Yaşamaq istəyirəm, ata!
...Onları
görən kimi tanıdım. İlk dəfə də elə
buradaca, əvvəl xəstəxananın dəhlizində,
sonra isə həyətdə, yaz günəşinin xəsis
şüalarının yaşıl budaqlarından
sallandığı sərvin altında
görmüşdüm. Əslində, bu xəstəxanaya gələnlərin
dərdi o qədər böyük, qayğısı o qədər
intəhasız olur ki, kiməsə diqqət çəkmək,
kimisə yadda saxlamağın özü də lüzumsuz bir
işə çevrilir. Amma o uşağın sifəti,
üzünün cizgilərindən asılan pudluq
ağrı, qüssə, çarəsizlik mismar kimi beynimə
işləyərək hər dəfə bu xəstəxananın
darvazasından içəri keçəndə
yaddaşımın yaxasından yapışıb silkələyirdi.
Çox güman ki, nə üçün məhz bu
müalicəxanaya gətirilməyinin heç fərqində
də deyildi çocuq. Gah tənbəl-tənbəl
yaxınlıqdakı ağacın koğuşunda uzanıb gəlib-gedənləri
maraqla seyr edən pişik balası ilə oynamağa cəhd
göstərir, gah da yaxınlaşıb fikirli-fikirli papirosunu
tüstülədən atası ilə bir-iki ağız
danışırdı.
Sonralar bir də o xəstəxanaya
gedəsi olmadım. Anamın "o zəhrimara
qalmış" adlandırdığı xəstəlik
başqaları kimi ona da aman vermədi və bir payız
günü anamla birlikdə ürəyimin də bir
parçasını qarət edərək apardı.
Aradan iki ilə yaxın bir
vaxt ötürdü. Ürəyim istəməsə də,
ayağım zorən məni çəkib yenə bu məkana
gətirmişdi.
Əgər rəssam olsaydım,
onların portretini elə beləcə də, yaradardım - tənha,
naçar, ümidsiz... ata və oğul. Elə bil kədər,
qüssə əzib yumağa döndərmişdi kişini.
Balasına dikilmiş baxışlarında səssiz-səmirsiz
fəryad qoparan o həsrətin, nisgilin səbəbi mənə
necə də əyan idi. Bu dəfə həyətdəki
oturacaqda oturmuşdular. Hava boz sifətini göstərməyə
başlasa da, əyin-başları nimdaş idi. Uşaq bir əlini
şalvarının, o biri əlini isə atasının pencəyinin
cibində gizlətmişdi. Saçları
tökülmüşdü. Görünür, kimyəvi
müalicənin fəsadı idi. Yəqin
yaşıdlarının yanında utanırdı da. Cilvəsi
sovulmuş, çökəyə düşmüş
gözlərinin dərinliyində nəfəs donduran bir
ağrının, körpə qəlbinin əzalarını
tərksilah etmiş bir qorxunun amansız kölgələri
oynaşırdı. Elə sükutu da o pozdu:
- Ata, hələ çox
gözləyəcəyik?
- Yox, bala, həkim gəlib
baxan kimi gedəcəyik.
- Ata, həkim keçən
dəfə dedi ki, bu dərmanları içəndən sonra
ağrıların keçəcək, yenə uşaqlarnan
futbol oynayacaqsan. Amma mən yenə yoruluram,
ağrıyıram. Sən ona de ki, başqa dərman versin.
- Yaxşı, gülüm,
bu dəfə lap yaxşı dərmanlar yazacaq doxdur.
- Bəs sənin pulun
çatacaq? Yenə də Vəfadar əmiyə ağız
açma ha, mənim qurbanlıq quzumu sat. Ata, o gün
uşaqlar dedi ki, sən ta biznən oynaya bilməyəcəksən.
Ata, düzdümü mən sağalacam?! Çünki balaca
uşaqlar ölmürlər. Adam gərək böyüyə,
sonra qocala, lap axırda da ölə. Düzdümü, ata?
