Türkiyə mətbuatı
Azərbaycanın yanındadır
Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı barədə son zamanlar yayılan xəbərlər Türkiyə mətbuatında narahatlıq doğurmuşdur. Qardaş ölkənin nüfuzlu qəzetlərində çap olunmuş məqalələrdə, televiziya kanallarındakı reportajlarda bu məsələ ilə əlaqədar Türkiyə hökumətinin mövqeyini pisləyən, bunun türk dünyasının mənafeyinə zidd olduğunu bildirən, Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinə ciddi zərbə vuran addım olduğu qeyd edilmişdir.
Nüfuzlu "Ortadoğu" qəzetinin 8 aprel nömrəsindəki "Azərbaycan türkünü küsdürürük" sərlövhəli məqaləsində müəllif Reşad Doğru yazır: "Türkiyə hökumətinin Ermənistan ilə apardığı danışıqlar azərbaycanlı qardaşlarımızı üzmüşdür".
Müəllif yazır ki, Türkiyə Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycanı daim dəstəkləmiş, Türkiyə türkləri "Can Azərbaycan" deyərək könüllərini açmışlar.
Ermənistanın Azərbaycana hərbi təcavüzü, Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun işğal edilməsi, bir milyon azərbaycanlının öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına toxunan müəllif qeyd edir ki, Avropa İttifaqı ölkələri və ABŞ başda olmaqla bir sıra dövlətlər bu vəziyyətə ciddi münasibət bildirməmişlər. İllər keçməsinə baxmayaraq, Azərbaycan türklərinin haqlı davası unutdurulmağa çalışılmaqdadır. İndi də ABŞ Prezidenti Barak Obamanın Türkiyə səfəri ilə yeni dövr başlamışdır. Bu səfər öncəsi Ermənistan ilə əlaqələrin inkişaf etdirilməsi, xüsusilə, Türkiyə-Ermənistan sərhədinin açılması üçün ciddi səylər göstərildiyi müşahidə olunur.
Bu halın son dərəcə yanlış olduğunun vurğulandığı məqalədə qeyd edilmişdir ki, Azərbaycan türklərinin Türkiyə qədər güvənəcəyi, dəstək istəyəcəyi başqa bir ölkə yoxdur. Ermənistan qondarma "soyqırımı" iddiasından əl çəkmədiyi kimi, işğal etdiyi torpaqlardan da çəkilməmişdir.
Bildirilmişdir ki, Ermənistan-Türkiyə futbol oyununu izləmək üçün Yerevana gedən Prezident Abdullah Gül çox böyük bir təzyiqlə qarşılaşmışdır. Azərbaycan xalqı buna çox üzülmüşdür.
Müəllif yazır ki, Türkiyə sadəcə bölgədə deyil, dünyada da Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır. Bu iki qardaş ölkəni həm ortaq maraqlar, həm də tarixi soydaşlıq, dil və mədəniyyət birliyi birləşdirir. Azərbaycan və Türkiyə eyni millətin iki dövlətidir. Bu iki dövləti heç bir güc qarşı-qarşıya gətirməməlidir. İşğal etdiyi Azərbaycan topraqlarından çıxmadan Ermənistanla sərhədi açmaq türk dünyasının birliyinə vurulmuş bir zərbə olacaqdır. Tarix heç vaxt bu səhvi və onu edənləri unutmayacaq, millətimiz bir gün bunun hesabını soruşacaqdır.
"Yeni çağ" qəzetində Abdullah Özdoğan "Sonda türk qardaşlığı zədələndi" sərlövhəli məqalədə son günlər baş vermiş hadisələrin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə ciddi zərbə vurduğu bildirilir.
Azərbaycan xalqının son zamanlar baş verənlərdən çox narahat olduğunu qeyd edən müəllif bildirir ki, bu problemlərin başında Türkiyənin Ermənistan ilə son vaxtlar həddən çox yaxınlaşması durur. Buna lazımsız bir yaxınlaşma cəhdi də deyə bilərik. Sərhədlərin açılması hələ də Azərbaycana və Türkiyəyə düşmən mövqe tutan, hətta ABŞ Prezidenti Barak Obamaya "soyqırımı" dedirtdirməyə çalışan Ermənistana güzəştə getməkdir.
Türkiyə hökumətinin yürütdüyü siyasət nəticəsində "Şahdəniz" yatağında hasil olunan təbii qazın Avropaya nəqli məsələsinin və Nabukko layihəsinin gələcəyinin şübhə altına düşməsinin vurğulandığı məqalədə yazılır: "Çox təəssüf ki, dünya siyasətində "nə şiş yansın, nə kabab" taktikası işləmir. Obamanın dediyi kimi, Ermənistan ilə yaxınlaşmanı, sadəcə Aİ və ABŞ təqdir edir. Bu, içi boş bir təqdirdir. Bu yaxınlaşma Ermənistan və yandaşlarının əlini gücləndirirkən türk qardaşlığını dərindən yaralayır. İndi Ermənistanın könlünü alacağımız müqabilində İlham Əliyevin könlünü necə alacağız barədə düşünməyin vaxtıdır.
Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın "yeni bir dövr başlayır" kimi açıqlamalarına toxunan "Yeni çağ" qəzetinin əməkdaşı Sadi Somuncuoğlu "Millətə qapalı, ovutma-uyutma siyasəti" məqaləsində yazır ki, bu dövr Ermənistanın ərazi iddialarının təkcə Azərbaycana deyil, eyni zamanda, Türkiyəyə yönəlməsinə, "Soyqırımı yalanını qəbul et, təzminat ver" deməsinə, ATƏT-in Minsk qrupunun Ermənistanın tərəfini tutmasına, Əli Babacanın Bakıya son səfərində Dağlıq Qarabağdan vaz keçməsi üçün Azərbaycanı təhdid etməsinin böyük narahatlıq yaratmasına rəğmən başlayır. Bəli, Ermənistan bu haqsız tələblərindən qeyd-şərtsiz əl çəkmədən biz sərhədi açıb diplomatik əlaqələrə başlayacağıq. Türkiyə rəhbərliyinin gəvələdiyi bundan ibarətdir".
Qardaş Azərbaycanın baş verənlərlə bağlı mövqeyinə toxunan müəllif yazır ki, Abdullah Gül İlham Əliyevi İstanbula gəlməyə razı sala bilməyəndə, araya Hillari Klinton girmiş, "Obama" silahından "istifadə etmiş", ancaq məqsədlərinə nail ola bilməmişlər. İlham Əliyev milli mövqe nümayiş etdirərək İstanbula gəlməmişdir.
Məqalədə deyilir: "Hər şey çox aydın deyilmi? Bu günə qədər ABŞ və Ermənistan nə deyibsə, Türkiyə bunların hamısını etməyə hazır hala gəlmişdir. Obama bunları sürətləndirməyə çalışacaqdır. Yenə də Obamaya təşəkkürlər. Gerçəkləri Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan kimi gizlətmir, açıq söyləyir. Daim olduğu kimi, biz yenə doğru məlumatları acı da olsa bir əcnəbidən öyrənirik. Bu, bir xaçlı siyasətidir".
Nüfuzlu "Bu gün" qəzeti yazır ki, Türkiyənin Ermənistanla sərhədi açacağına dair məlumatlar Azərbaycanda böyük narahatlıqla qarşılandı. Təhlükəsizlik Şurasının aprelin 6-da keçirilmiş iclasında Prezident İlham Əliyev "Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır" - dedi. İlham Əliyev "Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir" deyərək Azərbaycanın danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirdiyini bildirmişdir.
Özcan Yeniçerinin "Yeni çağ" qəzetindəki "Qafqazda strateji fəlakət!" başlıqlı məqaləsində ABŞ Prezidenti Barak Obamanın Türkiyə səfərinin pərdəarxası məqamlarına toxunulmuşdur. Bildirilmişdir ki, B.Obama Türkiyəyə nə etmək barədə hər şeyi söylərkən Ermənistana nə etməsi barədə heç nə deməmiş, daha çox Türkiyəyə təzyiq göstərmişdir. Bu vəziyyət getdikcə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri pisləşdirir. Ermənistan Azərbaycan ərazilərini işğal etməsi faktını Türkiyə-Ermənistan əlaqələrindən kənarda saxlamağa çalışır.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "Ankara ilə münasibətlərin normallaşdırılmasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsi yoxdur və Türkiyə ilə danışıqlarda Qarabağ məsələsi müzakirə mövzusu deyil" fikrini xatırladan müəllif qeyd edir ki, rəsmi Yerevan həmişə bəyan etdiyi kimi, Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılması üçün ermənilərə qarşı qondarma soyqırımının tanınmasını istəmişdir.
Bütün bu proseslər Azərbaycanda təəssüflə qarşılanmışdır. Prezident İlham Əliyev İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün İkinci Dünya Forumuna gəlməmişdir. Bu, çox açıq bir mövqedir. Bu durum Azərbaycanı yeni axtarışlara məcbur edəcəyi kimi, Türkiyənin mövqeyini zəiflədəcəkdir. Gürcüstandan sonra qardaş Azərbaycanı itirmək Türkiyənin Qafqazdakı strateji fəlakəti olacaqdır.
"Yeni şəfəq" qəzetində isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının məsələ ilə əlaqədar Prezident Abdullah Gülə, Baş nazir Rəcəb Tayyib Ərdoğana və deputatlara ünvanlanan məktubuna toxunulmuşdur.
Türkiyənin böyük tamaşaçı kütləsinə malik olan TRT, "Kanaltürk", "Skytürk" televiziya kanallarında da mövzu ilə bağlı xəbərlər yayımlanmışdır.
Qeyd olunmuşdur ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü şübhə altına almasına, Şərqi Anadolu torpaqlarının bir hissəsinin Qərbi Ermənistan olduğunu iddia etməsinə, Ağrı dağını milli rəmz olaraq qəbul etməsinə, saxta soyqırımı yalanları irəli sürməsinə, dost və qardaş Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Türkiyə hökumətinin bu cür mövqe nümayiş etdirməsi tamamilə yanlışdır.
AzərTAc
Azərbaycan.-2009.-9 aprel.-S.4.