Sənədlərin imzalanma mərasimi
Aprelin 9-da Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclasından sonra ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdur.
"2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı"nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Viktor Yuşşenko imzaladılar.
Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volınsk vilayətinin Dövlət administrasiyası arasında ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Volınsk vilayəti Dövlət administrasiyasının rəhbəri Nikolay Romanyuk imzaladılar.
Azərbaycan Respublikası və Ukrayna xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009-2010-cu illər üçün məsləhətləşmələr planını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Xondogi imzaladılar.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair sazişi Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Nikolay Malomuj imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında çərçivə sazişini Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Ukrayna Milli Kosmik Agentliyi baş direktorunun birinci müavini Valeri Komarov imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Ukrayna hökuməti arasında hərbi, texniki əməkdaşlığa dair sazişə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında protokolu Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Ukraynanın müdafiə naziri Yuri Yexanurov imzaladılar.
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurası iclasının protokolunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Xondogi imzaladılar.
AzərTAc
Azərbaycan.-2009.-10 aprel.-S.2.