Ukrayna Prezidenti Viktor Yuşşenkonun bəyanatı
-Hörmətli İlham Heydər oğlu!
Hörmətli azərbaycanlı dostlar!
Xanımlar və cənablar!
Bugünkü danışıqların mahiyyətini İlham Heydər oğlu artıq şərh etdi. Mən mühüm və aktual hesab etdiyim bəzi məqamları xüsusi vurğulamaq istərdim.
Hər şeydən əvvəl, bu gün biz münasibətlərimizin strateji xarakter daşımasını bir daha təsdiqləyirik. 2009-2010-cu illər üçün Ukrayna-Azərbaycan əməkdaşlığına dair tədbirlər planının imzalanmasından başlayaraq bu gün nəzərdən keçirdiyimiz bütün məsələlər onu göstərir ki, bizim ikitərəfli münasibətlərimiz əhəmiyyətli dərəcədə inkişaf etmişdir.
Biz indiyə qədər 27 müqavilə, rəsmi məlumat, memorandum imzalamışıq. Bu gün onların sırasına daha 8 ikitərəfli müqavilə və saziş əlavə etdik. Bizim strateji xarakterli münasibətlərimiz bu gün daha geniş normativ-hüquqi baza əldə etdi.
Xüsusi vurğulamaq istəyirəm ki, bizim münasibətlərimiz qarşılıqlı etimada əsaslanan konkret münasibətlərdir, buna görə də prezidentlərin hər bir görüşünün aktivində konkret nailiyyətlər olur. Biz dörd məsələyə xüsusi diqqət yetirdik. Birincisi ticarət-iqtisadi və energetika sahəsində münasibətlər blokudur. Energetika blokunu xüsusi vurğulamaq istərdim.
Bu gün biz bildiririk ki, AANND (Avrasiya Neft Nəqli Dəhlizi) barədə - Xəzər neftinin Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutan layihəyə dair təqribən iki il əvvəl başlanmış dialoqumuz əslində final mərhələsindədir. Aprelin 24-də Varşavada "Sarmatiya" birgə müəssisəsi idarə heyətinin işçi iclasında Xəzər neftinin bütün marşrut üzrə nəql edilməsinin texniki-iqtisadi əsaslandırılması qəbul olunacaqdır. Biz bildiririk ki, çoxsaylı maneələrlə üzləşmiş bu layihə bu gün öz məntiqi sonuna yaxınlaşır və heç şübhəsiz, biz bununla fəxr edirik.
Biz Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə göndərilməsi məsələsinin müzakirəsinə xüsusi diqqət yetirdik. Bu məsələ barədə Azərbaycan və Ukrayna ortaq mövqe ifadə edə bilərdi. Biz razılaşdıq ki, bu məsələyə dair müvafiq məsləhətləşmələr xarici işlər nazirlikləri səviyyəsində aparılacaqdır.
Ticarət əlaqələri bizim münasibətlərimizdə mühüm məsələdir. Biz bu əlaqələrin dinamik inkişaf etməsini vurğulayırıq. Ticarət münasibətlərimiz azad rejimə əsaslanır. Əmtəələr və xidmətlər barəsində qarşılıqlı məhdudiyyət yoxdur. Buna görə də keçənilki dinamika çox yüksək olmuşdur. Hazırda qlobal iqtisadi böhranla əlaqədar baş verən proseslər, əlbəttə, ikitərəfli ticarət münasibətlərimizə də təsir göstərmişdir. Lakin biz hamımız başa düşürük ki, bu, müvəqqəti haldır. Ona görə də ticarət münasibətlərinin, o cümlədən 2009-cu ildə də inkişafına nikbin baxırıq.