Göz yaşlarını
ciyərparasından gizlətmək istəyən ata həkimi
tapmaq bəhanəsi ilə durub binaya tərəf yollanır.
Arxadan çiyinləri xəfif-xəfif titrəyirdi.
Məhkumlar, yaxud bu dünyanın qonaqları
Bilmirəm, tək mənim
müşahidələrimdir, yoxsa başqaları da fikir veriblər,
xərçəng xəstəsinin bir gözü həmişə
saatda olur. Görünür, sakitləşdirici iynədən
sonra gələn həyat eşqi ilə ağrıların
başlayacağı zaman arasında çırpınan o
qısa vaxt məsafəsini ölçmək
üçün. Qəribədir, şərid kimi uzanıb
gedən hər saatla ömrün son mənzilinə aparan
yolunun bir qədər də qısalmasına sevinə bilərmiş
insan. Bu, taqətsiz bədəndən çıxan son həyat
"damcıları" ilə yaxınlaşan ölüm -
həyat eşqi ilə ölüm əzabları
arasındakı mövcudluğun sadə və bəsit fəlsəfəsidir.
Xərçəngi qorxunc,
vahiməli edən bəlkə də adı deyil, qəfil təzahürüdür.
O, adəti üzrə "qapını döyüb" -
"gəlmək olarmı?" - soruşmur, bir də
baxıb görürsən ki, girib içəri, bəyəndiyi
yerdə oturub, aşırıb ayağını
ayağının üstünə və səyirdir
atını belədən-elə, elədən-belə.
Bir kimsənin ölüm xəbərini
eşitcək, ilk əvvəl yaşı və
ölümünün səbəbi ilə maraqlanırıq.
Mərhum yaşlı, ixtiyar olduqda - "ömür
yaşadı" - deyirik. Cavan oldumu, köks ötürüb
- "vaxtsız getdi" - söyləyirik. Amma bir
ölüm də var ki, təkcə elə adı adamı
varından yox eləyir, yayın qızmar istisində belə
üşüdür, dondurur, məzlumlaşdırır.
Görəsən, bu xəstəliyin adı bədheybət
görünüşlü xərçəng deyil,
tutalım, may böcəyi olsa idi necə, yenədəmi lənətlə
anılacaqdı?
Bu gün bəşər
övladı xərçəngin ən müxtəlif
növlərinin total hücumu ilə yenidən üz-üzədir.
Onun nüfuz arealı və kəmiyyət göstəricisində
"pozitiv" dinamika müşahidə olunmaqdadır. Xərçəngin
tədqiqi ilə məşğul olan beynəlxalq agentliyin təqdim
etdiyi məlumatlara görə, əgər ötən
yüzilliyin 90-cı ilində bu xəstəliyə ilk dəfə
mübtəla olanların sayı 8 milyon nəfər təşkil
edirdisə, 10 il sonra həmin rəqəm daha 2 milyon ədəd
artmışdır. Ən "xəsis" hesablamalara əsasən,
2050 -ci ildə planetimizdə xərçəngə
yoluxanların sayı 24 milyona, onun "kəlbətin
caynaqlarından" canını qurtara bilməyib
dünyasını dəyişənlərin sayı isə 16
milyon nəfərə çatacaqdır. Heç şübhəsiz,
xərçəng "beynəlmiləl immunitet"
daşıdığı üçün həmin statistikada
respublikamızın da "payı" var. Son illərin
ürəkaçmayan statistikasına görə, ölkəmizdə
onkoloji xəstəliklər bir patologiya kimi artmaqda davam edir və
hazırda 25 min nəfər xərçəng diaqnozu ilə
yaşayır. Mütəxəssislərin fikrincə, Azərbaycanda
xərçəng ən çox süd vəzilərində,
ağciyərdə, mədədə, qida borusunda, prostat vəzində
aşkar edilir. Letal sonluqla bağlı müqayisəli rəqəmlər
də nikbinliyə əsas vermir. Belə ki, 2007-ci ildə xərçəng
6241 nəfərin həyatına nöqtə qoymuşdur ki, bu
da 10 il əvvəlki göstəricidən 30 faiz çoxdur.
