Türkiyədə Azərbaycan aliminin kitabı mükafat alıb

 

Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müəllimi, filologiya elmləri namizədi, dosent Tamilla Əliyeva (Abbasxanlı) səkkiz ildən çoxdur ki, Türkiyənin Əskişəhər Osmanqazi Universitetində Azərbaycan, türk dünyası ve dünya ədəbiyyatı fənnini tədris edir. Həmyerlimiz işini sadəcə dərs deməklə bitmiş hesab etmir. Alim Azərbaycan Türkiyə ədəbi əlaqələri haqqında dəyərli əsərlər yazır, elmi məqalələri Türkiyə, Azərbaycan, Amerika, Almaniya, İsvec, Balkanlar, İraq ve Şimali Kiprdə nəşr edilən jurnallarda işıq üzü görür. Dosent T.Əliyevanın məqalələrinin ədəbiyyat elminə faydalı olduğunu nəzərə alan jurnalların redaksiyaları bu məqalələri internet yolu ilə bütün dünyaya yayırlar.

T.Əliyeva-Abbasxanlının "Vətənimdə vətənimi özlədim" kitabı Türkiyə Azərbaycan ədəbi fikrinin marağına səbəb olub. Kitabın adı oxucunu düşündürür: insan hansı ölkədə yaşarkən həm oranı özünə vətən sayır, həm vətəni üçün darıxır? Sualın cavabı belədir: soyu, dili, dini bir ölkədə yaşayasan orada səni ürəkdən sevib hər an "bura sənin vətənindir" desələr, sən həm öz vətənin, həm o ölkə üçün darıxarsan. Türk dünyasının siyasi lideri, ulu önder Heydər Əliyev Türkiyəni hər zaman özünə ikinci vətən sayırdı. Bu gün Azərbaycan, Orta Asbya Balkanlardan olan ziyalılar Türkiyədə yaşayır, oranı özlərinə vətən sayırlar.

"Vətənimdə vətənimi özlədim" kitabı İzmirdə yerləşən, yalnız Türkiyədə deyil, Avropa, Balkanlar, Orta Asiyada məşhur olan "Özgür Yayın Evi" tərəfindən xüsusi mükafata layıq görülüb. Bununla bağlı keçirilən tədbirdə "Özgür Yayın Evi"nin bütün dünyada məşhur olan uşaq yazarı Mevlud Kaplan Özgür Kaplan həmyerlimizin kitabı haqqında gözəl fikirlər söyləyiblər. 500-dən çox uşaq kitabı yazan M.Kaplan dedi ki, elə kitabın adına mükafat düşür. Onu da qeyd etdi ki, bu kitab bütün türk dünyasındakı gənclərin dünyagörüşünün formalaşmasında, gənc nəslin xalqa, millətə sevgi hissinin aşılanmasında, vətənə bağlılığın artmasında önəmli rol oynayır. Ö.Kaplan da çıxışında hər zaman Əliyeva-Abbasxanlının türk dünyasına, xalqa, millətə sevgi hissi aşılayan kitablarını nəşr etməyə hazır olduqlarını vurğuladı.

Mərasimdə Türkiyənin məşhur yazıcı şairləri çıxış etdilər. Kipr Balkanlar Avrasiya Mərkəzinin başçısı, İzmirdəki 9 Eylül Universitetinin türk dili ədəbiyyatı bölümünün müəllimi Fəyyaz Sağlam Tamilla Əliyevanın elmi bədii yaradıcılığı haqqında xoş sözlər söylədi. Bildirdi ki, Tamilla Əliyeva Azərbaycan ilə Türkiyə arasında ədəbi elmi əlaqələrə böyük töhfə verir. Onun sayəsində qədər ziyalı Azərbaycana, oradan Orta Asiyaya, Balkanlara gedib gedəcək. Kitab haqqında Balkan şairlərindən Zeynal Beksaç, 9 Eylül Universitetinin Türk dili ədəbiyyatı kafedrasının müdiri dosent M.Yardımcı, həmin bölümün müəllimi H.Tuncer, şair Hidayet Qaraquş, Atilla Ər, Orta Asiyadan, Güney Azərbaycandan, Kərkükdən gələn şair yazıçılar çıxış etdilər.

Mərasimin sonunda söz alan T.Əliyeva-Abbasxanlı dedi ki, bu mükafat mənə deyil, məni böyüdən, məni belə kitab yazmaga həvəsləndirən Azərbaycan adlı vətənimə verilib. "Özgür Yayın Evi"nə minnətdarlığını bildirən müəllif daim bu mövzuya müraciət edəcəyini bildirdi.

 

 

Azərbaycan.-2009.-10 aprel.-S.7.