Çinar ömrü

 

Yetişməkdə olan nəslin bəşəri ideallar ruhunda tərbiyəsi, yüksək mənəvi-etik davranışlar çərçivəsində və sağlam böyüməsi, bədii-intellektual səviyyəyə yüksəlməsi cəmiyyətin, hər bir sivil dövlətin qarşısında duran prioritet vəzifələrdəndir. Eyni zamanda, hər kəsin müqəddəs vətəndaşlıq borcudur. Valideynlərin əzəli arzusu övladını qayğısız, savadlı, sabahkı gün üçün gərəkli bir vətəndaş kimi böyütmək, boya-başa çatdırmaqdır. Evdə, uşaq bağçasında, məktəbdə verilən tərbiyənin, təhsilin izləri sabah hansısa kollektivdə, yenicə qurulan ailədə aydın görünür. Sabahını düşünən, uzaqgörən ailə başçıları müdrik, zəmanə ilə ayaqlaşmağı bacaran bağbanlar kimidir - körpə fidanlara yaxşı-yaxşı qulluq etməsən, nazını çəkməsən, əyər-əskiyini vaxtında düzəltməsən sonranın xan çinarını, şah palıdını yetişdirə bilməzsən. "Balam əzizdir, tərbiyəsi ondan da əziz" söyləyən ulularımız bu müdrik qənaətə məhz yüzillərin təcrübəsi əsasında gəliblər.

Biz balalarımızı necə böyüdür, genefondumuzun qayğısına qala bilirikmi? Bu suala birmənalı cavab tapmaq təbii ki, çətindir. Sovetlər birliyi dövründə uşaqların təlim-tərbiyəsi, gələcəyə hazırlanması tamam başqa prinsiplərə söykənirdi. "Sarsılmaz ittifaq"ın nailiyyətlərindən bəhs edən mahnıları kim yaxşı oxuyurdusa, yay aylarını Krımda "Artek" pioner düşərgəsində "birinci katib"lərin uşaqları ilə birgə keçirər, müxtəlif festivallarda, müsabiqələrdə iştirak edərdilər. Hər gün qırmızı qalstukunu ütülətdirib boynuna taxan balacalar gələcəkdə mütləq Qaqarin, Titov kimi kosmosa uçmağı, heç olmasa, Sevil Qazıyeva kimi pambıqyığan maşın sürməyi arzulayardı. İllər keçdi, dərsliklərdən gözümüzə üfürülən kommunizm arzusu baş tutmadı, kranlardan su yerinə süd tökülmədi. İndiki uşaqların ataları, bəzilərinin babaları "ideal cəmiyyət"in sırıdığı ideyaların qəzetlərin saralmış səhifələrindən o yana keçmədiyinin əyani şahidi oldular. Keçən əsrin 90-cı illərində "sarsılmaz ittifaq"ın divarlarının lay-lay ovxalanıb yerə töküldüyünün şahidi olan nəslin öhdəsinə Qafqazda, Baltikyanı ölkələrdə, Orta Asiyada yaranan, öz əzəli müstəqilliklərini bərpa edən dövlətlərin gələcək qurucuları və yaradıcılarını yetişdirmək vəzifəsi düşdü. Bu gün parta arxasında oturan, kompüter kurslarına gedən, idman meydançalarına tələsən balacalar sabahın müəllimləri, mühəndisləri, biznesmenləri, aqronomları, kosmik tədqiqatçıları və geoloqlarıdır. Azərbaycan dövləti də özünün ailə, qadın və uşaq siyasətində gənc nəslin gələcəyin əsl qurucuları kimi yetişməsini daim önə çəkir, ölkənin maddi, elmi, mənəvi potensialını məhz bu istiqamətə yönəldir.