Uşaqlar arasında onkoloji xəstəliklərin artması və
uşaq ölümünün səbəbləri arasında xərçəngin
ikinci pilləyə qalxması da son illərin kədərli və
düşündürücü faktları
sırasındandır. Belə ki, Azərbaycanda onkoloji xəstələrin
dörddə birini uşaqlar təşkil edir.
Xərçəng
dünyada insan ölümlərinin əsas səbəblərindən
sayılır. Bu xəstəlik ildə orta hesabla 8 milyon
insanın həyatına son qoyur. Və həmin rəqəmə
dinamika xasdır. Mütəxəssislərin fikrincə,
sağlam qidalanma, fiziki hərəkətlərlə məşğulluq
və siqaret çəkməkdən imtina xərçəngə
yoluxmanı 40 faiz aradan qaldıra bilər.
Qıyma balalara, zalım xəstəlik
Həyatda hər şeyin
öz vaxtı var. Zaman öz "köhlən
at"ını səyirtməkdə nə qədər
müstəqil olsa da, bizlərin hərəkətini dəqiq
çərçivələrə alıb və istədiyi
vaxt qarşımıza "hesab" qoya bilir. Çətin
sınaqlamı, keşməkeşli həyatlamı, xəstəlikləmi,
öz işidir. Ancaq hərdən insanın da zamanın
vazkeçilməz işdəklərinə qarşı
üsyanı, etiraz nidası baş qaldıra bilir.
Balalarımıza qıyanda, ciyərparalarımızı
sağalmaz bir mərəzə düçar edəndə. Bəzən
uşaq onkologiyasından söhbət düşəndə
çoxları təəccüblənir; necə yəni,
uşaqlardamı xərçəngə tutulurlar? Nə qədər
acıverici olsa da, bəli, bu gün, lap elə dünən də
və pessimist olduğu qədər də sərt və
gerçək statistikaya görə, sabah da uşaq xərçəngi
aktual olaraq qalacaq. İnsan zəkasının
qarşısında əsir olduğu patologiyalardandır xərçəng.
Uşaqlar faktiki şəkildə
xərçəng xəstəliyinə tutulsalar da, əslində,
bu yaş həddi üçün o, atipik sayılır. Ətraflı
statistikanın mövcud olduğu inkişaf etmiş ölkələrin
apardığı təhlillər nəticəsində müəyyən
edilmişdir ki, bu xəstəliklə hər il yaşı
15-dən aşağı olan 1000000 uşaqdan 120-160-ı
yoluxur. Belə minvalla 20 yaş həddinədək hər 300,
yaxud 500 nəfərdən birində xərçəngin əlamətləri
müşahidə olunur.
Məişət, başqa
cür ifadə etsək, obıvatel müstəvisində
yozuma görə, ciddi və təhlükəli xəstəliklər,
adətən, müəyyən yaş həddi ilə əlaqədar
peyda olur. Belə olan halda azyaşlı uşaqların bu rəzil
xəstəliyiə mübtəla olmasının səbəbləri
hansılardır? Xərçəngin əksər növləri
üçün bu sualın cavabı hələ də müəmmalı
olaraq qalır. Yəni, bu və ya digər xəstədə
patologiyanın səbəblərini aşkar etmək demək
olar ki, mümkün deyil.
Sadə statistikaya əsaslanan
mütəxəssislərin qənaətinə görə,
uşaqlardakı xərçəng xəstəliklərinin
törəmə simptomları genetik səviyyədə xətalarla,
xromosomların düzülüşündəki
sapıntılarla, immun çatışmazlığı,
Epşteyn-Barr virusu tipli yoluxucularla, B hepatit virusu, uğursuz
şüalanma, immuniteti azaldan müalicə, hətta xərçəng
əleyhinə müalicə ilə də bağlı ola bilər.
