Ukrayna və Azərbaycan Prezidentləri
Şurasının ilk
iclası
Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun
təkbətək görüşü
başa çatandan sonra iki ölkənin
Prezidentləri Şurasının
ilk iclası olmuşdur. İclasda Azərbaycan
və Ukrayna nümayəndə heyətlərinin
üzvləri də iştirak edirdilər.
Azərbaycan Prezidenti
İLHAM ƏLİYEV iclası açaraq dedi:
-Hörmətli
cənab Prezident!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Hörmətli cənab Prezident, əminəm ki, Sizin rəsmi
səfəriniz ölkələrimiz
arasında dostluq münasibətlərinin daha
da inkişafına və möhkəmlənməsinə
kömək edəcəkdir.
Bu gün biz qarşılıqlı
maraq doğuran məsələlər, ikitərəfli
əməkdaşlığımızla bağlı məsələlər
barəsində geniş
fikir mübadiləsi aparmışıq və ölkələrimiz arasında
münasibətlərdə böyük dinamika olmasını vurğulamışıq.
Münasibətlərimiz çox səmərəli,
dinamik inkişaf edir, yaxşı nəticələr əldə
olunmuşdur və ümid edirik ki, bu müsbət
meyillər gələcəkdə
də inkişaf edəcək və möhkəmlənəcəkdir. Biz regional əhəmiyyətli məsələləri də
müzakirə etdik.
Fikrimcə, biz regionda vəziyyət
barədə ümumi
fikrimizi və regional əməkdaşlıq üçün
perspektivləri ifadə
etmişik.
Bu gün Ukrayna və Azərbaycan Prezidentləri Şurasının
birinci iclası keçirilir. Bu, əvvəl
əldə edilmiş
razılaşmaların nəticəsidir.
Şura çərçivəsində biz öz həllini tələb edən məsələləri müzakirə
edəcəyik. Bunlar iqtisadi
əməkdaşlıq, energetika
sahəsində və
hərbi-texniki sahədə
əməkdaşlıq məsələləridir.
Bunlar Prezidentlər Şurasının
bugünkü iclasının
əsas mövzularıdır,
lakin təbii ki, biz bununla kifayətlənməyəcəyik, çünki münasibətlərin
formatı və iclasın gündəliyi kifayət qədər genişdir.
Mən bir daha dərin
məmnunluğumu bildirmək
istəyirəm ki, bu gün Siz
Azərbaycana rəsmi
səfər edirsiniz. Əminəm ki, bu səfərin
nəticələri əməli
cəhətdən də
uğurlu olacaq və biz ölkələrimiz
arasında münasibətlərin
möhkəmlənməsi baxımından
bundan sonra da irəliyə doğru gedəcəyik.
Bir daha xoş gəlmisiniz.
Sonra çıxış
edən Ukrayna Prezidenti VİKTOR YUŞŞENKO dedi:
-Hörmətli
İlham Heydər oğlu!
Hörmətli azərbaycanlı
dostlar!
Hörmətli Şura
üzvləri!
İlham Heydər oğlu ilə biz bir məsələdə həmrəyik
ki, əgər ikitərəfli münasibətlərimizə
qiymət verməli olsaq, bu münasibətlər
ən yüksək statusa malikdir, bunlar siyasi əlaqələrin,
nazirliklər və idarələr səviyyəsində
əlaqələrin çox
yüksək dinamikasına
malik olan strateji tərəfdaşlıq
münasibətləridir. Açıq demək istərdim ki, bu illər
ərzində biz insani
münasibətləri də
çox fəallaşdırmışıq.
Başqa
sözlə desək,
biz ikitərəfli münasibətlərin
inkişafından tam razıyıq.
Bu münasibətlərin çox yaxşı dinamikası var. Bu münasibətlər
yaxşı nəticələr
verir.
İqtisadi böhranın
həm ticarətə,
həm də iqtisadi əməkdaşlığa
təsir göstərdiyi
indiki vaxtda rəqəmlər bəlkə
də bir qədər azalmış,
ola bilsin,
ciddi şəkildə
azalmışdır. Biz başa düşürük
ki, bu, bizim
münasibətlərin problemlərinin
təsiri deyildir.
Çox
güman ki, burada bizim iradəmizdən,
Ukrayna və Azərbaycan tərəflərindən
asılı olmayan amillər təsir göstərir. Buna görə də mən Prezidentlər Şurasının iclasının
əvvəlində həm
siyasi, həm iqtisadi, həm də işgüzar münasibətlərimizi yüksək
qiymətləndirmək istərdim.
İkincisi. Əvvəlki görüşlərimizdə də
dediyimiz kimi, münasibətlərimizin aydın
inkişaf planının
olması çox vacibdir. Ona görə də bu gün imzalanacaq
"Tədbirlər planı"
2009-2010-cu illərdə münasibətlərimizin
perspektivini, özü
də təkcə Prezidentlər Şurası
çərçivəsində deyil, həm də nazirliklərin, idarələrin və biznes dairələrinin qarşılıqlı münasibətləri
çərçivəsində bu perspektivləri necə təsəvvür
etməyimiz barədə
suala ən aydın və dəqiq cavab olacaqdır.
AzərTAc
Azərbaycan.-2009.-10 aprel.-S.2.