Dövlət
başçıları mətbuat üçün bəyanatlarla
çıxış etmişlər
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli Viktor
Andreyeviç,
hörmətli qonaqlar,
xanımlar və cənablar!
Ukrayna Prezidenti başda
olmaqla bu ölkənin nümayəndə heyətini Azərbaycanda
bir daha səmimi salamlamaq istəyirəm. Mən Ukrayna
Prezidentinin Azərbaycana səfərinin nəticələrindən,
aparılmış danışıqlardan, fikir mübadiləsindən
çox razıyam. Biz qarşılıqlı maraq doğuran
məsələlər barədə çox geniş fikir
mübadiləsi apardıq. Ölkələrimiz arasında
müxtəlif sahələrdə münasibətlər dərindən
təhlil edildi. Biz regional problemlərə toxunduq, regional əməkdaşlıq
məsələlərini, Avropa İttifaqı çərçivəsində
nəzərdə tutulan "Şərq tərəfdaşlığı"
layihəsi üzrə əməkdaşlığın
perspektivlərini geniş müzakirə etdik.
Bu gün Prezidentlər
Şurasının ilk iclası keçirildi. Biz əsas diqqəti
qarşılıqlı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq,
energetika, nəqliyyat sahələrində və hərbi-texniki
əməkdaşlıq məsələləri üzərində
cəmləşdirdik. Bütün diskussiyalarda və fikir
mübadilələrində biz vahid mövqedən
çıxış edirdik. Ən başlıcası odur ki,
ölkələrimiz arasında strateji tərəfdaşlıq
uğurla davam edir. Bu münasibətlər Azərbaycanın
milli maraqlarına uyğundur və biz Ukraynanı dünyada ən
etibarlı tərəfdaşlarımızdan biri hesab edirik.
Biz beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş
Millətlər Təşkilatında hiss etdiyimiz dəstəyə
görə şəxsən Ukrayna Prezidentinə və Ukrayna
dövlətinə minnətdarıq. Keçən il, düz
bir il bundan əvvəl Azərbaycanın işğal
olunmuş ərazilərində vəziyyət haqqında məsələyə
dair səsvermə zamanı Ukraynanın nümayiş etdirdiyi
prinsipial, ədalətli mövqe bütün Azərbaycan
xalqında dərin minnətdarlıq hissi doğurur.
Artıq qeyd etdiyim kimi, bu
gün biz təkcə ölkələrimiz üçün
deyil, əminəm ki, həm də region üçün,
Avropa üçün əhəmiyyətli məsələləri
və nəqliyyat sahəsində, Xəzərin enerji
ehtiyatlarının beynəlxalq bazarlara
çıxarılması, enerji daşıyıcıları
nəqlinin şaxələndirilməsi sahəsində nəzərdə
tutduğumuz məsələləri, bu istiqamətdə
Ukraynanın və Azərbaycanın rolunu hərtərəfli
müzakirə etdik. Bütün bu məsələlər
çox ciddi diqqət yetirilməsini tələb edir. Bizim
iştirakımızla, Ukrayna və Azərbaycan prezidentlərinin
və dost ölkələrdən olan həmkarlarımızın
iştirakı ilə enerji sammitləri keçirilmişdir.
Bunlardan axırıncısı, ötən ilin noyabrında
Bakıda keçirilmiş zirvə görüşü bir
daha nümayiş etdirdi ki, biz enerji sahəsində geniş əməkdaşlığa
sadiqik. Bakı sammitinin və Bakı Bəyannaməsinin nəticələri
- indi regionda, praktik olaraq, bütün enerji layihələri
üçün, yəni həm mövcud layihələrin, həm
də birgə səylərimizlə həyata keçirilməli
layihələr üçün təməldir.
Bu gün mən ölkələrimiz
arasında əməkdaşlıq ruhunu da vurğulamaq istərdim.
Bəli, biz siyasi və iqtisadi maraq doğuran,
bütövlükdə regional vəziyyətdə öz əksini
tapacaq mühüm məsələləri müzakirə
etdik. Çox əhəmiyyətlidir ki, bu müzakirələr
olduqca dostluq şəraitində, qarşılıqlı
anlaşma və qarşılıqlı dəstək şəraitində
keçmişdir. Bizim münasibətlərimizdə heç
də az əhəmiyyəti olmayan sahəni - humanitar əməkdaşlıq
məsələsini də qeyd etmək istərdim. Biz buna
çox diqqət yetiririk və bu əməkdaşlığın
yaxşı nəticələri vardır. Viktor
Andreyeviçin Azərbaycana, demək olar ki, hər bir səfərində
bu istiqamətdə tərəqqi olduğunu vurğulayır və
çox mühüm tədbirlərdə birgə iştirak
edirik.
Mən bizim dəvətimizi
qəbul edərək yenidən buraya səfər etdiyinə
görə Ukrayna Prezidentinə bir daha təşəkkürümü
bildirmək, aparılmış danışıqlardan məmnunluğumu
ifadə etmək və ümidvar olduğumu bildirmək istərdim
ki, bizim müzakirə etdiyimiz və razılığa gəldiyimiz
bütün məsələlər, əvvəlki illərdə
olduğu kimi, dəqiq yerinə yetiriləcəkdir. Biz nəzərdə
tutduqlarımızın hamısını yerinə
yetirmişik. Bir daha xoş gəlmisiniz və ümid edirəm
ki, Azərbaycan torpağında olmağınız Sizə
çox xoş təsir bağışlayacaqdır.
Azərbaycan.-2009.-10 aprel.-S.2.