Müsahibimizin -
respublikanın baş onkoloqu, professor Fuad Mərdanlının
fikrincə, yaşlı nəsildən fərqli olaraq
uşaqlarda xərçəng xəstəliyinin müalicəsi
diaqnozu düzgün qoyulub səmərəli
aparıldığı təqdirdə nikbin nəticələrə
köklənməyə əsas verir. Müalicə ənənəvi
üsullarla - cərrahiyyə, kimyəvi, şüa müalicələri
və biopreparatlarla aparılır. Lakin hər hansı bir fəsaddan
sığortalanmaq üçün müalicə qabaqcıl
avadanlıqlara malik ixtisaslaşmış mərkəzlərdə
və təcrübəli həkim briqadasının nəzarəti
altında aparılmalıdır. Hər bir halda, xərçəngin
növü və xəstəliyin hansı mərhələdə
olması müalicənin effektiv aparılmasında az rol
oynamır. Bu gün müalicə ilə bağlı müqəyyəd
şərtlərə əməl olunduğu təqdirdə xərçəng
diaqnozlu uşaqların 70-75 faizinin sağalma şansları
var.
Uşaqlar arasında ən
çox yayılan onkoloji xəstəliklər limfa və
qanyaradıcı toxumaların bədxassəli şişləridir.
Məsələnin aktuallıgını, eləcə də
regionlarda bu xəstəliklərə tutulanların
sayının az olmadığını nəzərə
alaraq, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi
(MOM) şiş xəstəliklərinə tutulanların
tibbi-profilaktik müayinəsini həyata keçirmək məqsədilə
müntəzəm olaraq peşəkar həkim briqadası ilə
birlikdə unikal "səyyar klinika" adlandırıla biləcək
mobil diaqnostika laboratoriyasını Bakının, eləcə
də respublikanın müxtəlif rayonlarına "ezam
edir". Hazırda mərkəzin həyətində təxminən
600 çarpayılıq səkkizmərtəbəli cərrahiyyə
və beşmərtəbəli şüa-müalicə
korpusları ilə yanaşı, dördmərtəbəli
uşaq şöbəsi də inşa olunur. Qeyd etdiyimiz kimi,
uşaq onkologiyasının müalicə metodları prinsipcə
böyüklərinkindən fərqlənmir. Bununla belə,
bu müalicənin məxsusi özəllikləri də var.
Professor Fuad Mərdanlının sözlərinə görə,
uşaqların müalicəsi spesifikliyinə görə fərqləndiyi
üçün əlahiddə korpusun tikintisinə ehtiyac
yaranmışdır. Burada diaqnostika, reanimasiya, rentgen kabinetləri
olacaq, xəstə uşaqların valideynləri ilə
qalmasına şərait yaradılacaqdır. MOM-un rəhbəri,
akademik Cəmil Əliyev indidən peşəkar həkim heyətinin
hazırlanmasına məxsusi diqqət yetirir, onların
ABŞ-dan tutmuş Türkiyə, Rusiya və digər ölkələrdə
ixtisaslarını artırmalarına qayğı göstərir.
