik proseslərin, iqtisadi inkişafın davamlılığına ciddi təhlükə törədən münaqişə dünya birliyi qarşısında hazırda da öz aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının bu günlərdə keçirilən iclasında bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuşdur. Ölkə başçısı bildirmişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dünyada gedən proseslər, yeniliklər, bəzi məlumatlar, təhlillər, mülahizələr - bütün bunlar, təbii ki, bizim tərəfimizdən ciddi izlənilir və Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır".

Müasir mərhələdə dünyada baş verən siyasi, iqtisadi proseslər və Azərbaycanın yerləşdiyi regionda nüfuzunun daha da güclənməsi əksər dövlətlərin və ictimai təşkilatların ölkəmizin üzləşdiyi problemə diqqətini artırmışdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın tutduğu ədalətli mövqe birmənalı qəbul edilməkdədir.

Beynəlxalq mübahisələri sülh yolu ilə, heç bir təhdidsiz və zor işlətmədən həll etmək müasir beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir. Beynəlxalq mübahisələrin həlli üçün müharibə və digər zor vasitələrinə müraciət etmək isə hüquqazidd hərəkətdir, yəni, cinayət hesab olunur. BMT Nizamnaməsinə əsasən, təşkilatın üzvü olan dövlətlər öz aralarında baş verən böyük və kiçik mübahisə və münaqişələri beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün qorxu törətmədən, tərəflərin və üçüncü dövlətlərin tələb və mənafelərini obyektiv surətdə nəzərə almaq əsasında, yalnız sülh yolu ilə həll etməlidirlər. Hazırda bütün dövlətlərin icbari vəzifəsinə çevrilmiş bu prinsip 1970-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi "Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə"də təsdiq edilmişdir. Müasir beynəlxalq hüquq baxımından mübahisələrin həlli üçün digər ikinci bir yol yoxdur.

Ermənistanın münaqişə ilə bağlı tutduğu mövqe və` atdığı addımlar bu dinc vasitələri kobudcasına pozmağa, beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə əsaslanır. Ermənistan tərəfi indiyə kimi münaqişənin dinc vasitələrlə həlli istiqamətində heç bir ciddi addım atmamışdır. Halbuki BMT Nizamnaməsinin 38-ci maddəsinə əsasən, hər hansı bir münaqişədə iştirak edən tərəflər mübahisəni danışıqlar, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə əməliyyatları ilə və ya özlərinin seçdikləri başqa dinc vasitələrlə həll etməlidirlər. Göründüyü kimi, BMT Nizamnaməsi hətta dinc vasitələrin seçilməsində belə, dövlətlərə məhdudiyyət qoymur, bunun üçün tərəflərə istədikləri dinc vasitəni seçmək hüququ verir.

Ermənistan beynəlxalq hüququn bütün tələblərini kobud şəkildə pozaraq beynəlxalq sistemin bərabərhüquqlu üzvü olan digər bir dövlətin - Azərbaycanın sərhədlərini zorla dəyişdirməyə istiqamətlənmiş bədnam siyasətini davam etdirməkdədir. Dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipi Ermənistan tərəfindən kobudcasına pozulub. Bu prinsipin məzmunu "...beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin hər birinin ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət etməsini, buna uyğun olaraq onların hər hansı iştirakçı dövlətin ərazi bütövlüyünə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarşı heç bir hərəkət etməməsini nəzərdə tutur". Ərazi bütövlüyü pozulan və təcavüzə məruz qalan dövlətin isə "təcavüzkarlıq əməlindən fərdi və ya kollektiv özünümüdafiə hüququ vardır".

2008-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda əməli-praktik nəticələr əldə olunmasa da, sülh danışıqları prosesinin davam etdirliməsi qərara alınıb. Azərbaycan tərəfinin bütün danışıqlar prosesində tutduğu yol dəyişməz olaraq qalmaqdadır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş bütün torpaqlardan çıxmalı və beynəlxalq zəmanət əsasında təhlükəsizlik məsələləri həll edilməlidir. Ötən ilin mart ayında BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi mühüm addım sayıla bilər. Bunu Azərbaycan diplomatiyasının böyük siyasi uğuru kimi qiymətləndirmək olar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT-in Lissabon sammitinin, Avropa Şurasının sənədləri, BMT Baş Məclisinin qətnaməsi Azərbaycanın ədalətli mövqeyinin dünya birliyi və ictimaiyyəti tərəfindən dəstəkləndiyini göstərir.

Azərbaycan iqtisadiyyatının ildən-ilə qüdrətlənməsi yeni keyfiyyət dəyişikliklərinin fonunda ordumuzun, ümumilikdə ölkəmizin müdafiə potensialının qüdrətlənməsinə müsbət təsir göstərmişdir. Bu inkişaf ölkəmizin silahlı qüvvələrinin də güclənməsinə müsbət təsir göstərir. Son illər dövlət başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti yüksəlmişdir.

Son bir neçə ildə hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitlərin həcmi bir neçə dəfə artırılmışdır. Bu vəsaitlər orduda islahatların davam etdirilməsinə, daha müasir metodlara üstünlük verilməsinə, Silahlı Qüvvələrin gücləndirilməsinə və döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasına imkan vermişdir. 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar xərclənirdisə, 2009-cu ildə bu məbləğ 2,3 milyard ABŞ dollarına çatdırılacaqdır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin ildən-ilə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsindən orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq xidmət edən hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha bəyan etdi: "Biz ümid edirik ki, nəhayət, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır. Biz bunun tərəfdarıyıq, atəşkəs rejimi başlanandan sonra 15 il ərzində konstruktiv mövqe nümayiş etdiririk. Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Ancaq qarşı tərəf də konstruktivlik nümayiş etdirməlidir. Qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir".

Azərbaycanın hərtərəfli inkişafı qarşıda duran bütün problemlərin həllinə geniş imkanlar açır. Ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmasını birmənalı qəbul edən nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tutduğu ədalətli mövqeyi dəstəkləyirlər. İqtisadi böhran burulğanında çabalayan Ermənistan isə gündən-günə daha da ağır duruma düşərək böyük dövlətlərin dilənçi payına ümid bəsləyir. Hadisələrin davamlı inkişafı Azərbaycanın öz ərazi bütövlüyünü qısa bir zamanda bərpa edəcəyini deməyə əsas verir.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-9 aprel.-S.2.