Azərbaycan güləşi
yüksəliş dövrünü
yaşayır
Son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar dünyanın diqqət mərkəzindədir. Azərbaycanın təkcə iqtisadi yüksəlişi ilə yox, həm də bir sıra digər fəaliyyət sahələrində, o cümlədən idmanda qazandığı qələbələrlə fəxr etməyə dəyər.
Qeyd etmək lazımdır ki, milli müstəqilliyimizin bərpasından sonra dövlət rəhbərliyi idmanın və kütləvi bədən tərbiyəsinin inkişafına həmişə böyük əhəmiyyət vermiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. Xüsusilə, son dövrdə iqtisadiyyatın sürətli inkişafı, ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm amil kimi idmanın mükəmməl maddi-texniki bazasının yaradılmasına imkan vermişdir. Qısa müddət ərzində paytaxt Bakıda və bölgələrdə bir-birinin ardınca müasir standartlara cavab verən olimpiya idman kompleksləri, digər qurğular inşa edilmişdir. Bu iş indi də davam edir. Məqsəd idmanın müxtəlif növlərinin inkişafına nail olmaq və beləliklə, gənc nəslin sağlam ruhda böyüməsi üçün lazımi şərait yaratmaqdır. Digər tərəfdən, dövlətin idmana və idmançılara göstərdiyi daimi qayğının nəticəsidir ki, artıq Azərbaycan dünya idmanında layiq olduğu yeri tutmaqdadır. Belə ki idmançılarımız müxtəlif səviyyəli beynəlxalq turnirlərdə ildən-ilə daha yaxşı nəticələr göstərir, eyni zamanda, ölkəmiz mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilir. Həm də beynəlxalq idman turnirlərində qazanılan uğurlar ölkənin dünyada tanınmasında əvəzsiz rol oynayır.
Təbii ki, iş görülürsə, səmərəsi də olur. İdmançılarımız dövlət qayğısına və diqqətinə qələbələri ilə cavab verirlər. Bu mənada bir neçə gün əvvəl Litvanın paytaxtı Vilnüsdə keçirilmiş güləş üzrə Avropa çempionatı həm Azərbaycanın, həm də dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Qitə birinciliyində güləşçilərimiz həqiqətən tarixi zəfərə imza atdılar.
Yeri gəlmişkən, Azərbaycan güləşçiləri son bir ildən də az müddət ərzində dünya idman ictimaiyyətinin diqqətini özlərinə cəlb edə bilmişlər. Ötən il Çinin paytaxtı Pekində keçirilmiş Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçilərimiz vətənə iki gümüş medalla dönmüşdülər. Bu medallar Olimpiya oyunları kimi ən mötəbər idman tədbirində qazanıldığına görə diqqətəlayiq nailiyyət kimi qiymətləndirilməlidir. Keçən ayın 7-8-də isə İranın paytaxtı Tehranda təşkil olunmuş sərbəst güləş üzrə Dünya kuboku turnirində isə idmançılarımız əsl qəhrəmanlıq nümayiş etdirmişdilər. Sərbəst güləşçilərimizin bu yarışlarda çıxışı sensasiya kimi qəbul edilmişdi: Azərbaycan milli komandası bütün rəqiblərini üstələyərək birinci yeri tutmuş və Dünya kubokunun sahibi olmuşdu! Üstəlik, güləşçilərimiz finalda ev sahibləri - İran idmançıları ilə üz-üzə gəlmişdilər. Qonşu ölkənin zəngin sərbəst güləş ənənələri isə hamıya məlumdur...
