Doğma yurdu qarış-qarış

 

Bu il də baharın gəlişini sevinclə, təmtəraqla qarşıladıq, təbiətin oyanışını, suların durulmasını, torpağın dirçəlməsini gözümüzlə görüb, ruhumuzla duymaq üçün bayram günlərində kəndə getdik. Fəslin bu məqamında kəndə getməyin, şehli bağ-bağçada, yamyaşıl otların üstündə gəzməyin, çölün-çəmənin təmiz havasını ciyərə çəkməyin, yamaclardan yemlik, quşəppəyi yığıb sac üstündə kətə bişirib yeməyin ayrı ləzzəti var. Hətta deyirlər ki, onca gün kəndin təmiz havasından udub torpağında gəzmək bir kurs müalicəyə bərabərdir...

Yolumuz Qarabağa idi. Yol kənarlarında səməni kimi gömgöy göyərən taxıl zəmiləri bu il də bol məhsul olacağından xəbər verir. Sevindiricidir ki, ölkəmizdə taxıl istehsalı ilbəil artır. Son illərdə taxıla olan tələbatın 70-75 faizini özümüz təmin edirik, əkin sahələri hər il bir qədər də çoxaldılır. Təəssüf ki, Dördyol dairəsindən o yana taxıl zəmiləri deyil, yaxın 3-4 kilometr ərazidə salınmış qaçqın şəhərcikləri görünür. Biz də bu yolu keçib Uzundərədən Ağdama, oradan da Yeddixırman dağının ətəyindəki kəndimizə gedə bilmədik.

Qərvənd Ağdamın vaxtilə inkişaf etmiş, adlı-sanlı iri kəndlərindən biri idi. İndi bu kəndin yuxarı hissəsi düşmənlərin tapdağında, aşağı hissəsi bizdədir. Ayaq Qərvənd deyirlər. Məcburi köçkünlər üçün Ağdamda salınan ilk qəsəbələrdən biridir. Qohumlarımız burada məskunlaşıblar. Altı ildir ki, camaat kənddə yer-yurd olub, özünə gün-güzəran qurub. Bir neçə il öncə əkilən tinglər indi qollu-budaqlı meyvə ağaclarına çevrilib. Bağ-bağçalar al-qırmızı çiçəyə bürünüb.

Qardaşımın qonşusu Muxtar dayı ilə rastlaşdıq. Çiynində bel bizə tərəf gəlirdi. Dedi ki, bağ-bağçanı, yoncalığı suvarmaq üçün bir neçə qonşu yığışıb növbə ilə qapımıza su çəkib gətiririk: "Amma bala, içməli su sarıdan əziyyət çəkirik. Təmiz suyu bir az aralıda çənə vururlar, qız-gəlin də çaydanla, vedrəylə daşıyırlar". Muxtar dayının ömür-gün yoldaşı Zəminə xalanı görən kimi tanıdıq. Keçən il bizə quşəppəyindən, cincilimdən sac üstündə kətə bişirmişdi. Salam-kəlamdan sonra "Gör necə qaralmışam, səhərdən axşamadək torpaqla əlləşirik" dedi. Bu qayğıkeş, zəhmətkeş ana yenə də kətə bişirmək üçün sac-ocaq tədarükünə başladı. Biz isə onu işdən ayırmadıq. Yamyaşıl səmənisi hələ masanın üstündə idi. Soruşdum ki, nə yaxşı səmənini hələ saxlamısan, axar su üstünə qoymamısan? Heç qoyarammı qızım, dedi: "Novruzdan sonra səməni 15 gün ev sahibinin əziz qonağıdır. Biz də 15 gün onu evimizdə ruzi-bərəkət rəmzi kimi saxlayırıq". Zəminə xala sevinə-sevinə qulağımıza pıçıldadı ki, bir neçə ev o tərəfə Əşrəf kişinin qızı Könülü oğlumuza almışıq, Allah qoysa, payızda toya gələrsiniz. Bu xəbərdən çox sevindik, Allah xoşbəxt eləsin deyib, ayrıldıq. Qəsəbədə hamının Temir müəllim deyə hörmətlə yanaşdığı ağsaqqal kişi ilə də görüşdük. Deyir ki, bura köçəndə heç kim bir-birini tanımırdı, indi hamı sümük qohumu olub, bu kişinin qızı o kişinin evində gəlindi. O kişinin oğlu bu kişinin yeznəsidi: "Allah üçün hər şey yaxşıdı. Allah qoluna qüvvət, canına sağlıq versin Prezidentin, əlindən gələni edib bizə. Əlavə bir-iki iş yeri də açılsa, yaxşı olardı. Bizim camaat çox işgüzardı. Təkcə torpaq əkib-becərməklə, bir-iki inək-qoyun saxlamaqla olmur, cavandılar, böyüyürlər, işləmək, qazanmaq, özlərinə yaxşı şərait qurmaq istəyirlər".