Biz nəqliyyat və tranzit sahəsində əməkdaşlıq kimi məsələlərə də xüsusi diqqət yetirdik. Cənab Prezidentlə biz hazırda ikitərəfli ekspertlər səviyyəsində perspektivli layihə kimi müzakirə olunan bir variantı da nəzərdən keçirdik. Söhbət hazırda Klaypedadan İliçevskə qədər işləyən "Vikinq" konteyner daşımaları marşrutunun İliçevskdən gəmi-bərə vasitəsilə Potiyə və Batumiyə qədər uzadılmasından gedir. Bu il biz Kerç-Poti-Batumi gəmi-bərə yolunu açacağıq. Beləliklə, bu konteyner daşımaları marşrutunun və hazırda Qara dəniz limanlarından Bakıya, oradan Almatıya və Mərkəzi Asiya ölkələrinə qədər işləyən marşrutun uyğunlaşdırılması məsələsinə baxılması iqtisadi cəhətdən məqsədəuyğun olardı.
Biz bu layihənin həyata keçirilməsində marağı olan ölkələrin müvafiq nəqliyyat nazirlərinin himayəsi altında birgə təşəbbüslə çıxış edirik. Yaxın vaxtlarda Kiyevdə ilk görüş keçiriləcək və güman edirik ki, həmin görüşdə bu siyasi təşəbbüs dürüst ifadə ediləcəkdir.
Biz "Şərq tərəfdaşlığı" və lap yaxın vaxtlarda, mayın 7-də Praqada keçiriləcək zirvə toplantısı məsələlərinə xeyli diqqət yetirdik. Biz bunu əsas götürürük ki, həmin zirvə toplantısının vəzifəsi perspektivdə təkcə altı ölkə ilə dialoq rejimini dürüst ifadə etmək deyil, həm də bu layihənin aydın məqsəd və vəzifələrini müəyyən etməkdir. Hesab edirik ki, bu layihə qarşıya elə vəzifə qoymalıdır ki, həmin altı ölkəyə əvvəlcə ümumi sahəvi, regional layihələrə dair yaxınlaşma və inteqrasiya perspektivlərini görmək imkanı versin. Sonra isə biz, əlbəttə, perspektivlərimiz barədə daha güclü və qüdrətli zəmin olmasını istərdik.
Biz İlham Heydər oğluna, Azərbaycan tərəfinə minnətdarıq ki, humanitar sahədə əməkdaşlığın zəruri olmasını bu cür aydın və həssaslıqla qəbul edirlər. İlham Heydər oğlunun Ukraynaya səfərləri kimi mənim də Azərbaycana səfərlərimin, demək olar ki, hər biri təhsil, mədəniyyət sahələrində və bütövlükdə humanitar sahədə müxtəlif layihələrlə əlamətdar olur. Budəfəki rəsmi səfər çərçivəsində biz Ukraynanın Azərbaycandakı səfirliyinin bir müddət yerləşmiş olduğu binada xatirə lövhəsini açacağıq. Bu, bizim tarixi münasibətlərimizin mühüm səhifəsidir. 1932-1933-cü illərdəki Qolodomor barədə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin müvafiq qətnamələrini Azərbaycanın dəstəkləməsi bizim üçün çox vacibdir, prinsipial əhəmiyyəti vardır.
Bu gün Ukraynanın rəsmi nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin rəhbərləri var. Sabah biz günün xeyli hissəsini bu məsələlərə həsr edəcəyik. Qeyd etmək istərdim ki, biz bu məsələlər üzrə münasibətlərimizin inkişaf dinamikasını yüksək qiymətləndiririk.
Bizim danışıqlarımızın
ayrıca bir bölməsi kosmos sahəsində əməkdaşlığa
və hərbi-texniki əməkdaşlığa
həsr edilmişdir. Mən qarşılıqlı hörmət
şəraitinə, konstruktivliyə
və ikitərəfli
münasibətlərimizə xas olan ənənəvi
etimada görə cənab Prezident İlham Heydər oğluna, rəsmi danışıqlarda, Prezident
Şurasının birinci
iclasında Azərbaycan
tərəfdən təmsil
olunmuş əziz dostlara bir daha
təşəkkür
etmək istərdim.
Azərbaycan.-2009.-10 aprel.-S.2.