2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hazırlanmış tədbirlər planında ölkənin bir sıra qurumları qarşısında çox mühüm vəzifələr qoyulmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dini İşlər üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, habelə yerli icra hakimiyyəti orqanları il ərzində uşaqların təhsili, sağlamlığı, bədii yaradıcılığı və digər məsələlərlə bağlı çoxsaylı tədbirlər həyata keçirəcəklər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova 2009-cu ilin "Uşaq ili" elan edilməsini dövlətin yetişməkdə olan nəslə göstərdiyi qayğının əyani ifadəsi kimi dəyərləndirir:

- Ümummilli lider Heydər Əliyev uşaqları çox sevirdi. Yadınızdadırsa, hansı tədbirdə olursa-olsun, balacaları qucaqlayır, əzizləyirdi. Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara xüsusi məhəbbəti vardı. Onların firavanlığı, yaxşı təhsil alması, sağlam böyüməsi üçün nələr etmirdi. Hər il dövlət televiziyasında keçirilən uşaq günündə şəxsən iştirak edir, onların problemləri, qayğıları ilə ciddi maraqlanırdı. Azərbaycan Prezidenti İlham Əliyev bu kursu ardıcıllıqla davam etdirir. Dövlət başçısının gündəlik fəaliyyətində balacaların problemlərinin həlli daim öncül yerdədir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Mehriban xanım əsl ana şəfqəti, qadın mərhəməti göstərərək valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların dərd-sərinə qalır, onların heç də yiyəsiz olmadığını savab əməlləri ilə sübut edir. İnternatlara, uşaq evlərinə tez-tez baş çəkməsi, uşaq müəssisələrinin təmiri, yenilənməsi üçün konkret tədbirlər görməsi hamımızın ürəyindəndir.

Sədaqət Qəhrəmanova "Uşaq ili" ilə bağlı tədbirlər planında təmsil etdiyi qurumun da üzərinə böyük vəzifələr düşdüyünü bildirir: "İlk növbədə, Azərbaycan uşaqları haqqında Məlumat Bankının yaradılması nəzərdə tutulur. Bu addımın atılması sonradan görüləcək tədbirlərdə müstəsna rol oynayacaq. Məlumat Bankının yaradılmasında bizim komitə ilə birgə Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər aidiyyəti qurumlar da iştirak edəcək. "Uşaq ili" ilə bağlı internet saytının yaradılması və "Azərbaycan uşaqları" adlı portalın formalaşdırılması, "Azərbaycan ailəsi" xüsusi tədqiqat proqramının həyata keçirilməsi və müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması da nəzərdə tutulur. "Biz Azərbaycan övladlarıyıq" devizi ilə uşaq yaradıcılıq festivalının keçirilməsi balacaların istedadlarının üzə çıxarılmasına təkan verəcək.

Tədbirlər planında BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq maarifləndirmə işinin gücləndirilməsi, uşaq hüquqları, sağlam həyat tərzi, uşaq yaradıcılığının və idmanın inkişafına, uşaqların biliklərinin artırılmasına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunmasına, tolerantlıq mühitində tərbiyəsinə yönəldilmiş foto, rəsm, inşa, ifaçılıq müsabiqələrinin, sərgilərin, konsertlərin, festivalların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Xaricdə yaşayan azərbaycanlı uşaqlar da unudulmayacaq. Ana dilinin öyrədilməsində, ölkəmizlə yaxından tanış olmalarında onlara yaxından kömək göstəriləcək. Aztəminatlı ailələrdən olan uşaqların, məcburi köçkün balalarının muzeylərə ekskursiyasını, konsert və teatr tamaşalarına baxışlarını təşkil etmək, "Uşaqlar müharibə və hərbi münaqişələr şəraitində" mövzusunda "dəyirmi masa" keçirmək komitəmizin üzərinə düşən vəzifələrdəndir.

Tədbirlər planında il ərzində rayonlarda aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqların pulsuz müayinəsi, uşaq müəssisələrində kütləvi tibbi müayinə aparılması, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinin təşkil edilməsi, yeni salınan qəsəbələrdə müvəqqəti məskunlaşmış köçkün ailələrindən olan uşaqların sağlamlıq vəziyyətinin monitorinqinin təşkili, belə uşaqların təhsil aldıqları məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyi K.Fərəczadə adına Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Nəsib Quliyev 2009-cu ilin "Uşaq ili" elan edilməsini ölkə rəhbərinin sosialyönümlü siyasətinin daha bir uğurlu addımı hesab edir:

