Bakıda "NATO - tam siyasi kamillik alyansı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Aprelin 9-da Bakıda Şimali Atlantika blokunun 60 illiyinə həsr olunmuş "NATO - tam siyasi kamillik alyansı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Rumıniyanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov rəsmi Bakının NATO-nun fəal tərəfdaşı kimi hərbi-siyasi sahədə islahatlar keçirdiyini, sərhəd təhlükəsizliyində pilot ölkə olduğunu demişdir. Azərbaycanın NATO ilə əməkdaşlığı genişləndirmək istiqamətində planları olduğunu vurğulayan nazir müavini bildirmişdir ki, hazırda alyansın mülki hərbi əməliyyatlarında daha fəal iştirak etmək üçün müəyyən imkanlar nəzərdən keçirilir. Bu yaxınlarda Əfqanıstana yardımlar göstərilməsi müzakirə olunmuşdur. Azərbaycan, həmçinin, "Sülh naminə tərəfdaşlıq" sənədində dəyişikliyi nəzərdən keçirir. Bu dəyişiklik NATO-nun marağına uyğun olacaqdır.

A.Əzimov demişdir ki, NATO üzünü müsəlman ölkələrinə tərəf tutmalıdır. Çünki qurumun Azərbaycanın simasında digər müsəlman ölkələrinə ehtiyacı ola bilər. 1994-cü ildən Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyini xatırladan A.Əzimov bildirmişdir ki, Fərdi Tərəfdaşlığın Əməliyyat Planına ilk qoşulan ölkələrdən biri Azərbaycandır. Azərbaycan qurumla əlaqələri genişləndirir, hərbi sahəni NATO standartlarına uyğunlaşdırmaq istiqamətində islahatlar aparır. Azərbaycan əsgərləri dünyadakı münaqişə bölgələrində sülhün təmin olunmasına töhfə verir.

Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke ölkəsinin xarici işlər nazirinin müraciətini oxumuşdur. Nazirin müraciətində deyilir ki, əlaqələndirici dövlət olaraq Rumıniya Azərbaycanın Avratlantik məkana inteqrasiyasını dəstəkləyəcəkdir. Bu əməkdaşlıq NATO-nun Elm Proqramı çərçivəsində ərzaq su təhlükəsizliyi proqramları ilə yanaşı, Bakı Gəncədəki Avratlantik mərkəzlərlə sıx əlaqələrin qurulması istiqamətlərində olacaqdır.

NATO Baş katibinin ictimai diplomatiya üzrə müavini Jan Fransua Büro vurğulamışdır ki, alyans Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirir. J.F.Büro "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsinə ehtiyac olduğunu demişdir: "Biz Azərbaycan ilə gələcək əməkdaşlığın hansı sahələri əhatə edəcəyini müzakirə edirik. NATO-nun elm proqramları çərçivəsində əməkdaşlıqda Azərbaycan qurumun ikinci tərəfdaşına çevrilmişdir region ölkələrini qabaqlamışdır".

ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders bildirmişdir ki, NATO Azərbaycanı öz tərəfdaşı hesab etməkdən qürur duyur. Azərbaycanın Avratlantik təsisatlarına inteqrasiya etməyə dair verdiyi strateji qərar onun müstəqil dövlət tarixində ən önəmli qərar ola bilər. Azərbaycanın NATO ilə olan əlaqələri təhlükəsizliyi demokratik dəyərləri gücləndirməklə yanaşı, siyasi hərbi təkmilləşdirmə islahatlar prosesinə dəstək verir.

Diplomat demişdir ki, NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin milli təhlükəsizlik strukturlarının müasirləşdirilməsinə dair öz üzərinə öhdəliklər götürmüşdür. Belə islahatlar Azərbaycan Silahlı Qüvvələrinə NATO-nun əməliyyatlarına inteqrasiya etmək üçün imkan yaradacaqdır. Bu islahatlar digər demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin mülki siyasi istiqamətinə uyğun olan konstruktiv rol oynaya bilər. Azərbaycanın bu istiqamətdə irəliləyişinin əyani nümunəsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması hökumətin hərbi doktrinanın üzərində işləməsi olmuşdur.

Rumıniyanın Xarici İşlər Nazirliyi departamentinin direktoru Daniel İonita ölkəsinin NATO ilə əməkdaşlığı çərçivəsində qazandığı təcrübəni tərəfdaş ölkə missiyasını yerinə yetirdiyi dövrdə Azərbaycan ilə paylaşacağını vurğulamışdır.

Beynəlxalq konfransda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar, ekspertlər, o cümlədən xarici ölkələrin Bakıdakı səfirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.-2009.-10 aprel.-S.5.