Uşaq xərçənginin
müalicəsində qarşıda duran ən ümdə
problem yüksək texnoloji tibbi avadanlığın olması
və dərman təminatı məsələsidir. Heç
kimə sirr deyil ki, onkoloji xəstəsi olan ailənin mənəvi
əzablarının üzərinə ondan heç də az
olmayan maddi qayğılar gəlir. Bəzən də elə
olur ki, əlində-ovcunda olanı satıb pul tədarükü
görən xəstə sahibi həftələrlə
faydasız dərman axtarışlarına baş vurmalı
olur. Hər biri də ki, od qiymətinə! Vətəndaşlarının
bu qayğısını da Azərbaycan dövləti
"Onkoloji xəstələrin şiş əleyhinə həyati
vacib preparatlarla təminatı üzrə Dövlət
Proqramı"nı qəbul etməklə öz üzərinə
götürmüşdür. Proqram özlüyündə
onkoloji xəstəliyə düçar olmuş şəxslərin
zəruri dərman preparatlarına olan ehtiyacının ödənilməsi,
ömürlərinin uzadılması, dövlət tibb müəssisələrində
müayinə və müalicəsinin maliyyələşdirmə
qaydalarının müəyyən edilməsi və s. bu qəbildən
olan problemlərin həllini prioritet kimi müəyyənləşdirmişdir.
Məsələnin əhəmiyyətini vurğulayan məqamlardan
biri də son illərdə bəd xassəli şişlərlə
xəstələnmə halları və bu xəstəlikdən
ölüm faktlarının artmasının məhz dərman
preparatlarının olmaması, kəskin
çatışmazlığı, yaxud onların
bahalığı ilə bağlı olmasıdır.
Ümid və pənah ünvanı
Ölkə Prezidentinin 23 may
2006-cı il tarixində imzaladığı və Milli Məclisdə
qəbul olunmuş "Onkoloji yardım haqqında" Azərbaycan
Respublikasının Qanunu, bu qanunun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il
tarixli fərmanı, həmin fərmanın icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 9 avqust 2006-cı il tarixli 226 "s" saylı sərəncamı
bu mühüm məsələnin dövlətin gündəliyində
durduğunu isbatlamaqla yanaşı, ümumi vəziyyəti də
müsbətə doğru bir xeyli dəyişdirmişdir. Belə
ki, bədxassəli şişlərin müalicəsində dərman
terapiyası aparıcı metodlardan biridir. Onkoloji xəstələrin
əksəriyyətinin müalicəsi zamanı da bu və ya
digər mərhələdə kimyəvi terapiyanın
aparılması zərurəti doğur. Buna görə də
ölkənin onkoloji müəssisələrində xərçəngin
müalicəsində istifadə olunan şiş əleyhinə
əsas həyati vacib preparatların elmi cəhətdən əsaslandırılmış
siyahısı tərtib olunub və bu siyahıya 14 adda dərman
preparatı daxil edilərək Dövlət Proqramında
öz əksini tapıb. Bütövlükdə isə,
respublikanın baş onkoloqu, professor F.Mərdanlının
dediyinə görə, əgər əvvəllər
şiş xəstəliklərinin müalicəsi məqsədilə
dövlət tərəfindən təminatı nəzərdə
tutulan dərman preparatlarının sayı 120 idisə, bu
gün həmin göstərici 427-ni haqlayıb. Bu isə təbii
ki, dövlətin iqtisadi imkanlarının artması, siyasətinin
sosialyönümlü olması, humanist xarakteri, bir də ki, ən
əvəzsis dəyər olan insan kapitalına, onun
sağlamlığına yönəlmiş qayğısı
ilə birbaşa əlaqədardır.
Dövlət səhiyyə
sahəsində məqsədli proqram və tədbirlərin
maliyyələşdirilməsi məqsədilə hər il
kifayət qədər vəsait ayırır. Məsələn,
2009-cu ilin büdcəsində təkcə "Xroniki böyrək
çatışmazlığı üzrə Tədbirlər
Proqramı"na 19,3 milyon manat, "Şəkərli diabet
üzrə Dövlət Proqramı"na 19,2 milyon manat,
"Onkoloji xəstələrin şiş əleyhinə əsas
preparatlarla təminatı üzrə Tədbirlər
Proqramı"na 10 milyon manat, bütünlükdə səhiyyə
üzrə 8 tədbirlər proqramının maliyyə təminatı
ilə bağlı 70 milyon manata qədər vəsait nəzərdə
tutulub. Heç şübhəsiz, həmin rəqəmlərdə
azyaşlı pasientlərin də "payı" var.