- Bununla bağlı tərtib olunmuş tədbirlər planına əsasən uşaqlarda yoluxucu xəstəliklərin immunoprofilaktikası işinin təkmilləşdirilməsi, yəni, peyvəndlərin tətbiqi ilə bağlı və "Avropa immunoprofilaktika həftəsi" çərçivəsində ölkə ərazisində müvafiq tədbirlər keçiriləcək. Uşaqlarda yod çatışmazlığı, körpələrin ana südü ilə qidalanması vəziyyəti, ölkə üzrə uşaq ölümü səbəblərinin tədqiqatının nəticələrinə uyğun olaraq tədbirlər davam etdiriləcək. "Üçüncü Minilliyin Məqsədləri" Beynəlxalq Proqramın sayca dördüncü məqsədi dünyada uşaq ölümünün azaldılmasına nail olmaqdır. Bununla bağlı vaxt da müəyyənləşdirilib; 1990-cı ilin səviyyəsi ilə müqayisədə 2015-ci ildə dünyada uşaq ölümü üç dəfə azaldılacaq. 2005-ci ilin dekabrında Azərbaycan bu proqrama qoşulduğunu bəyan edib. Respublikanın səhiyyə naziri Oqtay Şirəliyevin də iştirak etdiyi London konfransında 140-dan çox ölkənin səhiyyə təşkilatçısı "Uşaqların xilası - 2015" Beynəlxalq Proqramı qəbul etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim və beynəlxalq aləmdə tanınmış nüfuzlu tibb xadimlərinin adıçəkilən məsələyə necə həssas, humanist meyarlarla yanaşdığını indi də yaxşı xatırlayıram.

Professor Nəsib Quliyev bildirir ki, London konfransından sonra üç ay ərzində Səhiyyə Nazirliyində bir-birinin ardınca doqquz proqram hazırlandı. 2006-2010-cu illəri əhatə edən "Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması haqqında" Dövlət Proqramı bu sahədə müstəsna əhəmiyyətə malikdir. Daha sonra irsi qan xəstəliyi olan uşaqların müalicəsi, yeni doğulanlara xidmət, onlara elektron sağlamlıq kartlarının verilməsi, yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında dövlət proqramlarının qəbul edilməsi genefondumuzun qorunması sahəsində atılan uğurlu addımlar hesab olunmalıdır. "Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda qan xəstəliklərinin müalicəsi sahəsində ixtisaslaşmış talassemiya mərkəzi tikilib. 5 saylı klinik xəstəxana ilə üzbəüzdəki hər cür şəraiti olan, müasir avadanlıqla təchiz edilən mərkəz istifadəyə verildikdən sonra burada qan xəstəlikləri olan uşaqların diaqnostikası, müalicəsi kompleks şəkildə mümkün olacaq. Sonradan burada sümüyün transplantasiyası da həyata keçiriləcək. Ölkənin 7 regionunda perinatar mərkəz formalaşmaqdadır. Bakı və Gəncədə bu mərkəzlər artıq fəaliyyətdədir. Yaxın vaxtlarda Lənkəran, Sabirabad, Şəki, Quba və Naxçıvanda da belə mərkəzlərin açılışı gözlənilir. Bu, heç də təsadüfi deyil. 2006-cı ildə UNİSEF tərəfindən Azərbaycanda uşaq ölümünün səbəbləri araşdırılarkən məlum olmuşdur ki, dünyadan köçən balacaların üçdə iki hissəsini yeni doğulanlar (çağalar) təşkil edir. Minilliyin məqsədlərinə çatmaq istəyiriksə, ilk növbədə əsas diqqəti körpələrin - südəmərlərin sağlamlığına yönəltməliyik. Bu isə yalnız müasir tibbi metodların tətbiqi ilə mümkündür. Xatırlatmaq istərdim ki, 2006-cı ildə Səhiyyə Nazirliyi tərəfindən iki prioritet xidmət sahəsi müəyyənləşdirildi. Birincisi, əhaliyə təcili və təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi, müasirləşdirilməsi, ikincisi isə ana və uşaqların sağlamlığının qorunması. Bu işlər kampaniya xarakterli olmamalı, ardıcıl, gündəlik fəaliyyətə çevrilməlidir. Son illər dövlətimizin qayğısı və dəstəyi ilə ana və uşaqların sağlamlığı sahəsində diqqəti çəkən işlər görülüb. Ölkə miqyasında bir yaşa qədər olan uşaqlar arasında ölüm hallarının 1992-ci illə müqayisədə üç dəfə azalması məhz bu səmərəli tədbirlərin nəticəsidir. Dünyanın müvafiq təşkilatları Azərbaycanda demoqrafik göstəricilərin 19-20 pillə yaxşılığa doğru dəyişdiyini etiraf etməsi ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl səylərinin əyani ifadəsidir.