Güləşçilərimiz Vilnüsdə zəfər estafetini davam etdirdilər. Onların qazandıqları uğurla yalnız fəxr etmək lazımdır. Qitə çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışan Azərbaycan pəhləvanları tarixi qələbəyə imza atdılar. Sərbəst güləşçilərimizin hünərini xüsusi qeyd etmək lazımdır. Onlar dörd qızıl, bir gümüş və bir bürünc medal qazanaraq güləşin bu növündə mübahisəsiz favorit sayılan Rusiya idmançılarını qabaqlayıb komanda hesabında birinci yeri tutdular. Yunan-Roma və qadın güləşçilərimiz də vətənə medallarla qayıtdılar. Doğrudur, Pekin Olimpiadası ilə müqayisədə bu dəfə "klassik" güləşçilərimiz imkanlarından aşağı səviyyədə çıxış etdilər - cəmi bir bürünc medal. Onların bəziləri medalların bir addımlığında idilər. Amma bu da bir həqiqətdir ki, idmanda müntəzəm uğur olmur. Eyni zamanda, qadın güləşçilərimizin müvəffəqiyyəti diqqəti cəlb edir. İlk növbədə, Mariya Stadnikin məharəti və əzmkarlığı hər cür alqışa layiqdir. O, dalbadal ikinci dəfə qitə çempionu adına layiq görüldü! Zümrüd Qurbanhacıyevanın gümüş medalı da böyük uğurdur. Bu, onu göstərir ki, ölkəmizdə qadın güləşi də inkişaf edir.
Onu da qeyd etmək yerinə düşər ki, güləş üzrə Azərbaycan milli komandasının Litva paytaxtında əldə etdiyi zəfər artıq sensasiya kimi yox, qanunauyğun hal kimi qiymətləndirilir. Beynəlxalq Güləş Federasiyasının (BGF) prezidenti Rafael Martinetti idmançılarımızın çıxışlarına münasibət bildirərkən demişdir: "Bu yaxınlarda Azərbaycan komandası gözəl mübarizədə ev sahiblərinə - İran millisinə qalib gələrək Dünya kubokunu qazanmışdır. Vilnüsdə isə Azərbaycanın sərbəst güləşçiləri yenidən öz üstünlüklərini təsdiq etdilər. Onlar sübut etdilər ki, hazırda dünyanın ən güclüləridirlər". BGF-nin rəhbəri Azərbaycan Güləş Federasiyasının gördüyü işləri də təqdir etmişdir: "Ayrıca olaraq Azərbaycan Güləş Federasiyasının fəaliyyətini qeyd etmək lazımdır. Federasiyanın səmərəli fəaliyyəti olmadan ölkənin milli komandası bugünkü nailiyyətləri qazana bilməzdi".
Güləşçilərimizin qitə birinciliyində qazandığı bu tarixi qələbə dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Respublika Prezidenti İlham Əliyev güləş üzrə milli komandanın üzvlərini və məşqçilərini qəbul edərkən onları bu zəfər münasibətilə ürəkdən təbrik etmişdir. Dövlət başçısı diqqətə çatdırmışdır ki, Azərbaycan güləşçiləri ilk dəfə olaraq Avropa çempionatında belə böyük qələbə qazanırlar: "Bu gözəl qələbə ilə hamımızı ruhlandırmısınız. Bir daha sübut etmisiniz ki, Azərbaycanın idman şöhrəti çox yüksək zirvədədir... Litvada beş dəfə Azərbaycanın dövlət himni səslənmiş, Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. Bu yarışları izləyən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirdi".
Respublika Prezidenti eyni zamanda, tarixi qələbənin qazanılmasında məşqçilərin və milli güləş federasiyasının xidmətlərini qeyd etmişdir. O vurğulamışdır ki, qısa müddət ərzində milli federasiyanın gördüyü tədbirlər, məşqçilərin səyləri nəticəsində bu idman növündə çox böyük və ümidverici dəyişikliklər baş vermişdir: "Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, sərbəst güləş üzrə Azərbaycan dünya miqyasında birinci ölkədir... Bu qələbə gələcək uğurlarımız üçün baza olacaq".
Prezident İlham Əliyev dövlətin idmana və idmançılara qayğısının gələcəkdə də davam edəcəyini, bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacağını vurğulamışdır.
Öz növbəsində, güləş üzrə milli komanda əldə etdiyi nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Qarşıda güləşçilərimizi mötəbər yarışlar gözləyir. Onlar elə indidən gələn il Bakıda keçiriləcək güləş üzrə qitə birinciliyinə və 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlaşırlar. Şübhə etməmək olar ki, dünya və Avropa güləşinin tarixinə yeni parlaq səhifə yazmış pəhləvanlarımız növbəti mötəbər turnirlərdən də qələbə ilə qayıdacaqlar.
A.Mehdiyev
Azərbaycan.-2009.-9 aprel.-S.5.