Böyük xilaskarlıq
missiyası
Aprelin 7-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində paytaxt tamaşaçıları üçün H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının hazırladığı, ulu öndər Heydər Əliyevin mübariz, keşməkeşli yolunu əks etdirən "Xilaskar" epik-dramatik tamaşası göstərilmişdir.
Pyesin müəllifi ötən əsrin 90-cı illərində vətənin "olum, ya ölüm" məsələsinin həll olunduğu bir dövrdə daxili siyasi çarpışmaların, ictimai-siyasi qarşıdurmaların bütün görünən və görünməyən, "kadrarxası" səhnələrinin şahidi olmuş, tanınmış yazıçı-dramaturq Aqşin Babayevdir.
Tamaşaya quruluş vermiş teatrın baş rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmovun təqdimatında yaxın keçmişimizin təlatümlü anları, dahi rəhbər Heydər Əliyevin bütün ağır və çətin sınaqlardan daim qələbə ilə, uğurla çıxan müdrik siyasəti və polad iradəsi, xalqı böyük ideyalar, milli mənafelər uğrunda öz ətrafında birləşdirən gücü, qüdrəti, eyni zamanda öz mənfur niyyətləri, siyasi ambisiyaları naminə hər şeyi - xalqın azadlığını və müstəqilliyini belə qurban verməyə hazır olan, ölkəni uçuruma aparan bir para siyasətbazların, dövlət məmurlarının iç üzü, xəyanətkar xislətləri qabarıq ştrixlərlə verilmişdir.
1990-1994-cü illər Azərbaycanın siyasi həyatından bəhs edən tamaşada tarixi reallıqlar bütün dolğunluğu ilə canlandırılmış, o zamanın respublika Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyevə qarşı qabaqcadan xüsusi ssenari üzrə düşünülüb-hazırlanmış haqsız iddiaların və hücumların müqabilində ümummilli liderin yalnız dahilərə məxsus məğrur bir görkəmdə duruş gətirərək özünün haqq sözünü qara qüvvələrə birbaşa, cəsarətlə deməsi, xalqın iradəsini ifadə etməsi özünün parlaq təcəssümünü tapmışdır.
Ulu öndərin 85 illik yubileyi ərəfəsində hazırlanaraq Sumqayıtın bu il qeyd olunacaq 60 illik yubileyinə teatr kollektivinin dəyərli töhfəsi olan "Xilaskar" tamaşası həm Azərbaycanda yaxın keçmişimizdə baş verən hadisələrin və xalqın ümummilli lideri Heydər Əliyevə olan böyük məhəbbətinin reallıqla əksi, həm də adamlarda mərdlik, etibar, sədaqət və kişilik kimi keyfiyyətlərin real psixoloji-dramatik məqamlarla yüksək dəyərləndirilməsi, ləyaqətsiz adamların isə rəzilliyi, bədbəxtliyi və çürüklüyünün ifşası baxımından da xüsusi maraq doğurur.
Tamaşada rejissor tərəfindən dahi rəhbərin çıxış etdiyi xitabət kürsüsünün parlament sədri və deputatlardan yüksəkdə qoyulması, onun portretini divardan götürmək üçün uzanan mənfur əllərin havada qalması, portretin daha da ucaya qaldırılması ilə ulu öndərin daim yüksəkdə, ucalıqda olması fikri çox aydın, anlaşıqlı şəkildə verilmişdir. Səhnə məkanının tamaşa zalı hesabına genişləndirilməsi, deputatların rollarını ifa edən aktyorların birbaşa tamaşa salonunda, tamaşaçılar arasında yerləşdirilməsi hadisələrin reallıq və canlılıq effektini artırmağa xidmət edir. Gəncə hadisələri ilə bağlı parlamentdə gedən gərgin müzakirələr, Heydər Əliyevin Gəncəyə risk və cəsarət tələb edən səfəri, öz dahiyanə intuisiyası, fəhmi ilə mənfur qüvvələrin növbəti xəyanətini duyan rəhbərin radio-televiziya ilə xalqa müraciətindən sonra yüz minlərlə adamın dərhal Azadlıq meydanına axışmasını, xalqla rəhbərin sarsılmaz birliyini əks etdirən, ay-ulduz bayraqlı, şüarlı-plakatlı səhnələr ötən illəri son dərəcə inandırıcılıqla və obyektivliklə əks etdirir.
Tamaşada ulu öndərin obrazını respublikanın əməkdar artisti Namis Şirməmmədov ustalıqla yarada bilmiş, dahi rəhbərin o zaman Ali Sovetdə keçirdiyi gərginlik və həyəcanı, xalqa və vətənə olan sədaqət və məhəbbət hisslərini, onun prinsipial və qətiyyətli xarakterini tamaşaçılara yaddaqalan şəkildə çatdırmağa nail olmuşdur.
Ali Sovetin xanım sədri rolunu oynayan respublikanın əməkdar artisti Fəranə Musayeva prototipi hamıya bəlli olan bu obrazı tamaşaçılara böyük
məharətlə, xarici
görkəminin uyarlığı
və daxili aləminin təzadları,
çarpışmaları ilə birgə tam və inandırıcı
şəkildə təqdim
etməyi yüksək peşəkarlıqla
bacarmışdır. Digər rolların
ifaçıları - respublikanın
xalq artisti Məzahir Süleymanov (filosof deputat), əməkdar artist İzaməddin Bağırov
(sədr əvəzi),
İlqar İbrahimov (şair deputat), Möhdasim Yusifov (yazıçı deputat),
əməkdar artist Vidadi Məmmədov (Saqqal Həmzə), Akif Mirzəyev (kimyaçı deputat), Dağlar Rüstəmov (mühəndis deputat)
və Yalçın Səlimov (Yuxulu Həşim) öz rollarının öhdəsindən
lazımınca gəlmişlər.
Azərbaycan.-2009.-10 aprel.-S.7.