Hər nə qədər
xoş ovqata kökləməsə də, deməliyik ki,
şiş xəstəliyinə düçar olanların
sıra sayına bir dinamika xasdır və bunu Səhiyyə
Nazirliyinin Statistika və İnformatika İdarəsinin məlumatları
da təsdiq edir. Belə ki, 2006-cı ildə respublika üzrə
ilk dəfə diaqnoz qoyulmuş şəxslərin sayı
6758 nəfər, dispanser qeydiyyatında olanların sayı isə
24286 nəfər olmuş, həmin rəqəmlər
2004-cü ildə müvafiq olaraq 6109 və 22165; 2005-ci ildə
isə 6277 və 23088 nəfər təşkil etmişdir.
2007-ci ildə ümumi qeydiyyata alınmış xəstələrin
sayı 24431 nəfər olmuş, ilin sonuna dispanser
qeydiyyatına götürülən xəstələrin
sayı artaraq 7027 nəfərə çatmışdır.
Sevindiricidir ki, 14 yaşınadək olan uşaqlar arasında
müvafiq statistikada "geriləmə" nəzərə
çarpır. Əgər 2006-cı ildə 155 uşaq
qeydiyyata götürülmüşdüsə, növbəti
il həmin rəqəm 129 olmuşdur. İdarənin rəis
müavini Mehdi Əmrahov son illər şiş xəstəliklərinin
erkən aşkarlanma hallarının və bunun nəticəsi
olaraq ilkin diaqnoz qoyulan xəstələrin sayının
artdığını, habelə bu xəstəliklərdən
ölüm hallarının azaldığını diqqətə
çəkdi və belə bir pozitiv mənzərəni
onkoloji xəstəliklərin müalicəsi ilə məşğul
olan tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyinin
nəticəsi kimi dəyərləndirdi.
Bəli, bu gün Azərbaycanda
onkoloji xəstəliklərlə mübarizə sahəsində
mövcud potensial, yəni, həm ixtisaslı həkim
kadrların yetişdirilməsi, həm də profilaktika və
müalicə məqsədilə yaradılmış zəngin
və mütərəqqi maddi-texniki baza həmin mübarizənin
səmərəlilik əmsalını qat-qat artırır. Cəsarətlə
demək olar ki, respublikamızda onkologiya sahəsində
akademiklər Cəmil Əliyev və Əhliman Əmiraslanovun
timsalında püxtələşmiş, zəngin təcrübə
və ənənəsi olan məktəb mövcuddur.
Tanrı hər birimizə
bir can əmanət edib, bir tale qisməti, bəxt payı
cızıb. İnsanların bir-birinə ən böyük
arzusu, diləyi cansağlığı ilə
bağlıdır. Ancaq hər birimiz üçün
yaşadığımız həyatın, çəkdiyimiz
zəhmətlərin, ayaqladığımız keşməkeşlərin
bir fövqəlmənası da var -
övladlarımızın salamatlığı, xoşbəxtliyi,
cəmiyyət üçün mənən və cismən
sağlam bir fərd kimi böyüməsi. Məhz bu nöqtədə
hər üç tərəfin - valideynlərin, Yaradanın
və cəmiyyətin məqsədləri üzvi şəkildə
birləşir.
Sonralar həmin
ata-oğulu soraqlaşsam da, gördüm deyən olmadı. Elə
o gedən getmişdilər. Qəlbimin dərinliyindən
içimi pörşəldə-pörşəldə
bayıra can atan bir nigarançılıq göy bir qəhərə
dönüb boğazımın yoluna
çökmüşdü. Nə olaydı, kaş ki, o
qurbanlıq quzu satılmayaydı, eləcə
böyüyüb qumral bir qoyuna çevriləydi.
Xalid Niyazov,
Azərbaycan.-2009.-10 aprel.-S.6.