Ukrayna Prezidentinin xanımı Heydər Əliyev Fondunda olmuşdur

 

 Ukrayna Prezidentinin xanımı Katerina Yuşşenko aprelin 9-da Heydər Əliyev Fondunda olmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xanım Katerina Yuşşenkonu qarşıladı.

Birinci xanımlar əvvəlcə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

Mehriban xanım hörmətli qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

Xanım Katerina Yuşşenko fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

Ukraynanın birinci xanımı Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

Xanım Katerina Yuşşenko Heydər Əliyev Fonduna xatirə hədiyyəsi təqdim etdi.

Ukrayna Prezidentinin xanımına Heydər Əliyev Fondunun layihəsi olan "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə olundu.

Xanım Katerina Yuşşenko Fonddan zəngin təəssüratla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 aprel.-S.3.