Qarabağın ağır seyidlərindən olan Seyid Lazım ağanın Çəmənlidəki ocağını mütləq ziyarət etməliydik, odur ki, vaxt itrimək olmazdı. Quzanlıdan keçib Xındırıstana tərəf gedirik və insan oğlunun inadına, mübarizliyinə heyran qalırıq. Quzanlı İdman- Olimpiya Kompleksindən üzü o yana insanlar dayanmadan tikir, qurur, əkir-becərir. Hər yan da yamyaşıl, lap cənnəti xatırladır. Çiçəkləmiş ağacların arasından az qala evlər görünmür. Bənövşələr qəsəbəsində yaşayan əmimgilə döndük. Yaraşıqlı və müasir evlərin həyətlərində qoca-cavan, hamı əkib-becərir. Qəsəbənin görkəmi, əriyin, gilənarın, şaftalının, alçanın, albalının çiçəkləri hər yanı bürüyüb. Bibim qapının ağzındaca, gömgöy çəmənlikdə bizə samovar çayı hazırladı. Həyət-baca o qədər səliqə-sahmanlı, ağaclardan elə gözəl çiçək ətri gəlirdi ki, adam yerindən tərpənmək istəmirdi. Bağçalarında ağacların sayı çoxalıb. Əmim deyir ki, əriyi, gilənarı artırmışıq: "Amma Xıdırlıdakı qapımızda qoz ağacı vardı, yadınızdadı? Bura köçəndən nə qədər axtarsam da, o qozdan tapa bilmirəm ki, qapıya salım". Suqra xalagil bağçalarında ancaq meyvə ağacları əkiblər, deyir ki, aprel yağış ayıdı, Allah eləsin, dolu çiçəkləri tökməsin. Suqra xalaya - Allahdan ümid kəsilməz, işiniz avand olsun - deyib, Çəmənliyə yollandıq.

Əyalətdə diqqətimi çəkən daha çox o idi ki, faydalı olan nədirsə, insanlar ondan bərk yapışıblar. Ən azından hərənin 10-15 qoyun-quzusu, bir neçə baş da mal-qarası var. Bir qarış torpağı da xam buraxmırlar. Heç yadımdan çıxmır, Dördyoldakı Xatın xalanın sözləri: "Bala, yadındadımı, keçən il sənə demişdim, camaat bir gün şəhərdən bezib kəndə, torpağa dönəcək. Bilirsən niyə? Bir az yaşamaq istəyəcəklər, ölmək istəyəndə də şəhərə dönəcəklər (gülür). Neçə gündü oğul-uşaq, nəvə-nəticə burdadı, oğlum qayıdıb burada yaşamaq istəyir, nəvələrim də əl çəkmir ki, ata burda qalaq".

Qəsəbədə yaşayan insanlara müasir tipli orta məktəb, rabitə-poçt şöbəsi, tibb-ambulatoriya və digər zəruri sosial obyektlər xidmət edir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün camaata hər cür şərait yaradılıb. Bu, ailələrin büdcəsinə xeyli köməkdir. Əkib-becərdikləri bostan məhsulları, yetişdirdikləri meyvə, saxladıqları mal-qara, hamısı pula çevrilir.

Hansı həyət-bacaya heyran-heyran baxırdıqsa, sahibi deyirdi, bura iyunda gəlin, qaysını, gilası, gilənarı öz əlinizlə dərin. Arxların kənarından boylanan yarpızın, nanənin, ajı-qıjının ətri kəndimizdəki Başarxı yadıma saldı, qoxlayıb ömrümün ən xoşbəxt anlarımı xatırladım.

Adama elə gəlir ki, Seyid Lazım ağanın ziyarətgahı düşmənin heç vaxt yarıb keçə bilməyəcəyi qala divarıdı, səngərdir. Sağlığında olduğu kimi, ağanın ziyarətgahı da insanların inam, ümid yeridir. Ziyarətgahın həyətində çoxlu insan vardı, qurbangahda da qurban kəsirdilər, ziyarətlərini edib qurtaranlar məsciddə namaz da qılırdılar. Həyət gül-çiçəyə bürünmüş cənnətdir elə bil. Atalar-analar Böyük Yaradanın mərhəmətinə sığınmaq üçün bələkdəki körpələrini də bu övliyanın ziyarətinə gətiriblər. Heç kəsin eyninə də deyil ki, 100-150 metr aralıda kafir düşmən dayanıb. Ağanın məqamından o yana Zəngişalı-Mahrızlı və Qaradağlı kəndlərinə gedən yol uzanır. Bu kəndlər özümüzdədir, orada yurdun öz sahiblərinin ocağı yanır, bağçalarında öz qoyun-quzuları otlayır. Məktəblərində öz balaları oxuyurlar. Biz də Qarabağın adlı-sanlı ağır seyidi - Seyid Lazım ağanın qəbirini ziyarət edib geri dönürük.

Doğrudan da, camaatın yaxşı güzəranı, qəsəbələrdə yaradılmış hərtərəfli şərait, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər sevindiricidir. Nə yaxşı ki, insanlarımız işgüzardır və zəhmətə bağlıdırlar. Hər bir dövlətin iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biri kənd təsərrüfatı və ərzaq təhlükəsizliyidir. Ərzaq təhlükəsizliyinin təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu insanlar da gecə-gündüz çalışaraq əllərindən gələni edirlər ki, buna nail olsunlar. Əkirlər, becərirlər, paylarına düşən torpaqdan yararlanırlar.

Ulu Dədə Qorqudun - "Torpağı əkib-becərməsən, qorumağa dəyməz, qoruya bilməsən, əkib becərməyə", - kəlamı Ağdamın yeni salınmış qəsəbələrində məskunlaşmış insanların torpağa münasibətində özünü bir daha doğruldur. Söhbətləşdiyimiz insanların əksəriyyəti əkib-becərdikləri kimi, hər an torpağı qorumağa da hazır olduqlarını vurğulayırlar. Onlar indi yerlərindən, əllərindəki bir parça torpağı əkib-becərməkdən, təzə evlərindən, rahatlıqlarından ağızdolusu danışsalar, hər sözlərinin də əzəli, axırı doğma yurd yeridir. Arzumuz doğma torpağımızın işğaldan azad edilməsi və yurdumuza qayıtmağımızdır, deyirlər. Hər birimizə əzəli yurdumuza qovuşmağı arzulayırıq.

 

 

Rəsmiyyə Rzalı

 

Azərbaycan.-2009.-9 aprel.-S.7.