Təbii ki, ölkənin səhiyyə sistemində aparılan islahatlar, həkim və tibb bacılarının ixtisaslarının artırılması ilə bağlı görülən tədbirlər onların qarşısında duran vətəndaşlıq borcunu daha dolğun ödəmələrinə stimul verir. Ölkənin bütün rayonlarında, şəhər və qəsəbələrində, o sıradan məcburi köçkünlərin yaşadıqları ərazilərdə uşaqlara vaxtaşırı peyvənd edilməsi, onların kütləvi müayinəsi, dispanserizasiyası üçün tədbirlər uğurla davam etdirilir. Bu məqsədlə yaradılan 12 xüsusi briqadanın ikisi bizim institutdadır. Həkimlərimiz və tibb bacıları tez-tez məcburi köçkün ailələrinə baş çəkir, ortaya çıxan hər hansı problemi yerindəcə həll edirlər. Əgər lazım gələrsə, xəstə uşaqlar dərhal Bakı şəhərinin müalicə mərkəzlərinə çatdırılırlar.

Ölkədə azyaşlı uşaqların təhsili, tərbiyəsi, bədən tərbiyəsi və idmana cəlb edilməsi ilə yanaşı, onların sosial təhlükələrlə üzləşməməsi, cinayətkarlığa və avaraçılığa yuvarlanmaması üçün də ciddi tədbirlər görülməlidir. Bu işdə hamı məsuliyyət daşıyır - valideyn də, müəllim də, cəmiyyət də, sözü keçən, imkanı olan hər kəs də. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Kamal İmanverdiyev bu sahədə görülən tədbirlərin ölkə qanunvericiliyinə, Avropa institutlarının tələblərinə uyğun olduğunu bildirir: "2005-ci ildə Milli Məclisin qəbul etdiyi qanun yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması sahəsində qarşıya mühüm vəzifələr qoymuşdur. Bizim işimizdə preventiv tədbirlər mühüm rol oynayır. Xidmətimizin də əsas vəzifəsi budur ki, hüquqpozmaya meyilli, küçə həyatına, avaraçılığa can atan uşaqları aşkara çıxaraq, onların sosial təhlükəyə düçar olmasına yol verməyək. Müvafiq dövlət və hökumət qurumlarının, qeyri-hökumət və ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin bu sahədə bizimlə əməkdaşlığı yaxşı səmərə verir. Keçən ilin sentyabrında DİN-in kollegiya iclasında adıçəkilən məsələ geniş müzakirə edilmiş, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilmişdir. İl ərzində 100-dən çox reydlər keçiririk. Sərgərdan uşaqların normal həyata qayıtması üçün təxirəsalınmaz tədbirlər görürük. Uşaqlar arasında cinayət xarakterli əməllərin 1993-1998-ci illərlə müqayisədə 50 faiz azalması məhz qabaqlayıcı tədbirlərin nəticəsində mümkün olmuşdur. Düzdür, bir cinayət də bizim üçün, cəmiyyət üçün problemdir. Hər halda, bu cür əməllərin yarıbayarı azalmasına nail olduğumuza görə qəlbən sevinir, rahatlanırıq. Yolunu azmış uşaqların bəd əməlləri üçün onlardan əvvəl biz böyüklər, müəllimlər, valideynlər günahkardır. Bu mənəvi cəzanı çəkməyi isə heç kimə arzulamırıq.

Yazının əvvəlində uşaqları, dünyaya göz açmış körpələri fidanlara bənzətmişdik. Bu körpə fidanların gələcəkdə köklü-şaxəli, kölgəli olması üçün daha nələr etməliyik? Gəlin bu barədə ətraflı fikirləşək, düşünüb-daşınaq. Allahın tale payı olan balalarımıza çinar ömrü yaşatmaq xeyli dərəcədə özümüzdən asılıdır. Bu həqiqəti unutmamalıyıq.

 

 

Akif Cabbarlı

 

Azərbaycan.-2009.-10 aprel.-S.5.