Azərbaycan ilə NATO arasında faydalı əməkdaşlıq inkişaf edir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov aprelin 9-da NATO Baş katibinin ictimai diplomatiya üzrə müavini Jan Fransua Büro ilə görüşmüşdür.

Şimali Atlantika blokunun 60 illiyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya gəldiyini deyən J.F.Büro NATO ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsindən Fərdi Tərəfdaşlığın Əməliyyat Planı (FTƏP) çərçivəsində aparılan əməkdaşlıqdan məmnun olduğunu söyləmiş, əlaqələrin uğurla davam edəcəyinə ümid bəslədiyini demişdir.

Azərbaycan ilə NATO arasında faydalı əməkdaşlığın inkişaf etdirildiyini vurğulayan E.Məmmədyarov FTƏP-in əhəmiyyətini diqqətə çatdırmış, Bakıda NATO-nun 60 illiyinə həsr olunmuş konfransın keçirilməsinin Azərbaycanda Şimali Atlantika bloku haqqında biliklərin artırılması baxımından vacib rol oynadığını diqqətə çatdırmışdır.

E.Məmmədyarov aprelin 6-da NATO-nun 60 illiyinə həsr olunmuş sammitdə qəbul edilmiş bəyannamədə qurum tərəfindən Azərbaycanın ərazi bütövlüyü suverenliyinin bir daha dəstəklənməsini yüksək qiymətləndirmişdir.

Görüşdə ikitərəfli regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-10 aprel.-S.5.